Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Daxili İşlər Nazirliyində onlayn formatda kollegiya iclası

 

 

Sentyabrın 24-də Daxili İşlər Nazirliyində (DİN) axtarış işinin, müvəqqəti saxlama yerlərində xidmətin təşkili, orqan və hissələrdə qanunçuluğun təmini üzrə fəaliyyətin nəticələrinə həsr olunmuş onlayn formatda kollegiya iclası keçirilib.

DİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, iclası giriş sözü ilə açan daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əvvəlcə əməliyyat-xidməti fəaliyyətin nəticələrinə toxu­naraq, cari ilin səkkiz ayında cinayətlərin 85,3 faizinin açıldığını, qəsdən adam öldürmələrin, adam öldürməyə cəhdlərin, qəsdən sağlamlığa ağır zərər vurmaların, oğur­luqların, soyğunçuluqların, quldurluqların, avtonəqliyyat vasitəsini qaçırmaların, qrup halında və odlu silahın tətbiqi ilə törədilən hüquqazidd əməllərin ötən ilin səkkiz ayı ilə müqayisədə xeyli azaldığını, qanunsuz dövriyyədən 1 ton çox, yəni, 2,5 tona yaxın nar­kotik vasitənin çıxarıldığını, bu cinayətlərə görə 3634 nəfərin məhkəmə məsuliyyətinə cəlb edildiyini və başqa müsbət nəticələrin əldə olunduğunu diqqətə çatdırıb. Eyni zaman­da, kriminogen duruma təsiri, vətəndaş məmnunluğuna nail olunması, insan hüquq və azadlıqlarının etibarlı müdafiəsi baxımından kollegi­yanın müzakirəsinə çıxarılan hər üç məsələnin aktual oldu­ğunu bildirilib.

İclasın gündəliyi üzrə Baş Cinayət Axtarışı İdarəsinin rəisi, polis general-mayoru Arzu Daşdəmirov, Baş İctimai Təhlükəsizlik İdarəsinin rəisi, polis general-mayoru Oqtay Kərimov və Daxili Təhqiqatlar İdarəsinin rəisi, polis polkov­niki Elman Qasımov məruzə ilə çıxış edərək həyata keçirilən tədbirlərdən, əldə edilmiş nəticələrdən, eləcə də xidməti fəaliyyətdə mövcud çatışmazlıqlardan və onla­rın aradan qaldırılması üzrə planlaşdırılan tədbirlərdən danışıblar.

Bir sıra ərazi orqanlarının rəisləri müzakirə olunan məsələlər ətrafında çıxış edərək görülmüş işlər və möv­cud nöqsanların aradan qal­dırılması üzrə həyata keçirilən tədbirlər barədə məlumat veriblər.

Kollegiya iclasına yekun vuran general-polkovnik Vilayət Eyvazov hər üç məsələ ilə bağlı qarşıda duran vəzifələri müəyyən edərək konkret tapşırıqlar verib. Nazir əmin olduğunu bildirib ki, daxili işlər orqanlarının şəxsi heyəti qanunvericiliklə müəyyən edilmiş funksiyaları bundan sonra da layiqincə həyata keçirəcək, ölkədə sabitliyin, əmin-amanlığın davamlılığının təmin edilməsi üçün qüvvə və bacarığını əsirgəməyəcək.

 

25 Sentyabr 2021 02:01 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə