Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Dağlıq Qarabağ münaqişəsi həmişəlik tarixdə qalıb

 

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiyanın nüfuzlu “Nasionalnaya oborona” jurnalının baş redaktoru, tanınmış hərbi ekspert İqor Korotçenkoya müsahibə verib. Müsahibə dünən jurnalın saytında işıqlandırılıb. Dövlətimizin başçısı müsahibədə bir il əvvəl İkinci Qarabağ müharibəsinin başlanması, döyüşlərin gedişatı və nəticələri, eləcə də, son vaxtlar regionda yaranmış durum barədə olduqca dəyərli fikirlər səsləndirib. Milli Məclisin deputatı Ceyhun Məmmədov bu barədə fikirlərini bizmlə bölüşərkən demişdir:

– Mən möhtərəm Prezidentin “Nasional­naya oborona” jurnalının baş redaktoruna verdiyi müsahibəni böyük diqqətlə oxudum. Burada çağdaş və gələcək tariximiz üçün son dərəcə böyük əhəmiyyət kəsb edən çox sayda mötəbər fikirlər səsləndirilib.

Cənab Prezident əvvəlcə müharibənin necə başlanması barədə danışıb: “Bəli, gün həmin məlumatla başlandı. Müdafiə naziri mənə məlumat verdi ki, təmas xəttindəki mövqelərimiz və bəzi yaşayış məntəqələrimiz Ermənistan tərəfindən artilleriya atəşinə məruz qalıb. Adekvat cavab vermək qərara alındı və beləliklə, biz müharibəyə qoşulduq. Məlum oldu ki, bu, labüd idi. Hadisələr çox sürətlə inkişaf edirdi. Hərbi əməliyyatların birinci gününün sonunda biz Kəlbəcər rayonunda, Murovdağda və Ağdərə istiqamətində strateji əhəmiyyətli yüksəklikləri, həmçinin 6 kəndi – Füzuli rayonunda 4 və Cəbrayıl rayonunda 2 kəndi azad etdik. Biz elə ilk gündə düşmənin müdafiə xəttini yarmağa nail olduq və bundan sonra bütün 44 gün ərzində yalnız irəli getdik”.

Azərbaycan Prezidentinin dünyanın müasir hərb tarixində dərin iz qoymuş “Dəmir yum­ruq” əks-hücum əməliyyatı barədə fikirləri də müstəsna əhəmiyyət kəsb edir. Məlum olduğu kimi, konkret situasiyanı nəzərə alaraq hərtərəfli düşünülmüş və böyük uğurla həyata keçirilən bu uğurlu əməliyyat düşmən üçün gözlənilməz olmuşdur. Cənab İlham Əliyev bu barədə demişdir: “Biz həmin müşavirələrdə (gündəlik hərbi müşavirələr nəzərdə tutulur-red.) ötən günə yekun vurur, nöqsanları aşkar edir, növbəti gün üçün əməliyyatları planlaşdırır və təsdiq edirdik. Buna görə də, belə deyək, çox fəal gündəlik iş gedirdi və bir sıra hallarda, – hərbi əməliyyatların gedişi indi artıq məlumdur, – bizim fəaliyyətimiz, bizim əməliyyatlarımız düşmən üçün çox gözlənilməz olurdu”.

Dövlət başçısı sonra qeyd etmişdir ki, əməliyyatın adına gəldikdə isə, təbii ki, hərbi əməliyyatların başlanğıcında əməliyyatın adı yox idi. Ali Baş Komandan Azərbaycan xalqına müraciətləri zamanı azad edilmiş şəhərlər və kəndlər barədə məlumat verərkən bir neçə dəfə “dəmir yumruq” ifadəsindən istifadə etmişdir. Bu termin Azərbaycan cəmiyyəti tərəfindən qəbul edildi və Prezident Qarabağ­dakı hərbi əməliyyatı məhz həmin terminlə adlandırmağı qərara aldı.

Hər bir müharibə dövlət sistemi, dövlət idarəçiliyi, xalqın idarəçiliyi üçün bir sınaqdır. Təqdirəlayiq haldır ki, Azərbaycan dövləti və xalqı bu çətin sınaqdan böyük uğurla çıxmışdır. Azərbaycan xalqı həmin taleyüklü günlərdə öz sevimli lideri Prezident İlham Əliyevin ətafında sıx birləşmişdir. Fakt budur ki, 44 gün ərzində dövlət və xalq əl-ələ verib bütün gücünü səfərbər edə bilmiş, son onillər dünya təcrübəsində analoqu olmayan tarixi qələbə qazanmışdır.

Baş redaktorun “Sizin nə dərəcədə sakit, təmkinli və eyni zamanda, inamlı olmağınızı hamı görürdü. Sizin, mən belə deyərdim, qətiyyətiniz, inamınız və təmkinliyiniz nəyə əsaslanırdı?” sualı maraqlı olduğu kimi, cənab Prezidentin bu suala cavabı da çox obyektiiv və məntiqlidir: “Düşünürəm ki, burada yəqin, hansısa xarakteroloji xüsusiyyətlər rol oynayır. Prinsip etibarilə mən təmkinli, sakit insanam. Müsahibələrimdə dəfələrlə demişəm ki, hər bir dövlət xadimi, xüsusən dövlətdə birinci şəxs mövqeyini tutan insan emosiyalarını özünün gündəlik vəzifələrindən kənarda saxlamalı­dır. Hər bir insanın emosiyaları var və təbii ki, biz onları göstəririk. Lakin görünür, uzun illər ərzində mən özümdə bu emosiyaları üstələməyə imkan verən müəyyən keyfiyyətlər yaratmışam”.

Azərbaycan xalqının ötən il dekabrın 10-da Azadlıq meydanında keçirdiyi təntənəli Zəfər paradı Vətən müharibəsinin final nöqtəsi oldu. Prezident İlham Əliyev qeyd edib ki, Ermənistan kapitulyasiya aktı imzalayandan dərhal sonra belə bir qərar qəbul olundu. Azərbaycan əvvəllər də hərbi paradlar keçir­mişdi, lakin bu, misli-bərabəri olmayan Zəfər paradı idi. Şübhə yoxdur ki, həmin parad Azərbaycan vətəndaşlarının bütün gələcək nəsilləri üçün böyük rəmzi məna daşıyır və tarixi əhəmiyyətə malikdir.

Müsahibədə Cənubi Qafqazda möv­cud vəziyyət, perspektivlər barədə söhbət açılıb. Azərbaycan Prezidenti bildirib ki, regionda perspektivlər, əsasən, erməni tərəfinin mövqeyindən asılıdır. Azərbaycan öz dövlət sərhədinin delimitasiyası prosesinə başlamağa hazırdır. Ölkəmiz Ermənistan ilə Azərbaycan arasında sülh müqaviləsi üzərində işə başlamağa da hazırdır. Çünki bu müqavilə lazımdır. Müharibə qurtarıb, Dağlıq Qarabağ münaqişəsi həmişəlik tarixdə qalıb. Buna görə normal qarşılıqlı əlaqələr yaratmaq lazımdır.

Söhbəti qələmə alldı:M.HACIXANLI,

“Xalq qəzeti”

25 Sentyabr 2021 02:16 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə