Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

DSX-nin hərbi qulluqçusu şəhid Məhəmmədəli Ələkbərovun xatirəsi anılıb

Azərbaycanın ərazi bütövlüyünün təmin olunması, müqəddəs torpaqlarımızın düşmən işğalından azad edilməsi uğrunda Vətən müharibəsində həlak olmuş şəhid-sərhədçi gizir Məhəmmədəli Ələkbərovun doğum günündə anım tədbiri keçirilib.

Dövlət Sərhəd Xidmətinin (DSX) mətbuat mərkəzindən "Xalq qəzeti"nə bildiriblər ki, sentyabrın 20-də DSX-nin bir qrup hərbi qulluqçusu, ailə üzvləri, M.Ələkbərovun xidmət etdiyi hərbi hissənin və ictimaiyyətin nümayəndələri şəhidin boya-başa çatdığı Ağstafa rayonunun Poylu kəndində məzarını ziyarət edib, önünə əklil qoyublar.

Şəhidin xatirəsinə yaradılmış abidə-bulaq kompleksində davam edən anım mərasiminə qatılanlar 2014-cü ildə Dövlət Sərhəd Xidmətində hərbi xidmətə qəbul olunan Məhəmmədəlinin xidməti fəaliyyəti müddətində çalışqanlığı, intizamı ilə seçildiyini, qazandığı bilik və bacarıqlarını Vətən müharibəsinin ilk günündən döyüş meydanında məharətlə nümayiş etdirdiyini bildiriblər. Zəngilan şəhərinin azad olunması uğrunda əməliyyatlarda düşmən postlarının ələ keçirilməsində Məhəmmədəlinin xüsusilə fərqləndiyi, düşmənin əks-hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid olduğu qeyd edilib.

Sərhədçi şəhid Məhəmmədəli Ələkbərovun döyüş şücaətinin dövlətimiz tərəfindən yüksək qiymətləndirildiyi, Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin sərəncamları ilə onun 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda” və “Zəngilanın azad olunmasına görə” medalları ilə təltif olunduğu vurğulanıb.

Gizir Məhəmmədəli Ələkbərovun ailə üzvləri göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə edib, şəhidlərimizin xatirələrinin əbədiləşdirilməsi, ailələrinin ziyarət edilməsinin dövlətimizin Vətən müharibəsinin iştirakçılarına göstərdiyi diqqətin, şəhidlərə ifadə olunan ehtiramının bariz nümunəsi olduğunu bildiriblər.

21 Sentyabr 2021 17:08 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə