Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Qarabağın bərpası irimiqyaslı layihələr əsasında sürətlə davam etdirilir

Doğma Qarabağımızı 30 illik əsarətdən xilas edən Vətən müharibəsinin başa çatdığı ilk günlərdən işğaldan azad olunmuş ərazilərdə əsas kommuni­kasiyaların bərpası və zəruri infrastrukturun yaradılması tədbirlərinə başlanmışdır. Ötən aylarda həyata keçirilən irimiqyaslı və sürətli bərpa-quruculuq işləri hazırda uğur­la davam etdirilir. Tezliklə bu bölgə əvvəlkindən də gözəl olacaq, yenidən cənnət məkana çevriləcək.

İşğaldan azad edilmiş ərazilərində aparılan hazırlıq işləri əsaslıdır, reallaşdırılmaqda olan irimiqyaslı quruculuq layihələrinin əhatə dairəsi isə kifayət qədər genişdir. Bu ərazilərdə mina- təmizləmə işləri ilə yanaşı, zəruri yol-nəqliyyat, enerji şəbəkəsi yaradılır, sosial və iqtisadi infrastruk­turlar sürətlə bərpa edilir. Ərazilərin bərpası, quruculuq işləri ən müasir texnologiyalar əsasında həyata keçirilir.

Ötən 10 ayda Prezident İlham Əliyevin rəhbərliyi və bilavasitə nəzarəti ilə Qarabağın işğaldan azad olunmuş ərazilərində bir-birini tamamlayan irimiqyaslı layihələr uğurla gerçəkləşdirilir. Dövlət baş­çısı bu layihələrə start vermək üçün ardıcıl olaraq həmin bölgələrə gedir, erməni vandallarının 30 il ərzində talan edib xarabazara çevirdiyi ya­şayış məntəqələrində görülən işlərlə yerindəcə tanış olur. Bu səfərlərdən sonra ölkə rəhbəri bərpa prosesi­nin genişlənməsi və sürətlənməsi üçün lazımi göstərişlər verir, əlavə təbdirlər müəyyən edir.

Dövlətimizin başçısı bildirir ki, işğaldan azad edilmiş şəhərlərimiz və kəndlərimiz yerlə-yeksan olun­duğu üçün, sözün əsl mənasında, müasir dövrün tələblərinə uyğun yenidən qurulmalıdır. Postkonflikt dövrünün bərpası böyük maliyyə vəsaiti və resursların səfərbərliyini tələb edən uzunmüddətli bir pro­sesdir. Buna görə də bu mərhələdə iqtisadi güclərin birləşdirilməsi bərpa prosesinin sürətli, şəffaf və səmərəli formada həyata keçirilməsinə şərait yaradacaq.

Prezident İlham Əliyevin müvafiq fərmanı ilə bu ilin əvvəlində yaradıl­mış Qarabağ Dirçəliş Fondu azad olunan ərazilərin bərpa prosesində könüllülük və bərabərhüquqluluq prinsipi əsasında iştirak etmək istəyən bütün vətəndaşlar üçün nəzərdə tutulmuş vahid platforma­dır. Fond xalqımızın Qarabağın bərpasında birlik və iştirakının təminatçısıdır. Qarabağ Dirçəliş Fondunun dinamik fəaliyyət qurma­sı, bu fəaliyyət çərçivəsində, ölkə daxilindən və xaricindən gələcək qlobal və irimiqyaslı layihələr bu prosesdə böyük bir imkan qaynağı olacaqdır.

Bu fondun yaradılması bir daha göstərir ki, Azərbaycan dövlətinin və Prezidentinin məqsədi təkcə ərazilərimizin erməni işğalından azad edilməsi deyil, eyni zamanda, dədə-baba torpaqlarımızı hərtərəfli bərpa edərək, Qarabağ bölgəsinin Azərbaycanın sabit inkişaf edən böyük hissəsi ilə bərabərləşdirilməsi və ölkənin sosial-iqtisadi sisteminə daxil edilməsidir. Şübhəsiz, bu qurum Azərbaycan xalqının birlik və həmrəylik rəmzlərindən birinə çevriləcək və məhz onun dəstəyilə işğaldan azad edilmiş rayon və bölgələrimiz ən qısa zamanda ölkənin inkişaf etmiş regionları sıra­sında öz layiqli yerlərini tutacaq.

Prezident İlham Əliyevin birbaşa rəhbərliyi ilə ölkəmiz işğaldan azad edilmiş ərazilərimizdə bərpa və yenidənqurma işlərinin aparılması, öz doğma torpaqlarından köçkün düşən insanların vətənə qayıdışının təmin olunması, həmin ərazilərdə dayanıqlı məskunlaşmasında və bu ərazilərin ölkənin iqtisa­di fəaliyyətinə qoşulması kimi məqsədyönlü tədbirləri sürətlə da­vam etdirməkdədir. Bu istiqamətdə ən mühüm işlərdən biri Füzuli Beynəlxalq Hava Limanının sınaq uçuşlarının uğurla həyata keçirilməsi və bu strateji nəqliyyat layihəsinin başa çatdırılmasıdır.

Prezident İlham Əliyevin 2021-ci ilin yanvarın 14-də təməlini qoydu­ğu hava limanının qısa müddətdə, nəzərdə tutulan vaxtdan da əvvəl istifadəyə hazır olması Azərbaycan dövlətinin güclü iradəsinin, Qa­rabağda həyata keçirdiyi bərpa-yenidənqurma planlarına xüsusi diqqət və əzmkarlığının nümunəsi hesab edilə bilər. Füzuli Beynəlxalq Hava Limanı bölgənin iqtisadi inkişafına töhfə verəcək. Liman Qa­rabağa sərmayələrin cəlb edilməsi, dayanıqlı məşğulluğun təmin olun­ması və turizmin inkişafında mərkəzi tranzit rolunu oynayacaq.

İlk növbədə, Füzuli Hava Limanının istifadəyə verilməsi tarixi-siyasi əhəmiyyət daşıyır. Təyyarə reyslərində “Qarabağa xoş gəlmişsiniz” anonsu siyasi əhəmiyyəti ilə ona görə seçilir ki, işğaldan azad edilən ərazilərdə beynəlxalq hava limanı istifadəyə verməklə “Böyük qayıdış” proqra­mının sürətlənməsini təmin edir, düşmənə və onların havadarla­rına göstəririk ki, biz bu doğma ərazilərimizə qayıtmışıq və bu ərazilərdə yüksək səviyyəli həyat şəraitini bərpa edirik.

Füzuli Hava Limanı, eyni za­manda, böyük iqtisadi əhəmiyyət kəsb edir. Bu onu təsdiqləyir ki, Azərbaycan hökuməti heç bir xarici maliyyə almadan, özünün güclü iqtisadi qüdrəti və maliyyə ehtiyat­ları hesabına Qarabağda geniş quruculuq işləri aparmağa qadir­dir. Ölkəmizin 2021-ci il ərzində nəzərdə tutulan bütün iqtisadi-so­sial hədəflərini, bütün regionlarda nəqliyyat və sosial infrastrukturların yenidən qurulmasını ardıcıl davam etdirməklə bərabər, Qarabağda iri nəqliyyat kommunikasiyalarının, beynəlxalq tipli qovşaqların icra olunmasında heç bir maliyyə çatış­mazlığı ilə üzləşmir, əksinə, artan strateji valyuta rezervləri hesabına bu nəhəng quruculuğun miqyası­nı daha da genişləndirir. Cənab Prezidentin də vurğuladığı kimi, biz qarşıya qoyduğumuz bütün hədəfləri tam vaxtında yerinə yetiriririk.

Füzuli Beynəlxalq Hava Limanının ən böyük iqtisadi əhəmiyyətlərindən biri də, işğaldan azad edilmiş ərazilərimizdəki zəngin iqtisadi resursların işlənməsində və bura sərmayə qoyuluşlarında xarici investorların axını üçün stimullar verəcək. Çünki xarici investorlar üçün hansısa bölgənin nəqliyyat rabitəsi, logistika əlverişliliyi mühüm əhəmiyyət daşıyır. Bu mənada, Füzuli Hava Limanı mərkəzi tranzit və logistika qovşaqlarından biri kimi sərmayəçilərin tranzitini rahat və asan şəkildə təmin edəcək.

Nəzərə alsaq ki, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları qızıl, qurğuşun, sink, mis, mişar daşı, gəc və s. zəngin faydalı qazıntı yataqları ilə məşhurdur, bu nöqteyi-nəzərdən həmin bölgədə geniş mədənçıxarma və sənaye zonalarının iqtisadi rentabelliyinin təmin edilməsi, daşınması və bu resursların ixracında yenə də əsas nəqliyyat qovşağı Füzuli Hava limanı olacaqdır. Bu həmin iqtisadi rayonların inkişafında əhəmiyyətli rol oynayacaq.

Bu hava limanı Zəfər yolunun qapısı və Şuşa şəhərinə gedən əsas nəqliyyat qovşaqlarının açarıdır. Məhz Şuşaya gedən Azərbaycan vətəndaşları, xarici qonaqlar bu li­mandan istifadə etməklə Qarabağın bir çox bölgələrinə, Şuşaya qısa bir zamanda çatmış olacaqlar. Füzuli Hava Limanı regionun cəlbedici turizm potensialının dünyaya təqdim edilməsində, bu ərazilərin turizm xəritəsinin ən əhəmiyyətli hissəsində yer almasında və bölgəyə xarici turistlərin axınında açar-qapı rolunu oynayacaq.

Qarabağ turizm baxımından Cənubi Qafqazın cənnəti hesab edilir və ölkəmizə səyahət edəcək turistlərin əsas axını da bu regi­ona yönələcək. Onların isə əsas nəqliyyat vasitəsi kimi istifadə edəcəyi ünvan Füzuli Hava Limanı olacaqdır. Qarabağın incisi hesab olunan və Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinə gəlmək istəyən, Kəlbəcərin füsunkar təbiəti, ekoturizm imkanları, İstisu kuror­tuna üz tutanlar xarici turistlərin Füzuli limandan istifadə etməklə səyahətlərini gerçəkləşdirmiş ola­caqdır.

Hava Limanı həm də sosial əhəmiyyəti ilə fərqlənir. Burada yüzlərlə insanın iş yerləri ilə təmin edilməsi məşğulluğun həllində və bu bölgədə məskunlaşacaq insan­ların layiqli sosial yaşayışı üçün xüsusi əhəmiyyət daşıyacaq. Hava limanının inşaatına indiyə kimi 500 Azərbaycan vətəndaşı cəlb edilib, növbəti mərhələdə limanın yaxınlığında iri sənaye, ticarət, xidmət və digər sosial və iqtisadi layihələrin icrası və yük daşınmaları potensiallarının artması sayəsində böyük həcmli iş yerləri yaranacaq. Nəticədə, bu bölgədə minlərlə insan dayanıqlı işlərlə təmin olunacaq, işğaldan azad olunmuş bölgələr cəmiyyətin ən sağlam, müasir və abad yaşayış mühitinə çevriləcək, dayanıqlı məskunlaşma üçün müa­sir prinsiplərə əsaslanan komfortlu yaşayış mühiti yaradılacaqdır.

Xalqımız müharibə dövründə bir yumruq kimi birləşərək böyük zəfər qazandığı kimi, Qarabağın dirçəlməsi istiqamətində işlərin sürətləndirilməsində də öz qüvvə və köməyini qeyrətlə verəcək. Prezident İlham Əliyevin vurguladıgı kimi: “Müharibə bizim gücümüzü göstərdi, əyilməz iradəmizi göstərdi, birliyimizi göstərdi, müharibə rəmzinə, qələbə rəmzinə çevrilən dəmir yumruq öz gücünü göstərdi. Bu, həm birlikdir, həm gücdür. Cəmiyyətimizdə birlik də var, ölkəmizin gücü də var və həmişə olacaq”.

Göründüyü kimi, Qarabağın bərpasının irimiqyaslı layihələr əsasında, sürətlə davam etdirilməsi isə bütün dünyaya bir daha göstərir ki, bu qədim bölgənin əsl sahibləri azərbaycanlılardır. Xalqımız bu həqiqəti qalibiyyətli müharibədə göstərdiyi tarixi hünərlə sübut etdiyi kimi, bərpa prosesində də fəal işti­rakı və bacardığı köməyi ilə sübut edir. Ümumxalq birlik və quruculuq platforması olan Qarabağ Dirçəliş Fondu isə bölgəyə böyük qayıdışın önündə gedir.

Fatma YILDIRIM,

Milli Məclisin deputatı,

Qarabağ Dirçəliş Fondu Müşahidə Şurasının üzvü

21 Sentyabr 2021 00:09 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə