Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Anım Günü ərəfəsində şəhidlərimizin məzarları ziyarət edilib

Məlum olduğu kimi, Azərbaycan Respublikası Prezidentinin 2 dekabr 2020-ci il tarixli sərəncamı ilə 27 sentyabr günü Azərbaycanın ən yeni tarixinə Anım Günü kimi həmişəlik daxil olub.

Bu münasibətlə AMEA Yüksək Texnologiyalar Parkının (YT Park) kollektivi, eləcə də onun rezidentləri olan Təcrübə-Sənaye Zavodu, “Elm və Texnologiya Parkı” MMC və “Tak Noosh Group” MMC-nin əməkdaşları II Fəxri xiyabanda və Şəhidlər xiyabanında Birinci və İkinci Qarabağ müharibəsində şəhidlik zirvəsinə ucalan, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda döyüşən, Vətən və xalq yolunda canını fəda edən şəhidlərimizin məzarını ziyarət ediblər. Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib və ruhlarına dualar oxunub.

AMEA Yüksək Texnologiyalar Parkının Mətbuat katibinin verdiyi məlumata görə, texnoparkın kollektivi şəhidlərimizin ölməz xatirəsinə bəslədikləri dərin hörmət və ehtiramın ifadəsi olaraq Əbədi Məşəl abidəsinin önünə əklil qoyub, ruhları qarşısında baş əyiblər.

Əməkdaşlar, həmçinin II Fəxri xiyabanda torpağa tapşırılmış, YT Parkın baş mühəndisi Rahim Heydərovun oğlu, Təcrübə-Sənaye Zavodunun əməkdaşı olmuş Rafiq Heydərovun məzarına ziyarət edib, məzarı önünə əklil və gül dəstələri qoyublar.

YT Parkın baş direktoru Vasif Abbasov bildirib ki, 44 gün davam edən Vətən müharibəsində Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız, bütövlükdə xalqımız əzm və iradə, birlik və həmrəylik nümayiş etdirmişdir. Baş direktor Ali Baş Komandanın rəhbərliyi ilə Müzəffər Azərbaycan Ordusunun şanlı tarix yazaraq zəfər qazanmasının xalqımızda böyük inam və ruh yüksəkliyi yaratdığını bildirib. Əlavə edib ki, Azərbaycan xalqı hər zaman mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirir, bütün şəhidlərimizin ruhuna ehtiram göstərir, xatirəsini uca tutur.

Texnoparkın əməkdaşları Vətən müharibəsinin qəhrəman, cəsur döyüşçülərindən olan mərhum həmkarları Rafiq Heydərovun şərəfli döyüş yolundan danışıb, onunla bağlı xatirələrini bölüşüblər. Qeyd olunub ki, R.Heydərov gəncliyini, ömrünü Vətənə fəda edərək adını heç zaman unudulmayacaq qəhrəmanlar sırasına yazıb. Bildirilib ki, Azərbaycan xalqının qüruru, fəxri olan bütün şəhidlərimizin, o cümlədən Rafiq Heydərovun xatirəsi bundan sonra da daim əziz tutulacaq.

Daha sonra YT Parkın kollektivi Hərbi Qənimətlər Parkında olub, Vətən müharibəsi dövründə döyüş meydanında davamlı məğlubiyyətlərə məruz qalan düşməndən əldə edilən atıcı silahlar, ağır texnikalar, raket kompleksləri, hərbi nəqliyyatlar və digər sursatlarla tanış olublar.

Vurğulanıb ki, İkinci Qarabağ müharibəsinin real nəticələri ilə daha yaxından tanış olmaq imkanı verən bu park gələcək nəsillərin tariximizi dərindən öyrənməsinə şərait yaradır.

Qabil YUSİFOĞLU, “Xalq qəzeti”

24 Sentyabr 2021 15:03 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə