Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Rəcəb Tayyib Ərdoğan Nyu-Yorkda Boris Consonla görüşüb

 

 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ABŞ-a səfəri davam edir. Dövlət başçısı BMT Baş Assambleyasının 76-cı iclasında iştirak etmək üçün gəldiyi Nyu-Yorkda dünən Böyük Britaniyanın Baş naziri Boris Consonla görüşüb. Məlumatı “Anadolu” yayıb.

Təxminən, 40 dəqiqə da­vam etmiş görüş Nyu-Yorkda yeni açılmış “Türk evi”nin binasında baş tutub. Görüşdə Türkiyə tərəfdən Xaici İşlər naziri Mövlud Çavuşoğlu, Mədəniyyət və Turizm naziri Mehmet Nuri Ərsoy, Milli Müdafiə naziri Hulusi Akar, Ticarət naziri Mehmet Muş və hakim Ədalət və İnkişaf Par­tiyasının sədr müavini Binəli Yıldırım iştirak ediblər.

Qeyd edək ki, ABŞ-a səfərinin birinci günü Türkiyə Prezidenti Nyu-York şəhərində “Türk evi”nin yeni binasının açılışını edib. Tədbirə Türkiyənin dövlət başçısı ilə yanaşı, BMT-nin Baş katibi Antonio Quterreş də qatılıb.

Ərdoğan Türk Evini ölkənin artan gücünün və nüfuzunun rəmzi adlandırıb. O, həmçinin, yeni tikilinin Türkiyə xalqının sülhə olan inamını ifadə etdiyini bildi­rib: “Biz fəxr edirik ki, Nyu- Yorkun siluetinə bizim tarixi və ənənəvi memarlığımızın nümunələrini də əlavə edirik. Türkiyə elə bir şedevr yara­dıb ki, şəhərin möhtəşəmliyini və artmaqda olan gücünü zənginləşdirir”.

Ərdoğanın sözlərinə görə, “Türk evi” ölkənin 2023-cü ildə qeyd ediləcək 100 illik yubileyi ərəfəsində onun dünya arenasındakı yerini göstərir. Bu, həm də Türkiyənin BMT prinsiplərinə, eləcə də çoxtərəfliyə, ədalətə və sülhə sadiq olduğunu nümayiş etdirir.

Quterreş isə çıxışında Türkiyənin müasir beynəlxalq münasibətlər sistemində mühüm yer tutduğunu bəyan edib. Təşkilat rəhbəri BMT-nin layihələrinə, xüsusən də qaçqınların yerləşdirilməsilə bağlı proqramlarda fəal işti­rakına görə rəsmi Ankaraya təşəkkürünü bildirib.

BMT-nin baş mənzil-qərargahı ilə üzbəüz ucal­dılmış binanın təməli dörd il əvvəl qoyulub.

Paşa ƏMİRCANOV, “Xalq qəzeti”

22 Sentyabr 2021 00:09 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
26 Oktyabr 2021 | 00:51
142 ton humanitar yardım

Köhnə versiyamızdan xəbərləri izlə