Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Neft strategiyası Azərbaycan xalqına rifah gətirmişdir

 

 

Məlum olduğu kimi, 1994-cü il sentyabrın 20-də Bakıda “Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq”, “Günəşli” yataqlarının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasil olunan neftin pay şəklində bölüşdürülməsi” haqqında dünyanın 11 ən iri neft şirkəti ilə müqavilə bağlanmışdır.

Qeyd etmək lazımdır ki, “Əsrin müqaviləsi” həm karbohidrogen ehti­yatlarının miqdarına, həm də qoyulan sərmayələrin həcminə görə dünyada bağlanan ən iri sazişlər siyahısına daxil olmuşdur.

“Əsrin müqaviləsi” Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilmişdir və 12 dekabr 1994-cü ildə qüvvəyə minmiş­dir. İlk dəfə hesablanmış çıxarılabilən neft ehtiyatı 511 milyon ton olmuş, sonralar qiymətləndirici quyuların nəticələrinə görə bu ehtiyat 730 milyon tona çatmışdır və bununla əlaqədar yataqların işlənilməsinə tələb olunan sərmayə xərcləri 11,5 milyard ABŞ dolları qəbul edilmişdir.

“Əsrin müqaviləsi”nin ilk günlərindən başlayaraq Azərbaycan Beynəlxalq Əməliyyat şirkəti yaradıldı və təsdiq olunmuş vahid proqram üzrə ARDNŞ ilə birgə işlərə başlan­dı. Bu saziş sonradan dünyanın 19 ölkəsinin 41 neft şirkəti ilə 30-dan çox sazişin imzalanması üçün yol açdı.

İmzalanmış neft sazişləri üzrə Azərbaycanın neft sənayesinin inkişafı üçün nəzərdə tutulmuş 64 milyard ABŞ dolları qoyuluşunun 57,6 milyardı dəniz yataqlarının mənimsənilməsinə və perspektivli strukturlarda axtarış-kəşfiyyat işlərinin aparılmasına yönəldilmişdir.

1995-ci ildə ilkin neft hasilatı layihəsi çərçivəsində Çıraq-1 özülü qərb standartlarına uyğun olaraq bərpa olundu və böyük maillikli quyu­ların qazılması məqsədilə bu özülün üst modulu modernizə edilərək yeni qazma avadanlıqları ilə təchiz olundu. Yeni qazma qurğusu laylara hori­zontal quyuların qazılmasına imkan verdi. 1997-ci ildə “Çıraq” yatağından neft hasilatına başlandı. Buradan ha­sil olunan neft Bakı-Supsa kəməri ilə dünya bazarlarına nəql olunmuşdur.

1999-cu ilin noyabrında Türkiyənin İstanbul şəhərində keçirilmiş ATƏT-in Sammitində ABŞ, Türkiyə, Azərbaycan, Gürcüs­tan, Qazaxıstan və Türkmənistan prezidentləri tərəfindən Bakı–Tbi­lisi–Ceyhan (BTC) "Əsas İxrac Neft Kəməri"nin çəkilişi haqqında dövlətlərarası Müqavilə imzalanmış­dır.

2002-ci il sentyabrın 18-də Bakı­da, Səngəçal terminalında ulu öndər Heydər Əliyevin, Türkiyə və Gürcüs­tan prezidentlərinin iştirakı ilə Bakı–Tbilisi–Ceyhan ixrac neft kəmərinin təməl daşı qoyulmuş və tikintisinə başlanmışdır.

BTC-nin Azərbaycan hissəsinin Gürcüstan hissəsi ilə birləşdirilməsi 2004-cü ilin oktyabrında baş tutdu. 2006-cı il iyulun 13-də isə Türkiyənin Ceyhan şəhərində XXI əsrin ən böyük enerji layihəsi olan Heydər Əliyev adına Bakı–Tbilisi–Ceyhan əsas ixrac boru kəmərinin təntənəli açılış mərasimi keçirildi. BTC istisma­ra verilən gündən bu günə qədər on milyonlarla ton neft dünya bazarlarına nəql olunmuşdur.

“Əsrin müqaviləsi” üzrə nəql olunan neftdən gələn böyük gəlirlər Azərbaycanın regionda qüdrətli bir dövlətə çevrilməsinə səbəb olmuşdur. Bu illər ərzində Azərbaycan xalqı­nın rifahı nəzərəçarpan dərəcədə yüksəlmişdir.

Arif MƏHİDOV,

təqaüddə olan iqtisadçı mühəndis

19 Sentyabr 2021 00:02 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə