Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan beynəlxalq hüququn normalarına əsaslanaraq ərazi bütövlüyünü bərpa etdi

Ermənistan 30 ilə yaxın bir dövrdə torpaqlarımızı işğal altında saxlamaqla bərabər, daim təxribatlar törədir, beynəlxalq hüquq normalarına zidd bəyanatlar səsləndirməkdən belə çəkinmirdi. Bu, dünyanın nüfuzlu güclərinin məsələyə laqeyd, biganə münasibətindən və düşmənin status-kvonu qorumaq və qəsb etdiyi ərazilərin ilhaqına nail olmaq istəyindən irəli gəlirdi. Beləliklə, Azərbaycanın konstruktiv mövqeyinə zidd olaraq, Ermənistan bilərəkdən danışıqlar prosesinin format və mahiyyətini sarsıdır, atəşkəsi pozurdu. Azərbaycanın ötən il sentyabrın 27-də əks-həmlə əməliyyatları ilə Vətən müharibəsinə başlaması bölgədə yeni reallıq yaratdı.

Bu məqamda onu da xatırladaq ki, İkinci Qarabağ müharibəsindən əvvəl uzun illər ərzində bəzi xarici ölkələr, təşkilatlar, siyasi dairələr tərəfindən Azərbaycana münaqişənin hərbi həllinin olmaması bildirilirdi. Lakin Prezident İlham Əliyev münaqişənin hərbi həllinin mövcudluğunu “Dəmir yumruq” əməliyyatı ilə sübut etdi. Nəticədə ölkəmiz BMT Təhlükəsizlik Şurası­nın münaqişə ilə bağlı məlum dörd qətnaməsini özü gerçəkləşdirdi.

Ermənistanın Azərbaycan torpaqlarını 30 il işğal altında saxlaması bir daha göstərdi ki, beynəlxalq hüquq işləmir və ona riayət olunmur. Güc amili beynəlxalq münasibətlərdə ön sıraya çıxır. Azərbaycan isə öz gücünü məhz BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq, beynəlxalq hüququn normaları çərçivəsində reallaşdırdı. Əslində, bu, işğalçını “Sülhə məcburetmə” əməliyyatı idi.

Yeri gəlmişkən, burada bir həqiqəti də vurğulamaq istərdik. Torpaqlarımızın işğal altında saxlanıldığı dövrdə dövlətimizin başçısının yürütdüyü müdrik siyasət nəticəsində ölkəmizin beynəlxalq səviyyədə mövqeləri gücləndiyi üçün beynəlxalq ictimaiyyət Azərbaycanın Vətən müharibəsi aparmasını beynəlxalq hüquqa uy­ğun olduğunu anlayışla qəbul etdi.

Prezident İlham Əliyev bu il avqustun 24-də BMT-nin ölkəmizdə yeni təyin olunmuş rezident əlaqələndiricisi xanım Vladanka Andreyevanı qəbul edərkən, bu barədə ətraflı danışıb. Dövlətimizin başçısı çıxışında Azərbaycanın bütün imkanları ilə sülhə və təhlükəsizliyə töhfə verməyə çalışdığını diqqətə çatdıraraq, deyib: “BMT ilə bizim fəal qarşılıqlı əlaqəmiz Ermənistanın təcavüzü nəticəsində başlamışdır və 1993-cü ildə Təhlükəsizlik Şurasının məşhur qətnamələri qəbul olunmuşdur. Bu, çox müsbət addım idi, erməni təcavüzünə toxunularaq bizə dəstəyin çox ümidverici bir jesti idi. Bizim beynəlxalq səviyyədə tanınan ərazilərimizdən erməni qoşunlarının dərhal, tam və qeyd-şərtsiz çıxarıl­ması tələbi Təhlükəsizlik Şurasının çox mühüm siyasi bir jesti idi”.

Dövlətimizin başçısı BMT-nin re­zident əlaqələndiricisi ilə söhbətində daha sonra bildirib ki, Azərbaycan Ermənistan tərəfindən işğala məruz qalan ərazilərinin azad olunma­sı üçün ötən illər ərzində daim diplomatik təmkin nümayiş etdirir, beynəlxalq təşkilatlar və aparıcı dövlətlərin münaqişəni danışıqlar yolu ilə tənzimləmək çağırışlarına həssaslıqla yanaşırdı. Amma bunun müqabilində düşmən ölkəyə ciddi beynəlxalq təzyiq göstərilmirdi. Belə münasibət isə vəziyyəti getdikcə gərginləşdirirdi. Ermənistan, hətta bütün bunlar azmış kimi, Birləşmiş Millətlət Təşkilatının (BMT) hələ 1993-cü ildə qəbul edilən 822, 853, 874, 884 saylı qətnamələrində Azərbaycan işğal altındakı ərazilərinin qeyd-şərtsiz azad edilməsi tələblərini yerinə yetirmək əvəzinə, yeni torpaqlar ələ keçirməyə cəhd göstərir, təxribatlar törədir, ölkəmizi daim müharibə ilə hədələyir, işğal altındakı ərazilərdə qanunsuz məskunlaşma siyasəti reallaşdırırdı.

Bu dövrdə ən təəssüf doğuran hal isə o idi ki, işğalçı tərəfindən beynəlxalq hüquq normalarına zidd bəyanatlar səsləndirilməsi, təxribatlar törədilməsi qarşısında ATƏT-in Minsk qrupu həmsədrləri susurdu, heç bir fikir, münasibət bildirmirdi. Əslində münaqişənin həlli ilə birbaşa məşğul olan Minsk qrupu, eləcə də beynəlxalq təşkilatlar tərəfindən bununla bağlı Ermənistan hakimiyyətindən izahat tələb olunmalı idi. Prezident İlham Əliyev bu ciddi narahatlıq doğuran vəziyyətlə bağlı yuxarıda sözügedən qəbuldakı çıxışında deyib: “Xüsusilə bizi narahat edən və Azərbaycan cəmiyyətinin anla­maqda çətinlik çəkdiyi məsələ o idi ki, bu qətnamələri qəbul edənlər, Təhlükəsizlik Şurasının daimi üzvü olan beş ölkədən üçü ATƏT-in Minsk qrupuna həmsədr olan və hələ də həmsədrlik edən ölkələrdir. Onlar özləri bu qətnamələri qəbul etmişdir. Bu qətnamələrin həyata keçirilməsinə imkan yaratmaq üçün onların mandatı var idi. Lakin, əfsuslar olsun ki, 28 il ərzində Minsk qrupu çox imkanları əldən verib. Bir çox hallarda mən Ermənistana qarşı sanksiyaların tətbiq edilməsi məsələsini qaldırmışdım. Çünki düşünürdüm ki, bu, toqquşmanın, müharibənin qarşısının alınması üçün bir yol ola bilərdi. Biz məsələni sülh yolu ilə həll etmək istəyirdik. Ötən il, müharibədən cəmi bir neçə gün əvvəl, Baş Assambleyada çıxış edərkən mən beynəlxalq birliyi xəbərdar edərək, Ermənistanın müharibəyə hazırlaşdığını dedim. Bu, təbliğat deyildi, Ermənistanın müharibədən əvvəlki aylar ərzində davranışının real təhlilinin nəticəsi idi…”.

Bəli, Ermənistan beynəlxalq hüququn işləməməsindən yararlana­raq, status-kvonu qorumaq və qəsb etdiyi ərazilərin ilhaqına nail olmaq istəyindən əl çəkmirdi. Halbuki əgər işğalçıya qarşı vaxtında sanksiya­lar tətbiq olunsaydı, müharibə baş verməzdi. Bax, məhz buna görə də Azərbaycan məlum qətnamələri beynəlxalq hüququn normaları çərçivəsində özü həyata keçirdi, ədaləti, beynəlxalq hüququn norma­larını bərpa etdi.

Beləliklə, Silahlı Qüvvələrimiz 44 günlük savaşla dövlətçiliyimizin ən şərəfli səhifələrini yazdı və əldə etdiyi tarixi zəfərlə Azərbaycan faşist ideologiyasından bəhrələnən Ermənistanın 30 illik işğalına son qoydu. Bir güllə atmadan, bir şəhid vermədən Ağdam, Kəlbəcər və La­çını işğaldan azad etdi və dünyada qalib xalq, məğlubedilməz dövlət kimi özünü yenidən təsdiqlədi.

Burada bir məqamı da qeyd etməliyik. Ermənistan Ordusu 30 il müddətində işğal altında saxladığı ərazilərdə güclü müdafiə isteh­kamları qurmuşdu. Bu müdafiə sədlərinin qırılması, sadəcə, böyük qəhrəmanlıq tələb edirdi ki, Azərbaycan Ordusu da bu vəzifəni böyük peşəkarlıq və şücaətlə yerinə yetirdi.

Beləliklə, Silahlı Qüvvələrimizin əks-həmlə əməliyyatları apardığı müddətdə işğalçı dərk etdi ki, nəinki Ermənistan ordusu, hətta bu illər ərzində onun qurduğu və keçilməz saydığı sədlər belə ordumuzun qələbə əzminin qarşısında məhvə məhkumdur.

Azərbaycan Ordusunun müharibə zamanı müasir texnologi­yalar əsasında hazırlanmış silahlar­dan istifadə edərək həyata keçirdiyi hücum taktikası dünya praktikasında ilk oldu – Silahlı Qüvvələrimizin hücum taktikası hərbi mütəxəssislər tərəfindən XXI əsrdə aparılacaq müharibələrin modeli kimi qəbul edildi.

Ermənistan silahlı qüvvələri tərəfindən istər işğal dövründə, istərsə də İkinci Qarabağ müharibəsində əhalimizin sıx məskunlaşdığı yaşayış məntəqələri, təhsil, sosial, mədəni və strateji əhəmiyyətli obyektlər ağır artille­riya qurğularından, xüsusi raket sistemlərindən və qadağan olunan silahlardan istifadə edilməklə inten­siv şəkildə atəşə tutuldu. Nəticədə mülki əhali arasında çoxsaylı ölüm və yaralanma halları baş verdi, yaşayış məntəqələrinə, tarixi və mədəni abidələrə, inzibati binalara, ictimai və digər sosial obyektlərə ciddi ziyan dəydi. Ermənistanın hərbi təcavüzü nəticəsində ölən və yaralananlar arasında çox sayda uşaq və qadınlar da oldu.

Ermənistan silahlı qüvvələrinin 30 ilə yaxın müddətdə işğal altın­da saxladığı Qarabağ bölgəsi və onun ətrafındakı rayonlar şanlı Azərbaycan Ordusu tərəfindən qarış-qarış yağılardan təmizləndikcə xalqımıza məxsus tarix və mədəniyyət abidələrinin vandalizmə məruz qaldığı, yerlə-yeksan edildiyi, bir qisminə isə toxunulmadığı, saxtalaşdırılaraq erməniləşdirildiyi aşkarlandı. Düşmənin ən çox dağıt­dığı mədəni irs nümunələri sırasında isə İslam dini abidələri – məscidlər, türbələr və digər inanc yerləri daha çox diqqət çəkdi.

Hazırda Azərbaycan dövləti tərəfindən Prezident İlham Əliyevin “Qarabağda cənnət yaradaca­ğıq” vədinin yerinə yetirilməsi istiqamətində nəzərdə tutulan layihələr sürətlə gerçəkləşdirilir, erməni barbarlığının qurbanı olan yaşayış sahələrində mühüm strateji obyektlərin, müəssisələrin təməli qoyulur, tikinti işləri geniş vüsət alır, yüksək texnologiyaların tətbiqinə start verilir.

Yeri gəlmişkən, Prezident İlham Əliyevin vurğuladığı kimi, İkinci Qarabağ savaşından sonra Azərbaycan hazırda yeni bir dəhliz– Zəngəzur dəhlizi üzərində iş aparır: “Bildiyiniz kimi, müharibədən sonra ilk mərhələdə Ermənistan bu məsələ ilə bağlı öz etirazını bildirmişdir. Ancaq son vaxtlar mənə məlumat verilir ki, Ermənistan tərəfi də artıq bu dəhlizin qaçılmaz olması ilə bağlı məsələləri düzgün təhlil edir. Bildi­yiniz kimi, indi üçtərəfli çərçivədə müzakirələr aparılır. Azərbaycan, Rusiya, Ermənistan Baş nazirlərinin müavinləri səviyyəsində işçi qrup çərçivəsində bu məsələ müzakirə edilir və yaxşı nəticələr də var.

Biz artıq azad edilmiş torpaq­larda Horadizdən Ermənistan sərhədinə qədər dəmir yolunun çəkilişinə start verdik. Əminəm ki, yaxın iki il, bəlkə iki il yarım ərzində o dəmir yolu tam istismara veriləcəkdir.

Naxçıvan dəmir yolunun böyük hissəsi fəaliyyətdədir və çatışma­yan hissə də inşa ediləcək, bü­tün təlimatlar verilib. Ermənistan ərazisində Zəngəzur dəhlizinin önəmli hissəsi inşa edilməlidir. Beləliklə, yeni bir dəhliz açılacaq və Türkiyə- Azərbaycan arasında bu bağlantı daha da möhkəm olacaq­dır”.

Azərbaycan bu gün Qarabağ bölgəsinin Ermənistanın işğalçı­lıq siyasəti nəticəsində yaranan ağır problemlərini sürətlə aradan qaldırır. Eyni zamanda, həmişə olduğu kimi, yenə də sağlam qonşuluq münasibətlərinin qurul­masının tərəfdarı olduğunu bil­dirir. Bununla bağlı Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladığı 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatda nəzərdə tutulan tədbirlərin reallaşdırılmasını xüsusilə diqqətdə saxlayır. Ölkəmiz bu sənədin tam əməli icrasına və Ermənistan-Azərbaycan arasında dövlətlərarası münasibətlərin nor­mallaşdırılması əsasında bu qanlı münaqişənin yaralarının sağaldılma­sına böyük əhəmiyyət verir.

Vaqif BAYRAMOV,

“Xalq qəzeti”

22 Sentyabr 2021 00:24 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə