Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

SOCAR-da “Neftçilər Günü”nə həsr olunmuş yığıncaq keçirilib

 

 

Sentyabrın 20-də “SOCAR TOWER”də neft-qaz və neft-kimya sənayesi işçilərinin peşə bayramı olan Neftçilər Günü münasibəti ilə təntənəli tədbir keçirilib.

SOCAR-dan AZƏRTAC-a bildirilib ki, tədbirdə iqtisadiyyat naziri, SOCAR-ın Müşahidə Şurasının sədri Mikayıl Cabbarov, Şirkətin prezidenti Rövnəq Abdullayev, BP-nin Azərbaycan, Gür­cüstan və Türkiyə üzrə regional prezi­denti Qəri Counz, Müşahidə Şurasının üzvləri, eləcə də Azərbaycanda fəaliyyət göstərən neft şirkətlərinin rəhbər şəxsləri, qabaqcıl neftçilər iştirak ediblər.

Tədbir iştirakçıları Vətənimizin azad­lığı uğrunda canlarını qurban vermiş Vətən övladlarının, o cümlədən şəhid neftçilərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Tədbiri giriş nitqi ilə açan SOCAR-ın prezidenti Rövnəq Abdullayev deyib: “Hər il peşə bayramlarında “Əsrin müqaviləsi”nin imzalanmasının ildönümünü qeyd edən neftçilərimiz bu bayram ərəfəsində “Azəri-Çıraq-Günəşli” yataqlarından 4 milyardıncı barel neft hasil etməklə yeni əmək qələbəsinə imza atıblar. Bu böyük nailiyyət, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyu­lan və hazırda Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə uğurla davam etdirilən qalibiyyətli enerji strategiyamızın möhtəşəm təntənəsini əks etdirir”.

SOCAR-ın prezidenti vurğulayıb ki, bu il həm də “Şahdəniz” yatağı­nın işlənilməsinə dair müqavilənin 25-ci ildönümünün qeyd edilməsi ilə əlamətdardır: “Şahdəniz” yatağından təbii qazın Avropaya çatdırılması üçün Azərbaycan Prezidentinin təşəbbüsü və daimi nəzarəti ilə həyata keçirilən Cənub Qaz Dəhlizi ötən il istismara buraxılıb. Bu ilin əvvəlindən dəhliz vasitəsilə Avropa bazarlarına təxminən 5 milyard kubmetr, Türkiyəyə isə 5,7 milyard kubmetr “Şahdəniz” qazı nəql edilib”.

Qeyd olunub ki, pandemiya şəraitində çalışmalarına baxmayaraq, SOCAR kollektivi istehsalat proqnozla­rının öhdəsindən layiqincə gəlib. Cari ilin birinci yarısında şirkətin müstəqil işlədiyi yataqlardan 3,9 milyon ton neft hasil edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 4 faiz çoxdur. Şirkətin qaz hasilatı göstəricisi 3,9 milyard kubmetr təşkil edib, artım isə ötən ilə nisbətən 6,3 faiz olub. Ötən 6 ayda ölkə üzrə 8,9 milyard kubmetr qaz ixrac olunub və bu həcm keçən ilin müvafiq dövrü ilə müqayisədə 35,7 faiz çoxdur. Birinci yarımildə xarici bazarlara ötən ilkinə nisbətən 18,2 faiz daha artıq – 1,4 milyon ton neft və neft-kimya məhsulları göndərilib.

Pandemiya ilə əlaqədar çətinliklərə baxmayaraq, ölkə daxilində və xaricdə planlaşdırılmış bütün layihələrin uğurla davam etdirildiyini vurğulayan SOCAR-ın prezidenti “Azərikimya” İstehsalat Birliyinin müəssisələrində aparılan yenidənqurma layihəsinin artıq başa çatmaq üzrə olduğunu, Heydər Əliyev adına Neft Emalı Zavodunun moderni­zasiya layihəsində isə hazırki mərhələ üzrə işlərin 81,5 faiz tamamlandığını bildirib.

Tədbirdə BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz və SOCAR-ın birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə çıxış edib, toplantı iştirakçılarını peşə bayramı münasibəti ilə təbriklərini çatdırıblar.

İqtisadiyyat naziri, SOCAR-ın Müşahidə Şurasının sədri Mikayıl Cabbarov çıxışında neft gəlirlərinin ölkə iqtisadiyyatının bütün sahələrinin inkişafında mühüm rol oynadığını qeyd edib. Ölkəmizin zəngin neft-qaz ehti­yatlarının hasilatı artırmaq üçün geniş imkanlar yaratdığını nəzərə çatdıran M.Cabbarov dünya neft sənayesinin al­ternativ və bərpa olunan enerji, hidrogen istehsalı və rəqəmsal texnologiyalar kimi yeni çağırışlarla qarşılaşdığını bildirib, qlobal çağırışlara hazır olmağın artıq bir zərurətə çevrildiyini vurğulayıb. Nazirin fikrincə, SOCAR ölkənin elm və təhsil müəssisələri ilə əməkdaşlığını daha da genişləndirməklə növbəti sənaye inqilabına hazırlaşaraq, yeni nəsil isteh­lakçıların yeni davranış tərzinə cavab verməyə hazır olmalıdır.

Sonra SOCAR-ın kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov Azərbaycan neftçilərinin Prezident İlham Əliyevə “Azəri-Çıraq-Günəşli” yataqlarında 4 milyard barel həcmində neftin çıxarılma­sı ilə bağlı müraciətini oxuyub.

Tədbirin sonunda 2021-ci il üzrə SOCAR-da keçirilmiş “İlin ən yaxşıları” müsabiqəsinin qalibləri, eləcə də “Fəxri neftçi” döş nişanı və “SOCAR-ın Fəxri Fərman”ı ilə təltif olunan neftçilərin bir qisminə mükafatlar təqdim edilib.

Xatırladaq ki, Azərbaycan Respub­likası Prezidentinin 2001-ci il 16 avqust Sərəncamına əsasən hər il “Əsrin müqaviləsi”nin imzalandığı tarix – sent­yabrın 20-si Azərbaycan Respublikasın­da “Neftçilər Günü” peşə bayramı kimi qeyd olunur.

21 Sentyabr 2021 00:02 - İQTİSADİYYAT
İQTİSADİYYAT

Köhnə versiyamızdan xəbərləri izlə