Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Prokurorluq orqanlarının fəaliyyəti insan hüquq və azadlıqlarının müdafiəsinə yönəlib

Biz islahatlar aparmaqla ölkəmizi gücləndiririk və ölkəmizin gələcək dayanıqlı inkişafını şərtləndiririk. Tərəqqi islahatlarsız mümkün deyil. Ona görə hüquq-mühafizə orqanlarında da digər sahələrdə olduğu kimi, islahatlara böyük ehtiyac var. Ümid edirəm ki, Azərbaycan Respublikasının Prokurorluğu bu islahatların aparılmasında uğurlar qazanacaq.

İlham ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

 

Azərbaycan Respublikasının prokurorluq orqanlarının keçdiyi mürəkkəb, eyni zamanda, şanlı inkişaf yolu 1918-ci il oktyabrın 1-dən başlanmışdır. Belə ki, həmin tarixdən Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının qərarı ilə Bakı Dairə Məhkəməsinin tərkibində prokurorluq orqanı yaradılmışdır.

Azərbaycan Xalq Cümhuriyyəti qısa müddət fəaliyyətdən sonra süquta uğrasa da, onun şüurlarda bərqərar etdiyi müstəqillik ideyası, dövlətçilik atributları unudulmamışdır. Ötən əsrin sonlarında yenidən müstəqillik əldə etmiş xalqımız Azərbaycan Respublikasının Xalq Cümhuriyyətinin varisi olduğunu bəyan etmiş, əsl istiqlaliyyət və milli dirçəliş ideya və arzularına isə ümummilli lider Heydər Əliyevin yenidən ölkə rəhbərliyinə qayıdışından sonra qovuşa bilmişdir.

Ümummilli lider Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə hazırlanaraq qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyasında prokurorluğa xüsusi maddə həsr edilərək dövlət idarətmə sistemində bu dövlət təsisatının yeri məhkəmə hakimiyyəti orqanları sırasında müəyyən edilməklə prokurorluq orqanlarına ilk dəfə olaraq konstitusion status verilmişdir. Konstitusiyaya 24 avqust 2002-ci il tarixli referendumla edilmiş dəyişikliklərlə Azərbaycan Prokurorluğuna qanunvericilik təşəbbüsü hüququnun verilməsi hüquq sisteminin təkmilləşdirilməsində və inkişafında bu təsisatın rolunu daha da artırmışdır.

2000- ci il aprelin 26-da ümummilli lider Heydər Əliyevin prokurorluq orqanlarının rəhbər işçiləri ilə görüşündən sonra həyata keçirilən məqsədyönlü tədbirlər sayəsində prokurorluq orqanlarında köklü islahatlar və struktur dəyişikliyi aparılmış, fəaliyyət üçün normativ hüquqi baza, demokratik mahiyyətdə tamamilə yenidən formalaşdırılmış bu orqanın normal və səmərəli fəaliyyəti üçün lazımi mühit yaradılmışdır.

Bu tarixi müşavirədən sonra Azərbaycan Prokurorluğunda dövrün tələbi ilə səsləşən hərtərəfli islahatlara təkan verilmiş, prokurorluq orqanlarında köklü islahatlar və struktur dəyişikliyi aparılmış, səlahiyyətləri və fəaliyyət istiqamətləri ilə yanaşı, onun yeni strukturu müəyyənləşdirilmiş, normativ hüquqi bazası formalaşdırılmış, fəaliyyəti beynəlxalq standartlara uyğunlaşdırılmış, insan hüquq və azadlıqlarının təmin edilməsi istiqamətində ciddi nailiyyətlər əldə edilmişdir.

Bu gün xalqının və müstəqil dövlətinin hərtərəfli dəstəyinə arxalanan, milli ənənələrə və mütərəqqi dünya standartlarına uyğun şəkildə daim təkmilləşən Azərbaycan Prokurorluğu dövlətçilik ideyalarına sarsılmaz inam və sadiqlik nümayiş etdirməklə qanunun aliliyinin təmin edilməsi, insan hüquq və azadlıqlarının etibarlı müdafiəsi işində öz xidmətlərini göstərməkdədir. Hazırda yeni müstəvidə həyata keçirilən məhkəmə-hüquq islahatları uğurla davam etdirilir və prokurorluq orqanları hərtərəfli dövlət qayğısı ilə əhatə olunur.

Azərbaycan vətəndaşılarının qayğı və maraqlarını diqqət mərkəzində saxlayan, fəaliyyətinin əsas məramını ölkənin təhlükəsizliyinin, sabitliyinin və inkişafının təmin olunmasında, əhalinin rifah halının yüksəldilməsində görən möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə respublikamızda həyata keçirilən məqsədyönlü tədbirlər, institusional dəyişikliklər, qanunvericilik bazasının təkmilləşdirilməsi hüquq sisteminin formalaşdırılmasını təmin edərək müstəqil, demokratik və hüquqi dövlətimizin daha da möhkəmləndirilməsinə zəmin yaradır.

Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz bu gün həyatın bütün sahələrində möhtəşəm uğurlara imza atır. Ötən il sentyabrın 27-də başlayan Vətən müharibəsində Azərbaycan inamlı qələbə qazanmaqla hazırda özünün yeni tərəqqi mərhələsini yaşayır, ictimai-siyasi və sosial-iqtisadi sahələrdə reallaşdırdığı genişmiqyaslı islahatlarla inkişaf etmiş ölkələr sırasında yerini möhkəmləndirir, beynəlxalq nüfuzunun artmasını reallaşdırmaqla qüdrətli, demokratik və hüquqi dövlət kimi tanınır.

Prokurorluq orqanlarının müasir məzmunda yeniləşməsində dövlətimizin başçısının 27 sentyabr 2008-ci il tarixli sərəncamı ilə təsdiq edilən “Prokurorluğun fəaliyyətinin müasirləşdirilməsinə dair 2009–2011-ci illər üçün Dövlət Proqramı” önəmli rol oynayıb. Azərbaycan Prokurorluğunun tarixində yeni təkmilləşmə və inkişaf, hərtərəfli müasirləşmə dövrünün əsasını qoyan bu Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin reallaşdırılması hüquq sisteminin inkişafı prosesində sözügedən qurumun rolunun artırılmasını, cinayətkarlığa qarşı mübarizə və istintaq aparılmasında digər hüquq-mühafizə orqanları ilə qarşılıqlı fəaliyyətin təkmilləşdirilməsini şərtləndirib. Eyni zamanda, prokurorluqda müasir elmi-texniki nailiyyətlərdən geniş istifadə olunması, mərkəzləşdirilmiş informasiya-kommunikasiya sisteminin yaradılması, dövlət ittihamının müdafiəsində peşəkarlığın artırılması, beynəlxalq əlaqələrin genişləndirilməsi, habelə prokurorluq işçilərinin sosial müdafiəsinin gücləndirilməsi və prokurorluğun maddi-texniki təminatının yaxşılaşdırılması, habelə “Prokurorluq haqqında” qanunla müəyyənləşdirilən istiqamətlər üzrə fəaliyyətin daha da təkmilləşdirilməsini sürətləndirib.

Sonrakı mərhələdə isə möhtərəm Prezidentin dövlət orqanlarının fəaliyyətinin müasir standartlara uyğun təkmilləşdirilməsi, onlarda şəffaflığın artırılması, hesabatlılığın, yeni texnologiyaların səmərəli tətbiqi üçün “Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiyanın təsdiq edilməsi barədə” 28 iyul 2007-ci il tarixli, “Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nın və “Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında 5 sentyabr 2012-ci il tarixli sərəncamları uğurla gerçəkləşdirilib.

Azərbaycanda son illərdə reallaşdırılan islahatlar, iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafına yönələn tədbirlər bir sıra siyasi dəyişikliklərlə, struktur yeniləşmələri ilə müşayiət olunur. Bütün bunların fonunda respublikada siyasi transformasiya mühiti də getdikcə şəffaflaşır, aydınlaşır. Artıq struktur və kadr islahatlarının davamlı xarakter alması özünü qabarıq büruzə verir. Bütün bunlarla bərabər, beynəlxalq müşahidəçilər tərəfindən də yüksək qiymətləndirilən korrupsiya ilə mübarizə tədbirləri getdikcə gücləndirilir, bu istiqamətdə dövlət qurumlarının hər bir pilləsində şəffaflığın qorunması diqqət mərkəzində saxlanılır. Cənab İlham Əliyevin təşəbbüsü və birbaşa rəhbərliyi ilə pensiya, ünvanlı yardım, əlilliyə görə müavinətlərin verilməsi, habelə məşğulluq sahələrində şəffaflığın, həmçinin sosial ədalətin tam təmin olunması, bürokratiya, süründürməçilik, korrupsiya, rüşvətxorluq kimi halların aradan qaldırılması, məmur-vətəndaş təmasının minimuma endirilməsi ilə bağlı vaxtaşırı ciddi, önəmli addımlar atılır. Əlbəttə, bütün bu addımlar, gerçəkləşdirilən islahatlar, yeniləşmələr ölkənin gələcək dayanıqlı inkişafını şərtləndirir.

Möhtərəm dövlət başçısı İlham Əliyev cənab Kamran Əliyevi respublikanın Baş prokuroru təyin etməsi ilə bağlı ötən il may ayının 1-də videoformatda qəbul edərkən, yuxarıda vurğulanan məsələlərlə əlaqədar bir sıra mühüm məqamlara toxundu, öz dəyərli tapşırıq və tövsiyələrini verdi. Azərbaycan Prezidenti ölkədə həyata keçirilən sosial-iqtisadi islahatlar, əhalinin rifahının daha da yaxşılaşdırılması istiqamətində reallaşdırılan tədbirlərdən, korrupsiya və rüşvətxorluğa qarşı mübarizənin gücləndirilməsindən habelə qanunun aliliyinin təmin olunması sahəsində hüquq-mühafizə orqanlarının qarşısında duran vəzifələrdən ətraflı danışdı. Həmişəki kimi, bu dəfə də ölkə rəhbəri vəzifəyə təyin edilən şəxslərin xalqa xidmət göstərməli olduqlarını xatırlatdı və bildirdi ki, vəzifəli şəxslər vətəndaşların problemlərinə daim həssaslıqla yanaşmalı, onların üzləşdikləri müəyyən çətinliklərin aradan qaldırılmasına yardımçı olmalıdırlar: “…Biz hər bir vətəndaşa kömək etmək istəyirik, hər bir vətəndaşa! İcra başçılarının, digər mərkəzi və yerli icra orqanlarının rəhbərlərinin vəzifəsi budur. Hər bir icra başçısı vəzifəyə təyin olunanda ona mənim əsas sözlərim odur ki, get, vətəndaşlara xidmət et, get, vətəndaşlarla bir yerdə ol, təmiz işlə, rüşvət alma, vətəndaşları incitmə, kömək göstər, eyni zamanda, sahibkarlara kömək göstər, onların malını əlindən alma, onların fəaliyyətindən özünə pay istəmə. Hər birinə bu sözləri deyirəm. Bu məsələ ilə bağlı bizim mövqeyimiz birmənalıdır”.

Cənab İlham Əliyev Prezident kimi fəaliyyət göstərdiyi 18 il ərzində keçirdiyi görüşlərdə, tədbirlərdə məmurlara, yerlərdə vəziyyəti düzgün qiymətləndirməyin, bununla bağlı çox ciddi təhlillər aparmağın, çatışmayan cəhətlərin üzə çıxarılmasının, habelə mövcud problemlərin həlli üçün səy göstərilməsinin zəruriliyini diqqətə çatdırıb. Yalnız belə halda xalqa ləyaqətlə xidmət etmək nümunəsi göstərilməsinin mümkünlüyünü xatırladıb. Dövlətimizin başçısı deyib: “Xalqa xidmət etmək hər bir dövlət məmurunun borcudur və dəfələrlə demişəm ki, mən Prezident kimi öz vəzifəmi bunda görürəm – xalqa xidmət etmək. Məhz bu xidmətə görə Azərbaycan əhalisi bizə çox böyük dəstək göstərir”.

Ölkə rəhbərinin bu dəyərli fikirləri hər bir prokurorluq əməkdaşının üzərinə daha böyük məsuliyyət qoyur, qanunun aliliyinin tam təmin olunması, vəzifəli şəxslərin neqativ əməllərinə biganə yanaşılmayaraq, dərhal reaksiya verilməsi, korrupsiya və rüşvətxorluğa qarşı daha sərt mübarizə aparılması kimi vəzifələri diqtə edir.

Dövlət başçımızın prokurorluq orqanlarında işin təkmilləşdirilməsi və islahatların dərinləşdirilməsinə dair verdiyi göstəriş və tövsiyələrin icrası ilə bağlı 2020-ci il mayın 12- də Baş Prokurorluq üzrə geniş Fəaliyyət Planı təsdiq olunaraq, ötən müddətdə bu istiqamətində səmərəli tədbirlər həyata keçirilib, sürətli yeniləşmə prosesi aparılıb. Qurumun strukturu qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla mahiyyətcə tamamilə yenidən formalaşdırılıb, daha çevik, mobil və dinamik idarəetməyə malik idarələr yaradılıb.

Şəffaf prosedurlara və ədalətli meyarlara əsaslanan kadr islahatları, eləcə də gender bərabərliyi siyasətinin icrası zamanı şəffaflığın təmin olunması bu sahədə fəaliyyətin canlanmasına, sistemin inkişafına zəmin yaradıb və əməkdaşlarda gələcəyə inam hissini daha da artırıb. Bütün bunlar, eyni zamanda, prokurorluq orqanlarını cəmiyyətdə formalaşan yeni çağırışlara adekvatlaşdırıb, o cümlədən, müasir dövrün tələblərinə cavab verən peşəkar dövlət təsisatı kimi yenidən formalaşdırılmasına müsbət təsir göstərib.

Müşfiq ŞIXƏLİYEV,

Şabran rayon prokurorluğunun müstəntiqi, birinci dərəcəli hüquqşünas

24 Sentyabr 2021 05:47 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə