Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Sazın sehri, sözün qüdrəti

Aşiq Ələsgər – 200

 

Azərbaycan aşıq sənətinin ən görkəmli və məşhur sima­larından olan Aşıq Ələsgər 1821-ci ildə Göyçə mahalının Ağkilsə kəndində anadan olub. Atası Alməmməd kişi kəndin hörmətli şəxslərindən sayılıb. Bədahətən söz demək, şeir qoşmaq istedadı olan Alməmmədin əsas məşğuliyyəti dülgərlik olub. Ara-sıra qoşma, bayatı, gəraylı da söyləyib.

Uşaqları böyüdükcə, Alməmməd kişinin qayğıları da çoxalıb, ailəsinin ehtiyaclarını ödəməkdə çətinliyi artıb. Buna görə də böyük övladı Ələsgər 14 yaşından Kərbəlayi Qurban adlı bir varlı­nın yanında işləməyə başlayıb.

Təbiətcə mülayim, insanpərvər bir şəxs olan Kərbəlayi Qurbanın Səhnəbanı adında 10-12 yaşlı bir qızı olur. Yeniyetmə Ələsgərlə onun ara­sında mehriban, səmimi münasibət yaranır, sonra bu münasibət dərin bir sevgiyə çevrilir. Lakin Kərbəlayi Qur­banın Məhərrəm adlı imkanlı qardaşı Səhnəbanını öz oğluna almaq istədiyi üçün bu sevdadan xəbər tutan kimi, Ələsgəri oradan uzaqlaşdırıb, qızı öz oğluna alır.

Uşaqlıq və yeniyetməlik illərini Ağkilsə kəndində keçirən Aşıq Ələsgər xüsusi təhsil ala bilməyib. Lakin güc­lü yaddaş hesabına sənətin sirlərini, əsasən, el sənətkarlarından və ağsaq­qallardan öyrənib, görkəmli aşıqlardan dərs alıb. İlk şeirlərini də yeniyetməlik çağlarında aşıqların, xalq sənətkarlarının təsiri ilə söyləyib. İlk məhəbbəti daşa dəyəndən sonra isə ilhamı daha da coşub-çağlayıb, çalıb-oxumağa, söz deməyə meyli güclənib. “Köynəyinə”, “İncimərəm”, “Üzün bürümə”, “Yavaş get” və “Yetmədi” kimi şeirlərini nakam məhəbbətinə həsr edib.

Aşıq sənətinə bələd olan və xeyli qoşması olan Alməmməd kişi oğlu­nun bir neçə şeirini dinlədikdən sonra, səsinin də yaxşı olduğunu nəzərə alaraq, ona bir saz bağlatdırır, özünü də o vaxtlar Göyçənin məşhur aşığı qızılvəngli Aşıq Alıya şagird verir. Aşıq Alı çoxlu təcnis müəllifi kimi tanındı­ğından ona Təcnis Alı, Qurani Kərimi avazla oxuduğundan, dini təriqətlərdən, ayinlərdən xəbərdar olduğundan Şeyx Alı, müxtəlif otlardan, çiçəklərdən, bitki köklərindən dərman hazırlayıb xəstələri müalicə etdiyindən Təbib Alı deyirdilər.

Ələsgər Alının şagirdi olduğu müddətdə ondan aşıqlıq sənətinin sirləri ilə bərabər, ədəb və mərifət qaydalarını da dərindən öyrənir.

Aşıq Ələsgərin oğlu Talıb əmi ilə görüşlərimin birində o, Aşıq Alının 1880-ci illərdə bir neçə toy məclisində iştirak edərkən, çox zil və məlahətli səsinin şahidi olduğunu xatırladı. Daha sonra bildirdi ki, Aşıq Ələsgər tez-tez gedib ustadı ilə görüşüb hal-əhval tutar, söhbət edərdi. Aşıq Alı gözünün nurunu itirəndə də dədəm bu saz, söz xiridarını vaxtaşırı yoluxar, bazarlıq edib yanına gedərdi.

Talıb əmidən bir dəfə soruşdum ki, rəhmətlik atanızla Aşıq alının deyişməsi necə baş verib? Mənim bu sualı nə məqsədlə verdiyimi dəqiqləşdirdikdən sonra dedi ki, bu, Çaxırlı kəndində, Böyük Ağanın oğlu Aslan bəyin to­yunda olub. Əslində, dədəm ustadı ilə deyişmək istəməyib. Amma Dəli Şirin və Böyük Ağanın inadından sonra deyişmə gerçəkləşib. Aşıq Alının da bu işə sövq edilməsinə səbəb o olub ki, onun yaşı 90-nı keçdiyi, özü də dini yaxşı bildiyi üçün istəyiblər ki, bundan sonra mollalıq­la, axundluqla məşğul olsun. O isə aşıq­lıqdan ayrılmaq, uzaqlaşmaq istəmirdi. Bir sözlə, həmin vaxt ağsaqqalların məqsədi ustadları deyişdirmək yox, Şeyx Alını dini işlərlə məşğul olmağa razı salmaq idi. Təəssüf ki, sonralar bəzi aşıqlar haqsız olaraq, Dəli Şirini, Böyük Ağanı qınayırlar ki, onlar bu deyişməni təşkil ediblər. Elə dədəm də deyişməyə məcburən qol qoyub, ustadı ilə üz-üzə gəlmək istəməyib. Çünki Ələsgər Alının şagirdi olduğu müddətdə ondan aşıq­lıq sənətinin sirləri ilə bərabər, həm də ədəb və mərifət qaydalarını dərindən öyrənmişdi. Ona görə də dədəm böyük təvazökarlıqla ustadının qarşısında baş əyib, ona öz ehtiramını belə ifadə edib:

Bir şəyird ki, ustadına kəm baxa,

Onun gözlərinə qan damar, damar.

Talıb əmi onu da deyirdi ki, Aşıq Ələsgərdə çox iti hafizə və yaddaş vardı. Həccə gedən adamlardan so­ruşardı: “Məkkəyə gedib-gələndə nə etdin, nə eşitdin, nə gördün, hamısını dəqiq, təfsilatı ilə mənə danış”. Həmin söhbəti dədəm sonralar tam təfsilatı ilə nəql edərdi. Aşıq Alının şagirdi Aşıq Məhərrəmin xatırladığına görə, ustadın saatlarla danışdığı dastanı Ələsgər bir gün sonra olduğu kimi təkrar edərdi. Aşıq Alı məəttəl qalıb deyərmiş ki, Ələsgərin beyni sanki ağ dəftərdi, eşitdikləri ora yazılır. Aşıq Məhərrəm şagird yoldaşı Aşıq Ələsgər haqqında bir divanisində belə yazıb:

Düşdü eşqin atəşinə,

Yandı səməndər kimi.

Söz sinədə cuşa gəldi,

Cəm oldu dəftər kimi.

Heç mahalda ustad yoxdu,

Aşıq Ələsgər kimi.

Şagirdlik dövrünü başa vurduqdan sonra Ələsgər əvvəlcə Göyçədə aşıqlıq edib, ağır toy məclisləri aparıb. Tezliklə onun şöhrəti qonşu mahallara yayılıb. Ələsgər gözəl bir sənətkar kimi İrəvana, Naxçıvana, Qazaxa, Qarabağa, Cavan­şir ellərinə, Gəncə və Kəlbəcərə çağırı­lıb, məclislərdə yüksək mərifəti, ədəbi, yanıqlı səsi ilə hamını heyran qoyub.

Güclü müşahidə qabiliyyəti olan Ələsgər aşıq poeziyasına həm məzmun, həm forma rəngarəngliyi gətirib, təmiz, saf xalq dilindən həssaslıqla bəhrələnib. Aşıq yaradıcılığının bütün sahələrinə müraciət edib, aşıq şeirinin ən maraq­lı və mürəkkəb janrlarında bənzərsiz nümunələr yaradıb. Dodaqdəyməz, müxəmməs, qıfılbənd, təcnis, cı­ğalı təcnis, gəraylı, divani kimi şeir növlərində yazdığı şeirləri ilə əvəzsiz bir məktəb rolunu oynayıb.

Aşıq Ələsgər illər ötdükcə şöhrətlənib, ad-san qazanıb, ustad sənətkar kimi məşhurlaşıb. Tezliklə ətrafına çoxlu şəyirdlər toplaşıb, on­lara yorulmadan, usanmadan aşıqlıq sənətinin incəliklərini öyrədib. Həmin aşıqların çoxu sonralar görkəmli sənətkar kimi tanınıb, el-oba sevgisi qazanıb. Aşıq Ələsgər şeirlərinin birində bu barədə iftixar hissi ilə deyib:

Adım Ələsgərdi, mərdi-mərdana,

On iki şəyirdim işlər hər yana.

Bu böyük el sənətkarından söhbət açarkən, onun həyatı ilə bağlı bir məqamı da xatırlatmaq istərdim. Belə ki, o, ilk məhəbbətinə–Səhnəbanıya qovuşa bilməməsi səbəbindən 40 yaşına qədər subay qalıb, sonra Kəlbəcərin Yanşaq kəndindən Anaxanım adlı bir xanımla evlənib. El-obada qayğıkeş ailə başçı­sı kimi tanınıb, övladlarında torpağa, zəhmətə məhəbbət hissi aşılayıb. Bütün bunlarla bərabər, əməksevərliyi, halal­lığı, dürüstlüyü ilə caamatın rəğbətini, xətir-hörmətini qazanıb. Yaz-yay ay­larında əkinçiliklə, qışda isə aşıqlıqla məşğul olub. Lap qoca yaşlarında belə əkinçilikdən, yer şumlamaqdan, taxıl və ot biçininə getməkdən usanmayıb.

Aşıq Ələsgər həyatının sonlarında bir neçə bədbəxt hadisə ilə üzləşir. Xalası oğlu Molla Rəhimi Ələsgərin oğlu Bəşir bilmədən güllə ilə vurub öldürür. Bu hadisədən möhkəm təsirlənən aşıq deyir:

Nagah badi-sərsər əsdi üstümə,

Ömür bostanımın tağı kəsildi.

Öz əlimlə xəta dəydi özümə,

Bədəndən qolumun sağı kəsildi.

1915-ci ildə isə aşığın həyatında daha bir kədərli hadisə baş verir: Qarda­şı oğlu, həm də kürəkəni cavan yaşında vəfat edir. Bir il sonra oğlu Bəşir kəndin kovxasını güllə ilə vurub qaçır. Buna görə də aşığın qardaşı Xəlil və ortan­cıl oğlu Abduləzim həbs edilir. Bütün bu ağrı-acılı hadisələr Aşıq Ələsgərin qəlbində dərin iz buraxır…

1918–1919-cu illərdə daşnakların azərbaycanlılara qarşı törətdiyi qırğın nəticəsində Göyçə mahalının var-yoxu talanmış əhalisi öz dədə-baba yurdu­nu tərk edib köçkün həyatı yaşamağa məcbur olur. 1918-ci ildə qırğından xilas olmaq üçün Aşıq Ələsgər ailəsi ilə Kəlbəcərin Qanlı kəndinə köçür. Üç il orada yaşadıqdan sonra 1921-ci ildə yenidən Ağkilsəyə qayıdır, həyatının son illərini doğma kəndində yaşayır. Ömrü­nü ağır məclislərdə keçirən aşıq evdən bayıra çıxmır, tez-tez keçmiş günləri xatırlayır, dünya, həyat barədə düşünüb kədərlənir:

Səksəni, doxsanı keçibdir yaşım,

Əzrayıl həmdəmim, məzar yoldaşım.

Gor deyə tərpənir bəlalı başım,

Daha köç təbilin çal, qoca baxtım…

***

… Talıb əmi 1978-ci ildə 101 yaşın­da olarkən mənimlə söhbətində bildirdi ki, Aşıq Ələsgər 105 yaşında da çox sağlam idi. Amma üç ay sonra, 1926-cı il martın 4-də mənə gecə onu ölüm ağrısı tutduğunu, üç gündən sonra öləcəyini dedi: “Mən dədəmin həm dostu, həm şagirdi, həm də kiçik oğlu olduğumdan ağladım. Onda dədəm söylədi ki, oğul, ağlama, indi yaxşıyam. Heç kəsə də heç nə demə. Səhərisi gün Kəlbəcərə getmişdim, gəldim ki, həyat yoldaşım Zinyət ağlayır, soruşdum nə olub, dedi ki, əmim (yoldaşım Xəlil əmimin qızı idi) Bəşirə, Nəcəfə deyib ki, iki gündən sonra öləcəm, hazırlıq görün, qonaq çox olacaq, xəcalətli qalmayın. Hiss etdim ki, bu dünənki söhbətin davamıdır, dədəm köçə hazırlaşır… Bundan bir gün sonra əmim oğlanları Aşıq Nəcəf və Növrəs İman Zərzibil kəndindən yağ, bal alıb gətirdilər. Martın 7-də isə dədəm vəfat etdi. Yeddisində və qırxında Gəncədən, Borçalıdan, Qazaxdan, Kəlbəcərdən, Şəmkirdən Gədəbəydən, Dərələyəzdən, İrandan, Türkiyədən minlərlə adam gəldi...

***

Aşıq Ələsgərin zəngin yaradıcılığı hər zaman diqqət mərkəzində olub. İstər sağ vaxtında, istərsə də ölümündən son­ra şeirləri sevilib, öyrənilib, tədqiq edilib. Unudulmaz şairimiz Səməd Vurğun aşı­ğın yaradıcılığına yüksək qiymət verib, əksər şeirlərini əzbər bilib.

Xalq şairimizin Aşıq Ələsgərə olan sevgisinin təsdiqi olaraq bir əhvalatı xatırlatmaq istərdim. 1955 -ci ilin yay günlərinin birində Kəlbəcər Rayon Partiya Komitəsinin birinci katibi Səfər Verdiyev Aşıq Nəcəfə zəng edir ki, sabah Kəlbəcərdə ol, Səməd Vurğun qonaq gələcək, şairin sözlərindən oxuyarsan… Səməd Vurğunun şərəfinə məclis qurulur, ziyafət verilir. Bu zaman Aşıq Nəcəf məlahətli səslə, mahir çalğı ilə şairin “Dağlar” şeirini oxuyur. Səməd Vurğun soruşur ki, Səfər, bu aşıq kimdir, nə yaxşı səsi, çalğısı var? Səfər Verdi­yev də deyir ki, Aşıq Ələsgərin qardaşı Xəlilin oğlu Nəcəfdir. Səməd Vurğun da qayıdır ki, aşıq qardaş, əmin Ələsgərin “Dağlar”ının yanında mənim “Dağlar”ım təpəcikdir. Xahiş edirəm, dahi el sənətkarının “Dağlar”ından birini oxu. Bu sözdən sonra məclisdəkilər ayağa qalxıb Səməd Vurğunu alqışlayırlar…

***

Talıb əmi ilə çoxsaylı görüşlərimin birində o, mənim soy-kökümlə ma­raqlandı. Dedim ki, Göyçənin Arda­nış kəndindənəm. Hacı Qulu kişinin nəvəsiyəm, indi Gədəbəyin İvanovka kəndində yaşayıram. Dedi ki, oğul, 1914-cü ildə dədəm, daşkəndli Aşıq Nəcəf və mən Ardanışda Hacının qonağı olmuşuq, onu çox qonaqpərvər, zəhmətkeş insan kimi tanımışıq. Dədəm onun barəsində 12 bəndlik bir şeir deyib…

Söhbət əsnasında Talıb əmiyə tarixi bir faktı da xatırlatdım. Dedim ki, 15-ci əsrdə Uzun Həsən tarixçilərə özünün nəsil şəcərəsini tərtib etməyi tapşırıb. Müəyyən edilib ki, Uzun Həsənin 52-ci babası Göyçə mahalında yaşayıb. Onda Talıb əmi dedi ki, oğul, atam Aşıq Ələsgər də bizim şəcərəmizi yaxşı bilirdi. O da Şah İsmayılın, Uzun Həsənin nəslindən olduğumuzu söyləyirdi. Ulu babam Talıbxanın 17-ci əsrin sonunda İranın Sulduz vilayətindən Göyçəyə gəldiyini, dədəm onun adını mənə qoy­duğunu bildirirdi.

***

Aşıq Ələsgərin hal-xasiyyətinə bələd olanların dediyinə görə, o, peyğəmbər kimi bir adam olub. Xeyirxahlıqda, səxavətdə Hatəm kimi tanınıb. Zəka və zəhməti hesabına aşıq sənətinin zirvəsinə yüksəlib, xalq arasında namusla, mərifətlə dolanıb, qədim və müqəddəs aşıq sənətinə heç vaxt ləkə gətirən əməllərə yol verməyib. Ustad bununla bağlı deyib:

Yaxşı hörmət ilə, təmiz ad ilə,

Mən dolandım bütün Qafqaz elini.

Pirə ata dedim, cavana qardaş,

Ana-bacı bildim qızı-gəlini.

Aşıq Ələsgər mahalda böyük xətir-hörmət qazanmışdı. Hansı kəndə yolu düşürdüsə, orada sevgi-məhəbbətlə qarşılanardı. Qan davasını yatırardı, düşmənçiliyi aradan qaldırardı. Talıb əminin bununla bağlı danışdığı bir hadisəni xatırlatmaq istərdim: “1920-ci ildə Kəlbəcərin Ellazallar və Qanlı kəndləri arasında düşmənçilik var imiş. Hər iki tərəfdən olan ağsaqqallar bu düşmənçiliyi aradan qaldıra bilmirmişlər. Axırda dədəmin yanına gəlib ondan kömək umurlar. Aşığın barışdırıcı məsləhətləri, dostluq, mehribanlıq tövsiyyəsi bu kəndlərin arasında olan düşmənçiliyə birdəfəlik son qoyur…”.

***

Yuxarıdakı qeydləri yekunlaşdırıb deyə bilərəm ki, Aşıq Ələsgər çoxəsrlik keçmişə malik aşıq sənəti ənənələrinə ən yüksək bədii-estetik meyarlarla yeni məzmun qazandırıb, xalq ruhu ilə həmahəng əsərləri ilə Azərbaycanın mədəni sərvətlər xəzinəsinə misilsiz töhfələr bəxş edib. Sənətkarın doğma təbiətə məhəbbət və vətənpərvərlik hisslərini vəhdətdə aşılayan, ana dilimizin saflığını, məna potensialını və hüdudsuz ifadə imkanlarını özündə cəmləşdirən dərin koloritli yaradıcılığı Azərbaycan ədəbiyyatında xüsusi yer tutub.

Aşıq Ələsgər çox sayda yetirmələrindən ibarət bir məktəb forma­laşdırıb və gələcəyin məşhur el şairlərinə güclü təsir göstərib. Azərbaycan aşıq sənətinin ümumbəşəri dəyərlər sırasında qorunan dünya qeyri-maddi mədəni irs nümunələri siyahısına salınması da Aşıq Ələsgər sənətinə ehtiramın təzahürü kimi diqqət çəkib.

Aşığın zəngin poetik irsinin ge­niş tədqiqi, nəşri və təbliğinin mü­hüm mərhələsi mədəni-mənəvi dəyərlərimizin bütün daşıyıcılarına həmişə qədirbilənliklə yanaşan ümum­milli lider Heydər Əliyevin adı ilə bağlıdır. Sənətkarın yubileyləri məhz ulu öndərin təşəbbüsü ilə dövlət səviyyəsində qeyd edilib. Böyük söz ustadının respub­likamızda və onun hüdudlarından kənarda 150 illik yubiley mərasimləri keçirilərkən əlamətdar hadisə baş verib, azərbaycanlıların əzəli yurdlarından olan qədim Göyçə mahalında, doğul­duğu kənddə Aşıq Ələsgərin qəbirüstü abidəsi ucaldılıb. Həmin əzəmətli büst soydaşlarımız öz dədə-baba torpaqların­dan didərgin salındıqdan sonra erməni vandalları tərəfindən dağıdılsa da, milli-mədəni varlığımızın tərkib hissəsinə çevrilən Aşıq Ələsgər irsi silinməz tarixi yaddaş rəmzi kimi yaşamaqda davam edib.

Müstəqillik illərində də Aşıq Ələsgərə, bütövlükdə bu ulu sənətə ölkəmizdə diqqət və qayğı olub. Hələ 2009-cu ildə Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü və dəstəyilə aşıq sənəti UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edilib.

Aşıq Ələsgərin yaradıcılığı dini inanclarımıza sayğı, Vətənə və onun təbiətinə vurğunluq, cəhalətə, sosial ədalətsizliyə qarşı etiraz, məhəbbətə, dostluğa, sədaqətə, halal zəhmətə, düzlüyə çağırışdan ibarətdir. Öz zəngin və mənalı yaradıcılığı ilə ustad aşıq bu gün də qəlblərdə yaşayır.

Aşıq Ələsgər yaradıcılığı hər zaman bütün türk dünyası üçün önəmli rol oynayıb. O, çoxəsrlik keçmişə malik aşıq sənəti ənənələrinə bədii-estetik meyar­larla yeni məzmun qazandırıb. Prezi­dent İlham Əliyev bütün yuxarıda qeyd edilənləri nəzərə alaraq, Aşıq Ələsgərin 200 illik yubileyinin qeyd olunması ilə bağlı 18 fevral 2021-ci il tarixli sərəncam imzalayıb.

200 illik yubileyi ərəfəsində Bakı şəhərində Aşıq Ələsgərə abidə ucaldıl­ması ustad sənətkarın xatirəsinə misilsiz ehtiram nümunəsi olardı.

Həsən HƏSƏNOV,

kimya üzrə fəlsəfə doktoru, dosent

 

19 Sentyabr 2021 00:15 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT
17 Oktyabr 2021 | 00:44
Rəssamlıq sənətimizin korifeyi

Köhnə versiyamızdan xəbərləri izlə