Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Yardımlı məktəbləri yeni dərs ilinə tam hazırdır

 

 

Ötən ilin payızında böyük Qələbəmizlə başa çatan 44 günlük Vətən müharibəsində iştirak etmiş Yardımlı gənclərindən 19 nəfəri müəllimdir. Onlar dərs dedikləri siniflərdə şagirdlərini vətənpərvər olma­ğa səsləməklə kifayətlənməyib, döyüş meydanlarında bunun canlı nümunələrini göstəriblər.

Rayon təhsil şöbəsində döyüşçü–müəllimlərlə ma­raqlı görüşlər keçirilib. Bütün məktəblərdə şəhidlərə həsr olunan qəhrəmanlıq guşələri təzələnib. Bundan başqa, təhsil şöbəsinin təşəbbüsü ilə şəhidlərə həsr olunmuş kitab çapa hazırlanır. Şəhid ailələrinin ziyarəti, onlara hərtərəfli dəstək göstərilməsi də gözəl ənənə halını alıb.

Bu gün bütün dünyada COVID-19 pandemiyası cövlan etsə də, ölkəmizin hər yerində, o cümlədən Yardımlı rayonunda yeni dərs ilinə ciddi hazırlıq görülüb. Rayon məktəblərinin maddi-texniki bazası möhkəmləndirilib. Müəllimlərin ənənəvi sent­yabr konfransında innovativ təhsil, dərsə davamiyyət, eləcə də tədris ilinin digər prioritetləri diqqətə çatdırılıb.

Bir neçə gün əvvəl Yardımlıdakı V.Nəciyev adına şəhər 4 saylı tam orta məktəbi üçün tikilmiş 180 yerlik yeni tədris bi­nasının açılış mərasimi olub. Mərasimdə rayon icra hakimiyyəti başçısı Ayaz Əsgərov, Təhsil İnstitutunun direktoru Rüfət Əzizov, 14 saylı Ərazi Maliyyə Hesabla­ma Mərkəzinin rəisi Ehtiram Muxtarov və rayon təhsil şöbəsinin müdiri Manaf Səmədzadə iştirak ediblər. Məktəbdə 10 sinif otağı, 2 laboratoriya, 4 fənn kabine­ti, 72 yerlik akt zalı, idman zalı, idman meydançası, kitabxana, tibb otağı və bufet fəaliyyət göstərəcək. Məktəb müasir istilik və işıqlandır­ma sistemi ilə təchiz edilib, həyətində müasir qazanxana sistemi quraşdırılıb. Arvana və Bərcan kəndlərində isə modul tipli məktəblərin inşası davam edir.

Ümumilikdə, Yardımlıda 46 tam orta, 18 ümumi orta, 16 ibtidai məktəb olmaq­la 80 təhsil müəssisəsi, 2 məktəbdənkənar təhsil müəssisəsi fəaliyyət göstərir. Məktəblərin ibtidai siniflərində sentyabın 22-də, 5-11-ci siniflərdə isə sentyabrın 29-da ilk zəng çalınacaq.

Ötən tədris ilində dağ­lar diyarının ümumtəhsil məktəbləri üzrə nəticələr uğurlu olub. Əlaçıların sayı artıb, biliyi müsbət qiymətləndirilməyən şagird olmayıb. Ali məktəblərə qəbulun vəziyyəti də ilbəil artan dinamika ilə gedir. Bu il ali məktəblərə 151 məzun qəbul olunub. Sevindirici haldır ki, onların arasında qızların sayı əvvəlki illərə nisbətən daha çoxdur. Elə rayon üzrə ən yüksək göstəricini də 647 balla şəhər 1 saylı məktəbin məzunu Turan Yalçın qızı əldə edib. Qəbul imtahanlarında 4 nəfər 600-dən, 23 nəfər isə 500-dən yuxarı bal toplayıb ki, bu da ötənilkindən yüksəkdir. Orta ixtisas məktəblərinə isə 59 nəfər qəbul edilib.

Rayondakı Heydər Əliyev Mərkəzində ali məktəblərə qəbulda yüksək bal toplayan gənclərlə görüş keçirilib. Təhsil şöbəsinin müdiri Manaf Səmədzadə, Yar­dımlı Xeyriyyə Cəmiyyətinin sədri Elman Eldaroğlu və başqaları ölkəmizdə təhsilin inkişafına göstərilən dövlət qayğısından danışıblar. Tədbirdə yüksək balla tələbə adını qazanmış məzunlara rayon icra hakimiyyətinin fəxri fərmanları və Yardım­lı Xeyriyyə Cəmiyyətinin qiymətli hədiyyələri, pul mü­kafatları təqdim olunub.

Dağlar diyarının tədris müəssisələrində yeni dərs ili ilə bağlı bütün təşkilati-texniki tədbirlər həyata keçirilib. Təhsil sahəsində uğurların daha da artacağına böyük inam var.

Əli NƏCƏFXANLI,

“Xalq qəzeti”nin bölgə müxbiri

21 Sentyabr 2021 00:39 - TƏHSİL
TƏHSİL

Köhnə versiyamızdan xəbərləri izlə