Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Prezidenti həqiqətləri dünyaya bir daha bəyan etdi

Azərbaycan Cənubi Qafqaz regionunda yeni reallıqlar yaradıb və hər kəs bunu nəzərə almalıdır. Ermənistan regional əməkdaşlıq və qonşularına qarşı qanunsuz və əsassız ərazi iddiaları arasın­da seçim etməlidir. Beynəlxalq ictimaiyyət bu mənada müsbət rol oynamalı və sülhün alternativi­nin olmamasını dərk etmək üçün Ermənistana çağırış etməlidir. Ermənistanda revanşizmin və onun silahlandırılmasının birbaşa və ya dolayı şəkildə dəstəklənməsi cəhdlərinə son qoyulmalıdır.

İlham ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

 

Dünya ölkələrinin böyük əksəriyyətinin pandemiya şəraitində iqtisadi tənəzzül yaşadığı bir vaxtda dövlət başçımız İlham Əliyevin müdrik siyasəti, reallaşdırdığı önəmli layihələr hesabına Azərbaycan uğurlu göstəricilər əldə edir. Respublikada möhkəm iqtisadi bazanın yaradılması sayəsində sənayenin qeyri-neft-qaz sektorunda məhsul istehsalında davamlı artım nəzərə çarpır. Respublikanın enerji sistemində reabilitasiya proqramı uğurla həyata keçirilir. Xarici tərəfdaşlar cəlb edilməklə bərpaolunan enerji növləri üzrə elektrik stansiyalarının tikintisinə dair müqavilələr reallaşdırılır.

Azərbaycan bu gün 2021-2030-cu illəri əhatə edən keyfiyyətcə yeni bir strateji mərhələyə daxil olub. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən iqtisadi strategiya və dərin islahatlar ölkəmizin iqtisadi qüdrətinin daha da artacağına, mü­asir həyat standartlarına əsaslanan yüksək sosial rifah cəmiyyətinin formalaşacağına zəmin yaradıb.

Bütün bu uğurlar isə Ermənistanın torpaqlarımızı işğal altında saxladığı illərdə və postmüharibə dövründə realla­şıb. Lakin burada onu da qeyd edək ki, düşmən ölkənin faşizm siyasəti respublikamızın daha sürətli inkişafını daim əngəlləyib. Təəssüf ki, sözügedən proble­min həlli uzananda dünya birliyi, beynəlxalq təşkilatlar tərəfindən məsələyə ikili standartlarla yana­şılıb, münaqişənin ədalətli həllinə ciddi maraq göstərilməyib, ən əsası isə münaqişənin həlli istiqamətində ATƏT-in Minsk qrupu öz vəzifəsinin öhdəsindən gəlməyib.

Prezident İlham Əliyevin BMT Baş Assambleyasının 76-cı sessi­yasının dövlət və hökumət başçıları səviyyəsində keçirilən illik ümumi müzakirələr zamanı videoformatda təqdim olunan çıxışında da bütün bunlar barədə ətraflı bəhs edilib.

Dövlətimizin başçısı nitqində əvvəlcə COVID-19 pandemiya­sının bütün dünya üçün ciddi çətinliklər doğurmaqda davam etdiyini, Azərbaycan hökumətinin ilk günlərdən əhalinin qorunması və pandemiyanın mənfi təsirinin azaldılması məqsədilə mühüm və praktiki tədbirlər həyata keçirdiyi­ni diqqətə çatdırıb. Ölkə rəhbəri, eyni zamanda, respublikamızda cari ilin yanvar ayının ortaların­dan peyvəndləmə kampaniyasına başlanıldığını, hər 100 nəfərə istifadə olunan vaksin dozalarının həcminin 80 faizdən artıq təşkil et­diyini, həmçinin bu dəhşətli bəlanın təsirinə məruz qalan əhalinin və sahibkarlıq subyektlərinin dəstəklənməsi üçün təqribən 2,7 milyard ABŞ dolları həcmində sosial-iqtisadi paketin reallaşdırıldı­ğını bildirib. Azərbaycan Prezidenti daha sonra deyib: “Düzgün planlaşdırılmış tədbirlərin həyata keçirilməsi nəticəsində pandemiya ilə bağlı vəziyyət nəzarət altında saxlanılıb və ölkəmizdə tətbiq olun­muş karantin rejimi tədricən yum­şaldılıb. Pandemiya ilə mübarizə sahəsində Azərbaycanın müfəssəl səyləri beynəlxalq səviyyədə qəbul edilib. 2020-ci ildə Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycanı pandemiya ilə mübarizə sahəsində nümunəvi ölkə adlandırıb”.

Dövlətimizin başçısının çıxı­şında Azərbaycanın pandemiya ilə mübarizə çərçivəsində özü­nün maliyyə resursları hesabına beynəlxalq səviyyədə verdiyi töhfələr də öz ifadəsini tapıb:

– ölkəmiz Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları həcmində könüllü maliyyə töhfəsi, 30-dan artıq ölkəyə koronavirusla mübarizənin dəstəklənməsi üçün humanitar və maliyyə yardımı edib;

– dörd ölkəyə təmənnasız ola­raq 150 min doza vaksin göndərib;

– Azərbaycan pandemiyanın öhdəsindən gəlmək üçün daha güclü qlobal həmrəyliyin tərəfdarı olduğunu bildirib, Qoşulmama Hərəkatının sədri qismində bir sıra qlobal təşəbbüslər irəli sürüb. Bununla əlaqədar 2020-ci ilin may ayında Qoşulmama Hərəkatının Təmas Qrupu ölkələrinin COVID-19 ilə mübarizəyə həsr edilən Zirvə toplantısını təşkil edib. Zirvə toplantısı zamanı dövlətimizin başçısı Qoşulmama Hərəkatı adından BMT Baş As­sambleyasının dövlət və hökumət başçıları səviyyəsində korona­virusla mübarizəyə həsr olunan xüsusi sessiyasının keçirilməsi təşəbbüsünü diqqətə çatdırıb. Həmin təşəbbüs BMT-yə üzv olan 150-dən artıq dövlət tərəfindən dəstəklənib və 2020-ci il dekabrın 3-4-də xüsusi sessiya gerçəkləşib.

– Azərbaycan dəfələrlə açıq şəkildə peyvəndlərin zəngin ölkələr tərəfindən öz ehtiyaclarından daha artıq miqdarda alınması ilə bağlı öz narazılığını bildirib.

Yeri gəlmişkən, Prezident İlham Əliyev BMT Baş Assambleyası­nın 76-cı sessiyasının dövlət və hökumət başçıları səviyyəsində keçirilən illik ümumi müzakirələr zamanı videoformatda təqdim olunan çıxışında hazırda da davam edən “peyvənd millətçiliyi” və peyvəndlərə çıxışla əlaqədar inki­şaf etmiş və inkişaf etməkdə olan dövlətlər arasında dərinləşən qeyri-bərabərliklə bağlı narahatlığını bir daha vurğulayıb: “Belə hərəkətlər inkişaf etməkdə olan ölkələrin öz əhalisini qorumasını əngəlləyir. Beynəlxalq hesabatlara əsasən, bu günə qədər dünyada mövcud olan peyvənd dozalarının 75 faizindən çoxu 10 zəngin ölkə tərəfindən alınıb, aşağı gəlirli ölkələrdə isə peyvəndlənmə 2 faizdən azdır”.

Elə buna görə də bu cür ciddi narahatlıq doğuran məsələnin beynəlxalq diqqəti çəkməsi məqsədilə Azərbaycan BMT-nin İnsan Hüquqları Şurasında Qo­şulmama Hərəkatı adından bütün ölkələrin peyvəndlərə bərabər və universal çıxışının reallaşmasına dair qətnamə irəli sürüb və həmin qətnamə cari ilin mart ayında yekdilliklə qəbul edilib. Cari sessiya çərçivəsində Azərbaycan BMT Baş Assambleyasında eyni mövzuda qətnamə layihəsini irəli sürməyi planlaşdırıb.

Ölkə rəhbəri çıxışında pande­miya ilə qlobal mübarizəni daha da sürətləndirmək üçün deyib: “Hesab edirik ki, COVID-19-dan sonra daha yaxşı bərpa üçün güclü, əlaqələndirilmiş və məqsədyönlü qlobal addımlara ehtiyac var. Bu mənada biz pandemiyadan sonrakı dövr üçün qlobal tədbirlərə dair tövsiyələr hazırlayacaq BMT-nin COVID-19-dan sonra qlobal bərpa üzrə Yüksək Səviyyəli Panelinin yaradılmasını təklif edirik”.

Burada onu da xatırlatmaq yerinə düşər ki, Azərbaycan təkcə beynəlxalq səviyyədə deyil, həm də ölkə daxilində COVID-19-la səmərəli mübarizə tədbirləri həyat keçirib:

– Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılıb və Pre­zidentin ehtiyat fondundan bu məqsəd üçün ilkin olaraq 20 milyon manat vəsait ayrılıb;

– indiyədək həmin fonda 113,8 milyon manat vəsait toplanıb ki, bunun da 7,4 milyon manatı vətəndaşlar tərəfindən ianə edilib;

– pandemiyanın mənfi təsirlərinin azaldılması ilə bağlı Tədbirlər Planı təsdiqlənib. Planda zərər çəkmiş sahələrə dəstək, əhalinin sosial müdafiəsinin gücləndirilməsi, post-pandemiya dövründə isə yeni iqtisadi artım modelinə keçid üzrə təxirəsalınmaz işlər nəzərdə tutulub;

– koronavirusla mübarizə büdcəsi 4 milyard manat olmaqla ÜDM-in 5,5 faizini, o cümlədən qeyri-neft ÜDM-in 7,9 faizini, büdcə xərclərinin isə 15,2 faizni təşkil edib;

– konoravirusla mübarizə çərçivəsində məşğulluq və sosial rifahın dəstəklənməsinə 610 mil­yon manat, səhiyyə məqsədlərinə 754,2 milyon manat, iqtisadi artım və sahibkarlıq fəaliyyətinin dəstəklənməsinə 1,1 milyard ma­nat, verilmiş kredit portfeli üzrə 1,5 milyard manat, beynəlxalq miq­yasda tədbirlərin dəstəklənməsinə 39,3 milyon manat vəsait xərclənib.

Prezident İlham Əliyevin BMT Baş Assambleyasının 76-cı sessiyasındakı çıxışında toxundu­ğu məsələlərdən biri də BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsinin Azərbaycan üçün xüsusi əhəmiyyət daşıması ilə bağlı olub. Bununla əlaqədar dövlətimizin başçısı deyib: “Azərbaycan dünyada 2030-cu il Gündəliyinin icrası ilə bağlı 3-cü Könüllü Milli Hesabatını təqdim edən 12 ölkədən biri, öz regionun­da isə ilk dövlətdir.

Dayanıqlı İnkişaf Məqsədlərinin nailiyyət indeksi üzrə mümkün 100 xaldan 72,4 xal toplayan Azərbaycan regionda ən yaxşı nəticə göstərərək 2021-ci il üzrə Dayanıqlı İnkişaf Hesabatında 165 ölkə arasında 55-ci yeri tutmuş­dur. Hesabatda Azərbaycanın yoxsulluğun azaldılması, səhiyyə, qidalanma, qadınların əmək baza­rında iştirakı, təmiz su və sanita­riya, enerjiyə əlçatanlıq, internet istifadəsi, nəsli kəsilmək təhlükəsi olan canlıların mühafizəsi, əhalinin rifahının yaxşılaşdırılması, şəhər və yaşayış məntəqələrinin daya­nıqlı inkişafı sahələrində əldə etdiyi tərəqqi vurğulanır”.

Azərbaycanın Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsindəki fəal mövqeyindən danışarkən, qeyd edə bilərik ki, respublikamızda pozitiv de­moqrafik artım şəraitində yox­sulluq səviyyəsinin əhəmiyyətli dərəcədə azaldılması ölkəmizdə bu istiqamətdə həyata keçirilən tədbirlərin, eləcə də BMT-nin Da­yanıqlı İnkişaf Məqsədlərinin daim diqqət mərkəzində saxlanmasının məntiqi nəticəsidir. Yeri gəlmişkən, Dayanıqlı İnkişaf Məqsədləri dün­yada həyat səviyyəsini yüksəltmək, bərabərsizliyi azaltmaq, dayanıqlı iqtisadi inkişafa təkan vermək kimi vəzifələrin icrasını nəzərdə tutur.

Bu məqamda xatırladaq ki, uğurla reallaşdırılan inkişaf strate­giyası nəticəsində Azərbaycanda yoxsulluq son 18 ildə 49 faizdən 5 faizə enib. “Bərabərsizliyin azaldılması” məqsədinə gəlincə, Azərbaycan gəlirlərin ədalətli bölgüsünün səviyyəsinə görə dünya üzrə ən yüksək pillələrdə qərarlaşıb.

Burada belə bir statistik göstəricini də qeyd etmək yerinə düşər ki, dövlət büdcəsi sosial və iqtisadi inkişafyönümlü olmaqla, son 18 ildə 4 dəfədən çox artaraq onun həcmi ümumi daxili məhsulun 35 faizinə çatıb. Azərbaycan ortagəlirli ölkələr sırasına daxil olub. Müqayisə üçün xatırladaq ki, dünya praktikasında ortagəlirli dövlətə çevrilməyə orta hesab­la 11 il vaxt sərf edilib. Hazırda Azərbaycan dünyada orta-yu­xarı gəlirli 56 ölkədən biri kimi qərarlaşıb.

Prezident İlham Əliyev BMT Baş Assambleyasının 76-cı ses­siyasındakı çıxışında ölkəmizin Şərq–Qərb, Şimal–Cənub və Şimal–Qərb nəqliyyat dəhlizləri kimi regional əlaqələndirmə layihələrinin icrasında fəal iştirak etdiyi və bununla da Avrasiyanın əsas və etibarlı nəqliyyat və logisti­ka mərkəzlərindən birinə çevrildiyi barədə də məlumat verib: “Biz Bakı Beynəlxalq Ticarət Lima­nını istifadəyə vermişik ki, onun yükaşırma qabiliyyəti 15 milyon tona bərabərdir və ehtiyacdan asılı olaraq bu həcm 25 milyon tona qədər artırıla bilər”.

Xatırladaq ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Qaraba­ğın azad edilməsindən sonra Azərbaycanda dövlət quruculu­ğu, milli iqtisadi inkişaf və ictimai həyat yeni mərhələyə daxil olub. İndi respublikamızın regional güc mərkəzi olaraq mövqelərinin daha da möhkəmləndirilməsi, iqtisadiy­yatının daha da gücləndirilməsi qarşıya əsas vəzifə kimi qoyulub.

Dövlətimizin başçısının rəhbərliyi ilə Azərbaycanın həyata keçirdiyi nəqliyyat-logistika və infrastruktur layihələri də vahid məqsədə-ölkəmizin, eləcə də beynəlxalq iqtisadiyyatın inkişafına xidmət edir. Bu baxımdan son illər ərzində gerçəkləşən Bakı–Tbili­si–Qars, Astara–Astara dəmiryolu və Ələt Azad İqtisadi Zonasının təkcə iqtisadi infrastruktur layihələri deyil, həm də uzunmüddətli geo-iqtisadi strategiyaların tərkib hissəsi kimi mühüm önəm daşıma­sı artıq beynəlxalq aləmin diqqət mərkəzindədir.

Qeyd edək ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə son 18 ildə Azərbaycanda qeyri-neft sekto­runun inkişafının təmin olunması, iqtisadiyyatın müxtəlif sahələrinin şaxələndirilməsi, ölkəmizin ixrac potensialının artırılması, xarici investisiyanın cəlb edilməsi, biznes və investisiya mühitinin daha da yaxşılaşdırılması istiqamətində çox vacib layihələr icra olunub. Pande­miyanın dünyada yaratdığı böyük iqtisadi və maliyyə çətinliklərinə baxmayaraq, Azərbaycanda bu proseslər uğurla davam edir. Ələt Azad İqtisadi Zonasının yaradılma­sı da bunun bariz nümunəsidir.

Bu layihənin icrası Azərbaycana böyük iqtisadi dividendlər qazandırmaqla yanaşı, ölkəmizin regionda mövqelərini daha da gücləndirəcək, Şərq-Qərb və Şimal-Cənub tranzit-nəqliyyat dəhlizlərində mühüm rolu olan respublikamızın strateji əhəmiyyətini daha da artıracaq. Bu iqtisadi zonanın yaradılması dövlət gəlirlərinin və büdcəyə daxil olan vəsaitin artmasına, yeni investi­siyaların cəlb edilməsinə şərait yaradacaq.

Prezident İlham Əliyevin BMT Baş Assambleyasının 76-cı ses­siyasındakı çıxışında beynəlxalq önəm daşıyan bir sıra layihələrin də uğurla reallaşdırılması öz ifadəsini tapıb. Belə ki, dövlətimizin başçısının nitqində Azərbaycanın Paris İqlim Sazişini ratifikasiya etməsi və bununla bağlı üzərinə götürdüyü könüllü öhdəliyi uğurla reallaşdırması, ölkənin ümumi enerji istehsalında bərpa olunan enerjinin payının artırılmasının qar­şıya mühüm vəzifə kimi qoyulması, işğaldan azad edilən Qarabağ və Şərqi Zəngəzurun bu yaxınlarda “Yaşıl Enerji Zonası” elan olunma­sı, həmçinin multikulturalizmin bir həyat tərzi olaraq respublikamızda qorunması və dəstəklənməsi kimi məsələlər geniş şəkildə diqqətə çatdırılıb.

Ölkə rəhbərinin nitqində yu­xarıda qeyd edilənlərlə bərabər, Ermənistan tərəfindən Azərbaycan ərazilərinin uzun illər işğal altında qalması, düşmən ölkənin ardıcıl təxribatlar törətməsi, beynəlxalq güclərin isə bu məsələyə ikili standartlarla yanaşmaları barədə diqqətçəkən məqamlara geniş yer ayrılıb.

Vaqif BAYRAMOV, “Xalq qəzeti”

25 Sentyabr 2021 01:49 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə