Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Hüquqi islahatlar prokurorluq orqanlarının fəaliyyətinin təkmilləşməsinə xidmət edir

Prokurorluq orqanlarında yeniləşmə prosesi gedir, gənc kadrlar işə qəbul edilir, vəzifədə irəli çəkilir, yeni iş ruhu, canlanma və inkişaf hiss olunur. Bu proseslər dövlət tərəfindən dəstəklənir və bundan sonra da dəstəklənəcəkdir.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Azərbaycan Respublikasının Prokurorluq orqanları mürəkkəb, eyni zamanda, şanlı inkişaf yolu keçib, müxtəlif dövrlərin çətin, ağır sınaqlarından alnıaçıq, üzüağ çıxaraq dövlətçiliyimizin maraqlarına xidmət edən demokratik qu­rumlar sırasında şərəfli yer tutub. Ulu öndər Heydər Əliyevin “Azərbaycan Proku­rorluğunun inkişaf etməsində dövlət qayğısı bu gün də, gələcəkdə də olacaqdır. Azərbaycan Prezidenti kimi, mən Azərbaycan Prokurorluğuna inanıram, güvənirəm və arxalanıram” sözləri prokurorluq işçilərində böyük ruh yüksəkliyinə səbəb ol­maqla onların fəaliyyətinin əsas motivini təşklil edir.

Ümummilli liderimizin siya­si xəttini uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi dövründə də Azərbaycan Proku­rorluğu şərəfli bir təkamül yolu keçib, xalqın və dövlətin hərtərəfli dəstəyinə arxalanaraq, milli ənənələrə və mütərəqqi dünya standartlarına uyğun şəkildə təkmilləşib. Bu əsasla da hazırda prokurorluq qanunun aliliyinin təmin olunmasında, insan hü­quq və azadlıqlarının etibarlı müdafiəsində səmərəli fəaliyyəti ilə nüfuzlu bir quruma çevrilib.

Azərbaycan Respublika­sının Prezidenti cənab İlham Əliyevin böyük siyasi iradə, əzm və qətiyyəti hesabına ölkəmiz bu gün həyatın bütün sahələrində möhtəşəm uğurla­ra imza atır. Ötən il sentyabrın 27-də Ermənistanın təxribatlarına əks-həmlə əməliyyatları ilə Vətən müharibəsinə başlayan Azərbaycan 44 gün ərzində inamlı qələbə qazanmaqla hazırda özünün yeni tərəqqi mərhələsini yaşayır, ictimai-siyasi və sosial-iqtisadi sahələrdə reallaşdırdığı genişmiqyaslı islahatlarla inkişaf etmiş ölkələr sırasında yerini möhkəmləndirir, beynəlxalq nü­fuzunun artmasını, bəşəri norma və prinsiplərə, milli dəyərlərə sadiq qalmasını şərtləndirməklə müstəqil, qüdrətli, bynəlxalq miq­yasda sözü keçərli, sivil, demokra­tik və hüquqi dövlət kimi tanınır.

Azərbaycan Prezidenti ötən il mayın 1-də Baş prokuror cənab Kamran Əliyevi videoformat­da qəbul edərkən prokurorluq orqanlarında daha genişmiqyaslı islahatlara ehtiyac olduğunu bildirərək, bu sahədə yeniləşmələr gerçəkləşdirməklə uğurlar qaza­nılacağına əminliyini ifadə etmiş, “Hüquq-mühafizə orqanlarında da daha genişmiqyaslı islahatların aparılması başlıca şərtdir. Burada sizin üzərinizə böyük vəzifə düşür və ümid edirəm ki, siz bu vəzifənin öhdəsindən gələcəksiniz. İlk növbədə, qanunun aliliyi tam təmin edilməlidir və ədalətli cəmiyyətin qurulması üçün qanunun aliliyi başlıca şərtdir” demişdir.

Prokurorluq orqanlarının daha səmərəli fəaliyyətinin şərtləndirilməsi üçün ölkə rəhbəri bu sistemdə kadrla­rın peşəkarlığının daim diqqət mərkəzində saxlanılmasını, onların peşəkarlığının təkmilləşdirilməsi üçün əlavə tədbirlər görülməsini, prokurorluq orqanlarına yeni qəbul olunacaq işçilərdə bu keyfiyyətin önə çəkilməsini, eyni zamanda, bu vacib amillə bərabər, dövlətçiliyə sədaqət prinsiplərinə də hər za­man önəm verilməsini vurğulayıb.

Azərbaycan Prezidenti İlham Əliyevin 16 iyun 2020-ci il tarixli sərəncamına əsasən, prokurorluq orqanlarının cəmiyyətdə forma­laşan yeni çağırışlara adekvat uyğunlaşması, fəaliyyətində şəffaflığın təmin edilməsi, işin çevikliyinin və səmərəliliyinin artı­rılması, müasir dövrün tələblərinə cavab verən peşəkar kadrların formalaşdırılması məqsədilə Baş Prokurorluğun yeni strukturu təsdiq olunub. Bu əsasda Baş Prokurorlu­ğun strukturu mahiyyətcə tamamilə yenidən qurularaq, daha çevik, mobil və dinamik idarəetməyə malik idarələr təsis edilib.

Baş prokuror Kamran Əliyev tərəfindən dövlətimizin başçısı­nın siyasi iradəsinə uyğun olaraq hazırda ölkəmizdə yeni dövrün çağırışlarından irəli gələn tam və hərtərəfli islahatlar reallaşdırılmış, dövlət idarəçiliyinin bütün sfera­larında olduğu kimi, prokurorluq orqanlarında da mütərəqqi komp­leks tədbirlər həyata keçirilmişdir. Məhkəmə-hüquq sistemində aparılan islahatlar, keyfiyyətcə yenilənmə prosesi prokurorluq orqanlarını da əhatə etmiş, onun fəaliyyəti yeni dövrün tələblərinə uyğun şəkildə təşkil edilmiş, struk­tur dəyişiklikləri və kadr islahatları həyata keçirilmişdir. Bununla da prokurorluqda geniş miqyaslı dəyişikliklər, mahiyyətcə daha di­namik, cəmiyyətə açıq, beynəlxalq standartlara cavab verəcək müasir dəyərlər istiqamətində islahatlar aparılmışdır.

Baş prokuror cənab Kamran Əliyevin zəngin yerli və beynəlxalq təcrübəsinə əsasən müəllifi olduğu prokurorluğun fəaliyyətini tənzimləyən “İşin Təşkili Qay­daları” hazırlanaraq əməkdaşlar arasında geniş formatda müzakirə olunaraq, qəbul edilmişdir. Bu sənəd Avropa Şurasının şəffaflıq və effektivlik aparıcı standartla­rına uyğun olaraq prokurorluğun fəaliyyətini tənzimləyən norma­ları uzlaşdırdı, sistemləşdirdi və onlarda olan təkrarçılıq və boş­luqları aradan qaldırmaqla proku­rorluq əməkdaşlarının hüquq və vəzifələrini aydın və dəqiq şəkildə müəyyən etdi.

Prokurorluğa normativ sahədə gətirilmiş yeniliklərlə yanaşı, institusional sahədə də köklü dəyişikliklər baş verdi, xüsusilə Baş Prokurorluqda Cinayət təqibindən kənar icraatlar idarəsi təsis olundu, respublikanın bütün rayon və şəhər prokurorluqların­da bu sahədə fəaliyyət göstərən prokuror köməkçiləri müəyyən edildi. Eyni zamanda, Hərbi Pro­kurorluqda və Naxçıvan Muxtar Respublikası Prokurorluğunda da analoji struktur bölümlər təsis olunmaqla Bakı Şəhər Prokuror­luğunda qeyd edilən səlahiyyətlər müvafiq köməkçiyə həvalə edildi. Həmin idarəyə dövlət, cəmiyyət və əhalinin həssas təbəqəsindən olan şəxslərin hüquq və qanuni ma­raqlarının qorunması, azyaşlıların hüquq və azadlıqlarının müdafiəsi, ətraf mühitin mühafizəsi, gender bərabərliyinin təminatı və digər sahələrdə qanunların icra və tətbiq olunmasına nəzarətin həyata keçirilməsi tapşırıldı.

İdarə fəaliyyət göstərdiyi qısa müddət ərzində qarşıya qoyduğu vəzifələri həyata keçirməyə çalışır. Cənab Prezidentin prokurorluğun kadr potensialının gücləndirilməsi barədə tapşırığı rəhbər tutularaq Baş prokurorun göstərişi ilə bu sahədə peşəkar hazırlıq işləri yeni müstəviyə qaldırıldı, cinayət təqibindən kənar fəaliyyətində əməkdaşların hazırlığının gücləndirilməsi yeni formatda təşkil olundu. Qısa zamanda Naxçıvan Muxtar Respublikası Prokurorluğu­nun Cinayət təqibindən kənar icra­atlar şöbəsinin əməkdaşları, daha sonra respublikanın digər rayon və şəhərlərinin prokuror köməkçiləri ilə əvvəl intensiv virtual seminar­lar keçirildi. Daha sonra əksər köməkçilər qruplar şəklində Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsinə təhkim olunaraq toplanmış müsbət təcrübəni yerində öyrəndilər.

Prokurorluğun bu sahədə fəaliyyətinin qısa müddət ərzində təşkil olunmasında elektronlaşdır­ma da mühüm rol oynayıb. Belə ki, qurum “Elektron məhkəmə” informasiya sistemi haqqında Əsasnamənin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 1 iyul 2020-ci il tarixli fərmanına uyğun olaraq “Elektron məhkəmə” informasiya sisteminə 2020-ci ilin oktyabr ayında in­teqrasiya edərək prokurorluğun bu sistemə qoşulan ilk qurumu oldu. İdarədə, həmçinin sənəd dövriyyəsi tam olaraq elektron­laşdırma üsuluna keçdi, elektron məlumat bazaları quruldu, sənəd dövriyyəsi, idarənin arxivi tam rəqəmsallaşdırıldı.

İnzibati xətalara dair icraatlar sahəsində elektron texnologiyala­rın tətbiqi hesabına irəliləyişə nail olunmuşdur. Əvvəlcə inzibati xəta haqqında protokol tərtib etmək səlahiyyətinə malik qurumlarla işgüzar əlaqələr qurulmuş, daha sonra mərkəzi icra hakimiyyəti, regional və ərazi vahidləri üzrə inzibati xətalara dair icraat haq­qında protokolları tərtib etməyə və inzibati tənbeh tədbirlərinin tətbiqi barədə qərarlar verməyə məsul qurum və şəxslər müəyyən edilmişdir.

Bundan başqa idarə Elektron hökumət informasiya sisteminə qoşulmaqla prokurorluq tərəfindən başlanan inzibati xəta haqqın­da iş üzrə icraatlarla bağlı qərar və materialların elektron qay­dada sistemə daxil edilməsi, tətbiq olunan inzibati cərimələrlə əlaqədar ödənişlərin ASANPAY vasitəsi ilə həyata keçirilməsi üçün tədbirlər görülmüşdür. Bu arada minnətdarlıqla və ruh yüksəkliyi ilə qanunvericilikdə aparılmış dəyişikliklər nəticəsində proku­rorluğun maddi-texniki təminatını yaxşılaşdırmaq məqsədilə in­zibati qaydada tətbiq olunmuş cərimələrin bir hissəsinin Prokuror­luğun büdcəsinə yönəldilməsinə görə prokurorluq işçilərinin ölkə rəhbərliyinə təşəkkürünə qoşulmaq istəyirəm.

Ölkə başçısının prokurorluq orqanları qarşısında qoyduğu tapşırıqların icrası qaydasında cinayət təqibindən kənar sahədə fəaliyyətinin genişləndirilməsi ilə bağlı Prokurorluğun iş prak­tikasında uzun illər tətbiq olun­mayan mülki mühakimə icraatı qaydasında fəaliyyətə başlanmış, azyaşlıların hüquqlarının müdafiəsi məqsədilə valideyn hüquqların­dan sui- istifadə etməklə uşaq­ların həyatına təhlükə törədən şəxslərin valideynlik hüquqlarının məhdudlaşdırılması barədə rayon və şəhər məhkəmələrində mülki iddialar qaldırılmışdır.

Azyaşlıların hüquqlarının müdafiəsinə xüsusi önəm verilməsi təsadüfi deyil. Azərbaycan Res­publikasının Birinci vitse-prezi­denti, birinci xanım Mehriban Əliyevanın “müasir dünya hərbi münaqişələr və qarşıdurmalar, qlobal iqlim dəyişiklikləri, epidemi­ya və pandemiya kimi problemlərlə üzləşib. Bu problemlər sırasında uşaqların taleyi ilə bağlı məsələlər öndə dayanmalıdır”,-sözləri də bu məsələnin prioritet istiqamətlərdən biri olduğunu göstərir.

Sosial təhlükədə olan uşaqların müdafiəsi məqsədilə Mehriban xanım Əliyevanın bu mövqeyi ilə bağlı prokurorluq orqanları tərəfindən əhəmiyyətli addımlar atılaraq məhkəmələrdə qaldırılan bu qəbildən mülki iddialar qanu­nun aliliyi və çəkişmə prinsipinin vacibliyi rəhbər tutulmaqla müdafiə olunmuş, prokurorluq tərəfindən irəli sürülmüş hüquqi və maddi dəlillər məhkəmələr tərəfindən qiymətləndirilməklə əsaslı oldu­ğu müəyyən edilmiş və mövcud sahədə artıq müsbət məhkəmə praktikası formalaşmışdır. Yeri gəlmişkən, bu sahədə formalaşmış mütərəqqi təcrübənin respublikanın digər rayon və şəhər məhkəmələri arasında yayılması və tətbiq edilməsi də məqsədəmüvafiqdir.

İdarə fəaliyyət göstərdiyi qısa müddət ərzində qanunvericili­yin normalarını rəhbər tutmaqla ümumilikdə 11 valideynin 14 uşaq üzərində valideynlik hüquqlarının məhdudlaşdırılması barədə 9 mülki iddia qaldırmışdır. Mülki iddia qal­dırılmış işlər üzrə sosial təhlükədə olan uşaqlar dərhal sığınacaqlara yerləşdirilməklə onların həyatlarına törədilən təhlükə aradan qaldırıl­mışdır.

Qeyd edilən işlər sırasında cəmiyyətdə böyük rezonans doğuran bir halı xüsusilə vurğula­maq yerinə düşərdi. Belə ki, Bakı şəhəri, Səbail rayonunda ötən ilin ortalarında atanın iki yaşlı uşa­ğının boğazını bıçaqla kəsməklə xüsusi amansızlıqla öldürməyə cəhd etməsi faktı üzrə həmin şəxs cinayət məsuliyyətinə cəlb edilmiş, eyni zamanda, Cinayət təqibindən kənar icraatlar idarəsində aparıl­mış araşdırma nəticəsində az­yaşlının həyatını təhlükəyə atan anası barəsində isə valideynlik hüququnun məhdudlaşdırılması ilə bağlı iddia ərizəsi Səbail Rayon Məhkəməsində təmin edilmiş və ananın valideynlik hüquqları məhdudlaşdırılmaqla uşaq Səbail Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komis­siyasının himayəsinə verilmişdir.

Qətnamə Bakı Apellyasi­ya Məhkəməsinin qərarı ilə də dəyişdirilmədən saxlanılmışdır. Qeyd edilən qərar “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Azərbaycan Respublikası Pre­zidentinin 3 aprel 2019-cu il tarixli fərmanı ilə vahid məhkəmə təcrübəsinin formalaşdırılması vəzifələrinin icrası istiqamətində mühüm əhəmiyyət kəsb edir.

Eyni zamanda, qeyd edilən xarakterli digər işlərdən Xəzər rayonu ərazisində azyaşlı uşağını amansızlıqla döyən və ona qarşı qəddar rəftar edən anası və onunla qeyri-rəsmi münasibətdə olan şəxs, Bərdə rayonunda oğlunu mütəmadi olaraq döyməklə, qızdırılmış qaşıqla qollarına dağ basmaqla ona işgəncə verən şəxs barəsində də cinayət işinin başlanması ilə yanaşı, yuxarıda göstərilən analoji tədbirlər görülmüş və azyaşlıların həyatına törədilən təhlükənin qarşı­sı alınmışdır.

Yeri gəlmişkən, burada bir məsələyə də münasibət bildirməyi zəruri hesab edirəm. Belə ki, idarənin əməkdaşları tərəfindən kütləvi informasiya vasitələrində hüquq pozuntuları ilə bağlı dərc edilən məlumatlar operativ şəkildə araşdırılır və obyektiv həqiqət ortaya çıxarılmaqla dərhal reak­siya verilir. Bu cür müraciətləri qəbul etmək üçün Baş prokurorun tapşırığına əsasən Prokurorluğun “Qaynar Xətt”inin xüsusi bağlantısı ayrılmışdır.

Qeyd etməliyəm ki, bir sıra hallarda heç də bütün informasi­yalar, eləcə də uşaq zorakılığı ilə bağlı məlumatlar həqiqətə uyğun gəlmir, bəzi hallarda isə valideynlik hüququnun məhdudlaşdırılmasına zərurət olmur. Ona görə də həmin problemlər digər tədbirlər vasitəsilə aradan qaldırılır. Başqa sözlə, zo­rakılığa məruz qalmasa da, sosial təhlükədə olan azyaşlılar barədə adekvat tədbirlər görülməklə onlar müxtəlif sığınacaqlara yerləşdirilir.

O da vurğulanmalıdır ki, azyaş­lılarla bağlı qanunvericilik aktları­nın layihələrinin hazırlanmasında Cinayət təqibindən kənar icraatlar idarəsi ekspert kimi öz təklifləri ilə çıxış edir. Onu da bildirim ki, dövlət baçşısı tərəfindən bu sahədə təsdiq olunmuş müvafiq dövlət proqramına əsasən hazırlanmış “Uşaq Məcəlləsi”nin layihəsinə tərəfimdən geniş həcmli rəy verilməsi də bu məsələnin prioritet­liyinin bariz ifadəsidir.

Bu sahədə faəliyyəti daha da gücləndirmək məqsədilə Azərbaycan Respublikası Baş Pro­kurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsi tərəfindən müxtəlif dövlət qurumlarının əməkdaşlarının iştirakları ilə 2 avqust 2021-ci il tarixdə “Sosial təhlükədə olan uşaqların müdafiəsi üçün təxirəsalınmaz tədbirlər” mövzusunda seminar-müşavirə keçirilmişdir. Görüşdə Ədliyyə, Əmək və Əhalinin Sosial Müdafiəsi, Səhiyyə nazirliklərinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin məsul əməkdaşları, Bakı ŞİH, Bakı və respublikanın böyük şəhərlərinin qəyyumluq və himayəçilik komissiyalarının rəhbərləri, rayon və şəhər proku­rorluqlarının əməkdaşları iştirak etmişlər.

Görüşdə azyaşlıların qar­şılaşdığı problemlərə aidiyyəti dövlət orqanları tərəfindən çe­vik reaksiya verilməsinin təmin edilməsi, valideynlərin və uşaq­ların şəxsiyyətinin və qohumluq əlaqələrinin dəqiqləşdirilməsi, sosial təhlükədə olan uşaqların mühafizə altına alınaraq aidiyyəti qurumlara yerləşdirilməsi, müvafiq hüquqi məsələlərin həlli ilə bağlı fi­kir mübadiləsi aparılmış, bu sahədə əməkdaşlığın davam etdirilməsi qərara alınmaqla yekun sənəd qəbul edilmişdir.

Vətən müharibəsi günlərində fəaliyyətimizlə əlaqədar qeyd etmək lazımdır ki, prokurorluq bu dövrdə üzərinə düşən vəzifələri yüksək səviyyədə yerinə yetirməyə çalışıb, rəhbərlik müxtəlif televiziya kanallarında Ermənistan dövlətinin işğalçı siyasətini beynəlxalq hüquq normaları, o cümlədən Cenevrə Konvensiyası aspektindən təhlil edib, habelə dağıdılan mülki obyektrlərə dəymiş zərərlə bağlı ictimaiyyəti məlumatlandırıb, aktiv döyüş əməliyyatlarının aparıldığı ərazilərə icazəsiz daxil olaraq, həmin yerlərdən sujetlər payla­şanlar, habelə erməni millətindən olan mülki şəxslərə qarşı zorakı­lığa çağıran kəskin etnik və dini ayrı-seçkiliyə əsaslanan yersiz bəyanatlara qarşı mübarizə tədbirləri gerçəkləşdirib. Bütün bunlarla bərabər, ictimaiyyəti yanlış istiqamətə yönəldən, müharibə əleyhinə dövlətimizin haqlı mübarizəsinə qarşı əsassız təbliğat aparan, savaşda ölənlər və itkin düşənlər barədə yanlış rəqəmlərə istinad etməklə çıxış edən şəxslər barəsində də tədbirlər görülüb. Nəhayət, özlərini jurnalist kimi təqdim edərək şəhid və qazi ailələrinin problemlərini televiziya kanallarında işıqlandırmaq adı ilə onların etibarından sui-istifadə edərək, pullarını ələ keçirən şəxslər hüquq pozuntusundan çəkinmək barədə xəbərdarlıq edilmiş, müvafiq hallarda isə onlar inzibati məsuliyyətə cəlb edilmiş və barələrində təqdimat verilmişdir.

Vətən müharibəsindən sonrakı dövrdə Laçın rayonunun erməni işğalçılarından təmizlənməsindən az müddət öncə qanunsuz ağac kəsilməsinə dair Cinayət təqibindən kənar icraatlar idarəsində yoxla­ma aparılıb, yoxlama nəticəsində işğaldan azad olunan Laçın rayonu ərazisində müxtəlif cinsli, çoxillik ağacların kəsilməsi nəticəsində milyonlarla manat ziyan dəydiyi müəyyənləşdirilib, toplanmış ma­terialda silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozmaqla ətraf mühitə qəsdən geniş, uzun sürən və ciddi ziyan vurma və külli miqdarda ziyan vurmaqla meşələrdə ağac­ları və digər yaşıllıqları qanunsuz kəsmə cinayətlərinin əlamətləri ol­duğundan Azərbaycan Respublika­sı Cinayət Məcəlləsinin 116.0.2 və 259.2.4-cü maddələri ilə cinayət işi başlanmış və istintaqın aparılması üçün aidiyyəti istintaq orqanına göndərilmişdir.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın “Biz ilk döyüşdə qalib gəldik, amma pandemiya ilə müharibə hələ davam edir – bizim ölkəmizdə və bütün dünyada” fikirləri pandemiya ilə mübarizənin nə qədər önəmli olduğunu göstərməklə prokurorluğun belə bir gərgin dövrdə də bu sahədə fəaliyyətinin əsasını təşkil etmiş­dir. Pandemiya ilə əlaqədar tətbiq edilən hərəkət məhdudiyyətlərini pozaraq, çox sayda müxtəlif şəxslərlə saxta əmək müqavilələri bağlamaqla onların ölkə ərazisində qanunsuz sərbəst hərəkət etmələrinə imkan verən fiziki və hü­quqi şəxslər barəsində araşdırma aparılıb və cinayət işi başlanılıb. COVİD-19 əleyhinə vaksinasiya prosesinin həyata keçirildiyi dövrdə isə şəxsləri faktiki olaraq peyvənd olunmadan peyvəndlənmiş şəxs kimi qeydiyyata alan tibb işçiləri barəsində araşdırma aparılaraq inzibati məsuliyyətə cəlb edilib, onların barəsində inzibati həbs və digər inzibati tənbeh növləri tətbiq olunub.

İdarənin fəaliyyəti yuxarıda qeyd edilənlərlə kifayətlənməyib. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan al­ternativ cəza və prosessu­al məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respub­likası Prezidentinin müvafiq sərəncamının icrası ilə əlaqədar hökm və məhkəmənin digər yekun qərarlarının icrası ilə bağlı əhəmiyyətli işlər görülmüşdür. Qeyd edilən sərəncamdan irəli gələn Cinayət Məcəlləsinə edilmiş dəyişikliklərlə bağlı 500-dən artıq məhkum barəsində məhkəmələrdə işə baxılaraq barələrində yeni cinayət qanunu tətbiq edilməklə onlar cəzadan azad olunmuş və ya cəzaları əhəmiyyətli dərəcədə azaldılmışdır.

Cinayət təqibindən kənar icraatlar idarəsi fəaliyyət göstərdiyi qısa müddət ərzində məhkəmə hökm və ya digər yekun qərarların icrası qayda­sında baxılan işlər üzrə dönüşə nail olunub. Qurumun fəaliyyəti dövründə qanun normalarının düzgün tətbiq edilməməsindən, məhkumların şərti olaraq vax­tından əvvəl azad edilməsi, cəzaçəkmə müəssisəsinin növü­nün dəyişdirilməsi barədə qərarlar qəbul edilərkən qanunsuzluğa yol verilmiş hallarla bağlı 372 apelyasiya, 84 kasasiya olmaqla, ümumilikdə 456 protest verilmişdir.

Onu da qeyd edim ki, idarə təsis olunduqdan sonra prokurorluq tərəfindən inzibati sahədə də görül­müş işlərdə canlanma nəzərə çar­pıb. Belə ki, hər bir rayon və şəhər prokurorluğunda cinayət təqibindən kənar fəaliyyət üzrə səlahiyyətlərin həvalə edildiyi prokuror köməkçiləri inzibati sahə üzrə fəaliyyət göstərir və verilmiş birbaşa göstərişləri icra edirlər.

Cinayət təqibindən kənar icraatlar idarəsinin fəaliyyətində səmərəliliyi ifadə edən bir neçə göstəricini də diqqətə çatdır­maq istərdim. Qurumun əsas istiqamətlərindən olan inzibati xəta haqqında işlər və hökm və ya məhkəmənin yekun qərarlarının icrası qaydasında məhkəmədə baxılmış işlər üzrə, ümumilikdə 150 min manatdan artıq vəsaitin dövlət büdcəsinə ödənilməsi təmin edilib. Rayon və şəhər proku­rorluqları tərəfindən başlanmış inzibati xəta haqqında icraatlar üzrə inzibati xətanı törətməkdə təqsirli bilinən şəxslər barəsində 155 min, Cinayət Təqibindən Kənar İcraatlar tərfindən başlanmış icra­atlar üzrə 225 min, cəmi 380 min manatdan artıq məbləğdə inzibati cərimə növündə inzibati tənbeh məhkəmələr tərəfindən tətbiq olunub.

Fəaliyyəti dövründə Cinayət təqibindən kənar icraatlar idarəsində 66-sı fiziki şəxs, 30-u vəzifəli şəxs olmaqla 117 şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqın­da qərar qəbul edilmiş və onlar barəsində inzibati tənbeh tətbiq edilmişdir.

Xüsusilə hüquqi şəxslər tərəfindən yol verilmiş hüquq pozuntuları idarə əməkdaşları tərəfindən tam, hərtərəfli və obyektiv şəkildə araşdırılaraq, 31 hüquqi şəxs barəsində inzibati xəta haqqında icraat başlanılıb və məsuliyyətə cəlb edilib.

Məsuliyyətə cəlb edilmiş hüquqi və vəzifəli şəxslər arasın­da qeyd edilməli hallardan biri “Renessans-S” MMC-nin direktoru olmuş, həmçinin sonradan Baş prokuror yanında Korrupsiyaya qar­şı Mübarizə Baş İdarəsi tərəfindən məsuliyyətə cəlb edilmiş FHN-in Tibb Mərkəzinin Modul Tipli Hospi­talının baş həkimi İmran Ağayevin yol verdiyi hüquq pozuntuları ilə bağlı məlumatlar Baş Prokurorlu­ğunun Cinayət Təqibindən Kənar İcraatlar İdarəsində aparılmış araşdırma olmuşdur. İmran Ağa­yevin Azərbaycan Respublikası Əmək Məcəlləsinin və Miqrasiya Məcəlləsinin tələblərini pozmaq­la əcnəbi həkimi işə cəlb etməsi müəyyən edildiyindən vəzifəli şəxs qismində özü və “Renessans-S” MMC hüquqi şəxsi barəsində inzibati xəta haqqında iş üzrə icraat başlanmış və Nərimanov rayon məhkəməsinin qərarı ilə “Renessans-S” MMC barəsində 25000 manat məbləğində, vəzifəli şəxs barəsində isə Dövlət Əmək Müfəttişliyi Xidmətinin qərarı ilə 3500 manat məbləğində, Dövlət Miqrasiya Xidmətinin qərarı ilə 4000 manat məbləğində cərimə tətbiq edilmişdir.

Fəaliyyətimizin əsas istiqəmətlərindən biri olan cinayət xarakterli məlumatlar üzrə yox­lamalarla bağlı bəzi məlumatları da qeyd etmək məqsədəmüvafiq olardı. Fəaliyyət dövründə Cinayət təqibindən kənar icraatlar idarəsində daxil olmuş məlumatlar əsasında 34 cinayət xarakterli material üzrə yoxlama aparılaraq 23 yoxlama materialı üzrə cinayət işinin başlanması haqqında qərar qəbul edilməklə istintaq aidiyyatı üzrə göndərilmiş, cinayət haqqında məlumatlar araşdırmalar zamanı öz təsdiqini tapmadıqda isə qanuna uyğun olaraq cinayət işinin başlan­masının rədd edilməsi haqqında qərarlar qəbul edilmişdir.

Ətraf mühitin keyfiyyətinin yaxşılaşdırılması, təbii ehtiyatla­rın səmərəli istifadəsi və bərpası, ətraf mühitin mühafizəsi sahəsində qanunçuluğun və hüquq qaydaları­nın möhkəmləndirilməsi məqsədilə idarə ətraf mühitin ekoloji tarazlığı­nın nizamlanması zamanı prokuror nəzarəti səlahiyyətlərindən intensiv istifadə edir və hüquq normalarının tətbiqində iştirak edir, bu sahədə tabe prokurorluqların müva­fiq əməkdaşlarının fəaliyyətinə rəhbərlik edir.

İdarə, eyni zamanda, ətraf mü­hitin mühafizəsi sahəsində dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanlarından Baş Prokurorluğa daxil olmuş ətraf mühitin mühafizəsi qaydalarının pozulmasına dair məlumatlara baxılmasını təmin edir.

Bu barədə misal olaraq göstərmək lazımdır ki, “Qızıla­ğac Milli Parkı”nın ərazisinin bir hissəsinin qanunsuz zəbt edilərək dənli bitkilər əkilməsi barədə daxil olmuş məlumat əsasında idarə tərəfindən yoxlama aparıl­mış, qoruğun min hektardan çox ərazisinin ayrı-ayrı hüquqi şəxslər tərəfindən zəbt edilməsi müəyyən edilmiş və toplanmış material­da vəzifə səhlənkarlığı, vəzifə səlahiyyətlərindən sui-istifadə və torpaq sahəsi üzərində mülkiyyət, istifadə və icarə hüququnu pozma cinayətlərinin əlamətləri olduğun­dan, cinayət işi başlanıb aidiyyəti üzrə göndərilmişdir.

İdarə tərəfindən aparılan yox­lamalar nəticəsində yalnız ağacları qanunsuz olaraq kəsən şəxslər barəsində deyil, həmçinin yaşıllıq­ların qorunması və mühafizəsini, o cümlədən uçot və monitorinqini aparan vəzifəli şəxslər barəsində də tədbirlər görür, həmin vəzifəli şəxslər konkret hallar üzrə inzi­bati məsuliyyətə cəlb edilir və ya barələrində cinayət işi başlanılır.

Son dövrlər kütləvi informa­siya vasitələrində yayılmaqla ictimaiyyətin qınağına və nara­hatlığına səbəb olan heyvan­larla rəhmsiz rəftar edilməsi ilə bağlı məlumatlar üzrə də idarə tərəfindən müvafiq tədbirlər görülür. Mətbuatdan da məlum olan Bakı şəhəri, Qaradağ rayonu ərazisində pişiklə rəhmsiz rəftar etmiş fiziki və vəzifəli şəxslər barəsində inzibati tədbirin həyata keçirilməsi bunun bariz ifadəsidir.

Bütün qeyd edilənlərə əsaslanıb əminliklə deyə bilərəm ki, Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin kollekti­vi bundan sonra da dövlətimizin başçısı cənab İlham Əliyevin müdrik və uzaqgörən siyasətini tam dəstəkləyərək, öz fəaliyyətini müstəqil dövlətçilik prinsipləri və milli maraqlar əsasında, müasir dövrün standartlarına uyğun yeni keyfiyyət səviyyəsində qurmaq istiqamətində səyini daha da artıracaq, bütün vəzifələri yüksək məsuliyyət hissi ilə dərk etməklə, onların vaxtında və keyfiyyətlə yerinə yetirilməsinə nail olaraq cinayətkarlığın bü­tün təzahürlərinə, digər qanun pozuntularına qarşı mübarizəni gücləndirəcək, respublikamızın sürətli inkişafına xidmət edəcək.

Elnur MUSAYEV,

 Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin rəisi,

 baş ədliyyə müşaviri

22 Sentyabr 2021 00:19 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə