Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan məktəbi ənənəvi təhsilə qayıtdı

İlyarımlıq sərt pandemiya məhdudlaşdırmasıdan sonra, payızın ilk günündə Azərbaycan məktəbləri ənənəvi təhsilə qayıtdı. Sentyabrın 22-də Azərbaycanda fəaliyyət göstərən orta məktəblərin ibtidai (I–IV) siniflərində ənənəvi formada yeni dərs ili başlayır. Təhsil Nazirliyi bildirir ki, yuxarı siniflərdə və məktəbdənkənar müəssisələrdə isə sentyabrın 29-dan həftədə 5 dəfə olmaqla əyani tədrisə başlanacaq.

Orta ixtisas, peşə təhsili müəssisələri və universitetlərdə də tədris sentyabrın 29-dan əyani olaraq (bəzi istisnalar olmaqla) həyata keçiriləcək. Tədris olunmayan dərs saatları il ərzində tətil günləri hesabına bərpa ediləcək. Tədris ilinin başlanma­sı müddətləri nəzərə alınaraq, təhsil proqramlarının təhsilalanlar tərəfindən tam mənimsənilməsini təmin etmək məqsədilə ümumi təhsil pilləsinin ibtidai təhsil səviyyəsi üzrə payız tətili günlərindən 16–18 noyabr, qış tətili günlərindən 27–28 yanvar tarixləri dərs günləri hesab ediləcək.

Ümumi təhsil pilləsinin orta və tam orta təhsil səviyyələri üzrə, eləcə də təhsil fəaliyyətini həyata keçirən digər müəssisələrdə payız tətili günlərindən 16–19 noyabr, qış tətili günlərindən 27, 28 və 31 yanvar tarixləri dərs günləri hesab ediləcək. 2021–2022-ci tədris ilində ölkənin ümumi təhsil müəssisələrində ümumilikdə 1 milyon 589 min 29 şagirdin təhsil alacağı proqnozlaşdırılır. Ümumtəhsil məktəblərinin I sinfində 158 min 608, IX sinfində 132 min 881, XI sinfində isə 91 min 538 şagird təhsil alacaq.

Sentyabrın 7-də təhsil naziri Emin Əmrullayevin iştirakı ilə keçirilmiş 2021–2022-ci tədris ilinin təşkilinə dair brifinqdə nazir bildirmişdi ki, yeni dərs ilində ölkəmizin bütün təhsil müəssisələrində tədris ənənəvi şəkildə mərhələli təşkil olunacaq. Ümumi təhsil müəssisələrinin I–IV sinifləri 22 sentyabr 2021-ci il tarixindən ənənəvi şəkildə tədrisə başlaya­caq. Sentyabrın 29-dan isə ümumi təhsil müəssisələrinin bütün sinifləri üzrə, eləcə də məktəbdənkənar, peşə, orta ixtisas və ali təhsil müəssisələrində ənənəvi şəkildə tədrisə başlanılacaq. Nazir qeyd etmişdi ki, tədrisin gec başlaması ilə əlaqədar olaraq keçirilməyən dərs saatları tədris ili ərzində tətil günləri hesabına bərpa olunacaq. Brifinqdə bütün təhsil müəssisələri və təhsil işçilərinin ənənəvi tədrisə tam hazır olduğu qeyd edilmiş, həmçinin təhsil müəssisələrində COVID-19 əleyhinə görüləcək tədbirlər açıqlanmışdı.

Brifinqdə ənənəvi təhsilin bərpası ilə bağlı ən zəruri şərtlərdən pedaqoji sahə işçilərinin vaksinasiyasına da to­xunularaq bildirilmişdi ki, hazırda təhsil işçilərinin 169 min 862 nəfəri vaksin olunub. 138 min 654 nəfər təhsil işçisi vaksinin hər iki dozasını qəbul edib.

Təhsil nazirinin yeni dərs ilinin təşkili ilə əlaqədar yaxın günlərdə imzaladığı əmrin bəndlərinə uy­ğun olaraq, pedaqoji kollektivlərdə aparılan müzakirələrdə uzun sürən pandemiya şəraitində zəruri tədrisin təşkilində əldə edilmiş uğurlar, yeni çevik layihələr diqqət mərkəzində olmuşdur. Mütəxəssislər, təcrübəli müəllimlər bildirmişlər ki, COVID-19 pandemiyası bütün dünyada ənənəvi şəraitdən tam fərqli bir situasiya yaratmış, sosial-iqtisadi prioritetlərə yenidən baxılmasını zəruri etmişdir. Hər bir ölkə bu situasiyadan daha az itkilərlə çıxmaq üçün xüsusi strategiya­lar müəyyənləşdirmişdir. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən dəfələrlə vurğulandığı və beynəlxalq aləmdə etiraf edildiyi kimi, Azərbaycan pandemiya dövründə ən uğurlu strate­giya seçən ölkələrdən biri olmuşdur.

Pandemiya dünyada təhsil sistemlərinə də təsirsiz qalmamış­dır. İlkin mərhələdə ölkələrin təhsil sistemi pandemiyaya adekvat reaksiya göstərə bilməmiş, sadəcə proseslərin arxasınca getmişdir. Əksər hallarda təhsil müəssisələrinin fəaliyyətinin dayandırılmasının qısa bir müddət sürəcəyi və tezliklə fəaliyyətini davam etdirəcəyi barədə gözləntilər var idi. Lakin pandemiyanın kütləvi itkilərlə müşayiət edilməsi və hələ uzun müddət davam edəcəyi aydın olan­dan sonra, təhsil sistemləri təhsilin fasiləsizliyinin təmin edilməsi ilə bağlı tədbirlər görməyə başlamışlar.

Pandemiya şəraitində Azərbaycanda təhsilin fasiləsizliyinin təmin edilməsi bir sıra istiqamətləri və mərhələləri əhatə etmişdir. Belə ki, ilk mərhələdə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 yanvar 2020-ci il tarixli 35s nömrəli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respubli­kasında yeni koronavirus xəstəliyinin yayılmasının qarşısının alınması­na dair Fəaliyyət Planı”nın icrası ilə bağlı Təhsil Nazirliyi tərəfindən Tədbirlər Planı hazırlanıb həyata keçirilməsinə başlandı. Nazirlikdə 7/24 saat rejimində fəaliyyət göstərən Qərargah yaradıldı və hər gün hər bir təhsil müəssisəsindən vəziyyətlə bağlı məlumatlar toplandı, ümumiləşdirildi və Nazirlər Kabineti yanında Operativ Qərargaha ötürüldü.

Pandemiyanın təsirlərini mi­nimuma endirmək məqsədilə Azərbaycan Respublikasının Prezi­denti tərəfindən vaxtında və çevik qərarların qəbul edilməsi, qabaqlayıcı tədbirlərin görülməsi pandemiyanın geniş yayılmasının qarşısını almış­dır. İlk növbədə, səhiyyə sistemi gücləndirilmiş, sosial cəhətdən həssas əhaliyə davamlı dəstək mexanizmləri tətbiq edilmiş, iqtisadi dayanıqlığın təmin edilməsi ilə bağlı əhəmiyyətli addımlar atılmışdır. Bütün ölkə ictimaiyyəti vaxtında atılmış bu ad­dımları böyük rəğbətlə qarşılamışdır. Təqdirəlayiq haldır ki, pandemiya ilə mübarizədə Azərbaycan təcrübəsi bir sıra ölkələr tərəfindən öyrənilmiş və tətbiq edilmişdir.

Pandemiya şəraitində təhsilin mümkün olan distant formada təşkili, inrtenet üzərindən çevik mobil üsul­larla davam etdirilməsi Azərbabaycan təhsilinin uğurlarının qorunub sax­lanmasına və artırılmasına xidmət etmişdir. Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyətinin təşkili ilə bağlı əlavə tədbirlər barədə” qərarına və Təhsil Nazirliyinin müvafiq əmrinə əsasən, fevralın 1-dən ölkə üzrə ümumi təhsil müəssisələrində karantin rejiminin qaydalarına əməl edilməklə ənənəvi tədris mərhələli şəkildə qismən bərpa edilmişdir.

Mövcud pandemiya şəraiti ilə əlaqədar olaraq, tədrisin təşkili ilə bağlı yeni normaların tətbiqinə başla­nılmışdır. Distant tədris zamanı dərslər "Virtual məktəb", eləcə də digər onlayn platformalar üzərindən keçirilmişdir. Şagirdlərə “Dərs vaxtı” teledərslərini maksimum izləməsi təmin edilmiş­dir. İlk növbədə, əhatə dairəsinə görə ən geniş olan ümumi təhsil pilləsində teledərslərin təşkili ilə bağlı işlərə başlandı. Bu məqsədlə qısa müddət ərzində yüksək peşəkarlığa malik müəllimlərdən ibarət heyət müəyyənləşdirildi, texniki təchizat məsələləri həll edildi və teledərslərin çəkilişlərinə başlandı.

Xüsusi vurğulamaq lazımdır ki, pandemiya dövründə Azərbaycanda tətbiq edilən təhsil platforması UNESCO-nun rəsmi saytında təqdim edilən siyahıda yer almışdır. Belə ki, dünyada COVID-19 pandemiyasının yayılması ilə əlaqədar UNESCO-nun rəsmi saytında (https://en.unesco.org/covid19/educationresponse/solu­tions) şagirdlərin öyrənmə prosesini asanlaşdırmaq məqsədilə distant təhsil platformaları, elektron portallar və təlim tətbiqlərinin siyahısı təqdim olunmuşdur.

Ali təhsil proqramlarının mənimsənilməsinin təmin edilməsi məqsədilə Təhsil Nazirliyinin tövsiyəsinə uyğun olaraq, ali və orta ixtisas təhsili müəssisələrində müxtəlif onlayn platformalar üzərindən dərslərin təşkilinə başlanmışdır. Həmin dərslərə bugünədək 100 mindən artıq tələbə və professor-müəllim heyəti qoşulmuşdur. Ali təhsil müəssisələrinə Təhsil Nazirliyinin təqdim etdiyi "MS Teams” platformasından ödənişsiz istifadə imkanı yaradılmışdır və onlara texniki dəstək göstərilməkdədir.

Pandemiyanın təsirlərinin azal­dılması istiqamətində Təhsil Nazirliyi tərəfindən bir sıra sosial-psixoloji fəaliyyətlər də həyata keçirilmişdir. Pandemiya ilə əlaqədar evdə qa­lan şagird və müəllimlərə, eləcə də vətəndaşlara mənəvi-psixoloji dəstək məqsədilə Təhsil Nazirliyi tərəfindən 6 aprel tarixindən 146-3 "Qaynar xətt” xidməti fəaliyyətə başlamışdır. Xidmətin təşkili üçün təcrübəli məktəb psixoloqları işə cəlb edilmişdir və hazırda xidmətə müraciət edən hər bir vətəndaşa psixoloqlar tərəfindən telefon vasitəsilə psixoloji məsləhətlər təşkil edilir, zəruri mənəvi dəstək göstərilir.

Pandemiyanın əsas dərslərindən biri də ondan ibarət oldu ki, həm təhsilverənlər, həm də təhsilalanlar mükəmməl rəqəmsal bacarıqlara malik olmalıdırlar. Belə bacarıqların ol­maması yüksək texnologiyalardan və müasir tətbiqlərdən istifadə imkanlarını məhdudlaşdırır, təhsilə və fəaliyyətə ciddi maneələr yaradır. Bu baxımdan əsas fəaliyyət istiqamətlərindən biri də rəqəmsal bacarıqların formalaşdırıl­masına xidmət edən tədbirlərin əhatə dairəsinin genişləndirilməsi olmalıdır.

Milli təhsilimizin uğurları Prezident İlham Əliyevin təhsili dövlət siyasətinin əsas prioritetlərindən biri hesab etməsi ilə birbaşa bağlıdır. Təsadüfi deyildir ki, möhtərəm Prezidentin vurğuladığı “Biz maddi dəyərlərimizi, iqtisadi potensialımızı insan kapitalına çevirməliyik”, “Təhsil Azərbaycanın da­vamlı inkişaf strategiyasının ən öncül istiqamətlərindən biridir” kimi konsep­tual müddəaların əsasında da məhz həmin yanaşma dayanır. Bu mənada “təhsil əsri” elan edilən XXI əsrdə yüksək intellektə malik insan kapitalı­nın formalaşması və güclü iqtisadiyya­tın qurulmasında təhsilin rolu heç vaxt indiki qədər aktual olmamışdır.

Təhsilin ayrı-ayrı sahələrinin inki­şafı üzrə ötən dövr ərzində 25-dən ar­tıq dövlət proqramı qəbul olunmuşdur. Son illər Azərbaycanda 3 min 200-dən çox yeni məktəb binasının tikilməsi, əsaslı təmiri və müasir avadanlıqlarla, o cümlədən kimya və fizika labora­toriyaları ilə təmin edilməsi, bütün məktəblərdə kompüter siniflərinin yaradılması təhsil tariximizdə ən əlamətdar hadisələrdəndir. “Yeniləşən Azərbaycana yeni məktəb” proqramı çərçivəsində yeni məktəblərin tikintisi uğurla davam etdirilmişdir.

Müstəqil Azərbaycanın təhsil sistemində irimiqyaslı islahatlar prosesi artıq dönməz xarakter almış­dır. Möhtərəm Prezidentimiz İlham Əliyevin təhsilə diqqət və qayğısı sayəsində milli təhsil sisteminin aydın sabahını təmin edəcək layihələr real­laşdırılmaqda, Azərbaycan təhsilinin davamlı inkişafına yönəlmiş əsaslı tədbirlər görülməkdədir.

Təhsil naziri Emin Əmirullayev bugünlərdə mediaya açıqlamasında bildirmişdir ki, hazırda təhsilin istər əlçatanlığı, istər keyfiyyətinin artırıl­ması istiqamətində çox mühüm işlər gedir. Yeniliklər həmişə var və çox­dur. Ən önəmlisi isə biz artıq növbəti tədris ilinə müstəqillik tariximizdə ilk dəfə olaraq Zəfər qazanmış, torpaq­larımızı işğaldan azad etmiş xalqın nümayəndələri, təhsil işçiləri kimi qatılacağıq.

Tahir AYDINOĞLU,

“Xalq qəzeti”

22 Sentyabr 2021 00:28 - TƏHSİL
TƏHSİL

Köhnə versiyamızdan xəbərləri izlə