Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Qarabağ bu gün dünyada quruculuq mərkəzi kimi tanınır

Erməni vəhşiliyinin canlı şahidləridir, bax, bu dağılmış evlər. Bu evlərdə Azərbaycan vətəndaşları yaşayıb, mülki vətəndaşlar yaşayıb. Mənfur düşmən gəlib onları öz torpaqlarından didərgin salıb, onların binalarını dağıdıb, onların əmlakını mənimsəyib, talayıb. Düşmən oğru, əxlaqsız, vicdansız bir düşməndir. Mən bir daha demək istəyirəm ki, bizim parlaq Qələbəmiz təkcə ölkəmizin ərazi bütövlüyünün bərpası deyil. Bu, şərlə xeyir qüvvələrinin mübarizəsidir. Şər qüvvələri məğlub olub, amma biz qalib gəlmişik. Çünki biz qurub yaradanıq. Ermənilər isə bax, bunları ediblər, dağıdıblar.

İlham ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

 

Ötən il sentyabrın 27-də başlanan və 44 gün da­vam edən Vətən müharibəsində Azərbaycanın əldə etdiyi tarixi qələbə Prezident, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı İlham Əliyevin qətiyyətli sərkərdə fəaliyyətinin, müdrik siyasətinin və Azərbaycan Ordu­sunun güc-qüdrətinin, döyüş ruhunun, həm də xalqı­mızın birliyinin, torpaq-yurd sevgisinin, haqq-ədalət uğrunda mübarizə əzminin məntiqi nəticəsi idi.

Azərbaycan dövləti hazırda düşməndən təmizlənən ərazilərin bərpası və yenidən qurulması ilə bağlı layihələrin reallaşdırılma­sını diqqət mərkəzində saxlayır. Dövlətimizin başçısı tərəfindən erməni barbarlığının qurbanı olan yaşayış sahələrində mühüm strateji obyektlərin, müəssisələrin təməli qoyulur, tikinti işləri getdikcə geniş vüsət alır, yüksək texnologiyaların tətbiqinə start verilir.

Füzuli Beynəlxalq Hava Lima­nının 2021-ci il sentyabr ayının sonunadək istifadəyə verilməsi planlaşdırılır. Bu hava limanının ümumi uzunluğu 4,8 kilometr təşkil edəcək, bunlardan üç kilometri uçuş-enmə zolağı, hər biri 900 metr olan işıqlandırma zonalarıdır. Bu gün hava limanının tikintisi ilə yanaşı, naviqasiya və digər avadanlıqların quraşdırılması işləri aparılır.

Tezliklə başa çatdırılacaq “Zəfər yolu”nun bu hava limanına çıxışı olacaq. Bununla yanaşı, Zəngilanda da hava limanının tikintisinə başlanılıb. Laçında isə bu istiqamətdə layihənin reallaş­dırılmasına başlanılması planlaş­dırılır.

İşğaldan azad edilmiş ərazilərdə avtomobil yollarının inşası ilə bağlı həyata keçirilən layihələr də diqqət çəkir. Bu istiqamətdə işlər intensiv şəkildə davam etdirilir. Hazırda 2,4 və 6 hərəkət zolağından ibarət Əhmədbəyli–Füzuli–Şuşa “Zəfər” yolunun, Şükürbəyli–Cəbrayıl–Hadrut, Xudafərin–Qubadlı–La­çın–Xanlıq–Qubadlı, Horadiz–Cəbrayıl–Zəngilan–Ağbənd, Bərdə–Ağdam,Toqanalı–Kəlbəcər–İstisu kimi yolların çəkilişi sürətlə aparılır. Çətin relyef nəzərə alına­raq həmin yolların üzərində körpü və tunellərin də inşası reallaşdırılır.

Üçtərəfli bəyanatda nəzərdə tutulduğu kimi, bölgənin iqtisadi cəhətdən inteqrasiyası üçün komp­leks dəmir yolu şəbəkəsinin qu­rulması istiqamətində də tədbirlər həyata keçirilir.

Görülən işlər arasında yerlə-yeksan edilən, “ruhlar şəhəri” və ya “Qafqazın Xirosiması” kimi tanınan Ağdamın baş planı artıq təsdiq edilib. Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində bir çox tarixi binaların və abidələrin, habelə “Xarıbülbül” və “Qarabağ” mehmanxanaları bərpa edilərək istifadəyə verilib. Şəhərdə yeni ya­şayış kompleksinin, çoxsaylı bərpa və tikinti layihələrinin icrasına başlanılıb.

Zəngilanda həyata keçirilən “Ağıllı kənd” layihəsinin 2022-ci ilin əvvəllərinə qədər yekunla­şacağı gözlənilir. Azad olunmuş ərazilərdə kənd təsərrüfatının inkişafı istiqamətində tədbirlərə başlanılıb, Ağalıda “Ağıllı kənd” layihəsi çərçivəsində İsrail və İta­liya şirkətlərinin birgə əməkdaşlığı ilə heyvandarlıq və südçülük müəssisələrinin qurulması istiqamətində iş aparılır.

İşğaldan azad edil­miş ərazilərdə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 1376 tarixi abidə və arxeoloji əhəmiyyət daşıyan yerlər müəyyən edilərək, onların bərpası istiqamətində mühüm addım­lar atılır. Ərazilərin vaxtilə işğalı səbəbindən keçirilməsi dayandırıl­mış bəzi ənənəvi mədəni tədbirlər də yenidən bərpa edilib. Şuşada “Xarıbülbül” Musiqi Festivalı və Vaqif Poeziya Günlərinin təntənəli şəkildə keçiriməsi bunun bariz ifadəsidir.

Azərbaycan hökuməti azad edilmiş əraziləri “yaşıl enerji” zonası elan edib. Bununla bağlı İtaliyanın “Ansaldo” və Böyük Britaniyanın “bP” şirkətləri ilə bağlanılan müqavilələr bölgədə alternativ enerji mənbələri üçün əsas yaradıb.

Beləliklə, Ermənistanın işğalı ilə 30 il ərzində viran olunan və məhv edilən torpaqlarda qısa müddət ərzində həyatın bərpası ilə bağlı Azərbaycanın əldə etdiyi mü­hüm nəticələr bu ərazilərin məhz ölkəmizə məxsusluğunun bariz nümunəsidir.

Onu da qeyd edək ki, düşməndən təmizlənən ərazilərdə infrastrukturun yenidən qurulması və əhalinin işlə təmin olunmasına dövlət investisiyası ilə yanaşı, yerli və xarici investisiya da cəlb edilir. Böyük quruculuq layihələrinə dost ölkələrin qoşulması siyasəti isə Azərbaycanın beynəlxalq aləmdə mövqeyini daha da möhkəmləndirir.

Dövlətimizin başçısı çıxışların­da dəfələrlə Qarabağın bərpası məsələsinə toxunarkən, bu işə müharibə dövründə, habelə savaşdan sonrakı mərhələdə Azərbaycanı fəal dəstəkləyən qardaş və dost ölkələrin cəlb edilməsinin diqqətdə saxlanılacağı­nı bildirib.

Prezident İlham Əliyev çıxışları­nın birində bu barədə deyib: “Azad edilmiş ərazilərin qardaş ölkələrlə birlikdə bərpa olunması dövründə fəal qarşılıqlı əlaqələrimizə ümid edirəm. Mən artıq demişəm ki, ilk növbədə və təkcə ilk növbədə deyil, ümumiyyətlə, yalnız dost ölkələrdən olan şirkətləri cəlb edəcəyik. Dünyada belə ölkələr çoxdur, lakin onların arasında elə ölkələr var ki, müharibə dövründə və müharibədən sonrakı dövrdə Azərbaycanı fəal dəstəkləyiblər. Buna görə də fikrimcə, əlbəttə, bu mövzu Türk Şurası çərçivəsində müzakirə ediləcək. Biz baş verənləri təhlil edəcəyik və gələcək üçün planlar quracağıq. Lakin artıq əminliklə deyə bilərəm ki, ərazilərin bərpası prosesi də bizə qardaş olan ölkələr tərəfindən dəstəklənəcək”.

Hazırda bərpa prosesində Türkiyə şirkətlərinin fəaliyyəti daha çox diqqət çəkir. Qardaş ölkənin “Kolin İnşaat” özəl qurumu Füzu­li-Şuşa magistral avtomobil yolu layihəsində iştirak edir.

“Kolin İnşaat”ın Azərbaycandakı layihə rəhbəri Nihat Yıldırım deyib ki, Azərbaycanın erməni işğalından azad edilən bölgələrində mühüm layihələrin həyata keçirilməsi “Kolin İnşaat” həvalə edilib. Bu layihələrdən biri də Əhmədbəyli- Horadiz-Mincivan-Ağbənd av­tomobil yolu, digəri isə Horadiz-Mincivan- Ağbənd dəmir yoludur. Avtomobil yolu 124 kilometr, dəmir yolu 114 kilometrdir. Hər iki yol Araz çayı boyunca Ermənistan sərhədinə qədər uzanacaq. Bu yol Ermənistan tərəfindən inşa olu­nacaq əlavə yolla və Naxçıvanın içərisindən keçən 170 kilometrlik yollarla İğdırdan Bakıya birbaşa ən əhəmiyyətli ticarət və turizm yolu olacaq.

“Qarşımıza çıxa biləcək ən əsas problem ərazidəki minaların təmizlənməsidir. Buna görə də ərazinin minalardan təmizlənməsi bizim üçün çox vacibdir. Bu yolun inşası zamanı heç bir işçimizin zərər görməsini istəmirik. Mina təmizlənməsi bitdikdən sonra bütün əməkdaşlarımızla yolun ən tez za­manda bitməsi üçün çalışacağıq”, - N.Yıldırım vurğulayıb.

Bu gün bölgənin energetika sisteminin yenidən qurulması sahəsində əməkdaşlıq etmək üçün İtaliya və İran şirkətləri ilə səmərəli danışıqlar aparılır.

Qarabağın bərpasında xüsu­si yer alan Macarıstan şirkətləri də kənd təsərrüfatı və texnolo­giya sahələrində böyük poten­sialın olduğunu nəzərə alaraq, azad olunmuş ərazilərdə aqrar sektorun inkişafında və “ağıllı” kənd və şəhərlərin salınmasın­da bu dövlətin imkanlarından bəhrələnməyi nəzərdə tutur.

Yeri gəlmişkən, Macarısta­nın xarici işlər və ticarət naziri Peter Siyarto Bakıda keçirilən Azərbaycan–Macarıstan işgüzar görüşündə çıxış edərkən bildirib ki, “Eximbank” tərəfindən bu ölkənin 7 şirkətinə Qarabağda quruculuq işlərinin aparılmasına 100 milyon ABŞ dolları məbləğində kredit xətti açılıb.

Dost ölkə olan Macarıstanla Azərbaycan arasında iqtisadi əməkdaşlıq son illərdə daha da güclənib. Təkcə 2020-ci ildə iki ölkə arasında ticarət dövriyyəsinin həcmində 9 faiz, o cümlədən idxal­da 8 faiz, ixracda isə 60 faiz artım qeydə alınıb. Qarşılıqlı maraq və səylər nəticəsində, həmçinin möv­cud olan potensiala uyğun şəkildə əlaqələrin qarşıdakı dövrdə daha geniş miqyas alacağı proqnozlaş­dırılır. Xidmət, nəqliyyat, ticarət, kənd təsərrüfatı, təmir-tikinti və s. sahələr üzrə Azərbaycanda hazır­da 19 macar şirkəti uğurla fəaliyyət göstərir.

İtaliyanın “Maire Tecnimont Group” şirkəti ilə bərabər, digər özəl qurumları da Qarabağda apa­rılacaq bərpa proseslərində iştirak edəcəklər. Bir müddət bundan əvvəl dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun işgaldan azad etdiyi ərazilərdə elektroenergetika infrast­rukturunun yaradılması məqsədilə “Azərenerji” ASC-nin rəhbəri Baba Rzayevlə İtaliyanın “Ansaldo Energia” şirkətinin rəhbəri Marino Guiseppenin, həmçinin İtaliyanın ölkəmizdəki səfiri Augusto Mas­sarinin iştirakı ilə video-konfrans formatında qarşılıqlı əməkdaşlıq sahəsində təchizat müqaviləsinin imzalanması da bunun bariz ifadəsidir. Bununla da Qarabağ­da həyata keçiriləcək layihələrə nüfuzlu bir dövlət – İtaliya şirkətləri də qoşulacaq.

“Azərenerji” ilə “Ansaldo Energia” rəhbərlərinin İtaliyanın Azərbaycandakı səfirinin iştirakı ilə imzalanan müqaviləyə görə, Agdam, Füzuli, Kəlbəcər və Qu­badlı rayonlarında inşa olunacaq dörd 110 kV-luq yarımstansiyanın avadanlıqlarla təchizatını məhz “Ansaldo Energia” şirkəti həyata keçirəcək.

Ermənistanın 30 il ərzində işgal altında saxladığı Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan rayonlarında butun infrastruktur, o cümlədən elektrik stansiyaları, yarımstansiyaları, ötürücü xətləri dagıdılaraq yerlə yeksan edilib. Bu ərazilərdə enerji sistemindən əsər-əlamət belə qalmayıb. Laçın, Kəlbəcər, Şuşa və digər işğaldan azad edilmiş ərazilərdə isə erməni qəsbkarları bütün enerji infrastruk­turunu sıradan çıxarıblar, apara bildikləri avadanlıqları daşıyıblar, apara bilmədiklərini isə ya partla­dıb, ya da yandırıblar.

Sadalananlar isə Azərbaycanın dünya miqyasında nüfuzunu artır­maqla yanaşı, həm də ölkəmizin Cənubi Qafqaz regionunda lider dövlətə çevrilməsini şərtləndirib.

Bu gün Cənubi Qafqaz regi­onunun iqtisadi potensialının 70 faizi məhz Azərbaycanda formala­şıb. Respublikamız iqtisadiyyatın rəqabətqabiliyyətliliyinə görə, dünya ölkələri arasında öncül yerlərdən birini tutub. Beynəlxalq reytinq agentlikləri tərəfindən Azərbaycanın potensial maliyyə və iqtisadi imkanları yüksək qiymətləndirilib.

Bütün bu uğurlar Prezident İlham Əliyevin həyata keçirdiyi sosial-iqtisadi siyasətin alterna­tivsizliyini və aparılan islahatların cəmiyyətin bütün təbəqələrinin mənafelərini əks etdirdiyini bir daha göstərir.

V.BAYRAMOV,

“Xalq qəzeti”

22 Sentyabr 2021 00:53 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə