Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycanın qüdrətli dövlətə çevrilməsində mühüm rol oynayan sənəd

20 sentyabr çağdaş Azərbaycan tarixində müstəsna əhəmiyyəti olan tarixi bir gündür. 1994-cü ilin 20 sentyabrında imzalanan “Əsrin müqaviləsi” ölkəmizin iqtisadiyyatını tənəzzüldən xilas edərək, onun sürətli inkişafında müstəsna rol oynamışdır. 20 sentyabr, eyni zamanda müstəqilliyimizin geridönməzliyini müəyyən edən gün kimi də xarakterizə edilə bilər. Belə ki, məhz bu müqavilənin imzalanmasından sonra dövlət müstəqilliyimizin möhkəmləndirilməsi və iqtisadiyyatın inkişafı üçün geniş imkanlar yarandı .

“Əsrin müqaviləsi” Azərbaycanın və xüsusən də Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynamışdır. Ölkəmiz mühüm enerji, kommunikasiya, logistika mərkəzinə çevrilmişdir. Bu möhtəşəm uğur müdrik siyasətçi, dahi lider Heydər Əliyevin iradəsi nəticəsində mümkün olub.

O dövrü xatırlasaq görərik ki, “Əsrin müqaviləsi” çox mürəkkəb geosiyasi bir zamanda imzalanıb. Bu mühüm sənədin imzalanmasından sonra Azərbaycan dövlətçiliyinə olan təhdidlər aradan qalxmağa, ölkədə siyasi, iqtisadi sabitlik yaranmağa başladı və Azərbaycan davamlı xarakter alan bir inkişaf mərhələsinə qədəm qoydu. Belə demək mümkünsə, ölkəmizin bugünkü inkişaf və tərəqqisinin əsası həmin gün qoyulmuşdur.

Bünövrəsi ulu öndər Heydər Əliyev tərəfindən qoyulan neft strategiyası onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən böyük uğurla davam etdirilir. Bu siyasət çağdaş dövrün tələb və şərtlərinə uyğun şəkildə yeni formada icra olunur. Prezident İlham Əliyev neftdən gələn gəlirləri ölkənin davamlı iqtisadi inkişafının təmin edilməsi istiqamətinə yönəltməklə yanaşı, digər enerji növü olan təbii qaz amilindən çox məharətlə istifadə etdi.

Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu enerji siyasəti nəticəsində Azərbaycan bölgədə müxtəlif transmilli enerji, iqtisadi, logistika, kommunikasiya layihələrinin təşəbbüsçüsü və həmin layihələrin icrasında aktiv iştirakçı oldu. “Azəri-Çıraq-Günəşli” yatağından sonra davamlı olaraq digər transmilli layihələrin icrasına başlanıldı.

Belə ki, Bakı–Tbilisi–Ceyhan neft kəməri, Baki–Tbilisi–Ərzurum qaz kəməri, TAP, TANAP, Cənub Beynəlxalq Qaz Dəhlizi, Bakı–Tbilisi–Qars dəmiryolu, “Şimal–Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi, tarixi İpək Yolunun bərpası və s. iri layihələr Azərbaycanın beynəlxalq aləmdə mövqeyinin möhkəmlənməsinə, xalqın rifah halınının yaxşılaşmasına səbəb oldu.

Bu gün hər kəsə bəllidir ki, Prezident İlham Əliyevin yürütdüyü müdrik siyasət nəticəsində Azərbaycan regionda təkcə enerji qovşağına deyil, eyni zamanda nəqliyyat, tranzit yükdaşıma, kommunikasiya, logistika mərkəzinə çevrilib və bu istiqamətdə işlər uğurla davam etməkdədir.

Sonda bildirmək istəyirəm ki, “Əsrin müqaviləsi” ilə başlanan çox sayda layihələrin icrası Azərbaycanın gücünə və qüdrətinə əlavə güc qatmışdır. Xüsusi qeyd etməliyik ki, 44 günlük Vətən müharibəsindəki şanlı qələbəmizin təmin olunmasında “Əsrin müqaviləsi”nin xüsusi yeri var.

Sadiq QURBANOV,

Azərbaycan Respublikası Milli Məclisinin komitə sədri

21 Sentyabr 2021 00:26 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə