Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Türkiyənin səfiri qardaş ölkədəki meşə yanğınlarının söndürülməsindəki köməyə görə Azərbaycan dövlətinə təşəkkür edib

Sentyabrın 20-də Azərbaycanın fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı ilə görüşüb.

Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən "Xalq qəzeti"nə bildiriblər ki, nazir Kəmaləddin Heydərov səfir Cahit Bağçıya ölkələrimiz arasındakı qardaşlıq və dostluq əlaqələrindən bəhs edib. Xüsusi vurğulayıb ki, Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında mövcud səmimi qardaşlıq münasibətləri ölkələrimiz arasındakı əlaqələri keyfiyyətcə daha yüksək səviyyəyə qaldırıb.

Səmimi görüşə görə təşəkkürünü bildirən səfir Cahit Bağçı Azərbaycan ilə Türkiyə arasındakı yüksək səviyyəli qardaşlıq və dostluq münasibətlərinin daha da genişləndirilməsi üçün hər iki ölkə başçılarının gördüyü çoxşaxəli fəaliyyəti qeyd edib. Səfir çətin günlərdə hər zaman bir-birinə qardaşlıq əlini uzadan iki ölkə arasındakı bu münasibətlər çərçivəsində bu ilin iyul-avqust aylarında Türkiyənin müxtəlif bölgələrində baş vermiş güclü meşə yanğınlarının söndürülməsi üçün Prezident İlham Əliyevin tapşırığı əsasında göstərilmiş böyük köməyə görə Azərbaycan dövlətinə təşəkkürünü bildirib. Azərbaycanlı yanğınsöndürən-xilasedicilərə peşəkar və fədakar fəaliyyətlərinə görə minnətdarlığını bildirən səfir Türkiyənin də hər zaman qardaş Azərbaycanın yanında olduğunu vurğulayıb.

Nazir K.Heydərov göstərdiyi diqqətə və minnətdarlığa görə Türkiyə səfiri Cahit Bağçıya təşəkkür edib və qardaş ölkədəki güclü meşə yanğınlarının söndürülməsi üçün zəruri köməyin göstərilməsi ilə bağlı dövlətimizin başçısı İlham Əliyevin Fövqəladə Hallar Nazirliyinə verdiyi tapşırığın uğurla yerinə yetirilməsi üçün bütün lazımi tədbirlərin görüldüyünü qeyd edib. O, yanğınsöndürmə əməliyyatlarını müvəffəqiyyətlə yerinə yetirmiş Azərbaycan FHN-in Türkiyədə meşə yanğınlarının söndürülməsində iştirak etmiş əməkdaşlarının mükafatlandırılması və əməliyyatlarda fərqlənmiş əməkdaşların təltif olunmaları barədə Azərbaycan Prezidentinin imzaladığı sərəncamları xatırladaraq, dövlətimizin başçısının bu ali diqqət və qayğısının nazirliyin şəxsi heyətinin daha böyük əzm və səylə fəaliyyət göstərməyə həvəsləndirdiyini qeyd edib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə olunub.

20 Sentyabr 2021 19:07 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə