Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan humanizm prinsiplərinə sadiqdir

BMT Baş Assambleyasının 76-cı sessiyasının illik ümumi müzakirələrində Azərbaycan Prezidenti İlham Əliyevin video­formatda çıxışı böyük rezonans yaratmışdır. Cənab Prezident tədbirdə Azərbaycanda mövcud multikulturalizm və tole­rantlıq ənənələrinin bugünkü uğurlarından da danışdı: “ Biz Azərbaycanda multikulturalizmi bir həyat tərzi olaraq qoruyur və dəstəkləyirik. Azərbaycan dünyada tolerantlığın, müxtəlif dini və etnik qrupların nümayəndələrinin dinc birgəyaşayışının nümunəsi sayılır.

2008-ci ildə Azərbaycanın təşəbbüsü ilə başlanılmış və müsəlman dünyası ilə Avropa arasında dialoq və əməkdaşlığın gücləndirilməsi məqsədini daşıyan “Bakı prosesi” BMT tərəfindən güclü şəkildə dəstəklənir. BMT Baş Assambleya­sının qətnamələrində Azərbaycanda müntəzəm olaraq təşkil olunan Mədəniyyətlərarası Dialoq üzrə Ümum­dünya Forumu “mədəniyyətlərarası dialoqun təşviqi üçün mühüm qlobal platforma” olaraq tanınır.”

Doğrudan da, bu gün Azərbaycanın siyasi-mədəni həyatında əhəmiyyətli yer tutan multikulturalizm və tolerantlıq müxtəlif millətlərə və inanclara mənsub insanların mədəni müxtəlifliklərinin qorunması, inkişafı və harmonizasi­yasına, azsaylı xalqların dövlətlərin milli mədəniyyətinə inteqrasiyasına yönəldilib. Dünyada cərəyan edən proseslər göstərir ki, demokratiyanın be­şiyi kimi tanınan regionlarda, ölkələrdə multikultural və tolerant dəyərlər da­ğılmaq üzrədir. Hazırda bu dəyərlər tədricən ümumavropa probleminə çevrilməkdədir. Azərbaycanda isə multikulturalizm və tolerantlıq əsrlərdən bəri formalaşan, eyni zamanda bədii, psixoloji-mənəvi müstəvidən kənara çıxmayan dəyərlər toplusu kimi mövcud olub. Azərbaycan tarixən müxtəlif xalq­ların və dinlərin nümayəndələrinin sülh və dostluq şəraitində yaşadığı məkan olub. Bu gün Azərbaycan dünyada təkcə enerji resursları ilə zəngin olan ölkə kimi deyil, həm də humanizm prinsiplərinə sadiq, tolerant və multikultural ölkə kimi tanınır.

Multikulturalizm dəyərləri olmayan məkanda ayrıseçkilik, islamofobiya, ksenofobiya, antisemitizm kimi təhlükəli amillər meydana çıxır ki, bu da bəşər tarixində sivilizasiyaların və xalqların fəlakətinə səbəb olub.

Azərbaycan nadir ölkələrdən biridir ki, eyni zamanda həm İslam Əməkdaşlıq Təşkilatının, həm də Avropa Şurasının üzvüdür. Azərbaycan dünyəvi müsəlman ölkəsidir. İslam bizim müqəddəs dini­mizdir və biz öz dinimizə, ənənələrimizə və köklərimizə böyük hörmətlə yana­şırıq. Bu sözlər bu gün də son dərəcə əhəmiyyətlidir. Bunun göstəricisi olaraq deyə bilərik ki, hazırda Azərbaycan Res­publikasında əhalinin 10 faizə qədərini ləzgilər, ermənilər, ruslar, talışlar, avarlar, türklər, tatarlar, tatlar, ukraynalılar, saxurlar, gürcülər, yəhudilər, kürdlər, qrızlar, udilər, xınalıqlılar və digər millətlər təşkil edir. Onlar heç bir təzyiqə və ayrıseçkiliyə məruz qalmadan, hər kəslə eyni hüquqlara malik olmaqla tam sərbəst şəkildə yaşayırlar. Müasir dövrdə Azərbaycan özünün multikul­turalizm siyasəti və bu sahədə əldə etdiyi nailiyyətlərlə dünya dövlətlərinə, o cümlədən bu sahədə tarixən öz zəngin təcrübəsi ilə tanınan Qərb ölkələrinə nümunə olmaqdadır. Bu gün qətiyyətlə demək olar ki, Azərbaycan multikultu­ralizmi ölkəmizin siyasi simasının əsas cizgilərindən birinə çevirilib.

Tarixdən süzülüb gələrək milli və dini tolerantlığın Azərbaycan mode­li formalaşıb. Azərbaycanın dövlət müstəqilliyindən sonra xalqımızın əsrlər boyu yaşatdığı bu dəyər dövlət siyasətinin mühüm istiqamətlərindən birinə çevrilib. Məhz ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra ictimai-siyasi sabitliyin bərpa olunması bütün xalqların və dinlərin nümayəndələrinin əvvəlkitək mehri­ban şəkildə birgəyaşayışını təmin etdi. Ölkə ərazisində milli və dini zəmində separatçılıq toxumu səpən bütün zərərli cərəyanların, qruplaşmaların fəaliyyətinin qarşısı qətiyyətlə alındı. 1995-ci ildə qəbul edilən Azərbaycan Konstitusiyası ölkəmizdə yaşayan bütün azsaylı xalqların və dinlərin nümayəndələrinin hüquqlarını, vicdan azadlığını təsbit etdi. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, dinlər və məzhəblər arasında dostluq və dözümlü­lük münasibətlərinin alternativi yoxdur

Dövlət başçısı İlham Əliyevin milli, bəşəri və mütərəqqi siyasəti Azərbaycanı işıqlı gələcəyə aparır. Yeri gəlmişkən, qeyd edim ki, Şuşada keçirilən “Xarıbülbül” musiqi festivalında Azərbaycanda yaşayan xalqların hər birinin musiqi kollektivləri çıxış etdi. Bu, ölkəmizdə multikultural dəyərlərin qo­runduğunu, inkişaf etdirildiyini bir daha göstərir.

Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva Qəbələ rayonunda səfərdə olarkən Nic qəsəbəsində yerləşən Müqəddəs Məryəm Ana alban kilsəsini, Müqəddəs Yelisey adına Cotari kilsəsini ziyarət ediblər. Bu, ölkədə multikulturalizm ənənələrinin qorunub saxlanması, bütün dini konfessiyalara dövlət dəstəyinin göstərilməsinin bariz nümunəsidir.

Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycanda əsrlər boyu formalaş­mış tolerantlıq ənənələri zaman ötdükcə yeni çalarlar qazanaraq ölkəmizdə məskunlaşan insanların başlıca keyfiyyətinə çevrilmişdir.

Rafiq NOVRUZOV,

 Bakı Slavyan Universitetinin prorektoru,

professor

25 Sentyabr 2021 02:12 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə