Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycanın iqtisadi müstəqilliyi yolunda tarixi hadisə

 

 

Ötən əsrin 90-cı illərinin əvvəllərində müstəqillik qazanan Azərbaycan xarici dövlətlərlə iqtisadi-siyasi əlaqələri olmayan, təcrübəsiz ölkə idi. Belə bir şəraitdə iqtidarda olan partiya və şəxslərin səriştəsizliyi, yalnız şəxsi maraqlarını güdmələri, mal-mülkə olan hərislik ölkəni acınacaqlı vəziyyətə sürükləyirdi. Xalqımız başa düşürdü ki, belə davam edərsə, çətinliklə əldə olunan müstəqillik yenidən itirilə bilər. Məhz belə bir şəraitdə ümummilli lider Heydər Əliyev xalqın dəvəti və tələbi ilə siya­si hakimiyyətə qayıtdı. Heç kəs üçün sirr deyil ki, bu, ölkəmizin müstəqillik tarixində tərəqqi dövrünün başlanğıcı oldu. Bu fikirləri bizimlə söhbətində Azərbaycan Memarlıq və İnşaat Universitetinin professoru, fəlsəfə elmləri doktoru Əlisa Əhmədov bildirdi. Əlisa müəllim dedi:

– Heydər Əliyev amili regiondakı vəziyyəti kökündən dəyişdi. Onun hakimiyyətə qayıdışı Azərbaycanın siyasi və iqtisadi həyatında mühüm dəyişikliklərin başlanğıcı oldu. Tezliklə xarici dövlətlərlə qarşılıqlı əlaqələr yaradılmağa başlandı. Xarici əlaqələrin gücləndirilməsi ilə paralel olaraq ölkə iqtisadiyyatının inkişafı üçün də bir sıra tədbirlər görüldü. Elə ilk gündən həmin dövrdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti olan İlham Əliyev xarici neft şirkətləri ilə danışıqlar prosesinə cəlb edildi. O, yeni neft strategiyasının hazırlanmasında, eləcə də uğurla həyata keçirilməsində mühüm rol oynadı.

Cənab İlham Əliyev həmin vaxt xüsusilə qeyd etmişdi ki, yeni neft strategiyasının hazırlanmasında məqsəd sadəcə neft hasil etmək, onu nəql etmək, bundan vəsait əldə etməkdən ibarət deyil. Bizim məqsədimiz neftdən gələn bütün mənfəətləri Azərbaycan xalqının gələcək mənafeyinə, rifahına yönəltməkdir. Yaxşı xatırlayıram, müqavilənin imzalandığı 1994-cü ilin yazında və yayındakı İstanbul və Hyuston görüşləri xüsusilə ağır keçmişdi.

Lakin bütün çətinliklərə baxmayaraq, İlham Əliyevin və ulu öndər Heydər Əliyevin qətiyyəti, xalqın rifahı naminə göstərdikləri inadkarlıq sayəsində 1994-cü il sentyabrın 20-də Azərbaycan Dövlət Neft Şirkəti ilə 6 ölkənin 10 şirkəti arasında Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında saziş imzalandı.

“Əsrin müqaviləsi” Azərbaycanı qlobal dünya iqtisadiyyatının tərkib hissələrindən birinə çevirdi. Əminliklə söyləmək olar ki, bu müqavilə Azərbaycanın iqtisadi inkişafının əsasını təşkil edir. Təbii ki, xarici neft şirkətləri ilə imzalanan müqavilə həm neft, həm də qeyri-neft sənayesinə böyük təsir göstərdi. Burada əsas məqsədlərdən biri də neft sənayesində yeni texnologiyalardan istifadə edilməsi idi. Bu baxımdan həmin müqavilə böyük önəm kəsb edir. Belə ki, həmin dövrdə ölkəmizdə mövcud olan texnologiya köhnə idi. Buna görə də, gənc respublikamız bu işləri təkbaşına görməyə hazır deyildi.

Düşünürəm ki, iqtisadi müstəqilliyin təmin edilməsində də ən böyük amillərdən biri “Əsrin müqaviləsi”dir. İqtisadi müstəqillik Azərbaycanı regionun lider dövlətinə çevirib. Artıq dünya dövlətləri bizimlə hesablaşırlar, mövqeyimizi qəbul edirlər.

Əlbəttə, iqtisadi və hərbi baxımdan müstəqillik siyasi müstəvidə də dövlətimizin güclənməsinə səbəb oldu. Beləliklə, Vətən müharibəsinə, siyasi və iqtisadi müstəqilliyə, ordu quruculuğunun inkişafına aparan bütün tərəqqi məhz “Əsrin müqaviləsi”nin imzalanması nəticəsində mümkün oldu. Prezident İlham Əliyevin dediyi kimi, iqtisadi müstəqillik olmasaydı, biz torpaqlarımızı işğaldan azad edə bilməzdik.

Söhbəti qələmə aldı: İmran ƏLİYEV,

“Xalq qəzeti”

21 Sentyabr 2021 00:42 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə