Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Əsrin müqaviləsi” Azərbaycanın yeni neft strategiyasının şanlı səhifəsidir

 

 

Dövlət müstəqilliyimizin ilk illərindəki gərgin geosiyasi şəraitdə xalqımızın ümummilli lideri Heydər Əliyevin siyasi qətiyyəti nəticəsində imzalanan və yüksək dəyərləndirilərək “Əsrin müqaviləsi” adını qazanan “Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü” haqqında 1994-cü il 20 sentyabr tarixli saziş müstəqil Azərbaycanın gələcək inkişafının başlıca mənbəyinə çevrildi, onun dinamik templə sonrakı davamlı yüksəlişini təmin etdi.

Adı çəkilən saziş respublikamı­zın iqtisadi suverenliyi baxımından mühüm önəm daşıyan ilk beynəlxalq neft anlaşması idi. Müqavilə bütövlükdə regionun enerji xəritəsini köklü şəkildə dəyişərək Xəzər dənizi hövzəsində əməkdaşlığa əlverişli zəmin yaratdı. Bu enerji strategiyası ölkəmizin qısa vaxtda dünya iqtisa­diyyatına inteqrasiyası və beynəlxalq mövqelərinin güclənməsində müstəsna rol oynadı.

“Əsrin müqaviləsi”ndə dünyanın 8 ölkəsinin (Azərbaycan, ABŞ, Böyük Britaniya, Rusiya, Türkiyə, Norveç, Yaponiya və Səudiyyə Ərəbistanı) 13 ən məşhur neft şirkəti (“Amoco”, BP, “McDermott”, “Unocal”, SOCAR, “LUKoil”, “Statoil”, “Exxon”, “Türkiye Petrolleri”, “Pennzoil”, “Itochu”, “Rem­co”, “Delta”) iştirak etdi. Bununla da müstəqil dövlətimizin neft strategiyası və doktrinasının əsası qoyuldu. Bu qlobal layihə Azərbaycanın suveren dövlət kimi öz təbii sərvətlərinə sahib çıxmaq, milli mənafelərini, iqtisadi və strateji maraqlarını müdafiə etmək əzmini bütün dünyaya göstərdi, dövlət müstəqilliyinin mühüm təminatına çevrildi.

Xatırladaq ki, ilk neft “Çıraq” yatağından 1997-ci il noyabrın 7-də əldə edilib. “Əsrin müqaviləsi” respublikada neft hasilatının böyük həcmdə artmasına səbəb olub. 1994-cü ildə həmin müqavilə imzalanan vaxt Azərbaycanın tarixində ən aşağı səviyyədə – 9,5 milyon ton olan neft hasilatı 2010-cu ildə 5 dəfədən çox artaraq 51 milyon tona çatıb. Son 27 ildə isə Azərbaycanın neft istehsalı 4 dəfədən çox yüksəlib.

Yeni neft strategiyasının gerçəkləşməsi ilə respublikamızın neft ehtiyatlarının istismarına böyük həcmdə xarici investisiya cəlb edilib. O vaxtdan bəri “Azəri-Çıraq-Günəşli” (AÇG) yatağının işlənməsinə təqribən 35 milyard dollar sərmayə qoyulub. “Əsrin müqaviləsi”ndən sonra xarici şirkətlər ilə daha 34 saziş imzalanıb.

Ötən 27 il ərzində sazişin icrası uğurla reallaşdırılıb. Bu vaxtadək AÇG-dən hasil edilən neft dünya bazarına əsasən Bakı–Tbilisi–Ceyhan (BTC) və Qərb Marşrutu İxrac Boru Kəməri vasitəsilə daşınıb.

Yeri gəlmişkən, 1994-cü ildə müqavilə imzalananda təxmin edilən neft ehtiyatları 511 milyon ton müəyyənləşdirilmişdi. Hazırda isə AÇG-də hasil edilməyən təxminən 500 milyon ton neft ehtiyatı var. Lakin bu, hələ son rəqəm deyil. Yataqların ehtiyatının artması ehtimalı var və “Əsrin müqaviləsi”nin 2050-ci ilədək uzadılması ilə bağlı yeni sazişin icrası müddətində bu rəqəmin daha da artacağı proqnozlaşdırılır.

Qeyd edək ki, AÇG yatağında böyük ehtiyatlar mövcuddur. 1994-cü ildə müqavilə imzalananda təxmin edilən neft ehtiyatları 511 milyon ton müəyyən olunmuşdu. Bu gün isə “Azəri-Çıraq-Günəşli”də hasil edilməmiş təxminən 500 milyon ton neft ehtiyatı var. Mütəxəssislərin fikrincə, bu da son rəqəm deyil.

Cari ilin birinci yarısında AÇG üzrə fəaliyyətlərə 846 milyon dollar əsaslı məsrəflər xərclənib. Yarım ildə AÇG-dən stabil hasilat təhlükəsiz və etibarlı şəkildə davam edib, ümumi hasilat gündəlik orta hesabla 468 min barel və ya ümumilikdə təqribən 85 milyon barel, yəni 11 milyon ton olub. İyunun sonuna AÇG-də, ümumilikdə, 131 neft hasilat quyusu, 44 su və 8 qaz injektor quyusu istismarda olub. Yanvar-iyun aylarında blokda 6 neft hasilat və 3 suvarma quyusu qazılıb.

Birinci yarımildə “BP Azerbaijan” şirkəti “Azəri–Çıraq–Günəşli” ya­taqlar blokundan SOCAR-a əsasən Səngəçal terminalı, həmçinin də “Neft Daşları”ndakı qurğu vasitəsilə gündəlik orta hesabla 9,1 milyon kubmetr, ümumilikdə isə 1,6 milyard kubmetr səmt qazı təhvil verib.

Dövlət Neft Fondu 2001-ci ilin əvvəlindən bu il avqustun 1-dək “Azəri-Çıraq-Günəşli” neft-qaz yataq­ları blokunun işlənməsi layihəsinin reallaşdırılması çərçivəsində ümumilikdə 153 milyard dollara yaxın gəlir əldə edib. Bu ilin yanvar-avqust aylarında AÇG layihəsi çərçivəsində Dövlət Neft Fonduna 3 milyard 488,5 milyon dollar vəsait daxil olub. O cümlədən, bu ilin 8 ayında Neft Fondunun “Şahdəniz” yatağı üzrə kondensat satışından əldə olunan gəlirləri 57 milyon 131 min dollar təşkil edib. 2007-ci ildən bəri isə bu rəqəm 3,7 milyard dolları ötüb.

Respublikamız aparıcı xarici neft şirkətləri ilə ötən dövr ərzində uğurlu əməkdaşlıq formatı reallaşdırıb. Tərəfdaşların təşəbbüsü ilə “Əsrin müqaviləsi”nin yenidən işlənməsi və sazişin müddətinin 2050-ci ilədək uzadılması da bunun aydın təzahürüdür.

Sonda qeyd edək ki, 2006-cı ildən başlayaraq enerji ixracı nəticəsində Azərbaycana daxil olan böyük maliyyə resursları sürətli iqtisadi tərəqqiyə, müasir sosial-iqtisadi və mədəni infrastrukturların yaradıl­masına, respublika həyatının bütün sahələrinin yenilənməsinə, iqtisa­diyyatın şaxələndirilməsi və qeyri-neft sektorunun dinamik inkişafına yönəldilib.

Neft strategiyasının uğurlu icrası nəticəsində əldə edilən vəsait hesabı­na regionlarda bütün köklü problemlər həll olunub, müasir infrastruktur formalaşdırılıb, əhalinin məşğulluq səviyyəsi yüksəldilib.

Aqrar sahədə həyata keçirilən sistemli tədbirlər, o cümlədən son illər ərzində kənd təsərrüfatının ayrı-ayrı sahələrinin inkişaf etdirilməsi ölkəmizin ərzaq məhsulları üzrə özünütəminetmə səviyyəsini yüksəldib, ixrac potensialını genişləndirib.

Ötən illər ərzində Azərbaycanda müasir nəqliyyat infrastrukturu formalaşdırılıb. Yeni hava limanları inşa olunub, min kilometrlərlə müasir yollar çəkilib. Ölkəmizin xarici ticarət əlaqələrinin inkişafına və tranzit imkanlarının genişləndirilməsinə mühüm töhfə olan Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və Bakı–Tbilisi–Qars dəmir yolu xətti inşa edilərək istifadəyə verilib. Azərbaycan “Şərq-Qərb” və “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizlərinin fəal iştirakçısı­na çevrilib, həmçinin tranzit daşıma­ları sahəsində ölkəmizin potensialının yüksəlməsində önəmli rol oynayan Çinin “Bir kəmər, bir yol” təşəbbüsünə qoşulub.

Azərbaycanın enerji resurs­larından əldə etdiyi gəlirlər həm də əhalinin sosial müdafiəsinin gücləndirilməsi və xalqın rifahı­nın yüksəldilməsi istiqamətində ardıcıl dövlət siyasətinin həyata keçirilməsini, inqilabi qərarların qəbulu və icrasını reallaşdırıb. Əhalinin bütün kateqoriyalarını əhatə edən və maaşların, pensiyaların, təqaüdlərin əhəmiyyətli dərəcədə artırılmasını nəzərdə tutan sosial paketlər gerçəkləşdirilib.

“Xalq qəzeti”

21 Sentyabr 2021 00:16 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə