Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Üzeyir Hacıbəylinin musiqi irsi müasir təqdimatda” mövzusunda elmi sessiya keçirilib

Bakı Musiqi Akademiyasının (BMA) 100 illiyi və Üzeyir Hacıbəyli XIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində “Üzeyir Hacıbəylinin musiqi irsi müasir təqdimatda” mövzusunda elmi sessiya keçirilib. Elmi sessiya Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə elmi-metodiki və ixtisasartırma Mərkəzinin və Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Şifahi ənənəli Azərbaycan professional musiqisi və onun yeni istiqamətlərinin tədqiqi: Orqanologiya və Akustika” elmi-tədqiqat laboratoriyasının təşkilatçılığı ilə onlayn formatda baş tutub.

Bakı Musiqi Akademiyasından "Xalq qəzeti"nə bildirilib ki, tədbirin açılışı dahi bəstəkar Ü.Hacıbəylinin “Koroğlu” operasından “Uvertüra”nın fonunda videorolikin təqdimatı ilə edilib.

Sessiyanı açıq elan edən tədbirin moderatoru, Əməkdar mədəniyyət işçisi, Mədəniyyət Nazirliyinin Elmi təminat və araşdırmalar şöbəsinin Tətbiqi tədqiqatlar sektorunun baş metodisti Səadət Şirinova 100 illik yubiley çərçivəsində respublikamızda müxtəlif tədbirlərin keçirilməsini və nazirliyin də bu istiqamətdə bir sıra xidmətləri olduğunu bildirib.

Ü.Hacıbəyli adına BMA-nın elm və innovasiyalar üzrə prorektoru, Əməkdar incəsənət xadimi, professor Gülnaz Abdullazadə ilk öncə elmi sessiyanın iştirakçılarını Akademiyanın 100 illiyi, “Milli Musiqi Günü” və ən əsas da yaxın günlərdə bütün Azərbaycan xalqının qeyd edəcəyi şanlı Qələbə münasibətilə təbrik edib. Daha sonra G.Abdullazadə bildirib ki, təməli Üzeyir bəy tərəfindən qoyulmuş ali musiqi təhsil ocağı kimi bir çox nailiyyətlər və qələbələr əldə edərək təkmilləşən Bakı Musiqi Akademiyası, ölkə xaricində də tanınan ali təhsil mərkəzinə çevrilib. “Üzeyir bəy irsi daima aktualdır və illər ötdükcə də, dünyamız müasirləşdikcə belə öz təravətini saxlayacaq. Biz bu gün çox şadıq ki, Akademiyamızın 100 illik yubileyi çərçivəsində müxtəlif festivallar təşkil olunur, o cümlədən də musiqi mədəniyyətimizin beşiyi olan Şuşada da keçirilir. Bu günləri bizə yaşatdığı üçün bir xalq olaraq ilk öncə Azərbaycan Prezidenti İlham Əliyevə öz sevgi və ehtiramımızı bildiririk”, - deyə prorektor əlavə edib.

Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə elmi-metodiki və ixtisasartırma mərkəzinin direktoru Səadət Xələfbəyli tədbir iştirakçılarını yubiley münasibəti ilə təbrik edib və bu il xalqımızın “Milli Musiqi Gününü” qalib xalq olaraq qeyd etdiyini bildirərək, xüsusilə Ü.Hacıbəyli Musiqi Festivalının məhz Şuşada qeyd olunmasının əhəmiyyətini vurğulayıb.

Daha sonra çıxış edən BMA-nın elmi-tədqiqat laboratoriyasının müdiri, dosent Nuridə İsmayılzadə rəhbərlik etdiyi elmi–tədqiqat laboratoriyasında artıq xeyli müddətdir ki, Akademiyanın 100 illiyinə həsr edilmiş müxtəlif tədbirlərin keçirildiyini, toplular, monoqrafiyalar və məcmuələrin nəşr olunduğunu bildirib. N.İsmayılzadə qeyd edib ki, Bakı Musiqi Akademiyası üzərinə düşən vəzifələrin öhdəsindən həmişə layiqincə gəlib və Azərbaycan mədəniyyəti tarixinə parlaq səhifələr yazan görkəmli sənətkarların bir neçə nəsli məhz bu təhsil ocağının məzunlarıdır.

Elmi sessiya müxtəlif çıxışlarla davam edib.

Sessiyada çıxışlar arası səsləndirilən musiqi nömrələri tədbirə xüsusi ovqat bəxş edib.

22 Sentyabr 2021 09:32 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT
24 Oktyabr 2021 | 00:04
Canəli Xanəli oğlu Əkbərov

Köhnə versiyamızdan xəbərləri izlə