Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Qüdrətli Azərbaycan güclü region deməkdir

 

 Bu günə qədər bütün təşəbbüslərimiz, bütün planlarımız həyatda öz əksini tapıb. Elə bir təşəbbüs olmayıb ki, o, reallığa çevrilməsin. Ən çətin layihələr, transmilli layihələr, çox çətin geosiyasi vəziyyətdə həyata keçirdiyimiz layihələr uğurla başa çatıb.

İlham ƏLIYEV

Azərbaycan Respublikasının Prezidenti

 

 

 Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı silahlı qüvvələrimiz keçən ilin payızında qəsbkar Ermənistana cəmi 44 gün ərzində qalib gələrək, 30 ilə yaxın bir müddətdə işğal altında saxlanılan torpaqlarımızı düşməndən təmizlədi. Bununla da Azərbaycan özünün beynəlxalq səviyyədə tanınan ərazi bütövlüyünü və suverenliyini təmin etdi, eləcə də, BMT Təhlükəsizlik Şurasının qətnamələrini öz gücünə yerinə yetirdi.

 

 Dövlətimizin başçısı çıxışlarının birində bu barədə deyib: “1993-cü ildə BMT Təhlükəsizlik Şurası Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərindən tam, dərhal və qeyd-şərtsiz çıxarılma­sını tələb edən 4 qətnamə qəbul etmişdir. Lakin həmin qətnamələr heç vaxt Ermənistan tərəfindən icra edilməmişdir. Mən ikili standartla­ra yol verilməməsi üçün tərəfdaş ölkələri BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icra mexanizmlərinin təklif edilməsi və hazırlanması səylərinə qoşulmağa dəvət edirəm. Biz Təhlükəsizlik Şurasının bəzi qətnamələrinin bir neçə gün ərzində icra edildiyinin şahidi olmuşuq. Azərbaycana gəldikdə isə həmin qətnamələr 27 il ərzində yerinə yetirilməmiş qaldı. Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərinə Ermənistanın əməl edəcəyinə dair heç bir ümid yox idi. Bütün bu illər ərzində Ermənistana qarşı heç bir təzyiq olmamış və sanksiyalar tətbiq edilməmişdir”.

Ermənistan belə bir cəzasızlıq mühitində uzun illər avantürist siyasətini davam etdirib, Azərbaycanı yeni ərazilərini işğal edəcəyi ilə hədələyib, təxribatlar törədib, dün­ya birliyi isə vurğuladığımız kimi, düşmənin bu qəsbkarlığı qarşı­sında susub, bir çox hallarda isə məsələyə ikili standartlarla yana­şıb. Belə vəziyyət isə son nəticədə Ermənistanın beynəlxalq hüquqa hörmətsiz münasibət göstərməsinə gətirib çıxarıb.

İşğal dövründə Azərbaycanın bütün şəhər və kəndləri yerlə-yeksan edilib, dağıdılıb, təbii resurslarımız ta­lanıb. Bütün bunlarla kifayətlənməyən işğalçı əraziləri minalamaqdan da çəkinməyib.

Onu da deyək ki, böhranla üzləşən iqtisadiyyata malik olan, sosial problemlər məngənəsində çabalayan, xarici borc və kredit bataqlığında boğulan Ermənistanın uzun illər bütün maddi resursunu silah-sursata sərf etməsi, ölkəmizə qarşı işğalçılıq siyasəti yürütməsi Azərbaycanın, eləcə də, bütün regi­onun sosial-iqtisadi sahələrinə mənfi təsir göstərib.

Hazırda Azərbaycanın qarşısında duran əsas vəzifələrdən biri ölkəmizin Vətən müharibəsində parlaq qələbə nəticəsində işğaldan azad edilən ərazilərinin respublikanın ümumi iqtisadiyyatına reinteqrasiyasına, yeni beynəlxalq və regional nəqliyyat-logistika dəhlizlərinin imkanların­dan faydalanmasına nail olmaqdır. Bu isə yaxın gələcəkdə regionda təhlükəsizliyin, sabitliyin, rifahın və qarşılıqlı faydalı əməkdaşlığın forma­laşmasını, eləcə də, Cənubi Qafqazın lider dövləti olan Azərbaycanın bölgə iqtisadiyyatının ümumi arxitekturası­nın müəyyənləşdirilməsini reallaşdır­maq deməkdir.

Azərbaycan bu gün Ermənistanın işğalçılıq siyasəti nəticəsində yaranan Qarabağ bölgəsinin ağır problemlərini aradan qaldırır. Eyni zamanda, həmişə olduğu kimi, yenə də sağlam qonşuluq münasibətlərinin qurul­masının tərəfdarı olduğunu bildirir. Bununla bağlı Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladığı 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatda nəzərdə tutulan tədbirlərin reallaşdırılmasını diqqətdə saxlayır. Başqa sözlə, ölkəmiz bu sənədin tam əməli icrasına və Ermənistan– Azərbaycan arasında dövlətlərarası münasibətlərin normallaşdırılması əsasında bu qanlı münaqişənin yaralarının sağaldılmasına böyük əhəmiyyət verir.

Yeri gəlmişkən, burada bir məsələyə xüsusi diqqət yetirmək istərdik. Hərbi əməliyyatların bitməsindən, Vətən müharibəsində parlaq qələbəmizdən sonra Prezident İlham Əliyevin mütəmadi olaraq işğaldan azad olunan rayonlara səfər etməsi dövlət başçısının uzun illər düşmənin nəzarətində qalan və xara­balığa çevrilən yaşayış sahələrimizin bərpa-quruculuq işlərinə nə dərəcədə həssas yanaşdığını göstərir.

Artıq işğaldan azad edilən şəhər və rayonların bərpası istiqamətində mühüm layihələrin reallaşdırılmasına başlanılıb. Ölkə Prezidentinin tapşı­rığı əsasında Qarabağ bölgəsində “yaşıl enerji” zonasının yaradılmasına start verilib. “Ağıllı kənd” konsepsi­yasının tətbiqi ilə əlaqədar mərasim keçirilib. Bununla da artıq düşməndən təmizlənən ərazilərə “Böyük qayıdış” başlanıb.

İşğaldan azad edilən ərazilərimizdə yeni hava limanları­nın inşa olunması da bu torpaqlarda yaşayış sahələrinin salınmasının sürətlə aparılmasına, məskunlaşacaq keçmiş məcburu köçkünlərin sosi­al şəraitlərinin yaxşılaşmasına öz müsbət təsirini göstərəcək. Aeroport­ların tikilməsi, təbii ki, Azərbaycanın regionda dayanıqlı sülh və təhlükəsizliyi təmin etmək baxımın­dan da mühüm önəm daşıyacaq.

Azərbaycanın regionda sülh və təhlükəsizliyin təmin edilməsində ma­raqlı olduğunu bir məqam da aydın göstərir. Belə ki, respublikamız bu gün Avrasiyada enerji təhlükəsizliyini təmin edən mühüm tərəfdaş ölkədir. Bu məsələdə Cənub Qaz Dəhlizi önəmli rol oynayır. Dəhliz ötən il dekabrın 31-də istismara verilib. Yeddi ölkəni birləşdirən 3500 kilometr uzunluğunda Cənub Qaz Dəhlizi dün­yanın ən böyük enerji infrastrukturu layihələrindən biridir.

Azərbaycanda son 18 ildə nəqliyyat infrastrukturunun inkişafı ilə bağlı irimiqyaslı layihələr həyata keçirilib, bu sahəyə böyük həcmli dövlət investisiyaları yönəldilib. Başqa sözlə, avtomobil yollarının və dəmir-yolu xətlərinin, xüsusilə Gürcüstan, Rusiya və İran istiqamətində ölkə ərazisindən keçən magistral yolla­rın beynəlxalq standartlar əsasında yenidən qurulması, paytaxtda, habelə regionlarda beynəlxalq hava limanla­rının, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının tikintisi, Şərq–Qərb və Şimal–Cənub nəqliyyat dəhlizlərinin inkişafı istiqamətində gerçəkləşdirilən layihələr Azərbaycanın nəqliyyat infrastrukturunun müasirləşməsində əhəmiyyətli rol oynamaqla yanaşı, respublikamızın tranzit potensialını daha da gücləndirib.

Bakı–Tbilisi–Qars (BTQ) dəmiryolu da region üçün strate­ji əhəmiyyətə malikdir, konteyner daşımaları, Avrasiyaboyu multimodal nəqliyyatın həcminin artırılması və Asiyadan Avropaya istiqamətlənən karqo axınları üçün rəqabətqabiliyyətli bağlantını təmin edir. Asiya və Avropa arasında ən qısa marşrutu reallaş­dırmaqla BTQ dəmiryolu bağlantısı gələcəkdə bir neçə milyon ton karqo daşınmasınının reallaşdırılması məqsədi daşıyır.

Onu da qeyd edək ki, indiyədək həyata keçirilən layihələr çərçivəsində Bakı–Tbilisi–Ceyhan, Bakı–Tbilisi– Ərzurum neft-qaz kəmərlərinin istifadəyə verilməsi nəinki Azərbaycanın və Türkiyənin, hətta digər ölkələrin enerji təhlükəsizliyinin təmin edilməsində müstəsna rol oynayıb.

Prezident İlham Əliyevin rəhbərliyi ilə son 18 ildə Azərbaycanda qeyri-neft sektorunun inkişafının təmin olunması, iqtisadiyyatın müxtəlif sahələrinin şaxələndirilməsi, ölkəmizin ixrac potensialının artırılma­sı, xarici investisiyanın cəlb edilməsi, biznes və investisiya mühitinin daha da yaxşılaşdırılması istiqamətində çox vacib layihələr icra olunub.

Onu da qeyd edək ki, Azərbaycanın hazırda region dövlətlərindən biri olaraq, istər Çin, istərsə də İranla müxtəlif sahələri əhatə edən əməkdaşlıq əlaqələri var. Hər iki dövlətlə nəqliyyat-tranzit, ticarət, sənaye, turizm sahələrində əməkdaşlıq respublikamız üçün prioritet siyasi xətdir. Prezident İlham Əliyevin qlobal xarakter daşıyan siyasi və iqtisadi məsələlərə diqqətlə yanaşmasının nəticəsidir ki, ölkəmiz bir tərəfdən Çinin təklif etdiyi “Bir kəmər, bir yol” layihəsinə qoşulmaqla Asiya ilə Avropa arasındakı iqtisadi əlaqələrdə dayaq məntəqəsinə, digər tərəfdən də İranın da iştirak etdiyi “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi layihəsinə qoşularaq logistika mərkəzinə çevrilir.

Yeri gəlmişkən, 44 günlük Vətən müharibəsində Azərbaycan Ermənistanın işğalında qalan ərazilərini azad edib ki, bu da qlobal iqtisadi proseslərdə yeni reallığın yaranmasına gətirib çıxarıb. Belə bir şərait Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın əsas ərazisini birləşdirən dəmir və avtomobil yolla­rının tezliklə bərpa edilərək istifadəyə verilməsini gerçəkləşdirəcək. Bu yollar, eyni zamanda, Çinə Orta Asiya–Azərbaycan–Türkiyə–Avropa tranzit-nəqliyyat xəttindən istifadə etmək imkanı yaradacaq.

 

Azərbaycan və Rusiya prezidentlərinin, Ermənistanın baş naziri­nin 2020-ci il noyabrın 10-da imzaladıqları bəyanatda razılaşdırılan istiqamətlər siyahısında sözügedən yolların keçəcəyi Zəngəzur dəhlizinin yaradılması da mühüm yer alıb. Bu dəhlizin əhəmiyyəti barədə dövlətimizin başçısı deyib: “Naxçıvanda keçirilmiş Zirvə görüşündə mən demişdim ki, vaxtilə Zəngəzuru Azərbaycandan alıb Ermənistana birləşdirmək türk dünyasının coğrafi parçalanması idi. Çünki əgər xəritəyə baxsaq görərik ki, sanki bizim bədənimizə xəncər saplanmışdır, türk dünyası parçalanmışdır. Qədim Azərbaycan torpağı olan Zəngəzur indi türk dünyası­nın birləşməsi rolunu oynayacaq. Çünki Zəngəzurdan keçən nəqliyyat, kommuni­kasiya, infrastruktur layihələri bütün türk dünyasını birləşdirəcək, eyni zamanda, digər ölkələr üçün əlavə imkanlar yara­dacaq, o cümlədən, Ermənistan üçün. Ermənistanın hazırda onun müttəfiqi olan Rusiya ilə dəmiryolu əlaqəsi yox­dur. Bu dəmir yolu əlaqəsi Azərbaycan ərazisindən yarana bilər. Ermənistanın onun qonşusu olan İranla dəmir yolu əlaqəsi yoxdur. Naxçıvan vasitəsilə bu dəmir yolu təmin edilə bilər. Azərbaycan Naxçıvan Muxtar Respublikası vasitəsilə Türkiyə ilə birləşir, Orta Asiya Avropa ilə birləşir. Yəni, yeni nəqliyyat dəhlizi yaran­maqdadır. Artıq Azərbaycan bu işlərə start vermişdir. Əminəm ki, tərəfdaş ölkələr də bu imkanlardan istifadə edəcəklər”.

Göründüyü kimi, artıq bölgədə yeni nəqliyyat və infrastruktur xəritəsi forma­laşmasına başlanılıb. Təsadüfi deyil ki, Azərbaycan müstəqillik əldə etdikdən indiyədək Asiya və Avropanı birləşdirən yüksək əhəmiyyətli nəqliyyat dəhlizləri yaradıb. Məhz ölkəmizin təşəbbüsü ilə reallaşdırılan Şimal-Cənub, Şərq-Qərb və Cənub-Şimal nəqliyyat dəhlizləri qitələrarası daşınmaların həyata keçirilməsini gerçəkləşdirib. Bu nəqliyyat dəhlizləri istifadəyə verildiyi vaxtdan tarixi İpək yolunun bərpasında mühüm önəm daşıyıb.

Prezident İlham Əliyev dəfələrlə çı­xışlarında Azərbaycanın bölgədə ölkələr arasında kommunikasiya xətlərinin üzərində yerləşdiyini və bu istiqamətdə böyük işlərin görüldüyünü xatırlada­raq, Qarabağın uzunmüddətli inkişafı, burada sabitliyin möhkəmləndirilməsi və müharibə risklərinin sıfra endirilməsi üçün nəqliyyat layihələrinin xüsusi rolunu xatırladıb, eyni zamanda, bu layihələrin icrasına qoşulacaq bütün ölkələrin bun­dan ancaq xeyir götürəcəyini, faydalana­cağını vurğulayıb: “Azərbaycan Naxçı­vanla, Türkiyə ilə birləşir. Eyni zamanda, Rusiyadan Ermənistana dəmiryolu xətti açıla bilər. Bu xətt yalnız Azərbaycan ərazisindən keçə bilər. Həmçinin Rusiya ilə İran arasında Naxçıvan ərazisi ilə dəmiryolu bağlantısı olacaq. İran ilə Ermənistan arasında dəmiryolu bağlantısı olacaq. Türkiyə ilə Rusiya arasında dəmir yolu bağlantısı olacaq. Yəni, bütün bölgə ölkələri bundan ancaq xeyir görəcəklər...”.

Vaqif BAYRAMOV,

“Xalq qəzeti”

21 Sentyabr 2021 00:45 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə