Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan təsviri sənətinin görkəmli tədqiqatçısı

Kərim Kərimov – 100

 

Azərbaycanda incəsənətin digər sahələri kimi, təsviri sənətimizin tədqiqində də uğurlu nailiyyətlər əldə olunmuşdur. Sənətşünas alimlərimiz milli mədəniyyət və incəsənətimizin tarixi köklərini araşdırmış, qədim mədəniyyət abidələrimizin yaranma tarixi, minatür sənətimizin inkişaf tendensiyaları barədə müfəssəl elmi tədqiqatlar aparmış, bu sahədə qiymətli monoqrafiyalar, elmi məqalələr hazırlayıb çap etdirmişlər. Bu alimlər sırasında sənətşünaslıq doktoru, Milli Elmlər Akademiyasının müxbir üzvü Kərim Kərimovun xidmətləri diqqətəlayiqdir.

Kərim Cabbar oğlu Kərimov şərəfli ömür yolu keçmişdir. O, 1921-ci il sentyabrın 20-də Naxçıvan şəhərində anadan olmuşdur. 1939-cu ildə Naxçı­vanda orta məktəbi bitirəndən sonra, Azərbaycan Dövlət Universitetinə daxil olmuş, lakin təhsilini yarımçıq qoyub ordu sıralarına getmişdir. Yeddiillik hərbi xidmətdən sonra yenidən universitetdə təhsilini davam etdirmişdir. 1946-cı ildə Azərbaycan Dövlət Universiteti­nin filologiya fakültəsi nəzdində yeni şöbələr açılmışdı. O dövrün məşhur alimlərindən Mikayıl Rəfili, Əli Sultan­lı, Məmməd Cəfər yeni ixtisaslar üzrə tələbələr seçirdilər. Sənətşünaslıq şöbəsinə seçilmiş 20 tələbə arasında Kərim Kərimov da var idi. 1951-ci ildə universitetin sənətşünaslıq şöbəsini fərqlənmə diplomu ilə bitirmiş və ömrü­nün sonuna qədər Azərbaycan Elmlər Akademiyasının Memarlıq və İncəsənət İnstitutunda çalışmışdır. 1952–1955-ci illərdə Memarlıq və incəsənət İnsti­tutunun aspiranturasında oxumuş, namizədlik (1959), doktorluq (1971) dissertasiyaları müdafiə etmişdir. O, 1975-ci ildə professor olmuş, 1980-ci ildə isə AMEA-nın müxbir üzvü seçil­mişdir. AMEA Memarlıq və İncəsənət İnstitutunun şöbə müdiri (1971–1995), elmi işlər üzrə direktor müavini (1973–1993), sonra isə direktoru (1993–1995) vəzifələrdə işləmişdir.

Kərim müəllim erkən dərk etmişdi ki, rəssamlıq tariximizi dərindən öyrənmək, onun bu xalqa mənsub olduğunu təsdiq etməyin vaxtı çatmışdır. Xalqımıza mənsub olan qiymətli abidələr, nəhayət ki, özümüzə qaytarılmalıdır. Tarixi sərvətlərimiz uzun zaman başqa Şərq xalqlarının, xüsusilə İranın sərvətləri sırasında olmuşdur.

Təbriz miniatür məktəbinin tədqiqi sahəsində Kərim müəllimin apardı­ğı tədqiqatlar xüsusilə böyük elmi əhəmiyyətə malikdir. O, “XVI əsrdə Təbriz miniatür məktəbi” mövzusun­da doktorluq dissertasiyası müdafiə etmişdir. Onun doktorluq dissertasi­yasında həll etdiyi problem, nəhayət, öz nəticəsini verdi. Nəinki Azərbaycan incəsənəti tarixində, ümumiyyətlə, bəşər mədəniyyətinin inkişafında müstəsna mövqeyi olan Azərbaycan miniatür sənəti dərin elmi dəlillərlə dünya incəsənəti tarixində layiq olduğu səviyyədə sənətşünaslıq elminə daxil edildi.

Çoxşaxəli Azərbaycan incəsənəti zəngin inkişaf yolu keçib. Onun ma­raqlı və təkrarsız sahələrindən biri də miniatür sənətidir. Bu sənətin görkəmli nümayəndələri sırasında Sultan Məhəmmədin xüsusi yeri var. Kərim Kərimovun milli minatür sənətimizin tədqiqi ilə bağlı məqalə və monoqrafiya­larında S.Məhəmməd haqqında ətraflı məlumatlara rast gəlmək olur. Alim bildi­rir ki, o, Səfəvi sarayının rəssamı olub. Sultan Məhəmməd saraydakı bədii ema­latxananın rəhbəri olub. Eyni zaman­da, saray kitabxanasının baş rəssamı və şahzadə Təhmasibin müəllimi idi. Şah İsmayılın vəfatından sonra Şah I Təhmasib Sultan Məhəmmədi sarayın baş sənət müfəttişi təyin edir.

Professor K.Kərimov Sultan Məhəmmədə həsr etdiyi əsərində orta əsr təzkirələrindən maraqlı məlumatlar toplayıb. Rəssamlardan bəhs olu­nan, 1544-cü ildə Dust Məhəmməd tərəfindən qələmə alınmış “Halati-hunər-vəran” əsərində deyilir: “Birinci sırada öz əsrinin yeganəsi olan ustad Nizam əd-Din Sultan Məhəmməd dayanır. Onun rəsmləri, xüsusilə də I Şah Təhmasibə həsr olunmuş “Şahnamə"si çox maraqlı­dır. Əsərdə pələng dərisi geyinən adam çox inandırıcı təsvir olunub. Söz yox ki, ən görkəmli sənətkarlar belə həmin əsərə həsədlə baxaraq, ustadın qarşı­sında baş əyiblər”.

K.Kərimov Azərbaycan miniatür rəssamlarının üslub və dəstxətlərini araşdırmaqla Azərbaycana məxsus miniatürlərin dəqiq ünvanlarını da müəyyənləşdirmiş və onları milli sənətşünaslıq tariximizə daxil etmişdir.

Alimin elmi fəaliyyətinin əsas istiqamətlərini Azərbaycan təsviri sənət tarixinin yaradılması, orta əsrlər miniatür sənətinin araşdırılması, bir çox Azərbaycan sənət əsərlərinin və sənətkarlarının aşkar olunması təşkil edirdi.

Təbriz və Qəzvin miniatür məktəblərinin üzə çıxarılması və elmi əsaslandırılması, onların Yaxın və Orta Şərq incəsənətinə təsirinin öyrənilməsi K.Kərimovun adı ilə bağlıdır.

Kərim müəllimin elmi fəaliyyəti çoxşaxəlidir. O, sənət tariximizdə tədqiq olunmayan digər mövzular üzərində də yaradıcılıq işi aparmışdır. “Azərbaycan rus rəssamlarının əsərlərində” monoq­rafiyasını buna misal göstərə bilərik. O, bu əsərində Q.Qaqarın, V.Vereşşagin kimi görkəmli rus rəssamlarının bir neçə boyakarlıq tablosunu aşkar etmiş, Azərbaycan sənətşünaslıq tarixində onlar haqqında ilk məlumatı vermişdir.

Görkəmli alim 110-dan artıq elmi əsərin, o cümlədən 12 monoqrafiya­nın müəllifidir. O, “Sultan Məhəmməd və onun məktəbi”(1971, 1993), “Azərbaycan miniatürləri” (1980), “Mi­niatür” (1983), “Divar üstü boyakarlıq” (1983), “Azərbaycan incəsənəti” (1977, 1992), “Bəhruz Kəngərli” (1962), “Sadiq bəy Əfşar” (1987) və başqa əsərləri ilə sənətşünaslıq elminə böyük töhfə vermişdir.

K.Kərimov pedaqoji və ictimai fəaliyyət göstərmiş, 1966-cı ildən etibarən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində dərs de­miş, bir çox doktorluq və namizədlik dis­sertasiyalarının elmi rəhbəri olmuşdur. 1958-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvü olan K.Kərimov 1982–1992-ci illərdə ittifaqın katibi vəzifəsində çalışmışdır.

O, həm də gözəl ailə başçısı olmuş­dur. Qızı Solmaz xanım Texniki Unver­siteti bitirmişdir. Böyük oğlu Mahmud Kərimov isə elm sahəsində çalışmış, Milli Elmlər Akademiyasının prezidenti vəzifəsinə qədər yüksəlmişdir. Kiçik oğlu Azər isə həkimdir.

Sənətşünas alimin fəaliyyəti dövlət və cəmiyyət tərəfindən yüksək qiymətləndirilmişdir. 1993-cü ildə Beynəlxalq Gözəl Sənətlər Akade­miyasının həqiqi üzvü seçilmişdir. O, Mədəniyyət Abidələrinin Qorunması və Bərpası Metodiki Şurasının, Mətbuat Komitəsinin Bədii Şurasının və başqa şura və komissiyaların üzvü olmuşdur. K.Kərimov “Şanlı əməyə görə” (1970) medalı və “Şərəf nişanı” (1972) ordeni ilə təltif olunmuşdur.

AMEA-nın müxbir üzvü Kərim Kərimov 1995-ci il iyulun 5-də Bakıda vəfat etmişdir.

Böyük alimin xatirəsi sənətsevərlərin qəlbində daim yaşayacaqdır.

M.MÜKƏRRƏMOĞLU,

“Xalq qəzeti”

21 Sentyabr 2021 00:31 - ELM
ELM

Köhnə versiyamızdan xəbərləri izlə