Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İndoneziya saytları “Yeni Əsrin müqaviləsi”nə həsr olunan məqalələr yayıb

İndoneziya saytları “Yeni Əsrin müqaviləsi”nin dördüncü ildönümünə həsr olunan məqalələr yayıb.

"Xalq qəzeti" AZƏRTAC-a istinadən xəbər verir ki, İndoneziyanın “gpriority.co.id”, “janoerkoening.com”, “indeksnews.com”, “teropongpost.co.id” və “koranpelita.com” saytlarının yaydığı məqalələrdə Azərbaycanın neft strategiyasının şanlı səhifəsinə çevrilən müqavilənin mühüm əhəmiyyətindən bəhs edilir.

Tarixə ekskurs edilərək 1994-cü ildə “Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında” Dövlət Neft Şirkəti ilə dünyanın tanınmış neft şirkətləri arasında imzalanan ilk müqavilə bərədə ətraflı məlumat verilir. Qeyd edilir ki, təxminən 400 səhifə həcmində olan və 4 dildə tərtib edilən müqavilə öz tarixi, siyasi və beynəlxalq əhəmiyyətinə görə “Əsrin müqaviləsi” adını alıb. Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə dünyanın 8 ölkəsini təmsil edən şirkətlər tərəfindən imzalan sənədin Azərbaycanın tarixi salnaməsinə neft strategiyasının şanlı səhifəsi kimi yazıldığı qeyd edilir. Vurğulanır ki, bu müqavilə ilə müstəqil Azərbaycan dövlətinin neft strategiyası və doktrinasının əsası qoyulub.

Bu qlobal layihə Azərbaycanın suveren dövlət kimi öz təbii sərvətlərinə sahib çıxmaq, milli mənafelərini, iqtisadi və strateji maraqlarını müdafiə etmək əzmini bütün dünyaya göstərib, dövlət müstəqilliyinin mühüm təminatına çevrilib.

Məqalələrdə qeyd edilir ki, “Əsrin müqaviləsi”ndən sonra xarici şirkətlər ilə daha 34 saziş imzalanıb. Həmin sazişlər çərçivəsində 1995-2013-cü illərdə Azərbaycanın neft-qaz sektoruna təqribən 51,6 milyard dollardan çox sərmayə yatırılıb.

Hazırda Azərbaycandan neft və neft məhsullarının dünyanın 30 ölkəsinə, qazın isə Gürcüstana, Türkiyə və digər ölkələrə nəql edildiyi vurğulanır.

Yazılarda 2017-ci il sentyabrın 14-də Prezident İlham Əliyevin iştirakı ilə Bakıda Xəzər dənizinin Azərbaycan sektorundakı “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında düzəliş edilmiş və yenidən tərtib olunmuş sazişin imzalanması mərasiminin keçirilməsinə xüsusi diqqət yetirilir. Bildirilir ki, yeni sazişi Azərbaycan hökumətinin, SOCAR-ın, BP, “Chevron”, “Inpex”, “Statoil”, “ExxonMobil”, “TP”, “Itochu” və “ONGC Videsh” şirkətlərinin rəsmiləri imzalayıblar. “Yeni Əsrin müqaviləsi” adını alan sazişə əsasən BP layihənin operatoru olaraq qalıb. Sənəd Milli Məclis tərəfindən oktyabrın 31-də ratifikasiya olunub.

Məqalələrdə 14 sentyabrın ölkəmizin həyatında çox əlamətdar və tarixi bir gün olduğu, bununla AÇG yataqlar blokunun işlənilməsində yeni dövrün başladığı vurğulanır. Bildirilir ki, sazişə əsasən SOCAR-ın AÇG-dəki iştirak payı 11,65 faizdən 25 faizə qaldırılıb və beynəlxalq tərəfdaş şirkətlər Dövlət Neft Fonduna 3,6 milyard dollar bonus ödəməyi öhdələrinə götürüblər.

Qeyd edilir ki, Azərbaycan Respublikası Neft Fondunun indiyədək (2001-ci ildən etibarən) AÇG layihəsi üzrə gəliri 152 milyard 893 milyon dollar olub.

Yazılarda vurğulanır ki, bu qazanılan nailiyyətlər “Əsrin müqaviləsi” imzalanandan bu günə qədər ulu öndər Heydər Əliyevin neft strategiyasının uğurla icra edildiyini bir daha təsdiq edir. Bu gün Azərbaycanın öz hesabına yaşamasında, kifayət qədər böyük valyuta ehtiyatlarının formalaşmasında və iqtisadiyyatın dinamik şəkildə inkişafında “Əsrin müqaviləsi”nin xüsusi rolu var. Böyük potensiala malik olan Azərbaycan bundan sonra da ancaq uğurla inkişaf edəcək.

20 Sentyabr 2021 10:21 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə