Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Nizami Gəncəvinin əsərlərində milli zəmin və Azərbaycan-türk gerçəkləri

Nizami Gəncəvi İli – 2021

 

Müstəqillik illərində Orta əsrlər Azərbaycan intibahının nəhəng siması, dünya əbəbiyyatı xəzinəsinə ölməz əsərlər bəxş etmiş mütəfəkkir şair Nizami Gəncəvinin əsərlərində Azərbaycan–türk amili, eləcə də Nizami şəxsiyyəti və Azərbaycan gerçəkliyi ilə bağlı tarixi hadisələrə dair önəmli faktlar daha dərindən araşdırılır, ensiklopedik şairin 5 poemadan ibarət “Xəmsə”sinin və lirika məcmuəsinin ayrı-ayrı əsərlərinə dövrün tələbləri baxımından aydınlıq gətirilir.

Əvvəla, bildirək ki, Şərq xalqlarının müxtəlif təmsilçiləri də Nizaminin yara­dıcılığına böyük maraq göstərmiş, onlar Nizamini öz ustadları hesab edərək sonrakı əsrlərdə onlarca “Xəmsə” yarat­mışlar. Yəni Nizami özündən sonra bir məktəb yaratmışdır. Gəncəli Nizaminin yaradıcılığı müsəlman Şərqinin görkəmli şairləri Hafiz Şirazi, Mövlana Cəlaləddin Rumi və Sədi Şirazi kimi sənətkarların yaradıcılığına güclü təsir etmişdir. Onun müxtəlif ictimai, mədəni və elmi mövzuları işıqlandıran “Xəmsə”si ("beşliyi") bütün İslam aləmində məşhurlaşmışdır.

Bu məqalədə Nizaminin milli kimli­yi və əsərlərinin fars dilində yazılması kimi problemləri tarixi aspektdən təhlilə cəlb etmiş, həmçinin dahi şairin türk dilində də əsərlərinin mövcud olması fərziyəsinə inamımızı bildirmişik. Türklük bir milli kimlik kimi şair tərəfindən daim öyülür. Xalqımız da səkkiz əsrdir ki, öz dahisi ilə öyünür, onun irsini qoruyur və dərindən öyrənib təbliğ edir. 2021-ci ilin Azərbaycanda “Nizami Gəncəvi İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamı ədəbiyyatımıza, mədəniyyətimizə, ədəbi abidələrimizə, milli-mənəvi sərvətlərimizə, klassik əsərlərimizə dövlət səviyyəsində davamlı və mötəbər dəstək verildiyini bir daha sübut edir.

Ötən əsrlər, qərinələr ərzində xalqı­mız bəşəriyyətə nə qədər dahi şəxslər, istedadlı insanlar, böyük sənətkarlar bəxş etmişdir. Elə 4 min illik tarixi olan Gəncə şəhərini götürək. Gəncənin yerləşdiyi təbii-coğrafi mühit, bol sulu çayları, münbit torpaqları, təbii mağa­ralar bu ərazidə hələ Neolit dövründə ilk insanların məskunlaşdığını sübut edir. Eldəgizlər dövlətinin hökmdarları Şəmsəddin Eldəgizin (1137–1175) və Ca­han Pəhləvanın (1175–1186) dövründə Gəncə şəhəri özünün intibah dövrünü yaşamışdır. Bu dövrdə Nizami Gəncəvi, Əbülüla Gəncəvi, Məhsəti Gəncəvi kimi dahi şair və mütəfəkkirlər məhz Gəncə şəhərində yaşayıb-yaratmışlar.

Böyük sənətkarlarımızın bizə qoy­duqları və əsrlərin sınağından keçərək bu günümüzə qədər gəlib çatan zəngin mənəvi xəzinə xalqımızın daim bəhrələndiyi tükənməz sərvətdir. Bu cür dahilərdən, dünya durduqca var olacaq şəxsiyyətlərdən biri XII yüzilliyin ensik­lopedik şairi Nizami Gəncəvidir (1141–1209). Bildiyimiz kimi, bu il böyük şairin anadan olmasının 880 illiyi ölkə miqyasın­da yüksək səviyyədə qeyd olunmaqdadır. Ədəbiyyat, mədəniyyət və incəsənət sahələrini daim diqqətdə saxlayan və həmişə lazımi qayğı ilə əhatə edən dövlət başçısı cənab İlham Əliyevin müvafiq sərəncamı ilə Azərbaycan Respublika­sında 2021-ci il “Nizami Gəncəvi İli” elan edilmişdir.

Azərbaycan xalqının böyük şairi Nizami Gəncəvi dünya ədəbiyyatının ən görkəmli nümayəndələrindən biridir. Dünya ədəbiyyatı xəzinəsinə qiymətli incilər bəxş edən şair özünün “Xəmsə”si (“Beşlik”) ilə məşhurdur. Beş irihəcmli əsərdən – poemadan ibarət olan “Xəmsə” Şərq ədəbiyyatında ilk dəfə məhz Nizami tərəfindən yaradılmışdır. Lakin Nizami­nin yüksək ədəbi səviyyədə yaratdığı beş poema Şərq xalqlarının müxtəlif nümayəndələrinin də böyük marağına səbəb olmuşdur. Xələfləri Nizamini öz ustadları hesab edərək sonrakı əsrlərdə onlarca “Xəmsə” yaratmış, Nizamiyə mövzu baxımından da bənzəməyə çalış­mışdılar.

Bu əsərlər, demək olar ki, Nizami “Xəmsə”sinin əsas ideya-bədii xüsusiyyətlərini təkrarlayır. Onu da vurğulayaq ki, təzkirəçi Dövlətşah Səmərqəndi “Daneşməndani-Azərbaycan” təzkirəsində Nizami Gəncəvinin Azərbaycan dilində yazılmış “Divan”ının olması barədə də məlumat vermişdir. Təəssüf ki, həmin “Divan” itmiş, dövrümüzə yalnız onun kiçik bir parçası gəlib çatmışdır.

Böyük özbək şairi Əlişir Nəvai “Heyrət ül-Əbrar” ("Nəciblərin heyrəti") əsərində Nizamini öz ustadı və ilhamvericisi hesab etmiş, ona səcdə qılmış, onu “pir”, “Xızır” adlandırmış, “Xəmsə”sini “Beş xəzinə” deyə şərəfləndirmişdir.

Günümüzə qədər bizlərə Nizaminin “Xəmsə”si tam halda və 20 min beytlik divanından cəmi 6 qəsidə, 30 rübai, 120 qəzəl gəlib çatmışdır. Bu əsərlər dövrün tələblərinə uyğun olaraq, fars dilində qələmə alınmışdır. Onun öz əsərlərinin əksəriyyətini fars dilində qələmə alması ilə bağlı, ümumiyyətlə, Nizami yaradıcı­lığının milli səciyyəsi ilə bağlı saysız-he­sabsız araşdırmalar aparılmışdır.

Haşiyə çıxıb onu da qeyd etmək lazımdır ki, Nizami yaradıcılığı təkcə müsəlman Şərq poeziyasına təsir etməmişdir. Orta əsrlərdə Seyid Əhməd Nəqqaş, Behzad, Qasım Əli, Azərbaycan və Orta Asiya miniatür rəssamları da Ni­zami Gəncəvi yaradıcılığının motivlərinə müraciət etmişdilər.

Bu baxımdan Azərbaycan Xalq Cümhuriyyətinin liderlərindən Məhəmməd Əmin Rəsulzadənin “Azərbaycan şairi Nizami” monoqrafiyası xüsusi yer tutur. O, bu əsəri 1941-ci ildə Nizami Gəncəvinin anadan olmasının 800 illiyi münasibətilə yazıb, 1951-ci ildə Ankarada nəşr etdirib. M.Ə.Rəsulzadə yazırdı ki, şairin “Xəmsə”də işlətdiyi türk sözləri və Azərbaycan zərbi-məsəllərinə əsasən, sübut edə bilərik ki, Nizaminin doğma ana dilinə böyük sevgisi olmuşdur. Müəllif adıçəkilən əsərində qeyd etmişdir ki, Nizami “Xəmsə”ni fars dilində yazsa da, şairin daşıdığı hisslər və işlətdiyi mövzu­lar Azərbaycan türklərinin duyğularından qaynaqlanır.

Monoqrafiya Nizaminin milli kimli­yi və əsərlərinin fars dilində yazılması kimi problemlərin də tədqiq edilməsi ilə müşayiət olunur. Məhəmməd Əminin fikrincə, “ümmət mədəniyyəti” dövründə milli kimlik və milli dil önəmli məsələ deyildi: “Nizaminin dövründə formanın bizim zamanda olduğu qədər milli bir əhəmiyyəti yox idi. Fars dili yalnız fars­ların deyil, müəyyən bir coğrafi ərazidə yaşamış bütün millətlərin oxuyub-yazan­larına, ziyalılarına məxsus bir dil idi (?). Eyni zamanda, o dövrdəki “milli ruh”lar da bugünkü qədər kəskin şəkildə bir-birindən ayrılıb büllurlaşmamışdı”.

M.Ə.Rəsulzadə haqlı olaraq türk yazılı ədəbi dilinin fars dilinə nisbətən gec formalaşmasının səbəbini türklərin köçəri həyat tərzi ilə əlaqələndirirdi. “Azərbaycan şairi Nizami” monoqrafiyasında o da göstərilir ki, dünyada mənsub olduğu xalqın dilində deyil, başqa bir dildə ədəbi incilər yaradan sənətkarlar az olmamışdır. Ümumilikdə, Nizami yaradıcılığı təkcə Orta Asiya türklərinin deyil, Şimalda yaşa­yan tatar və çuvaş ədəbiyyatına da böyük təsir göstərmişdir.

Nizami 1174–1175-ci illərdə qələmə aldığı “Xəmsə”nin sayca ilk poeması olan “Sirlər xəzinəsi” ilə didaktik poema janrını təkmilləşdirmişdir. Əsərdə əsas ideya və mövzu olaraq ədalət və əmək mövzusu, dövrün mühüm ictimai-siyasi və əxlaqi məsələləri öz əksini tapmışdır. Nizami özünün türk olduğunu bir sıra əsərlərində, o cümlədən “Sirlər xəzinəsi”ndə də təsbit etmişdir:

Şivəm qərib görünsə rədd etmə, ey şəhriyar,

Azca nəvaziş görsə, qəriblikdən qurtular.

Bununla Nizami fars şairlərinin içində özünü qərib hiss etdiyini vurğulayır. Əsərin “Birinci xəlvət – qəlbin tərbiyəsi” fəslində ağ yasəmən türklərin aypara nişanlı döyüşçü çadırına bənzədilir. Ümumiyyətlə, şair bütün yaradıcılığı boyu “Türk” sözünü yanız müsbət mənada – gözəllik, qüvvət, paklıq, ağlıq və işıq an­layışları ilə eyniləşdirir. Nizaminin fikrincə, türklük gözəlliyin ən yüksək mərtəbəsidir:

Türk gözəli gülərkən qəndin qəlbi daralır,

Ceyranların gözündən gözlər sürməni alır.

“Sirlər xəzinəsi”nin “Qarı ilə Sultan Səncərin hekayəti”ndə isə Nizami türk hökmdarını ədalətli və vicdanlı olmağa çağırır. Nizamiyə görə, türk hökmdarları heç bir zaman zalım və ədalətsiz olma­mışlar, lakin Sultan Səncər belə deyildir. O, qəddarlığı və zülmkarlığı nəticəsində türk adına heç bir şərəf gətirmir. Ona görə də Nizami bir qarının dili ilə türk hökmdarı Sultan Səncəri ədalətsiz işlərinə görə tutarlı şəkildə ittiham edir:

Dağ kimi ucalmışdı bir zaman Türk dövləti,

Sarmışdı məmləkəti ədaləti, şəfqəti.

Sən yıxdın o şöhrəti, batıb getdi o ad-san,

Demək, sən türk deyilsən, yağmaçı bir hindusan.

Bu sətirlərdən aydın olur ki, Nizami Gəncəvi Sultan Səncərə müraciət edərək, bütün türk hökmdarlarının ədalətli olmasını arzulayır, onları türk düşüncəsinə, türk adət-ənənələrinə əməl etməyə dəvət edir, xalqa, rəiyyətə qarşı rəhmli, hörmətcil olmağa səsləyir. Eyni zamanda, şair Azərbaycanda bir Türk dövlətinin mövcud olduğunu bəyan edir.

Bildiyimiz kimi, 1139-cu ilin sentyab­rında Gəncədə 9 ballıq dəhşətli zəlzələ baş vermişdir. Zəlzələ o qədər güclü olmuşdur ki, Kəpəz dağı uçaraq Ağsu çayının qarşısını kəsdiyindən Göygöl, Maralgöl və bir sıra digər göllər əmələ gəlmişdir. Hadisənin şahidlərinin, o cümlədən Qafqaz Albaniyası tarixşü­naslığının və mədəniyyətinin tanınmış nümayəndəsi Mxitar Qoşun məlumatına görə, zəlzələ nəticəsində Gəncədə 230 min, bəzi mənbələrə görə isə hətta 300 min insan həlak olmuşdur. Zəlzələdən sonra Gəncə şəhəri əvvəllər yerləşdiyi ərazidən bir qədər şərq tərəfdə yenidən salınmışdır.

Təbii fəlakətdən sui-istifadə edən çar Demetre və baş komandan İvane Mxarqrdzelinin başçılığı ilə gürcü qoşun­ları şəhərə hücum etmiş, əhalini qarət və əsir etmişdilər. Gürcülər özləri ilə birlikdə Gəncənin şəhər darvazalarını da apar­mışdılar. Nizami “Sirlər xəzinəsi”ndə bu soyğunçuluq hərəkətinə toxunaraq yazır:

Yetim malını yemək ədalətmidir məgər?

Hələ də lənətlənir Abxazda qarətçilər.

Yeri gəlmişkən xatırladaq ki, Gəncə zəlzələsi şairin “İsgəndərnamə” əsərində də öz əksini tapmışdır:

Qopdu bir zəlzələ, göyü oynatdı,

Şəhərlər dağılıb yerlərə batdı.

Dağ-daş sarsılaraq qopub uçanda

Fələk toz altında qaldı bir anda.

Ruzgarın etdiyi oyunbazlıqdan

Sanki alt-üst oldu torpaq, asiman.

Fələk zəncirinin həlqələritək

Yerin də bəndləri ayrıldı tək-tək.

Azdı yollarını gur axan sular,

Dağlar çırpışmaqdan bitab oldular.

Heç bir göz salamət qalmadı inan,

Matəm sürməsinə qərq oldu cahan.

Zəlzələ baş verən vaxt Aran və Azərbaycan hakimi Atabəy Qara Sun­qur İsfahana gedərkən bu acı xəbəri eşidərək, dərhal geri qayıtmış, Gəncənin yenidən bərpa edilməsi işlərinə rəhbərlik etmişdi. Nizami Gəncəvi “İsgəndərnamə” poemasında Atabəyi də dərin minnətdarlıq hissi ilə yad etmişdir.

“Sirlər xəzinəsi”ndə adıçəkilən və real həyatda da yetərincə qəddar hakim olmuş mənfi obraz Həccac Yusif oğlunu göstərə bilərik (661–714). O, Əməvilər sülaləsi dövründə xilafətin bir sıra ərazilərini idarə etmiş və xilafətin düşmənlərinə qarşı amansız mübarizə aparmışdır. Bəzi mənbələrə görə, Həccac hətta 130 min adamı edam etdirmişdir. Yaxın Şərq ədəbiyyatında o, məhz qəddar insan, zülmkar hakim hesab edilmişdir. Ona görə də Nizami Gəncəvi ilk poemasının “Zalım padşah ilə düz danışan kişinin dastanı” fəslində bu qəddar padşahı məhz Həccaca bənzədir və onları müqayisə edərək yazırdı:

Ürəkləri sındıran zülmkar bir şah vardı,

Dirəşməkdə, höcətdə Həccacı mat qoyardı.

Nizami Gəncəvi “Xəmsə”nin say­ca ikinci dastanı – “Xosrov və Şirin”i Atabəy Məhəmməd Cahan Pəhləvana (1173–1186) ithaf etmişdir. Əsərin süjetinin əsasını Sasani şahı II Xos­rov Pərviz (590–628) və onun həyat yoldaşlarından biri olan Şirin haqqında Şərqdə geniş yayılmış "Xosrov və Şirin" əfsanəsi təşkil edir. Qeyd etdiyimiz kimi, əsərin qəhrəmanı tarixi şəxsiyyətdir, süjet xətti isə gerçək hadisələrə əsaslanır. Bu mövzu yazılı ədəbiyyata ilk dəfə Əbülqasım Firdovsi tərəfindən gətirilmişdir. Nizami əsərdə öz sələfini xatırlayır, lakin bu qədim tarixi mövzunu təkrarlamadığını, yeni üslubda işlədiyini vurğulayır:

Söylərkən o həkim bu xoş dastanı,

Çıxarıb içindən eşqi, fəğanı.

Altmış yaşındaydı yazanda bunu,

Saxlaya bilmirdi yayda oxunu.

Nizami Gəncəvi təkcə şair deyil, həm də alim və tədqiqatçı idi. O, qələmə almağa hazırlaşdığı mövzunu dərindən öyrənir, müxtəlif mənbələrə – Şərq və Qərb müəlliflərinin, şair və filosofların əsərlərinə müraciət edir, hər sözə, hər fikrə, hər misraya böyük məsuliyyətlə ya­naşırdı. Bu baxımdan, “Xəmsə”nin üçün­cü poeması olan “Leyli və Məcnun” da istisna deyil. 1188-ci ildə cəmi dörd ay müddətinə yazıb başa çatdırdığı “Leyli və Məcnun” dastanı üzərində işləyən böyük şair mövzu ilə bağlı müxtəlif məxəzlərə müraciət etmiş, müqayisələr aparmış, yalnız bundan sonra işə başla­mışdır.

Qeyd edək ki, Nizami Gəncəvi Şirvanşah Axsitanın “Leyli və Məcnun” mövzusunda fars dilində əsər yazdır­maq təklifini qəzəblə qarşılamışdır. Hesab edirik ki, bu fakt da şairin türk əsilli olmasını təsdiqləyən amillərdəndir. Şirvanşah Axsitanın Nizamiyə ünvan­ladığı məktublarında göstərilən “Türk dili yaraşmaz şah nəslimizə, Əskiklik gətirər türk dili bizə” kimi misraları şairi hiddətləndirmişdi və bu da sübut edir ki, şair türk olaraq, əsəri də türk dilində yazmaq istəmişdir. “Leyli və Məcnun” poemasında bununla əlaqədar olaraq o, hisslərini aşağıdakı kimi ifadə etmişdir:

Qulluq halqasına düşdü qulağım,

Qan vurdu beynimə, əsdi dodağım.

Nə cürətim vardı ki, evdən qaçım,

Ömrüm viran oldu, solub-saraldım,

Bu əmrin önündə cavabsız qaldım.

Akademik A.E.Krımskinin fikrincə, ümumiyyətlə, “Leyli-Məcnun” poeması türk surətlərinin həyat tərzini təsvir etdiyinə görə, Axsitan tərəfindən bəyənilməmişdi. Bu cür təsvirlər ərəb mənşəli, farslaşmış Şirvanşahlar üçün qəbuledilməz idi.

Nizaminin növbəti əsəri “Yeddi gözəl” poemasının mövzusu Sasani hökmdarı V Bəhramın həyatı ilə bağlıdır. Lakin şair əsərdə heç də tamamilə Bəhramın həyatını təsvir etməmişdir. Onun məqsədi Bəhram haqqındakı əfsanə və rəvayətləri, tarixi mənbələrdə onun barəsində yazılanları toplayıb nəzmə çəkmək olmamışdır. “Leyli və Məcnun” əsəri kimi, bu poemanın da mövzusu ilə bağlı uzun müddət axtarışlar aparmışdı. Nizami hətta istifadə etdiyi mənbələrdən bəzilərinin adlarını da çəkir:

Dünyada nə qədər kitab var belə

Çalışıb əlləşib gətirdim ələ.

Ərəbcə, dəricə, yeri düşərkən

Buxari, Təbəri əsərlərindən,

Oxudum, oxudum, sonra da vardım,

Hər gizli xəznədən bir dürr çıxardım.

“Xəmsə”nin dördüncü poeması olan “Yeddi gözəl”də Nizaminin türkə və türklüyə sonsuz məhəbbət və ehtira­mını izləmək mümkündür. Məsələn, bu poemada müəllif yeddi ölkəni təsvir edir ki, bunlardan da üçü sırf türk ölkəsidir. Bu fakt onun milli mənsubiyyəti və türk xalqına böyük məhəbbət bəslədiyini sübut edir. Əsərdə gözəllərin dilindən danışılan əhvalatların ən yaxşıları da məhz Nizaminin türk gözəllərinin diliylə təqdim olunur.

Nizaminin son və ən irihəcmli əsəri “İsgəndərnamə”dir. İki hissədən – “Şərəfnamə” və “İqbalnamə”dən ibarət olan bu poemaya şair ömrünün xeyli hissəsini sərf etmiş və onu ölümündən bir qədər əvvəl bitirmişdir. Nizaminin beş poeması arasında “İsgəndərnamə” ən sonuncudur və bu əsər onun ya­radıcılığında xüsusi yer tutur. Nizami Firdovsidən sonra İsgəndər möv­zusuna müraciət edən ikinci şairdir. Lakin Firdovsinin “Şahnamə” əsərində İsgəndər haqqında rəvayət həcmcə kiçikdir. Nizami isə “İsgəndərnamə” dastanı ilə bu rəvayəti həm həcminə, həm də əhəmiyyətinə görə üstələmişdir. Bir məqamı da qeyd etmək lazımdır ki, xüsusən “İsgəndərnamə” əsərində biz türk coğrafiyasındakı toponimlərin sıralanmasını, əyalətlərin təsvirini görə bilirik.

Nizami özü “İsgəndərnamə”də yazır ki, bu poemaya başlayarkən, İsgəndər haqqında yazılanları təhlil etmək üçün xeyli müddət arayıb-axtarmışdır. Şair müxtəlif mənbələri əldə edərək, on­lara tənqidi yanaşırdı. Belə ki, tədqiq etdiyi materiallar arasında bütünlüklə İsgəndərə həsr olunan heç bir əsər yox idi:

İsgəndər haqqında heç bir əsərdə

Məlumat görmədim yığcam bir yerdə.

Sözlərlə dolmuşdu xəzinə içi,

Ancaq hər nüsxədə dağınıq inci.

Hər köhnə nüsxədən əsas alaraq,

Onu öz şeirimlə bəzədim ancaq.

Ən qədim tarixi əsərlərdən mən,

Yəhudi, nəsrani, pəhləvilərdən

Ən incə sözləri əlimə saldım,

Qabığı ataraq, məğzini aldım.

“İsgəndərnamədə”, Nizami türk (qıpçaq) gözəllərini tərif etməkdən yorulmur. Onlar o qədər gözəldirlər ki, ordusunun diqqətini çəkməməsi üçün İsgəndər tayfa başçılarından qadınla­rın öz üzlərini gizlətməsini xahiş edir. “İsgəndərnamə”də İsgəndərin xilaskarlıq missiyasını təsvir edən Nizami onu hər zaman türklərin tərəfində göstərir ki, bu da şairin öz xalqına – azərbaycanlılara məhəbbətindən irəli gələn məsələdir.

“Şərəfnamə”də Nizami qədim Azərbaycan şəhəri Bərdənin füsunkar­lığını və gözəlliyini böyük məhəbbətlə, ürəkdən gələn sevgi ilə vəsf etmişdir. Bu cür misraları yalnız əsl Azərbaycan oğlu, yaşadığı regiona dərindən bələd olan vətənpərvər şair qələmə ala bilərdi. Dahi Nizaminin milliyyətcə azərbaycanlı oldu­ğunu və Azərbaycanda yaşayıb-yaratdı­ğını təsdiqləyən çoxsaylı sübutlardan biri də məhz budur:

Bərdə nə gözəldir, necə qəşəngdir,

Yazı da, qışı da güldür, çiçəkdir.

Yazında dağlara lalələr səpər,

Qışını baharın nəsimi öpər.

O yaşıl meşəsi cənnətə bənzər,

Şən ətəklərinə bağlamış kövsər.

Söyüdlük çöllərə vermişdir zinət,

Ağ bağı elə bil həqiqi cənnət...

Ötən yüzillikdə – 60-cı illərin sonun­da respublika rəhbərliyinə irəli çəkilən Heydər Əliyev hakimiyyətə gəldiyi ilk gündən bütün sahələrin sürətlə inkişaf etdirilməsi ilə məşğul olmağa baş­ladı. Klassik mədəni irsimizin tədqiq edilməsində yeni mərhələnin başlanması məhz ümummilli lider Heydər Əliyevin xidmətləridir. Belə ki, onun təşəbbüsü ilə qəbul edilən “Azərbaycanın böyük şairi və mütəfəkkiri Nizami Gəncəvinin irsinin öyrənilməsini, nəşrini və təbliğini daha da yaxşılaşdırmaq tədbirləri haqqında” 1979-cu il 6 yanvar tarixli qərar bu istiqamətdə kompleks vəzifələr irəli sürərək, Nizami irsinin və ümumən orta əsrlər Azərbaycan mədəniyyətinin sistemli araşdırılması üçün geniş perspektivlər açmışdır. 1981-ci ilin av­qust ayında Nizami Gəncəvinin anadan olmasının 840 illiyi haqqında müvafiq qərar isə nizamişünaslıqda növbəti mü­hüm addım sayıla bilər.

Ulu öndərin milli-mənəvi dəyərlərimizi himayə edib zənginləşdirən siyasətini uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev həyatımızın bü­tün sahələri kimi, ədəbiyyat sahəsini də hər zaman diqqət mərkəzində saxlayır, görkəmli şəxsiyyətlərin yubileylərinin keçirilməsinə, ədəbiyyatımızın bü­tün dünyada təbliğ olunmasına önəm verir. Azərbaycan Respublikasında 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi haqqında Azərbaycan Res­publikası Prezidentinin sərəncamı da ədəbiyyatımıza, mədəniyyətimizə, ədəbi abidələrimizə, milli-mənəvi sərvətlərimizə, klassik əsərlərimizə dövlət səviyyəsində həmişə dəstək verildiyini bir daha sübut edir.

İradə HÜSEYNOVA,

 tarix elmləri doktoru,

BDU-nun kafedra müdiri, professor,

Əməkdar müəllim

22 Sentyabr 2021 00:39 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT
24 Oktyabr 2021 | 00:04
Canəli Xanəli oğlu Əkbərov

Köhnə versiyamızdan xəbərləri izlə