Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

YAP Xətai rayon təşkilatında qəbul imtahanlarında yüksək bal toplayan gənclərlə görüş olub

Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatında 2021-2022-ci tədris ilində ali təhsil müəssisələrinə qəbul imtahanlarında 650 baldan yüksək nəticə göstərən məzunlarla görüş keçirilib.

"Xalq qəzeti" xəbər verir ki, YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə tələbə adını qazanmış gəncləri təbrik edib, onlara təhsildə, elmi biliklərə yiyələnməkdə uğurlar arzulayıb. V.Rəhimzadə bildirib ki, bu gün Azərbaycanda gənclər siyasəti dövlət siyasətinin mühüm tərkib hissəsinə çevrilib: “Azərbaycan gəncliyi ictimai həyatın bütün sahələrində özünün aktiv fəaliyyəti, iştirakı ilə seçilir. Dövlətin yaratdığı geniş imkanlar nəticəsində gənclər cəmiyyətin qabaqcıl qüvvəsinə çevrilib”.

Təhsilin insan həyatındakı önəmindən danışan V. Rəhimzadə məhz təhsilin bütün uğurların açarı olduğunu vurğulayıb: “Məhz buna görə də bu gün Azərbaycanda təhsil dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Dövlətimizin başçısı İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə inşa edilən, müasir standartlara cavab verən, yeni məktəb binaları, təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi Azərbaycanda təhsilin inkişafının dövlət siyasətinin prioritet istiqamətlərindən biri olmasının bariz nümunəsidir”.

Daha sonra çıxış edən Xətai Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov diqqəti İkinci Qarabağ savaşına çəkərək bildirib ki, 44 günlük Vətən müharibəsində Azərbaycan Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə rəşadətli ordumuzun döyüş meydanında göstərdiyi şücaət və qəhrəmanlıq nəticəsində parlaq Qələbə qazanıb. O qeyd edib ki, “XXI əsr müharibəsi” adlandırılan Vətən müharibəsində nə qədər müasir silahlardan, yüksək texnologiyalardan istifadə olunsa da, bu gün qürurla qeyd etdiyimiz Qələbəni Azərbaycan gəncliyinin, mərd oğullarımızın sayəsində qazanmışıq: “Çünki məhz hər bir cəmiyyətin hərəkətverici qüvvəsi onun gəncləridir. Vətənini millətini, torpağını sevən oğul və qızlarıdır. Onların təhsilinə, inkişafına qoyulan sərmayə parlaq gələcəyin təminatıdır. Ulu öndər Heydər Əliyevin : “Gənclər bizim gələcəyimizdir” sözləri də gələcəyimiz olan gənclərin ehtiyaclarına, inkişafına və tərbiyəsinə göstərilən dövlət qayğısının bariz nümunəsidir. Əsasını ümummilli lider Heydər Əliyevin qoyduğu dövlət gənclər siyasəti bu gün də Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir”.

Tədbirdə çıxış edən YAP Mərkəzi Aparatının məsul əməkdaşı Həsən Daşdəmirov bildirib ki, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən Azərbaycanın təhsil sisteminin müasir dövrün qlobal çağırışlarına uyğun şəkildə qurulması istiqamətində bütün zəruri addımlar atılır: “Gənc nəslə xüsusi diqqət göstərilir, onların ölkənin ictimai-siyasi, sosial-iqtisadi həyatında fəal iştirakı üçün geniş imkanlar yaradılıb”.

Sonda tələbə adı qazanan gənclərə hədiyyələr təqdim olunub.

24 Sentyabr 2021 17:46 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə