Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Əsrin müqaviləsi” Azərbaycanın çiçəklənməsinə böyük töhfələr verib

 

 

Azərbaycan müstəqillik qazandıqdan sonra Prezident Heydər Əliyevin rəhbərliyi ilə ölkədə yeni neft strategiyası formalaşdırılaraq onun icrasına başlanıldı. Bu strategiya bir tərəfdən, ölkənin iqtisadi maraqlarının təmin olunmasına, digər tərəfdən, siyasi müstəqilliyin möhkəmləndirilməsinə, müasir, güclü, davamlı iqtisadi inkişafa nail olunmasına gətirib çıxarmalı idi. Eyni zamanda, bu yolla xarici sərmayədarların Azərbaycanın neft yataqlarının işlənilməsinə cəlb edilməsi, xam neftin daşıma yollarının şaxələndirilməsi, neft gəlirlərinin səmərəli idarə olunması və Azərbaycanın yeni inkişaf mərhələsinə qədəm qoyması nəzərdə tutulurdu. Belə də oldu.

Beləliklə, ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə 1994-cü il sentyabrın 20-də Azərbaycanın XX əsr tarixində siyasi, iqtisadi və strateji əhəmiyyətinə görə ən mühüm müqavilələrdən biri – Xəzər dənizinin Azərbaycan sekto­runda yerləşən “Azəri”, “Çıraq” neft yataqlarının və “Günəşli” neft yatağının bir hissəsinin müştərək işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş im­zalandı. Sənəd sonradan “Əsrin müqaviləsi” adlandırıldı. Bu il dünyaca məşhur sazişin 27 ili tamam olur.

Dəyəri 7,4 milyard dol­lar olan sazişdə dünyanın 7 ölkəsini (Azərbaycan, ABŞ, Bö­yük Britaniya, Rusiya, Türkiyə, Norveç və Səudiyyə Ərəbistanı) təmsil edən 11 beynəlxalq neft şirkəti (Amoco, BP, McDermott, UNOCAL, ARDNŞ, Lukoil, Sta­toil, Türkiyə Petrolları, Pennzoil, Ramco, Delta) iştirak edirdi. Onlar tezliklə işçi strukturlar – Rəhbər Komitə, Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) və Məsləhət Şurası yaratdılar. İlkin hesablamalara görə, “Azəri”, “Çıraq” yataq­larının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsində çıxarıla bilən neft ehtiyatı 511 milyon ton olsa da, sonralar yeni qiymətləndirmələrə aparıldı və neft ehtiyatı 1.072 milyard ton həcmində müəyyən edildi.

Amma “Əsrin müqaviləsi” Azərbaycanın neft yataqlarının işlənməsi ilə bağlı sonuncu saziş olmadı. Ondan sonra ölkəmiz dünyanın 19 ölkəsini təmsil edən 41 neft şirkəti ilə daha 26 saziş imzaladı.

Nəhayət, 1997-ci il noyabrın 7-də “Çıraq” platformasından ilk neft hasil edildi və növbəti mərhələlər uğurla həyata keçi­rildi. Bundan sonra müqavilənin müddəalarını nəzərdə tutulan müddətdə icra etmək və artan neft hasilatını beynəlxalq ba­zarlara daşımaq üçün yeni neft kəmərlərinin tikilərək istifadəyə verilməsi zərurəti yarandı. Əvvəlcə Azərbaycan nefti 1997-ci ilin sonlarında Bakı-Novorossiysk kəməri ilə Qara dənizə ixrac edilməyə başlandı. 1999-cu ildə Qara dənizin digər limanına – Supsaya Bakıdan neft kəməri çəkilib istifadəyə verildi. 1999-cu ilin dekabrında Azərbaycan nefti ilə doldurul­muş ilk tanker dünya bazarları­na çıxarıldı.

2002-ci ildə ümummilli lider Heydər Əliyevin davam­lı səyləri nəticəsində “Əsrin müqaviləsi”ndə nəzərdə tutulan, lakin çoxlarının əfsanə və ya ka­ğız üzərində kəmər hesab etdiyi əsas neft kəməri – Bakı–Tbilisi–Ceyhanın təməli qoyuldu. Qlo­bal əhəmiyyət kəsb edən kəmər Azərbaycanın enerji dəhlizinə çevrilməsi istiqamətində mühüm addım oldu. 2005-ci il mayın 25-də Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə Bakı–Tbilisi–Ceyhan neft kəmərinin açılışı oldu, 2006-cı ildə isə Türkiyənin Ceyhan limanından Azərbaycan neftinin nəqlinə başlanıldı.

Ümumilikdə, 2020-ci ilin əvvəlinədək “Azəri-Çıraq-Günəşli” yataqlar blokunun işlənməsinə 36 milyard dollar­dan çox sərmayə qoyulub və bu blok üzrə 500 milyon ton neft hasil edilib, eyni zamanda, 40 milyard kubmetrdən artıq səmt qazı hasil edilərək Azərbaycan hökumətinə verilib.

Ümummilli lider Heydər Əliyevin 1999-cu il dekabrın 29-da imzaladığı fərmanla ölkənin karbohidrogen gəlirlərinin səmərəli idarə edilməsi, nəsillərarası ədalətli bölgünün təmin olunması və həmin vəsaitlərin prioritet sahələrin inkişafına yönəldilməsi məqsədilə Azərbaycan Res­publikasının Dövlət Neft Fondu yaradılıb. Qısa müddət ərzində dünyanın ən şəffaf fondların­dan birinə çevrilən Dövlət Neft Fondu vəsaitlərin səmərəli və şəffaf idarə olunması sayəsində hazırkı və gələcək nəsillər üçün uzunmüddətli maliyyə gəlirliliyini təmin edir.

Qasım MƏMMƏDOV,

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin prorektoru

19 Sentyabr 2021 00:01 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə