Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Bakı şəhəri təhsil işçilərinin sentyabr konfransı keçirilib

 

 

Sentyabrın 21-də Bakı şəhəri təhsil işçilərinin “Zəfər ili: sınaqlar və hədəflər” adlı konfransı keçirilib. Bu barədə AZƏRTAC-a Təhsil Nazirliyindən məlumat verilib.

Konfransda təhsil naziri Emin Əmrullayev, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Mehriban Vəliyeva, Milli Məclisin deputatları, nazirliyin və BŞTİ-nin struktur bölmə rəhbərləri, məktəb direktorları və müəllimlər iştirak ediblər.

Tədbirdən öncə qonaqlar Fəxri xiya­banda ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil və tər çiçəklər qoyublar.

Sonra Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə şəhid olan Vətən övladlarının xatirəsi anılıb, məzarları üzərinə güllər qoyulub.

Konfrans Dövlət Himninin səsləndirilməsi və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən, möhtəşəm Zəfəri bizə yaşadan Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.

Daha sonra 2020-2021-ci tədris ili ərzində BŞTİ-nin fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.

Tədbirdə BŞTİ-nin müdiri Mehriban Vəliyeva hesabat məruzəsi ilə çıxış edib. İdarə müdiri çox mürəkkəb, lakin tarixi bir Qələbə ilə yadda qalan 2020-2021-ci tədris ilində BŞTİ-nin müxtəlif fəaliyyət istiqamətləri üzrə gördüyü işlər haqqında ətraflı məlumat verib, isla­hatların tətbiqi vəziyyətindən danışıb, növbəti tədris ili üçün təhsil işçiləri qarşı­sında duran vəzifələri diqqətə çatdırıb.

2020-2021-ci dərs ilinin Nazirlər Kabineti tərəfindən xüsusi karantin rejimi dövründə tədrisin təşkili ilə bağlı müəyyənləşdirilmiş qaydalara uyğun olaraq hibrid formada təşkil edildiyini xa­tırladan Mehriban Vəliyeva pandemiya və müharibə şəraiti sınaqlarına bax­mayaraq bütün alternativ variantlardan istifadə olunmaqla Bakı məktəblərində təhsilin fasiləsizliyinin təmin edildiyini vurğulayıb.

İdarə müdiri Zəfər tarixinin bəxş etdiyi qürur hissi ilə qədəm qoyduğu­muz yeni dərs ilində mövcud pande­miya şəraitindən irəli gələn qaydaların məktəblərdə tətbiqinə ciddi nəzarət olunması, vaksinasiya prosesinin tam təmin olunması, gənc nəslin Zəfər tariximizdən sonrakı mərhələdə vətənpərvərlik, milli-mənəvi dəyərlər ruhunda tərbiyə edilməsi, keyfiyyət artımının təməli hesab olunan ümumi təhsilin məqsədyönlü inkişafı, buraxılış sinif şagirdlərinin nailiyyətlərinin əvvəlki illərə nisbətən yaxşılaşdırılmasının əsas hədəflərdən olduğunu bildirib.

Təhsil naziri Emin Əmrullayev tədris ilinin başlanması münasibətilə təhsil işçilərinə təbriklərini çatdırıb, uğur­lardan və mövcud problemlərin həlli istiqamətində atılacaq addımlardan, perspektiv məsələlərdən bəhs edib, yeni dərs ilində qarşıda duran əsas hədəflərə toxunub.

Emin Əmrullayev Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan təhsilində sistemli islahatlar aparıldığı­nı, ölkəmizdə təhsilin inkişafına böyük diqqət göstərildiyini və Azərbaycan təhsilinin bugünkü inkişafının mənbəyinin ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə əsası qoyulan məqsədyönlü siyasətdən qaynaqlandı­ğını bildirib.

Təhsil naziri çıxışında məktəb idarəetməsi, müəllimlərin peşəkarlıq səviyyəsinin artırılması və ümumilikdə tədrisin keyfiyyətinin yüksəldilməsi, gənc nəslin vətənpərvərlik, azərbaycançılıq məfkurəsi ruhunda yetişdirilməsi kimi məsələlərin növbəti tədris ilində pri­oritet istiqamətlərdən olacağını qeyd edib. Yeni tədris ilindən məktəblərin IX siniflərində “Zəfər tarixi”nin dərsdənkənar kurs olaraq tədris ediləcəyini vurğulayan nazir bunun gənclərin vətənpərvərlik ruhunda yetişməsinə bir töhfə olacağını deyib.

Daha sonra 220 nömrəli məktəb-liseyin direktoru Lətifə Əzimova, Təlimə Dəstək Mərkəzinin metodisti Turan Zəkəriyəyeva, Vətən müharibəsi iştirak­çısı, 12 nömrəli məktəbin sinifdənxaric və məktəbdənkənar tərbiyə işləri üzrə təşkilatçısı Anar Miriyev, 234 nömrəli tam orta məktəbin peşə təmayüllü sinfinin şagirdi Ləman Şamıyeva çıxış ediblər.

Konfrans BŞTİ-nin nəzdindəki 4 və 5 nömrəli Uşaq-Gənclər İnkişaf mərkəzlərinin xor ansamblının ifasında “Zəfər” mahnısı ilə başa çatıb.

21 Sentyabr 2021 23:22 - TƏHSİL
TƏHSİL

Köhnə versiyamızdan xəbərləri izlə