Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Neft strategiyası Azərbaycanın inkişafı üçün gözəl imkanlar yaradıb

 

 

Dünən Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə dünyanın tanınmış neft şirkətləri arasında 1994-cü il sentyabrın 20-də Bakının “Gülüstan” sarayında imzalanmış və tarixə “Əsrin müqaviləsi” adı ilə düşmüş neft sazişinin 27 ili tamam oldu. Sonradan ümummilli lider Heydər Əliyev 20 sentyabrı Azərbaycanda neftçilərin peşə bayramı – “Neftçilər günü” elan etdi və bununla bağlı 16 avqust 2001-ci ildə sərəncam imzaladı.

“Əsrin müqaviləsi” Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri–Çıraq–Günəşli” (AÇG) yataqlar bloku­nun və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsünü nəzərdə tutur. Sazişdə 8 ölkənin – Azərbaycan, ABŞ, Böyük Britaniya, Norveç, Yaponiya, Rusiya, Türkiyə və Səudiyyə Ərəbistanının 13 neft şirkəti (“Amoco”, BP, “McDermott”, “Unocal”, SOCAR, “LUKoil”, “Statoil” (hazırda “Equinor”), “Exxon”, “Türkiye Petrol­leri”, “Pennzoil”, “Itochu”, “Remco”, “Delta”) iştirak edir. Bununla da, ölkəmizin o vaxtkı Prezidenti Heydər Əliyevin rəhbərliyi ilə müstəqil Azərbaycanın neft strategiyasının əsası qoyulub.

Ulu öndər yeni müqavilə ilə bağlı demişdir: “Əsrin müqaviləsi ilə qoyduğumuz təməl XXI əsrdə Azərbaycan xalqının inkişafı, firəvan həyatı, müstəqil Azərbaycan dövlətinin suverenliyinin daha da möhkəmlənməsi üçün gözəl imkanlar yaradır və inanıram ki, XXI əsr müstəqil Azərbaycan dövləti üçün ən xoşbəxt dövr olacaqdır”. Vaxtilə ümummilli lider Heydər Əliyevin böyük uzaqgörənliklə dediyi bu sözlər sonrakı onilliklər ərzində özünün təsdiqini tapdı, Azərbaycan məhz ulu öndərin neft strategiyası sayəsində böyük uğurlar qazandı.

Heydər Əliyevin xalqın iradəsi və təkidi ilə 1993-cü ildə hakimiyyətə qayıdışından sonra ölkənin neft-qaz potensialından maksimum səmərəli istifadə istiqamətində addımlar atılmağa başlayıb. O vaxt Azərbaycan Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti vəzifəsində çalışmış İlham Əliyev ilk günlərdən danışıqlar prosesinə qoşulub və yeni neft strategiyasının hazırlanması­nın və uğurla həyata keçirilməsinin ən fəal iştirakçılarından olub. İlham Əliyev ölkənn neft strategiyasının məqsəd və məramları haqqında demişdir: “Bizim məqsədimiz təkcə neft hasil etmək, onu nəql etmək, bundan vəsait əldə etməkdən ibarət deyildir. Bizim məqsədimiz neftdən gələn bütün mənfəətləri həm si­yasi, həm iqtisadi, həm də başqa mənfəətləri Azərbaycan xalqı­nın gələcək mənafeyinə, rifahına yönəltməkdən ibarətdir". Sonradan “Əsrin müqaviləsi” də, digər neft-qaz müqavilələri də məhz bu deviz altında hazırlandı və həyata keçirildi.

İlkin hesablamalara görə, “Azəri–Çıraq–Günəşli” yataqlar blokunun neft ehtiyatı 511 milyon ton müəyyən edilmiş, sonralar qiymətləndirici qu­yuların nəticələrinə görə, bu göstərici 730 milyon tona çatıb. Yataqların işlənilməsinə tələb olunan sərmayə xərcləri 11,5 milyard ABŞ dolları təşkil edib. Bu müqavilə sonradan dün­yanın 19 ölkəsinin 41 neft şirkəti ilə 30-dan çox sazişin imzalanması üçün yol açıb. İmzalanmış neft sazişləri üzrə Azərbaycanın neft sənayesinin inkişafı üçün nəzərdə tutulmuş 64 milyard ABŞ dolları sərmayə qoyulu­şunun 57,6 milyardı dəniz yataqları­nın mənimsənilməsinə və perspektivli strukturlarda axtarış-kəşfiyyat işlərinə yönəldilib. 1999-cu ilin dekabrında Azərbaycanın "mənfəət nefti" ilə dol­durulmuş ilk tanker dünya bazarlarına çıxarılıb. Neftin satışından əldə edilən gəlirlərin şəffaf şəkildə saxlanması və səmərəli idarə edilməsi ümummilli lider Heydər Əliyev tərəfindən yara­dılmış Dövlət Neft Fondu tərəfindən həyata keçirilir.

"Əsrin müqaviləsi” ilə müstəqilliyini möhkəmləndirən Azərbaycan həm də sərvətlərinə tam sahib olduğu­nu bütün dünyaya nümayiş etdirib. Prezident İlham Əliyev müqavilənin əhəmiyyəti haqqında demişdir: "Əsrin müqaviləsi"nin Azərbaycan tarixində xüsusi yeri vardır və Azərbaycanın müstəqil ölkə kimi yaşamasın­da bu rol əvəzolunmazdır. O vaxt bizim nə imkanlarımız var idi, nə də vəsaitimiz... Müstəqilliyimiz demək olar ki, şübhə altında idi. Məhz o çətin illərdə Azərbaycana investisi­yalar gətirmək, Azərbaycanı dünya birliyinə etibarlı tərəfdaş kimi təqdim etmək, xarici investorlar üçün mün­bit şərait yaratmaq, eyni zamanda, Azərbaycanın dövlət maraqlarını tam şəkildə qorumaq böyük siyasi təcrübə, bilik və məharət tələb edirdi. "Əsrin müqaviləsi"nin imzalanması böyük siyasi cəsarət tələb edirdi. Ancaq Heydər Əliyevin qətiyyəti və Azərbaycan xalqının dəstəyi ilə biz buna nail ola bilmişik”.

Naməd PAŞAYEV,

ADNSU geoloji kəşfiyyat fakültəsinin dekanı

21 Sentyabr 2021 00:32 - İQTİSADİYYAT
İQTİSADİYYAT

Köhnə versiyamızdan xəbərləri izlə