Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Yeni dərs ilində uğur qazanmağa çalışacağıq

Bu gün ölkəmizdə yeni təhsil ili başlayır. Azərbaycanın bütün məktəblərində olduğu kimi, məcburi köçkünlərin təhsil müəssisələrində də yeni dərs ilinə start verilib. “Qobu Park-2” yaşayış kompleksində ötən il Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın açılışında iştirak etdikləri direktoru olduğum Zəngilan rayonunun 20 nömrəli məktəbində də yeni dərs ilinə ciddi hazırlıq görülüb.

Qeyd etmək istəyirəm ki, məcburi köçkünlərin təhsil problemi həmişə dövlətimizin diqqət mərkəzində olub. Hələ ulu öndər Heydər Əliyevin hakimiyyəti dövründə məcburi köçkünlərin təhsillə bağlı problemlərinin həllində, onların yerləşdirilməsində, avadanlıqlarla təchiz olunmasında mühüm tədbirlər həyata keçirilirdi. Ulu öndərin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin hakimiyyəti dövründə də məcburi köçkünlərin təhsillə bağlı problemlərinin həlli prioritet istiqamətlərdən biri ol­muşdur. Məcburi köçkünlər üçün sa­lınmış qəsəbələrin hər birində yeni tipli məktəblər və məktəbəqədər təhsil ocaq­ları tikilərək istifadəyə verildi.

Məlumat üçün bildirim ki, bizim yaşa­yış massivi 1300 ailəlik onmərtəbəli 13 bi­nadan ibarətdir. Bu kompleksdə məktəblə yanaşı, uşaq bağçası, poliklinika, poçt məntəqəsi, idman zalı və digər zəruri sosial infrastruktur obyektləri yaradılıb. Bunlar hamısı cənab Prezidentin məcburi köçkünlərə qayğısının əyani təzahürüdür.

Qeyd etmək istəyirəm ki, Zəngilan ra­yonunun 20 nömrəli tam orta məktəbi iki il öncə Nəsimi rayonu ərazisində yerləşirdi. Sinif otaqlarımız azlıq edirdi, məktəb ava­danlıqları çatışmırdı. Azərbaycanın birinci xanımı Mehriban Əliyeva məktəbimizə gəldi, vəziyyətlə şəxsən tanış oldu. Çox keçmədi, Heydər Əliyev Fondu “Qobu Park- 2” yaşayış massivində bizim məktəb üçün yeni binanı tikib istifadəyə verdi.

Məktəbimiz 780 şagird üçün nəzərdə tutulub. Bütün zəruri avadanlıqla təchiz edilən bu təhsil ocağında şagirdlərimizin yüksək səviyyədə təhsil alması üçün hərtərəfli şərait yaradılıb.

Pandemiya bütün məktəblərdə olduğu kimi məcburi köçkün məktəblərində də böyük çətinliklər yaratmışdır. Dərslərimizi nə qədər çətin olsa da, onlayn forma­da keçirdik. Yaxşı ki, bu ildən etibarən dərslər əyani formada olacaq. Təhsil Na­zirliyinin xüsusi qaydaları əsasında dərsə başlayacağıq.

Biz zəngilanlılar inanırıq ki, yaxın vaxtlarda işğaldan azad edilmiş yurdu­muza qayıtmaq üçün hazırlıq görməliyik. Artıq rayonumuzun Ağalı kəndində “ağıllı kənd” layihəsi reallaşdırılır və orada yeni məktəb də inşa olunur. Bu, Zəngilanın doğma yurda qayıdan ilk məktəb olacaq.

Məcburi köçkün məktəblərinin pedaqoji kollektivləri bir həqiqəti yax­şı bilməlidir ki, yetişdirdiyimiz uşaqlar yüksək vətənpərvərlik tərbiyəsi almalı­dırlar. Bunu bizdən cənab Prezidentimiz tələb edir. Və biz məcburi köçkünlər ina­nırıq ki, tezliklə öz yurdlarımıza dönərək doğma torpaqlarımızda balalarımızın təhsili ilə məşğul olacağıq.

Nazim DÜNYAMALIYEV,

Zəngilan rayonu 20 nömrəli tam məktəbin direktoru

 

22 Sentyabr 2021 00:07 - TƏHSİL
TƏHSİL

Köhnə versiyamızdan xəbərləri izlə