Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Fransa Aukus qalmaqalı fonunda İngiltərənin müdafiəsi ilə bağlı danışıqlardan imtina edir

 

 

Fransa müdafiə naziri İngiltərə, ABŞ və Avstraliya arasında yeni təhlükəsizlik paktı ilə əlaqədar yaranan qalmaqala görə ingilis həmkarı ilə danışıqlardan imtina edib.

Avstraliya Fransa ilə böyük bir müqaviləyə xitam verərək Aukus paktını imzaladıqdan sonra Fran­sa hökuməti qəzəblənib. İngiltərənin Baş naziri Boris Conson Fransanın anlaşma ilə əlaqədar narahatlığına səbəb olacaq bir hadisə baş vermədiyini bildirib.

Baş nazirin açıqla­ması iki ölkə arasında əvvəlki münasibətləri sabitləşdirməyib. Fran­sanın müdafiə naziri Flo­rans Parli bu həftə ingilis həmkarı Ben Vallac ilə Londonda keçirilməli olan görüşdən imtina edib. İki gün davam edəcək danı­şıqlara həmsədrlik edəcək İngiltərənin Fransadakı keçmiş səfiri Lord Riketts görüşün təxirə salındığını təsdiqləyib.

İngiltərənin Xarici İşlər Naziri Ceyms Kleverli BBC-yə açıqlamasında bildirib ki, Fransa ilə əlaqələrin son nəticədə davam edəcəyi şübhəsizdir. O, Avstraliya və ABŞ arasın­da bağlanmış müqavilənin müdafiə tərəfdaşları ilə əlaqələri gücləndirmək və dərinləşdirmək, İngiltərədəki yüksək texnologiya istehsalını və şirkətlərini dəstəkləmək məqsədi daşıdığını qeyd edib.

Bir çoxlarının mübahisəli Cənubi Çin dənizində Çinin təsirinə qarşı çıxmaq cəhdi olaraq gördükləri Aukus paktı ilə 2016-cı ildə Fransa və Avstraliya arasında imza­lanan 37 milyard dollarlıq müqavilə dayandırılıb.

Aukus paktı Asiya – Sakit Okean regionunda güc dəyişikliyinə səbəb ola bilər. Fransa Xarici İşlər naziri Jean-Yves Le Drian bunu müttəfiqlər və tərəfdaşlar arasında qəbuledilməz dav­ranış kimi “arxadan zərbə” adlandırıb.

Müttəfiqlər arasında görünməmiş bir hal kimi Fransa Prezidenti Emmanuel Makron Vaşinqton və Kan­berradakı Fransa səfirlərini geri çağırıb.

Bu addıma cavab ola­raq Boris Conson Fransanı yeni müttəfiqlikdən narahat olmamağa çağırıb. Baş nazir İngiltərə ilə Fransa münasibətlərinin çox əhəmiyyətli olduğunu bildirib: “Fransaya olan sevgimiz sarsılmazdır.”

İngiltərənin Xarici İşlər Naziri xanım Liz Trus razı­laşmanın ölkəsinin maraqla­rına cavab verdiyini bildirib. Paktın tətbiqi ilə İngiltərədə yüzlərlə yeni ixtisaslı iş yeri açacağını vurğulayıb.

Qeyd edək ki, Aukus pak­tına əsasən, Avstraliya nüvə sualtı gəmilərini idarə edən yeddinci ölkə olacaq. Paktın bir hissəsi olaraq müttəfiqlər kiber imkanları, süni intellekt və digər sualtı texnologiyaları da paylaşacaqlar.

Üçtərəfli müttəfiqlik Çin tərəfindən kəskin tənqid edilib. Öz nüvə və raket proq­ramları ilə yaxından izlənilən Şimali Koreya isə paktın "nüvə silah yarışına" səbəb ola biləcəyini bəyan edib.

Leyla MƏMMƏDOVA,

“Xalq qəzeti”

21 Sentyabr 2021 00:56 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə