Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Prezidentiİslahatlar iqtisadiyyatın şaxələndirilməsinə xidmət edir

İslahatların əsas hədəfi Azərbaycanı müasir, inkişaf edən və gələcəkdə inkişaf etmiş ölkəyə çevirməkdir, ölkədə mövcud olan nöqsanları aradan qaldırmaqdır, vətəndaşları narahat edən problemləri tamamilə gündəlikdən çıxarmaqdır, insanların rifah halını yaxşılaşdırmaqdır, daha güclü, qüdrətli dövlət qurmaqdır. Biz bu istiqamətdə məqsədyönlü, hərtərəfli siyasət aparırıq, həm beynəlxalq mövqelərimizi möhkəmləndiririk, həm də regional əməkdaşlıq təşəbbüsləri ilə çıxış edirik.

İlham ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə aparılan genişmiqyaslı islahatlar yüksək iqtisadi artımın təmin edilməsi, iqtisadiyyatın daha da şaxələnməsi, özəl investisiyaların və təşəbbüslərin yüksək səviyyədə təşviqi üçün əlverişli zəmin yaradıb. Struktur-institusional islahatlar isə keyfiyyətcə yeni sosial-iqtisadi artım modelinə keçidi şərtləndirib və bundan əsas məqsəd Azərbaycan vətəndaşlarının rifahının daha da yaxşılaşdırılması olub.

İslahatlarla bağlı qarşıya qoyulan hər bir vəzifənin, verilən hər bir vədin konkret əməli işdə öz təsdiqini tapması isə xalq-iqtidar birliyini daha da möhkəmləndirib, vətəndaşların Prezident İlham Əliyevin ətrafında sıx birləşməsini təmin edib. Dövlət başçısının rəhbərliyi ilə gerçəkləşdirilən mükəmməl iqtisadi strategiya nəticəsində islahatların davamlılığı reallaşıb, iqtisadi inkişaf sürətlənib, əhalinin rifafı daha da yaxşılaşıb.

Son illər ölkədə investisiya fəaliyyətinin genişləndirilməsi, biznes mühitinin yaxşılaşdırıl­ması, sənaye istehsalının artı­rılması və qeyri-neft sektorunun inkişaf etdirilməsinə xüsusi önəm verilib. Bütün bunlarla bərabər, sahibkarların ixrac potensialı­nın gücləndirilməsi, potensial tərəfdaşların tapılması və birgə əməkdaşlıq layihələrinin həyata keçirilməsi də diqqət mərkəzində saxlanılıb. Məhz bunun nəticəsidir ki, hazırda respublikada qeyri-neft sektorunun şaxələndirilməsi, qeyri-neft sənayesinin inkişafı, Azərbaycan məhsullarının ixrac coğrafiyasının genişləndirilməsi məqsədilə intensiv tədbirlər həyata keçirilir.

Qeyd edək ki, Azərbaycanda sənayeləşmə prosesinin ardı­cıl davam etdirilməsi, həmçinin qeyri-neft sənayesinin inkişafı Prezident İlham Əliyevin iqtisadiy­yatın şaxələndirilməsi siyasətinin əsas istiqamətlərindəndir. Dünyada pandemiya və iqtisadi-maliyyə problemlərinə baxmayaraq, ölkəmizdə bu istiqamətdə çox böyük işlər görülür. İqtisadiyyatın digər sahələri ilə yanaşı, sənayenin inkişafına xüsusi önəm verilir, mövcud təbii və iqtisadi resursların istehsala cəlb edilməsi, qabaqcıl texnologiyaların daha geniş tətbiqi üçün sistemli tədbirlər həyata keçirilir.

Son illərdə müasir istehsal infrastrukturuna malik sənaye parklarının yaradılması ölkədə sənaye sahələrinin inkişafının, ölkə iqtisadiyyatının tarazlı inkişafının təmin edilməsini, habelə istehsal sahələrinin innovasiya istiqamətinin inkişafını nəzərdə tutan dövlət siyasətinin reallaşdırılmasına yönəldilib.

Sənaye parklarının yaradıl­ması, həmçinin ölkənin qeyri-neft sektorunun davamlı inkişafı, ölkə iqtisadiyyatının ixrac qabiliyyətinin, eləcə də, rəqabətqabiliyyətli, idxalı əvəz edən məhsulların istehsalının artırılması, məşğulluğun təmini, investisiyaların və müasir texnolo­giyaların cəlb edilməsi kimi öncül vəzifələrin yerinə yetirilməsi ba­xımından xüsusilə əhəmiyyətlidir. Hazırda bu istiqamətdə işlər uğurla davam etdirilir, beynəlxalq təcrübə daim öyrənilir və müvafiq normativ-hüquqi sənədlər hazırlanır.

Sənaye parklarının yaradıl­ması bir sıra dövlət proqramla­rında, o cümlədən, Azərbaycan Prezidentinin 2014-cü il 26 de­kabr tarixli sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublika­sında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı”nda nəzərdə tutulub. Bununla bağlı, xarici ölkələrin bu sahədəki müsbət təcrübəsinin ölkəmizdə tətbiqi istiqamətində ardıcıl tədbirlər həyata keçirilib. Həmçinin BMT-nin Sənaye İnkişafı Təşkilatının (UNIDO), Türkiyənin Türk Əməkdaşlıq və İnkişaf İdarəsinin (TİKA) ekspertlərinin tövsiyələri nəzərə alınmaqla bu sahədə müvafiq təkliflər hazırlanıb, bir sıra ardıcıl tədbirlər reallaşdı­rılıb.

Azərbaycan Prezidentinin 2013-cü il 24 aprel tarixli fərmanı ilə “Sənaye parkları haqqında Nümunəvi Əsasnamə” təsdiq edilib. Qeyd olunan fərmanla müəyyənləşdirilib ki, sənaye parkı sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün zəruri infrastruktu­ra və idarəetmə qurumlarına malik olan, müasir texnologiyaların tətbiqi yolu ilə rəqabət qabiliyyətli məhsul istehsalı və xidmət göstərilməsi məqsədləri üçün istifadə edilən, sahibkarların səmərəli fəaliyyətini və inkişafını şərtləndirən ərazidir.

Azərbaycanın sənaye park­larında yüksək nəticələrə nail olmaq üçün rezidentlərin səmərəli fəaliyyəti məqsədilə hər cür şərait yaradılıb, vergi və gömrük sahəsində stimullaşdırıcı tədbirlər tətbiq edilib. Belə ki, sənaye parklarının rezidentləri qeydiyyata alındıqları tarixdən 7 il müddətinə əmlak, torpaq, gəlir və ya mənfəət vergilərindən, istehsal məqsədilə idxal etdikləri texnikanın, texno­loji avadanlıqların və qurğuların idxalı zamanı ƏDV-dən və gömrük rüsumlarından azad olunublar. Bundan başqa, sənaye parkların­da dövlət vəsaiti hesabına müasir infrastruktur yaradılıb, sahibkarların vəsaitlərini investisiya qoyuluşuna yönəltmələri təmin edilib.

Qeyri-neft sənayesinin inkişa­fında mühüm rol oynayacaq bir məqamı da qeyd etmək istərdik. Belə ki, Prezident İlham Əliyevin müvafiq fərmanı ilə İqtisadiyyat Nazirliyinin tabeliyindəki “Sumqa­yıt Kimya Sənaye Parkı” Məhdud Məsuliyyətli Cəmiyyətin əsasında adı çəkilən nazirliyinin tabeliyində publik hüquqi şəxs statuslu İqtisadi Zonaların İnkişafı Agentliyi yara­dılıb. Bu məqsədlə ölkədəki bəzi sənaye parkları və məhəllələri “Azərbaycan İnvestisiya Şirkəti” Açıq Səhmdar Cəmiyyətinin tabeliyindən çıxarılıb. Prezident İlham Əliyev bununla bağlı 22 yanvar 2021-ci il tarixli sərəncam imzalayıb.

Cənubi Qafqazın ən böyük, Azərbaycanın isə ilk sənaye parkı olan Sumqayıt Kimya Sənaye Parkında 5500-dək insan daimi işlə təmin edilib. Parkda 24 sahibkar­lıq subyektinə rezidentlik statusu verilib və onlardan 17-si istehsala başlayıb. Növbəti mərhələdə daha 7 rezidentin fəaliyyətə başlaması nəzərdə tutulur. Sənaye Par­kında məhsul istehsalı və ixrac istiqamətində müsbət dinamika davam edir. Belə ki, 2021-ci ilin birinci yarısında ötən ilin müvafiq dövrü ilə müqayisədə 49 faiz daha çox məhsul istehsal edilib və 47 faiz daha çox ixrac həyata keçirilib.

Sənaye parkları, sənaye məhəllələri və aqroparkların işinin səmərəli, yeni tənzimləyici və idarəetmə çərçivəsində təşkili ölkəyə sərmayə axını, ixracın genişlənməsi və iş yerlərinin yara­dılması prosesini sürətləndirəcək. Bununla bərabər 4-cü sənaye inqilabının texnologiyalarının ölkəyə transfer edilməsini də şərtləndirəcək.

Şübhəsiz ki, qeyri-neft iq­tisadiyyatında nəzərə çarpan müsbət dinamika müvafiq sahədə aparılan islahatların məntiqi nəticəsidir. Belə ki, Azərbaycanın regionda güclü sənaye mərkəzinə çevrilməsini təmin etmək məqsədi ilə “Azərbaycan Respublika­sında sənayenin inkişafına dair 2015–2020-ci illər üçün Dövlət Proqramı” hazırlanıb. Sənaye sahələri modernləşdirilib və struk­turu təkmilləşdirilib, yüksək əlavə dəyər yaradan rəqabətqabiliyyətli, elmtutumlu və innovativ istehsalı genişləndirilib. Sənayedə istehsalın diversifikasiyası genişləndirilib, müasir texnologiyalara əsaslanan rəqabətqabiliyyətli sənaye parkları və sənaye məhəlləsi fəaliyyətə başlayıb.

Bütün bunlarla bərabər, kosmik sənaye quruculuğu inkişaf etdiri­lib, “Azərbaycan Respublikasında peyk vasitəsilə Yerin məsafədən müşahidəsi xidmətlərinin inkişa­fına dair 2019-2022-ci illər üçün Dövlət Proqramı” hazırlanıb, peyk xidmətlərinin ixracına başlanılıb. Qeyri-neft sənayesinin əsas halqa­larını formalaşdıran maşınqayırma, avadanlıq istehsalı, cihazqayırma və tikinti materiallarının istehsalı sahələrində yeni rəqabətqabiliyyətli müəssisələr yaradılıb, o cümlədən, Gəncədə traktor və kənd təsərrüfatı texnikası, Naxçıvanda avtomobil, Mingəçevirdə elektron avadanlıqlar, Sumqayıtda günəş panelləri, Qaradağda metal kons­truksiyalar, Hacıqabulda seramik plitələr istehsalı müəssisələri qurulub. Eyni zamanda, Bakıda və regionlarda toxuculuq, geyim isteh­salı, dəri məmulatları və ayaqqabı istehsalı, kağız və karton istehsalı, mebel istehsalı və digər qeyri-neft emal sənayesi sahələrində fəaliyyət göstərən yeni müəssisələr tikilib istifadəyə verilib.

Onu da qeyd edək ki, ölkədə güclü müdafiə sənayesinin qurul­ması istiqamətində 50-yə yaxın yeni istehsal sahəsi yaradılıb, hərbi təyinatlı məhsullarla yanaşı, mülki məmulatların da istehsalı təşkil olunub. Eyni zamanda, ərzaq məhsullarının istehsalı sahəsində İmişlidə şəkər zavodu, Abşeron­da duz zavodu, Sumqayıtda bitki yağları emalı zavodu, Oğuzda qarğıdalı emalı və qlükoza istehsalı zavodu, müxtəlif bölgələrdə süd kombinatları, konserv zavodları və digər müəssisələr istismara verilib, Ələt azad iqtisadi zonası fəaliyyətə başlayıb.

Ölkəmizdə tranzit potensialının reallaşdırılması istiqamətində də irimiqyaslı layihələr həyata keçirilib, o cümlədən, Avropa–Qafqaz–Asiya (TRASECA) nəqliyyat dəhlizinin fəaliyyəti gücləndirilib, Bakı-Tbilisi-Qars dəmir yolu istismara verilib, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı kompleksində Ro-Ro termi­nalının açılışı olub, Şimal–Cənub, Şərq–Qərb nəqliyyat dəhlizləri üzrə magistral yolların tikintisi layihələri uğurla davam etdirilib.

Tarixi İpək yolu üzərində geniş iqtisadi zolağın yaradılmasının fəal dəstəkçisi olan Azərbaycan, həm də ötən dövrdə digər dəhlizlərlə müqayisədə yüklərin ölkəmizin ərazisindən keçməklə müxtəlif istiqamətlərə tranzit daşımalarının səmərəli təşkilinə etibarlı şərait ya­radıb, daha əlverişli şərtlərlə qısa müddətdə, təhlükəsiz və vaxtında çatdırılmasına, tranzit daşımaların həcminin dəfələrlə artmasına nail olub.

Hazırda dünyanın bir sıra ölkələri tərəfindən Azərbaycanın tranzit imkanları yüksək qiymətləndirilir. Məsələn, Çin və Avropa arasında yükdaşımalarda Şərq–Qərb marşrutundan və onun tərkib hissəsi kimi Azərbaycanın nəqliyyat-tranzit potensialından istifadə edilməsi vaxt və maliyyə baxımından daha sərfəli olduğu bildirilir. Ona görə də Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun yaradılması ölkəmizin mühüm tranzit uğurlarından sayılır. Bu marşrut 2014-cü ilin fevral ayında Azərbaycan, Qazaxıstan və Gür­cüstanın yükdaşımalarda iştirak edən müvafiq qurumlarının birgə təşəbbüsü ilə yaradılıb. Daha son­ra Ukrayna, Rumıniya və Polşanın da aidiyyəti qurumları Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutuna qoşulub. Hazırda bu marşrut Çin-Qazaxıstan sərhədindən başla­yaraq Qazaxıstan, Xəzər dənizi, Azərbaycan və Gürcüstandan keçməklə Avropa ölkələrinə qədər uzanır.

Respublikamızın Avrasiyanın əhəmiyyətli nəqliyyat-logistika mərkəzlərindən birinə çevrilməsinə yönələn irimiqyaslı infrastruktur layihələri, o cümlədən, Xəzərdə ən böyük Bakı Beynəlxalq Dəniz Ticarət Limanının istifadəyə verilməsi də son illər Azərbaycanda məqsədyönlü strateji planın uğurla reallaşdırılmasının bariz ifadəsidir.

V.BAYRAMOV,

“Xalq qəzeti”

21 Sentyabr 2021 00:05 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə