Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycandakı azsaylı xalqların və dini konfessiyaların nümayəndələri şəhidlərin xatirəsini anıblar

 

 

Sentyabrın 24-də Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin təşkilatçılığı ilə Anım Günü münasibətilə əlaqədar tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, “Biz birlikdə güclüyük” devizi altında keçirilən tədbirdə Bakı Beynəlxalq Multikultura­lizm Mərkəzinin Himayəçilik Şurasının sədri Kamal Abdulla, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov, Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nurullayev, Prezident Administrasiya­sının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdirinin müavini Məhərrəm Əhmədov, Bakı Dağ Yəhudiləri Dini İcmasının sədri Melih Yevdayev, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının yepiskopu Elnur Əfəndiyev (Mifodi), həmçinin şəhid ailələrinin üzvləri və qazilər iştirak ediblər.

Tədbirdə, əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib. Sonra Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canla­rından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Anım Günü ilə bağlı videoçarx nümayiş etdirilib.

Tədbiri açan Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direkto­ru Rəvan Həsənov qeyd edib ki, 2020-ci il sentyab­rın 27-də Ermənistanın Azərbaycana qarşı növbəti hərbi təcavüzünə cavab olaraq, xalqımız işğal altındakı torpaqların azad edilməsi məqsədilə Vətən müharibəsinə başlayıb. 44 gün davam edən müharibə Ali Baş Ko­mandan Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın böyük qələbəsi ilə yekunlaşıb. 30 ilə yaxın işğal altında olan torpaqla­rımız Müzəffər Azərbaycan Ordusu tərəfindən azad edilib. Azərbaycan Prezidenti İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli sərəncamı ilə ölkəmizdə 27 sentyabr – Anım Günü təsis edilib. Bu il Azərbaycan xalqı ilk Anım Gününü qeyd edir. Bu gün həm də vahid Azərbaycan xalqının, özünü azərbaycanlı hesab edən, bu torpağa ürəkdən bağlı olan hər kəsin tarixi yaddaşının bərpası, qorunması günüdür.

Bakı Beynəlxalq Mul­tikulturalizm Mərkəzinin Himayəçilik Şurasının sədri Kamal Abdulla çıxış edərək bildirib ki, ermənilər azərbaycanlılara qarşı zaman-zaman soyqırımlar həyata keçiriblər. Soyqırımı­na məruz qalan əhali ümumi ad altında müsəlman adlan­dırılsa da, onların içərisində Azərbaycanda yaşayan millətlərin nümayəndələri – ləzgilər, avarlar, tatlar, kürdlər, hətta qeyri-müsəlmanlar da olub. Kamal Abdulla daha bir tarixi faktı səsləndirərək qeyd edib ki, ermənilər azərbaycanlılara qarşı soyqırımı həyata keçirərkən öz planlarını tam miqyasda icra etmək üçün hətta başqa fikirdə olan erməniləri də öldürüblər.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mü­bariz Qurbanlı çıxışında de­yib ki, Vətən müharibəsində Azərbaycanla Ermənistan arasında çox böyük fərq var idi. Bu müharibədəki Qələbəmiz ölkəmizin siyasi, iqtisadi, hərbi və mənəvi üstünlüyünün təsdiqi idi.

“Vətən müharibəsindəki ən böyük üstünlüyümüz Prezident, Ali Baş Ko­mandan İlham Əliyevin ətrafında birləşən xalqımı­zın milli-mənəvi həmrəyliyi idi. Döyüşlərdə hətta bi­zim hərbçilərlə düşmən əsgərlərinin mənəvi-psixoloji vəziyyəti arasında böyük fərq var idi. Çünki bizim əsgərlərimiz öz Vətəni, torpa­ğı uğrunda, düşmən isə işğal­çı kimi başqasının ərazisində vuruşurdu. Bu baxımdan əsgərlərimiz mənəvi-psixoloji cəhətdən düşməndən birbaş üstün idi”, – deyə Mübariz Qurbanlı qeyd edib.

Bakı Dağ Yəhudiləri Dini İcmasının sədri Melih Yev­dayev bildirib ki, ermənilər azərbaycanlıların haqq işi uğrunda başladıqları Vətən müharibəsinin ilk günündən bu müharibəni beynəlxalq aləmdə başqa müstəviyə keçirmək istəyiblər. Amma onlar bu istəklərinə nail ola bilməyiblər. Çünki Azərbaycan dünyada azsaylı ölkələrdəndir ki, milli və dini birliyin harmoniyasını yaradıb.

Tədbirdə çıxış edən etnik icma və konfessiya nümayəndələri diqqətə çatdırıblar ki, Azərbaycan milli kimliyindən və dini mənsubiyyətindən asılı ol­mayaraq, hər bir vətəndaşın Vətənidir. Min illərlə müxtəlif millətlərin və dinlərin nümayəndələri bu ölkədə dost və qardaş kimi yaşayıb, Azərbaycanı ümumi vətənləri kimi qoruyublar. Ona görə də 2020-ci il sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsində Azərbaycanda yaşayan bütün millətlərin və dinlərin nümayəndələri könüllü olaraq ordu sıralarına yazılmış, döyüşlərdə qəhrəmancasına iştirak etmiş, bəziləri isə ya şəhidlik zirvəsinə ucalmış, ya da qazi olmuşlar.

Şəhid ailələrinin üzvləri çıxışlarında doğmalarının vətənpərvərliyindən söz açıb, onların döyüşlərdəki qəhrəmanlığından və şücaətindən danışıb, şəhidlik məqamına ucalmış övlad­ları və ailə üzvləri ilə fəxr etdiklərini deyiblər.

Sonda Azərbaycanda yaşayan etnik icma və konfessiya rəhbərləri adın­dan Prezident İlham Əliyevə müraciət qəbul edilib.

25 Sentyabr 2021 02:19 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə