Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Akademik Xoşbəxt Yusifzadə” tankeri suya salınıb

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) sifarişi ilə “Bakı Gəmiqayırma Zavodu” MMC-də (BGZ) inşa edilən “Akademik Xoşbəxt Yusifzadə” neftdaşıyan tankeri inşasının növbəti mərhələsinə qədəm qoyub.

ASCO-dan "Xalq qəzeti"nə bildirilib ki, bu məqsədlə gəmi zavodun tikinti-quraşdırma sahəsindən üzən dok üzərindən hidravlik arabacıqlar vasitəsilə suya salınıb.

Sentyabrın 20-də “Neftçilər Günü”ndə baş tutan suyasalınma mərasimində ASCO-nun sədri Rauf Vəliyev, BGZ-nin baş meneceri İmanverdi Həsənovla yanaşı, hər iki qurumun əməkdaşları və Azərbaycan Dövlət Dəniz Akademiyasının (ADDA) əlaçı tələbələri iştirak ediblər.

ASCO sədri Rauf Vəliyev bildirib ki, tikintisinin növbəti mərhələsinin aparılması üçün suya salınan gəmiyə Prezident İlham Əliyevin 2020-ci il yanvarın 15-də imzaladığı Sərəncama uyğun olaraq neft sənayesinin canlı əfsanəsi, görkəmli neftçi-alim və geoloq, SOCAR-ın birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadənin adı verilib. Bu, ASCO-nun sifarişi ilə Bakı Gəmiqayırma Zavodunda inşa olunan sayca üçüncü tankerdir. Bundan öncə Zavodda eyni tipli “Laçın” və “Kəlbəcər” tankerləri uğurla inşa edilərək təhvil verilib.

Rauf Vəliyev qeyd edib ki, ümumilikdə son 8 ildə ASCO-nun donanmalarına 18 yeni gəmi əlavə olunub. Həmin gəmilərdən 10 ədədinin tikintisi üzrə sifariş Bakı Gəmiqayırma Zavodunda yerləşdirilib və bu istiqamətdə əməkdaşlıq bundan sonra da davam etdiriləcək. Bunun üçün həm xüsusi dövlət dəstəyi və qayğısı var, həm də kifayət qədər kadr potensialı mövcuddur. Sevindirici haldır ki, bu sahədə fəal rol oynayan çoxsaylı gənclər sırasında Azərbaycan Dövlət Dəniz Akademiyasının məzunları da yer alır.

Həm ASCO, həm də BGZ ailəsini gəminin suyasalınması münasibətilə təbrik edən sədr tikinti prosesində iştirak edən hər kəsə təşəkkürünü bildirib, onlara işlərində uğurlar arzulayıb.

Daha sonra çıxış edən BGZ-nin baş meneceri İmanverdi Həsənov yerli gəmiqayırma sənayesinin mövcud imkanlarından, eləcə də gələcək hədəflərdən danışıb. Qeyd edib ki, fəaliyyətini durmadan genişləndirən Zavod qarşıya qoyulan tapşırıqları vaxtında, yüksək peşəkarlıqla yerinə yetirir.

O vurğulayıb ki, ASCO ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən layihələr ölkəmiz üçün böyük əhəmiyyət kəsb edir. Ən əsası, inşa olunaraq təhvil verilən gəmilər hər birimizdə böyük iftixar, qürur hissi yaradır.

Tədbirdə “Akademik Xoşbəxt Yusifzadə” tankerinin parametrləri və texniki göstəriciləri barədə də ətraflı məlumat verilib. Bildirilib ki, gəminin konsepsiyası Odessa Dəniz Mühəndisliyi Bürosu və ASCO-nun təcrübəli mütəxəssisləri ilə birgə hazırlanıb. Volqa-Don MAX layihəsi olan gəmi maksimum yükgötürmə qabiliyyəti ilə Volqa-Don çayından keçmək imkanına malikdir. “Akademik Xoşbəxt Yusifzadə” tankerinin uzunluğu 141 metr, eni 16,9 metr, bortunun hündürlüyü isə 6 metrdir. 15 nəfərlik heyətlə idarə edilən gəmi saatda 10 uzel sürətlə hərəkət edə biləcək. Tanker xam neft və neft məhsulları daşınması üçün nəzərdə tutulmuş ümumi tutumu 9212 kub metr olan 6 yük çəninə malikdir. Dedveyti dənizdə 7,875 T və çayda 5,447 T olan gəmi hər biri 1,200 kW gücə malik iki ədəd “Wartsila” istehsalı mühərriklərlə təchiz edilib.

Çıxışlardan sonra “Akademik Xoşbəxt Yusifzadə” tankeri tikintisinin növbəti mərhələsinin davam etdirilməsi məqsədilə suya salınıb. Suya salınmaq üçün müvafiq düymə ADDA tələbələri və Zavod əməkdaşlarını tərəfindən sıxılıb.

Qeyd edək ki, tədbir çərçivəsində ADDA tələbələri Bakı Gəmiqayırma Zavodunun fəaliyyəti və burada tikilən yeni gəmilərlə yaxından tanış olublar.

20 Sentyabr 2021 22:35 - İQTİSADİYYAT
İQTİSADİYYAT

Köhnə versiyamızdan xəbərləri izlə