Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Prezident İlham Əliyev: İkinci Qarabağ müharibəsinədək pilotsuz uçuş aparatlarından bu miqyasda və səmərəli istifadə edilməyib

İkinci Qarabağ müharibəsinə qədər pilotsuz uçuş aparatlarından bu miqyasda, bu cür səmərəli şəkildə istifadə edilməyib. Biz pilotsuz uçuş aparatları almağa yetərincə çoxdan başlamışdıq.

 "Xalq qəzeti" xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Rusiyanın “Nasionalnaya oborona” jurnalına müsahibəsində PUA-ların tətbiqinin fenomenal uğurlu təcrübəsi barədə danışarkən bildirib.

Dövlətimizin başçısı qeyd edib ki, Azərbaycan əvvəllər İsraildən “Harop”, “Sky Striker”, “Orbiter” PUA-ları alıb. Türkiyənin hərbi-sənaye kompleksi PUA-lar istehsalına başlayan kimi, “Bayraktar TB2”lərin ilk xarici alıcısı olduq. Bu PUA-lar da həm kəşfiyyat, həm də dəqiq zərbələr vurulması baxımından çox səmərəli olduğunu göstərdi. Lakin əlbəttə, belə demək olarsa, pilotsuz uçuş aparatları arasında vəzifələrin bu cür əlaqələndirilməsi və bölgüsü aparılmalı idi.

“İsrail və Türkiyə istehsalı olan PUA-ları əlaqələndirmək və uyğunlaşdırmaq, əlbəttə, böyük ustalıq tələb edirdi. Onların hədəflərinin siyahısı da fərqli idi, çünki kəşfiyyat xarakterli döyüş sursatının məhvedici qüvvəsi “Roketsan” raketinin qüvvəsindən yüksəkdir. Buna görə də strateji, iri hədəflər “Harop” ilə, zirehli texnika və digər hədəflər isə əsasən “Bayraktar TB2”lərlə məhv edilirdi”, - deyə Azərbaycan Prezidenti qeyd edib.

Bunun çox böyük peşəkarlıq, vərdiş tələb etdiyini, çox mürəkkəb məsələ olduğunu bildirən Prezident İlham Əliyev deyib: “Müəyyən nöqsanlar olub, biz onları bilirik, müharibənin gedişində onları düzəldirdik. Mən hər bir addımımızı ideallaşdırmaq fikrindən uzağam. Biz öz xalqımıza da, o cümlədən ordunun rəhbərliyinə də həqiqəti deməyə borcluyuq. Mən nöqsanlara görə dəfələrlə məzəmmət etmişəm, lakin həmin nöqsanlar fundamental xarakter daşımırdı. Pilotsuz uçuş aparatlarının tətbiqi məsələsinə gəldikdə isə, burada bizim səhvlərimiz olmayıb”.

24 Sentyabr 2021 15:12 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə