Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Milli Məclisdə postmüharibə dövründə icra və qanunvericilik hakimiyyətləri arasında əməkdaşlığın prioritetləri müzakirə olunub

Milli Məclisdə “Vətən müharibəsinin birinci ildönümü: postmüharibə dövründə icra və qanunvericilik hakimiyyətləri arasında əməkdaşlığın prioritetləri” mövzusunda videokonfrans keçirilib. Konfransda Milli Məclisin sədri Sahibə Qafarova, Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev, parlamentin rəhbərliyi, komitə və komissiya sədrləri və müavinləri, həmçinin Prezident Administrasiyasının və Milli Məclis Aparatının əməkdaşları iştirak ediblər.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən "Xaq qəzeti"nə bildiriblər ki, tədbiri giriş sözü ilə açan Milli Məclisin sədri Sahibə Qafarova VI çağırış Milli Məclisin fəaliyyətində bu cür konf­ransların keçirilməsinin yaxşı bir ənənəyə çevrildiyini bildirərək, bugünkü tədbirdə müzakirə edilən mövzunun da kifayət qədər aktual olduğunu deyib. Sahibə Qafarova bu günlərdə Azərbaycanın çoxəsrlik dövlətçilik tarixinin ən şanlı səhifəsini təşkil edən Vətən müharibəsinin birinci ildö­nümünün tamam olduğunu xatırladaraq, illər keçsə də, Azərbaycan xalqının həmin tarixi günləri heç vaxt unutmayacağını, hər za­man böyük fəxarət hissi ilə xatırlayacağını söyləyib. O, ötən il sentyabrın 27-də baş­layan Vətən müharibəsinin Azərbaycanın tarixi Qələbəsi ilə başa çatdığını, noyab­rın 10-da Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistan baş naziri­nin imzaladıqları üçtərəfli Bəyanatla münaqişəyə son qoyulduğunu, bu sənədin, həmçinin Ermənistanın kapitulyasiya aktı olduğunu, Azərbaycanın öz torpaqlarını işğaldan azad edərək, həm tarixi ədaləti, həm də ərazi bütövlüyünü bərpa etdiyini diqqətə çatdırıb.

Bu şanlı qələbənin Azərbaycanın dövlətçilik tarixində yeni mərhələnin, yeni dövrün başlanğıcı olduğunu bildirən parla­mentin sədri vurğulayıb ki, Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu dövr inkişaf, təhlükəsizlik, tərəqqi dövrüdür. Bu mərhələdə Azərbaycan dövlətinin qarşısında duran vəzifələr, hədəflər cari il yanvarın 6-da Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən 2020-ci ilin yekunlarına həsr olun­muş müşavirədə çox aydın şəkildə ifadə edilib.

Sahibə Qafarova bildirib ki, bu strateji hədəflər, ilk növbədə, regionda davam­lı sülh və təhlükəsizliyin təmin olunması, işğaldan azad edilən tarixi torpaq­larımızda genişmiqyaslı bərpa və quruculuq işlərinin aparılması, həmin ərazilərin yenidən dirçəldilməsi, qaçqın və məcburi köçkünlərin öz yurdlarına qayıtmasının təmin edilməsi ilə bağlıdır. Prezident İlham Əliyevin Şuşa şəhərinə, işğaldan azad olunmuş digər şəhər və rayonlarımıza səfərləri, həmin səfərlər çərçivəsində çox mühüm tədbirlərdə işti­rakı, açılış və təməlqoyma mərasimlərinin keçirilməsi bir daha Azərbaycan dövlətinin gücünü və qüdrətini hər kəsə nümayiş etdirir. Bu tədbirlər həm böyük rəmzi məna daşı­yır, həm də həyata keçirilən layihələr milli iqtisadiyyatımı­zın inkişafına təkan verir.

Ermənistanın 30 il ərzində işğal altında saxladığı şəhər və rayonlarımızı, binaları, tarixi abidələri, məscidləri dağıtdığını, talan etdiyini xatırladan Sahibə Qafarova deyib ki, hazırda qarşımızda duran mühüm prioritetlərdən biri Ermənistanın törətdiyi bu vəhşilikləri və digər təxribatları beynəlxalq ictimaiyyətə dolğun çatdır­maqdır.

Videokonfransda müzakirə olunan mövzunun aktuallığına toxunan parla­mentin sədri xatırladıb ki, VI çağırış Milli Məclis fəaliyyətə başlayandan sonra bu sahədə bir sıra mühüm ad­dımlar atılıb. Postmüharibə dövründə də bu istiqamətdə uğurlu əməkdaşlıq davam etdirilir. Milli Məclis sədrinin sözlərinə görə, hakimiyyətin müxtəlif qolları arasın­da səmərəli əməkdaşlıq ölkəmizin strateji inkişaf xəttinin uğurla həyata keçməsini təmin edir. S.Qafarova Milli Məclisin deputatlarının seçicilərlə işinin düzgün əsasda qurul­ması, seçici müraciətlərinin dövlət qurumları tərəfindən cavablandırılması, onların qaldırdıqları məsələlərin həlli ilə bağlı müvafiq tədbirlərin görülməsi, şəhid ailələri, müharibə vete­ranları, döyüşlərdə sağ­lamlığını itirmiş qəhrəman övladlarımıza diqqət və qayğıya əsaslanan dövlət siyasətinin dəstəklənməsi, Milli Məclisin təşəbbüsü, müvafiq nazirliklərin və dövlət komitəsinin rəhbər heyətinin və əməkdaşlarının iştirakı ilə parlamentdə cəmiyyəti narahat edən bir sıra məsələlərin ictimai müzakirələrinin keçirilməsi, ölkəmizdə yeni siyasi kon­fiqurasiyada dialoq mühi­tinin möhkəmlənməsinə, siyasi sistemin subyektləri arasında əməkdaşlığın gücləndirilməsinə töhfə verilməsi, parlamentin beynəlxalq fəaliyyətinin daha səmərəli həyata keçirilməsi, eyni zamanda, Azərbaycanın milli maraq və mənafelərinin daha yaxşı qorunması kimi prioritet məsələlər haqqında fikirlərini ifadə edib.

Sonra çıxış edən Pre­zident Administrasiyasının şöbə müdiri Ədalət Vəliyev Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qalib dövlət və xalq olmağımızla Azərbaycan dövlətçiliyi tarixində mahiyyət etibarilə tamamilə yeni inkişaf mərhələsinin baş­landığını, işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzurda bu gün həyata keçirilən quruculuq işlərinin – vandallar tərəfindən yerlə-yeksan edilmiş şəhər və kəndlərimizin sürətlə bərpasının əzəli torpaqları­mıza qayıdışımızı günbəgün yaxınlaşdırmaqla yanaşı, bütün dünyaya ölkəmizin qüdrətini, dövlətimizin baş­çısının möhkəm iradəsini, yüksək idarəçilik məharətini və qurub-yaratmaq əzmini nümayiş etdirdiyini diqqətə çatdırıb. O, müxtəlif dövlət orqanları və qurumları ilə yanaşı, Mehriban xa­nım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən genişmiqyaslı layihələrin də göstərilən fəaliyyətə əsaslı təkan verdiyini vurğulayıb.

Şöbə müdiri bildirib ki, indi tarixi Qələbəmizin möhkəmləndirilməsi, şəhid ailələri və müharibə iştirak­çılarına qayğının davam etdirilməsi, düşmən tap­dağından azad olunmuş ərazilərimizin dirçəldilməsi, erməni təcavüzkarlığının yenidən baş qaldırmaması və təqsirkarların məsuliyyətə cəlb edilməsi üçün haqq işimizlə bağlı beynəlxalq müstəvidə məqsədyönlü fəaliyyət göstərilməsi bütünlükdə Azərbaycan cəmiyyətinin qarşısında du­ran ən əsas vəzifələrdəndir.

Ədalət Vəliyev Prezi­dent İlham Əliyevin apar­dığı sistemli və çoxşaxəli inzibati-siyasi islahatların nəticələrindən danışaraq ölkədə iqtidar-müxalifət dia­loqunun, yeni siyasi konfiqu­rasiyanın qurulduğunu, siyasi partiyalarla işin yenidən təşkil edildiyini deyib. Bildirilib ki, dövlətimizin başçısının tapşırığı əsasında üzvlərinin sayına, yaxud ölkə ərazisini əhatə vəziyyətinə görə böyük-kiçikliyindən, siyasi çəkisindən və ya hər hansı digər amildən asılı olmaya­raq, ölkədəki bütün siyasi partiya rəhbərləri ilə çoxsaylı görüşlər keçirilib və hər bir görüşün nəticələri müfəssəl təhlil olunaraq verilmiş təkliflər üzrə müvafiq addım­lar atılır.

Fərdi görüşlərlə yanaşı, siyasi partiyaların mütləq əksəriyyətinin iştirakı ilə müxtəlif mövzularda çoxtərəfli görüşlər də təşkil edildiyini vurğulayan şöbə müdiri bu qəbildən olan sonuncu – 45 siyasi parti­yanın iştirakı ilə keçirilmiş 9 sentyabr tarixli görüşdə aparılan müzakirələrdə çıxış edənlərin dövlətimizin başçı­sının ölkədə formalaşdırdığı yeni siyasi konfiqurasiyanın davamlı sabitliyin qorunması və dövlətin inkişafı naminə bütün imkanların səfərbər olunmasında əhəmiyyətini, Müzəffər Ali Baş Komanda­nımızın rəhbərliyi ilə qaza­nılmış Zəfərin Azərbaycan tarixində ən əlamətdar hadisə kimi yerini xüsusi qeyd etdiklərini, dövlətimizin başçı­sının işğaldan azad olunmuş ərazilərə səfərləri, bu şəhər və kəndlərdə yüksək sürətlə həyata keçirilən bərpa-quruculuq işləri, yolların salınması, elektrik stansiyala­rının, aeroportların tikilməsi, “Xarıbülbül” festivalı, Vaqif Poeziya Günləri kimi mədəni tədbirlərin təşkil olunmasını yüksək qiymətləndirdiklərini tədbir iştirakçılarının diqqətinə çatdırıb. Həmçinin bildirilib ki, siyasi partiyalar xarici siyasət sahəsində atılmış addımları, Şuşa Bəyannaməsinin imzalanma­sını, eləcə də Azərbaycan Respublikası Prezidentinin Qərbi Zəngəzurla bağlı mövqeyini təqdir edir və dəstəkləyir.

Dövlətimizin başçısının zamanın tələbləri ilə uzlaşan islahat və inkişaf konsepsi­yasının növbəti mərhələsinin səciyyəvi cəhətlərinə toxu­nan Ədalət Vəliyev müxtəlif siyasi qüvvələrin adekvat təmsil olunduğu VI çağırış Milli Məclisdə yeni demok­ratik mühit formalaşdığını, müxalifət nümayəndələrinin parlamentdə rəhbər vəzifələr tutduğunu deyib. Qeyd edilib ki, Milli Məclisin fəaliyyətinin dövlətimizin başçısının daxili və xarici siyasətinə, eləcə də tövsiyələrinə uyğun olaraq yüksək səviyyədə qurulma­sı üçün zəruri addımların atılması, o cümlədən de­putat fəallığının artırılması ilə vətəndaş məmnunluğu yüksəldilib.

Ədalət Vəliyev çıxışında, həmçinin icra hakimiyyəti ilə qanunvericilik hakimiyyəti arasında əməkdaşlığın daha da təkmilləşdirilməsi perspektivlərinə toxunaraq konkret istiqamətlər üzrə xü­susi diqqət yetirilməsi zəruri olan məsələləri tədbir iştirak­çılarının diqqətinə çatdırıb, işin daha yüksək səviyyədə qurulmasına xidmət edən müvafiq təkliflər səsləndirib.

Sonra müzakirələrə baş­lanılıb.

Müzakirələrdə Mil­li Məclisin Mədəniyyət komitəsinin sədr müavini, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa, Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədr müavini, Azərbaycan Demok­ratik İslahatlar Partiyasının sədri Asim Mollazadə, Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov, İntizam komissiyasının sədr müavi­ni, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı, İctimai birliklər və dini qurumlar komitəsinin sədr müavini Sahib Alıyev, İnsan hüquqları komitəsinin sədr müavini, Vəhdət Partiyasının sədri Tahir Kərimli, Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini Jalə Əliyeva, Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov, Elm və təhsil komitəsinin sədr müavini Musa Qasım­lı, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Hikmət Məmmədov, Əmək və sosial siyasət komitəsinin sədr müavini Məlahət İbra­himqızı, Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova, Gənclər və idman komitəsinin sədr müavini Şahin İsmayılov, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hü­seynli çıxış edərək, müzakirə olunan mövzu barədə fikir və təkliflərini səsləndiriblər.

Çıxışlarda Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əldə olunmuş Zəfərin, habelə son illər aparılmış siyasi-hü­quqi-institusional islahatların dövlətçiliyimizin inkişafın­da açdığı yeni mərhələnin səciyyəvi cəhətləri təhlil edilib, ölkənin yeni siyasi konfiqurasiyasının davamlı sabitliyin təmini və dayanıq­lı inkişaf üçün əhəmiyyəti vurğulanıb, həmçinin Milli Məclisin müvafiq proseslərdə iştirakı, verə biləcəyi töhfələr, eləcə də parlamentin icra hakimiyyəti orqanları ilə daha sıx əməkdaşlıq qurma­sı perspektivləri nəzərdən keçirilib.

21 Sentyabr 2021 21:49 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə