Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ermənistan işğal etdiyi ərazilərimizdə ekosid törədib

BMT Baş Assambleyasının 76-cı sessiyasının dövlət və hökumət başçıları səviyyəsində keçirilən illik ümumi müzakirələri davam edir. Bu il sentyabrın 23-də ümumi müzakirələr zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin videoformatda çıxışı təqdim olunub. Dövlətimizin başçısının parlaq, dərin məzmunlu çıxışında qaldırılan məsələlər ölkə ictimaiyyətinin ən müxtəlif təbəqələrinin nümayəndələri arasında dərin razılıq hissi doğurmuşdur. Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev bu barədə fikirlərini bizimlə bölüşərkən demişdir:

– Azərbaycan Prezidenti çıxışında bir çox aktual məsələlərə toxunmuşdur. Ölkəmiz əvvəlki illərdə olduğu kimi, ötən il də bir çox sahələrdə ciddi, nəzərəçarpan uğurlar əldə etmişdir. Azərbaycan Ali Baş Komandan İlham Əliyevin müdrik və qətiyyətli liderliyi ilə əzəli və əbədi torpağımız olan doğma Qarabağı işğalçı Ermənistanın silahlı qüvvələrindən azad etməklə möhtəşəm zəfərə nail olmuşdur.

Mən konkret olaraq Azərbaycanın uğurlu xarici siyasəti ilə bağlı fikirlərimi bildirmək istəyirəm. Hesab edirəm ki, Azərbaycanın İkinci Qrabağ müharibəsindəki parlaq qələbəsi həm də rəsmi Bakının uğurlu xarici siyasəti sayəsində mümkün olmuşdur. Bu konteksdə Azərbaycanın Qoşulmama Hərəkatında qazandığı nüfuz xüsusilə böyük əhəmiyyət kəsb edir.

Prezident İlham Əliyev çıxışında bu məsələyə toxunarkən demişdir: “Bu il Qo­şulmama Hərəkatının yaradılmasının 60 illiyidir. Qoşulmama Hərəkatının 120 üzvü­nün yekdil qərarı ilə Azərbaycan 2019-cu ilin oktyabrında Bakıda keçirilmiş dövlət və hökumət başçılarının 18-ci Zirvə toplan­tısında üç il ərzində Hərəkata sədrliyi öz üzərinə götürmüşdür. Azərbaycan beynəlxalq ədalətin və beynəlxalq hüquq normalarının təmin edilməsini, habelə Hərəkata üzv dövlətlərin legitim maraqları­nı güclü şəkildə müdafiə edir”.

Dövlətimizin başçısı sonra bildir­mişdir ki, bu il Hərəkata üzv dövlətlər Azərbaycanın sədrliyinin daha bir il – 2023-cü ilin sonuna qədər uzadıl­masına dair yekdil qərar qəbul ediblər. Bu, bütün dünya üçün çətin bir dövrdə Azərbaycanın Hərəkata uğurlu və səmərəli şəkildə sədrlik etməsinin təsdiqi və yüksək qiymətləndirilməsinin əlamətidir.

Azərbaycanın uğurlu xarici siyasəti ilə bağlı daha bir misal çəkmək yerinə düşər. Belə ki, möhtərəm Prezidentini vurğuladığı kimi, BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi Azərbaycan üçün xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan dünyada 2030-cu il Gündəliyinin icrası ilə bağlı 3-cü Könüllü Milli Hesabatını təqdim edən 12 ölkədən biri, öz regionunda isə ilk dövlətdir. Maraqlıdır ki, Dayanıqlı İnki­şaf Məqsədlərinin nailiyyət indeksi üzrə mümkün 100 xaldan 72.4 xal toplayan Azərbaycan regionda ən yaxşı nəticə göstərərək 2021-ci il üzrə Dayanıqlı İnki­şaf Hesabatında 165 ölkə arasında 55-ci yeri tutmuşdur.

Məlumat üçün bildirək ki, Hesabatda Azərbaycanın yoxsulluğun azaldılması, səhiyyə, qidalanma, qadınların əmək bazarında iştirakı, təmiz su və sanitariya, enerjiyə əlçatanlıq, internet istifadəsi, nəsli kəsilmək təhlükəsi olan canlıların mühafizəsi, əhalinin rifahının yaxşılaşdı­rılması, şəhər və yaşayış məntəqələrinin dayanıqlı inkişafı sahələrində əldə etdiyi tərəqqi vurğulanır.

Bu gün Azərbaycan regionun əsas nəqliyyat mərkəzinə çevrilmişdir. Ölkəmiz Şərq–Qərb, Şimal–Cənub və Şimal–Qərb nəqliyyat dəhlizləri kimi regional əlaqələndirmə layihələrinin icrasında fəal iştirak edir. Bakı Beynəlxalq Ticarət Limanı istifadəyə verilib ki, onun yükaşırma qabiliyyəti 15 milyon tona bərabərdir və bu həcm 25 milyon tona qədər artırıla bilər.

Bu gün bəşəriyyəti ən çox narahat edən məslələrdən biri iqlim dəyişikliyi ilə bağlı problemdir. Azərbaycan Paris İqlim Sazişini ratifikasiya etmiş, baza ili – 1990-cı illə müqayisədə 2030-cu ilə qədər istilik effekti yaradan qazların emissiyala­rının səviyyəsində 35 faiz azalma ilə bağlı öz üzərinə könüllü öhdəlik götürmüşdür.

Lakin, işğalçı Ermənistan Azərbaycanın keçmiş işğal edilmiş ərazilərində ətraf mühitə qarşı ekosid törədib. Meşələrimizin 60 min hektarı məhv edilib, kəsilib və oğurlanıb, tor­paqlarımız və çaylarımız çirkləndirilib və zəhərlənib. Prezident İlham Əliyev çıxışında həmçinin bildirib ki, Ermənistan transsərhəd Oxçuçay çayını kəskin şəkildə çirkləndirir. Bu isə çayın Azərbaycan ərazisi boyu keçdiyi ərazinin ekoloji sistemini bərpa olunmaz deqra­dasiyaya məruz qoyur. Təəssüflər olsun ki, bəzi xarici şirkətlər də bu ekoloji cinayətdə iştirak edir.

Söhbəti qələmə aldı: M.HACIXANLI,

“Xalq qəzeti”

25 Sentyabr 2021 01:54 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə