Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

№ 268 Bakı şəhəri, 16 sentyabr 2021-ci il

 

“Ərzaqlıq buğdanın idxal qiymətinin artmasının ölkə daxilində satılan un və un məmulatlarının qiymətinə mənfi təsirlərinin azaldılması ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 16 fevral tarixli 37 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında

Dünya birjalarında buğdanın qiymətinin artmasının daxili bazarda un və un məmulatlarının qiymətlərinə təsirinin azaldılması və qiymət artı­mının qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

“Ərzaqlıq buğdanın idxal qiymətinin artmasının ölkə daxilində satılan un və un məmulatlarının qiymətinə mənfi təsirlərinin azaldılması ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respub­likası Nazirlər Kabinetinin 2021-ci il 16 fevral tarixli 37 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunve­ricilik Toplusu, 2021, № 2, maddə 202; Azərbaycan Respublikası Nazirlər Kabi­netinin 2021-ci il 10 sentyabr tarixli 258 nömrəli Qərarı) aşağıdakı dəyişikliklər edilsin:

1. 1-ci hissədə “2-ci hissəsi” sözləri “2.1-ci bəndi” sözləri ilə əvəz edilsin.

2. Aşağıdakı məzmunda 1-1-ci bənd əlavə edilsin:

“1-1. 2021-ci il sentyabrın 1-dən bu Qərarın 4-cü hissəsində nəzərdə tutulmuş dayanıqlı mexanizm formalaşdırılanadək un istehsalçılarına satılan unun hər tonuna görə ödənilməli subsidiyanın məbləği aşağıdakı qay­dada hesablansın, bu Qərara və bu Qərarın 2.1-ci bəndi ilə müəyyən edil­miş Qaydaya uyğun subsidiya verilsin:

1-1.1. un istehsalçıları tərəfindən satılan unun hər tonuna görə un isteh­salçılarına verilən subsidiyanın hesab­lanması üçün bir ton unun topdansatış qiymətinin yuxarı həddi 520 (beş yüz iyirmi) manat, un istehsalçısının ölkədaxili xərclər daxil olmaqla marjası bir ton unun topdansatış qiymətinin yuxarı həddinin 25 faizi həcmində müəyyən edilsin;

1-1.2. un istehsalçıları tərəfindən satılan unun hər tonuna görə un is­tehsalçılarına ödənilməli subsidiyanın məbləği bu Qərarın 2.1-1-ci bəndinə əsasən müəyyən olunan orta aylıq idxal dəyərinə bu Qərarın 1-1.1-ci bəndi ilə müəyyən edilən həcmdə un istehsalçı­sının marjası əlavə edilməklə hesablan­mış məbləğlə bu Qərarın 1-1.1-ci bəndi ilə müəyyən edilən bir ton unun topdan­satış qiymətinin yuxarı həddi arasındakı fərq məbləğində müəyyən edilsin;

1-1.3. un istehsalı ilə məşğul olan şəxslər tərəfindən un bu Qərarın 1-1.1-ci bəndi ilə müəyyən edilən top­dansatış qiymətinin yuxarı həddindən artıq qiymətə satıldıqda, subsidiyanın məbləği həmin fərq qədər azaldılır.”.

3. Aşağıdakı məzmunda 2.1-1-ci və 2.1-2-ci bəndlər əlavə edilsin:

“2.1-1. idxal olunan ərzaqlıq buğ­danın həcmində ən yüksək paya malik olan ölkə üzrə məlumatlar əsasında 3-cü sinif ərzaqlıq buğdanın orta aylıq qiymətinin üzərinə həmin ölkənin tətbiq etdiyi ixrac rüsumunun orta aylıq məbləğini əlavə edərək, Azərbaycan Respublikası Mərkəzi Bankının həmin dövrün sonuna müəyyən etdiyi rəsmi məzənnə əsasında ərzaqlıq buğdanın orta aylıq idxal dəyərini hesablasın;

2.1-2. subsidiya verildiyi müddətdə dünya birjalarında ərzaqlıq buğdanın qiymətlərinin monitorinqini aparsın və əldə edilmiş məlumatların ayda bir dəfə taxıl idxalçılarına çatdırılmasını təmin etsin;”.

4. 2.3-cü bənddə “2021-ci il 1 iyun tarixinədək” sözləri “3 (üç) ayda bir dəfə” sözləri ilə əvəz edilsin.

5. 3-cü hissə aşağıdakı redaksiyada verilsin:

“3. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Qərarın 1-ci və 2-ci hissələrinə uyğun olaraq tələb olunan subsidiya məbləğinə dair Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin məlumatları əsasında subsidiyanın ödənilməsi məqsədilə maliyyələşmə mənbələri barədə təkliflərini Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin.”.

6. 4-cü hissədə “2 ay müddətində” sözləri “2021-ci il dekabrın 31-dək” sözləri ilə əvəz edilsin.

Əli ƏSƏDOV

Azərbaycan Respublikasının Baş naziri

21 Sentyabr 2021 23:19 - NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
NAZİRLƏR KABİNETİNİN QƏRARLARI

Köhnə versiyamızdan xəbərləri izlə