Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Qarabağın bərpası uğurla həyata keçirilir

 

 

Birinci Qarabağ müharibəsindən Vətən savaşına qədər olan uzun bir dövrdə erməni qaniçənləri Qarabağ və ətraf rayonlardakı yaşayış sahələrimizi yerlə-yeksan edib, infrastrukturu dağıdıblar. Faşist xislətli barbarlar bu ərazilərdə misli görünməmiş talançılıq törədib, bütün madi-mədəni irsimizin izini belə silib, yer-yurd adlarımızı, toponimlərimizi dəyişdiriblər.

Azərbaycan dövləti hazırda düşməndən təmizlənən ərazilərin bərpası və yenidən qurulması ilə bağlı layihələrin reallaşdırılmasını diqqət mərkəzində saxlayır. Dövlətimizin başçısı tərəfindən erməni vandalizminin qurbanı olan yaşayış sahələrində mühüm strateji obyektlərin, müəssisələrin təməli qoyulur, tikinti işləri getdikcə geniş vüsət alır, yüksək texnologiyaların tətbiqinə start verilir.

Birinci vitse-prezident, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyevanın şəxsi diqqəti və nəzarəti ilə düşməndən təmizlənən bölgələrdə yerli və xarici mütəxəssislərin iştirakı ilə bütün tarixi, mədəni, dini abidələrimiz, eləcə də digər xalqlara məxsus inanc yerləri bərpa olunaraq əvvəlki görkəminə qaytarılır, Azərbaycanın zəngin xəzinəsi kimi gələcək nəsillərə ötürülür.

Artıq tarixi qələbəmizdən ötən müddətdə mədəni irsə, ənənələrə, dini mirasa sevgi ilə yanaşan Heydər Əliyev Fondu bu istiqamətdə Ağdamda, Şuşa­da xeyli işlər görüb. Şuşada görkəmli bəstəkar Üzeyir Hacıbəylinin heykəlinin, Bülbülün ev-muzeyinin, dahi şair Molla Pənah Vaqifin muzey-məqbərə komp­leksinin və büstünün açılış mərasimləri reallaşıb.

Qarabağda kənd təsərrüfatının inkişaf etdirilməsi də unudulmur. Gələn ildən etibarən Azərbaycanın azad edilmiş ərazilərində işləyən fermerlərə əkin üçün birdəfəlik subsidiyalar veriləcək. Bununla bağlı Kənd Təsərrüfatı Nazirli­yi bildirir ki, Ağdam, Füzuli, Xocavənd, Qubadlı və Zəngilanda salınan üzüm­lüyün hər hektarı üçün sahibkara 8 min manat məbləğində birdəfəlik subsidiya ödəniləcək.

Ağalıda “ağıllı kənd” layihəsi çərçivəsində İsrail və İtaliya şirkətlərinin birgə əməkdaşlığı ilə heyvandarlıq və südçülük müəssisələrinin qurulması istiqamətində də iş aparılır.

Qarabağda “yaşıl enerji” zonasının yaradılması da prioritet istiqamətlərdən biridir. Xatırladım ki, dövlətimizin baş­çısının təşəbbüsü və rəhbərliyi ilə “yaşıl enerji” zonası, eləcə də “ağıllı kənd” layihələrinin reallaşdırılması istiqamətlərində ilk addımlar Vətən müharibəsinin parlaq qələbəmizlə başa çatmasından dərhal sonra atılıb. Ötən il dekabrın 23-də Prezident İlham Əliyev Zəngilan, Qubadlı və Laçın rayonlarına səfəri çərçivəsində Güləbird SES-in açılışında, eləcə də Ağalı kəndində tətbiq olunacaq ilk “ağıllı kənd” layihəsinin ha­zırlanması ilə bağlı çıxışında bu barədə ətraflı məlumat verib, eyni zamanda, bu mühüm işin müasir dünya standartları səviyyəsində reallaşdırılacağını diqqətə çatdırıb.

“Yaşıl enerji” zonası layihəsinin Qarabağ və ətraf rayonlarda reallaşdı­rılmasını potensial imkanlarla bərabər, digər amillər də şərtləndirir. Belə ki, bu gün dünyanın ən qabaqcıl texnologiyaları alternativ enerjidən istifadənin stimullaş­dırılmasına və ekoloji tarazlığın təmin edilməsinə yönəldildiyindən, Qarabağın bərpa-yenidənqurma məsələlərində də bu istiqamət əsas götürülür. Başqa sözlə, “yaşıl enerji” zonası kimi bərpa olunması nəzərdə tutulan Qarabağın dünyanın ən müasir yaşayış məskənlərindən biri olaraq yenidən qurulmasına xüsusi əhəmiyyət verilir. Zəngilanda həyata keçirilən “ağıllı kənd” layihəsinin 2022-ci ilin əvvəllərinə qədər yekunlaşacağı gözlənilir.

Azərbaycan hökuməti azad edilmiş əraziləri “yaşıl enerji” zonası elan edib. Bununla bağlı İtaliyanın “Ansaldo” və Böyük Britaniyanın “bp” şirkətləri ilə bağlanılan müqavilələr bölgədə alternativ enerji mənbələri üçün əsas yaradıb.

Beləliklə, Ermənistanın işğalı ilə 30 il ərzində viran olunan və məhv edilən torpaqlarda qısa müddət ərzində həyatın bərpası ilə bağlı Azərbaycanın əldə etdiyi mühüm nəticələr bu ərazilərin məhz ölkəmizə məxsusluğunun ba­riz nümunəsidir. Sadalananlar isə Azərbaycanın dünya miqyasında nüfuzu­nu artırmaqla yanaşı, həm də ölkəmizin Cənubi Qafqaz regionunda lider dövlətə çevrilməsini şərtləndirir.

Vəkil HÜSEYNOV,

 Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru

25 Sentyabr 2021 02:14 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə