Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Əsrin müqaviləsi”– Azərbaycanın strateji inkişaf konsepsiyasının təməli

“Əsrin müqaviləsi” məhz Azərbaycanın dövlət müstəqilliyinin əldə olun­masından irəli gəlmiş bir tarixi hadisədir. Biz yalnız müstəqil dövlət olandan sonra dünyanın müxtəlif ölkələri, neft şirkətləri ilə sərbəst, heç kəsdən asılı olmayaraq danışıqlar aparmaq imkanı əldə etmişik və bu sahədə gördüyü­müz işlərin ən görkəmlisi, ən böyüyü, ən mühüm tarixi əhəmiyyət kəsb edəni “Əsrin müqaviləsi"nin hazırlanıb imzalanması idi. Bu müqavilənin hazırlanma­sı ilə biz nə cür ağır şəraitdə məşğul olmuşuq, daxili və xarici qüvvələrin ya­ratdığı nə qədər çətinliklərlə rastlaşmışıq. Ancaq biz iradə və əzm göstərmişik, risk etmişik və “Əsrin müqaviləsi”ni imzalamağa nail olmuşuq.

Heydər ƏLİYEV

Ümummilli lider

 

“Əsrin kontraktı”nın imzalanması tarixi hadisədir. Bu kontraktın faydasını bu gün Azərbaycan dövləti, Azərbaycan xalqı görür. Təsəvvür etmək çətindir ki, əgər “Əsrin kontraktı” imzalanmasaydı, Azərbaycan o vaxt nəyin hesabına öz iqtisadi inkişafını təmin edə bilərdi. Biz nəyin hesabına uğurla inkişaf edə bilərdik.

İlham ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

 

Müstəqil Azərbaycanı müasir, güclü, davamlı iqtisadi inkişafa malik dövlətə çevirmək üçün ümummilli lider Heydər Əliyev gələcək siyasi-iqtisadi islahatların köklü transformasiyasının əsası olacaq neft strategiyasını müəyyənləşdirib. Bu strategiya xarici investorların Azərbaycanın neft yataqlarının işlənilməsinə cəlb edilməsini, xam neftin daşıma yollarının şaxələndirilməsini, neft gəlirlərinin səmərəli idarə olunmasını və ölkəmizin yeni inkişaf mərhələsinə qədəm qoymasını gerçəkləşdirib.

Azərbaycanın strateji inkişaf konsep­siyasının təməli isə “Əsrin müqaviləsi” ilə qoyulub. Bu müqavilə heç də asanlıqla reallaşmayıb. Xalqın təkidi ilə 1993-cü ildə yenidən siyasi rəhbərliyə qayıdan ulu öndər, ilk növbədə, ölkədə siya­si sabitlik yaradıb, respublikanı labüd fəlakətlərdən xilas edib, iqtisadi sahədə taleyüklü dəyişikliklərə başlayıb. Müstəqil Azərbaycanın iqtisadi suverenliyini əks etdirən ilk beynəlxalq sazişin – “Əsrin müqaviləsi”nin imzalanmasına nail olub. Bu prosesdə – danışıqların aparılmasın­da, yeni neft strategiyasının hazırlanması və uğurla həyata keçirilməsində o zaman ARDNŞ-in birinci vitse-prezidenti, Milli Məclisin deputatı olan İlham Əliyev də fəal iştirak edib. Yeri gəlmişkən, həmin vaxt keçirilən görüşlərdə müəyyən fikir ayrılıqları da yaranıb və hətta bəzi mərhələlərdə müzakirələrin dayandırıl­ması təhlükəsi ortaya çıxıb. Sonralar bu barədə Prezident İlham Əliyev bildirib: “Biz xarici şirkətlərə deyirdik: siz ay­rı-ayrı şirkətlərin maraqlarını müdafiə edirsiniz. Biz isə ölkənin və Azərbaycan xalqının maraqlarını müdafiə edirik. Əgər siz səhvə yol versəniz, bu, sizin şirkətin yalnız bir layihəsində öz əksini tapacaq, əgər biz səhv etsək, bu səhv bütün Azərbaycan xalqının mənafeyinə xələl gətirəcəkdir. Başqa sözlə, biz heç cür heç bir səhvə yol verə bilmərik”. Bəli, belə çətinliklərə baxmayaraq, müqavilə Azərbaycanın milli mənafeyinə uyğun hazırlanaraq, imzalanıb.

Beləliklə, ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə 1994-cü il sentyab­rın 20-də Azərbaycanın XX əsr tarixində siyasi, iqtisadi və strateji əhəmiyyətinə görə ən mühüm müqavilələrdən biri – Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri”, “Çıraq” neft yataqlarının və “Günəşli” neft yatağının bir hissəsinin müştərək işlənməsi və hasilatın pay bölgüsü haqqında sazişlə – “Əsrin müqaviləsi” ilə dövlətimizin yeni neft siyasətinin təməli qoyulub.

Dəyəri 7,4 milyard dollar olan “Əsrin müqaviləsi”nə dünyanın 7 ölkəsini (Azərbaycan, ABŞ, Böyük Britaniya, Rusiya, Türkiyə, Norveç və Səudiyyə Ərəbistanı) təmsil edən 11 beynəlxalq neft şirkəti (Amoco, BP, McDermott, UNOCAL, ARDNŞ, Lukoil, Statoil, Türkiyə Petrolları, Pennzoil, Ramco, Delta) qoşulub. Həmin şirkətlər tərəfindən qısa bir vaxt ərzində işçi strukturlar – Rəhbər Komitə, Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) və Məsləhət Şurası yaradılıb. Saziş 1994-cü il de­kabrın 12-də Azərbaycan parlamentində ratifikasiya olunub.

Yeri gəlmişkən, xatırladaq ki, “Əsrin müqaviləsi”ndən sonra 19 ölkəni təmsil edən 41 neft şirkəti ilə daha 26 saziş imzalanıb.

İlkin hesablamalara görə “Azəri”, “Çı­raq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsində çıxarıla bilən neft ehtiyatı 511 milyon ton olsa da, sonralar yeni qiymətləndirmələrə əsasən, neft ehtiyatı 1.072 milyard ton həcmində müəyyənləşdirilib.

Onu da qeyd edək ki, adları çəkilən nəhəng yataqlar blokunun istismarı üç mərhələdə nəzərdə tutulmuşdu. Başlan­ğıc mərhələdə, yəni 1997-ci il noyabrın 7-də “Çıraq” platformasından ilk neft hasil edildi və növbəti mərhələlər də uğurla gerçəkləşdirildi.

Müqavilənin müddəalarını nəzərdə tutulan müddətdə icra etmək və artan neft hasilatını beynəlxalq bazarlara daşımaq üçün yeni neft kəmərləri tikilib istifadəyə verildi:

–1997-ci ilin sonlarında neft Bakı-No­vorossiysk kəməri ilə Qara dənizə ixrac edilməyə başlandı;

–1999-cu ildə Qara dənizin digər limanına – Supsaya Bakıdan neft kəməri çəkilib istifadəyə verildi. Beləliklə, 1999-cu ilin dekabrında Azərbaycan nefti ilə doldurulan ilk tanker dünya bazarlarına çıxarıldı;

–2002-ci ildə ümummilli lider Heydər Əliyevin davamlı səyləri nəticəsində “Əsrin müqaviləsi”ndə nəzərdə tutulan, lakin çoxlarının əfsanə hesab etdiyi əsas neft kəməri –Bakı-Tbilisi-Ceyhanın təməli qoyuldu. Qlobal önəm daşıyan bu kəmər Azərbaycanın enerji dəhlizinə çevrilməsi istiqamətində mühüm addım idi. 2005-ci il mayın 25-də Prezident İlham Əliyevin işti­rakı ilə Bakı-Tbilisi-Ceyhan neft kəmərinin açılış mərasimi keçirildi, 2006-cı ildə Türkiyənin Ceyhan limanından Azərbaycan neftinin nəqlinə başlanıldı.

Burada diqqətçəkən bir göstəricini də xatırlatmaq istərdik. Mütəxəssislərin bildirdiyinə görə, Azərbaycan neftinin Xəzər dənizindən dünya bazarlarına çıxarılması üçün Yer planetinin ekvato­runun uzunluğunun 1/10-i həddində olan Bakı-Novorossiysk (1330 kilometr), Bakı-Supsa (833 kilometr) və Bakı-Tbilisi-Cey­han əsas ixrac neft boru kəməri (1768 kilometr) neft kəmərləri tikilib.

Ümummilli liderimiz Heydər Əliyevin 1999-cu il dekabrın 29-da imzaladığı mü­vafiq fərmanla karbohidrogen gəlirlərinin səmərəli idarə edilməsi, nəsillərarası ədalətli bölgünün təmin olunması və həmin vəsaitlərin prioritet sahələrin inkişafına yönəldilməsi məqsədilə Azərbaycan Respublikası Dövlət Neft Fondu yaradılıb. Qısa müddət ərzində dünyanın ən şəffaf fondlarından birinə çevrilən bu fond vəsaitlərin səmərəli və şəffaf idarə olunması sayəsində hazırkı və gələcək nəsillər üçün uzunmüddətli maliyyə gəlirliliyini təmin edib.

Onu da vurğulayaq ki, 2017-ci il sentyabrın 14-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə Bakıda Xəzər dənizinin Azərbaycan sektorundakı “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgü­sü haqqında düzəliş edilmiş və yenidən tərtib olunmuş sazişin imzalanması mərasimi keçirildi. Saziş Azərbaycan Hökumətinin, SOCAR-ın, BP, “Chevron”, “Inpex”, “Statoil”, “ExxonMobil”, “TP”, “Itochu” və “ONGC Videsh” şirkətlərinin rəsmiləri tərəfindən imzalandı. Sənədə əsasən BP layihənin operatoru olaraq qaldı. Saziş Milli Məclis tərəfindən həmin ilin oktyabrın 31-də ratifikasiya olundu.

Beləliklə, həmin tarix ölkəmizin həyatına çox əlamətdar bir gün kimi yazıldı, “Azəri-Çıraq-Günəşli” nəhəng neft yatağının işlənilməsində yeni dövr başlandı.

Sazişin bir hissəsi olaraq SOCAR-ın AÇG-dəki iştirak payı 11,65 faizdən 25 faizə qaldırıldı və beynəlxalq tərəfdaş şirkətlərin Dövlət Neft Fonduna 3,6 milyard dollar bonus ödəyəcəkləri qərara alındı. Azərbaycana çatacaq mənfəət neftinin səviyyəsinin isə 75 faiz təşkil edəcəyi nəzərdə tutuldu. Bununla da ölkəmizin ümumi mənfəət göstəricisi 89,1 faiz hesablandı ki, bu da gələcəkdə yeni strateji layihələrə başlamağa zəmin yarat­maq demək idi.

O da vurğulanmalıdır ki, bu sazişin ardınca SOCAR və tərəfdaşları arasında AÇG müqavilə ərazisi üçün əlavə bir hasilat platformasının qiymətləndirilməsi məqsədilə mühəndis-layihə işlərinin irəli aparılması haqqında da razılaşma əldə olunub.

“Yeni əsrin müqaviləsi”nin imzalanma­sı ilə Azərbaycanın neft strategiyasının yeni mərhələsinin əsası qoyulub. Bu isə müasir Azərbaycan tarixində yeni eranın başlanması, ölkənin siyasi və iqtisadi təhlükəsizliyinə əlavə təminat, yeni in­vestisiya qoyuluşu, ÜDM-in artımı, yeni iş yerləri və sosial rifahın yaxşılaşdırılması deməkdir.

“Əsrin müqaviləsi”nin imzalanmasın­dan ötən müddətdə ölkə iqtisadiyyatının, xüsusən sənayenin, o cümlədən, neft sektorunun şaxələndirilməsi, beynəlxalq standartlara uyğun yenidən qurulma­sı, innovativ texnologiyalarla təchiz olunması, yeni idarəçilik metodlarının mənimsənilməsi üçün geniş imkanlar yaranıb. Xarici neft şirkətləri ilə birlikdə axtarış-kəşfiyyat, qazma, tikinti və hasilat üzrə böyük iş həcmi reallaşdırılıb və uğur­lu nəticələr alınıb. Nəhəng “Şahdəniz” qaz-kondensat yatağı, orta səviyyəli “Əşrəfi” və “Qarabağ” yataqları aşkar edilib, “Abşeron” və “Ümid” yataqlarının işlənilməsinə başlanılıb.

SOCAR-ın birinci vitse-preziden­ti, akademik Xoşbəxt Yusifzadə qeyd edib ki, “Əsrin müqaviləsi” Azərbaycanı dünyaya yenidən neft ölkəsi kimi tanı­dıbsa, nəhəng “Şahdəniz” yatağının kəşf edilməsi və “Şahdəniz” qaz layihəsinin müvəffəqiyyətlə həyata keçirilməsi isə ölkəmizə dünyaya böyük miqdarda qaz ixrac edən bir ölkə kimi nüfuz qazandı­rıb. “Şahdəniz-2” layihəsi çərçivəsində Azərbaycan qazının Avropaya nəql edilməsi və bu məqsədlə Cənub Qaz Dəhlizinin çəkilməsi bizim müasir qaz epopeyamızın ən parlaq fəsli kimi artıq tarixə yazılıb.

Xatırladaq ki, dünyanın ən zəngin qaz yataqlarından biri olan “Şahdəniz” keçən əsrin ortalarında azərbaycanlı geoloqlar tərəfindən kəşf edilib, lakin mü­vafiq texnologiyaların olmamasına görə istismarı dayandırılıb, yatağın potensial imkanları müəyyənləşdirilməyib. Lakin 1996-cı ildə Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin beynəlxalq neft şirkətləri ilə yaratdığı konsorsium yatağın qazla zəngin olmasını aşkarlayıb və nəticə gözləniləndən böyük olub. Belə ki, yataqda 1,2 trilyon kubmetr qazın olması ehtimal edilib. Bununla da “Şahdəniz” dünyada azsaylı nəhəng qaz yataqların­dan biri hesab olunub.

“Şahdəniz” yatağının ikinci mərhələsinin işlənməsi üçün konsorsium üzvləri 2013-cü il dekabrın 17-də Bakıda növbəti tarixi qərara imza atıb. İmzalan­ma mərasimi Heydər Əliyev Mərkəzində müxtəlif ölkələrin rəsmi nümayəndələrinin iştirakı ilə keçirilib. Müqaviləyə əsasən, layihəyə 28 milyard dollar sərmayənin cəlb edilməsi nəzərdə tutulub.

Sonrakı illərdə “Ümid” və “Abşeron” yataqlarının kəşfi Azərbaycanın böyük qaz ehtiyatlarına sahib olduğunu təsdiq edib. Beləliklə, Azərbaycanın təbii re­surslar tarixində yeni bir səhifə açılıb.

Artıq Azərbaycan hasil etdiyi qazı qonşu dövlətlərə ixrac edir və Avropa bazarına ixraca başlamaq üçün yeni kəmərlər tikilib:

– 2007-ci ildə Bakı-Tbilisi-Ərzurum qaz kəməri (Cənubi Qafqaz qaz boru kəməri) istifadəyə verilib və “Şahdəniz” yatağının birinci mərhələsi çərçivəsində hasil edilən qaz Gürcüstan, Türkiyə və Yunanıstana ixrac edilməyə başlanıb;

– 2012-ci ildə Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Respublikası­nın Baş Naziri Rəcəb Tayyib Ərdoğanın təşəbbüsü ilə İstanbulda Azərbaycan ilə Türkiyə arasında TANAP (Trans-Anadolu təbii qaz boru kəməri) layihəsinə imza atılıb;

– 2013-cü ildə “Şahdəniz” konsorsi­umu TANAP qaz kəməri ilə daşınacaq Azərbaycan qazının Avropa bazarına çat­dırılması üçün Türkiyə sərhədini İtaliyanın cənubuna birləşdirən TAP (Trans Adriatic Pipeline) layihəsini seçib və hazırda kəmərin çəkilməsi istiqamətində işlər tamamlanmaq üzrədir.

Bu layihələr “Şahdəniz” yatağını İta­liyanın cənubuna birləşdirməklə “Cənub Qaz Dəhlizi” layihəsinin reallaşmasına imkan verir.

2018-ci il mayın 29-da Səngəçal ter­minalında rəsmi açılış mərasimi keçirilən Cənub Qaz Dəhlizinin önəmli hissəsi olan TANAP enerji təhlükəsizliyi məsələlərinin həlli üçün əvəzolunmaz infrastruktur layihəsidir.

“Cənub Qaz Dəhlizi” layihəsinin əsas elementlərindən biri olan Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi başa çatdıqdan sonra, 2018-ci il iyunun 30-dan “Şahdəniz-2” çərçivəsində Türkiyəyə kommersiya təyinatlı qaz həcmlərinin nəqlinə başlanılıb.

2018-ci il iyunun 12-də Türkiyənin Eskişehir şəhərində TANAP – Trans-Anadolu qaz kəmərinin istifadəyə verilməsi münasibətilə təntənəli mərasim keçirilib. 2019-cu il noyabrın 30-da isə Türkiyənin Ədirnə vilayətinin İpsa­la qəsəbəsində TANAP-ın Avropa ilə birləşən hissəsinin rəsmi açılışı olub və bununla da onun tikintisi tamamlanıb.

“Əsrin müqaviləsi” Azərbaycanın iqtisadiyyatına və xalqın rifahına xidmət etməkdədir. Bu layihənin ən böyük əhəmiyyəti respublikamıza böyük maliyyə ehtiyatlarının daxil olması, bu ehtiyatlar hesabına iqtisadiyyatın inkişaf etdirilməsi, insanların rifah halının yaxşılaşması, ölkədə infrastrukturun yeniləşməsidir. “Əsrin müqaviləsi”nin geosiyasi cəhətdən də böyük əhəmiyyəti var. Belə ki, Azərbaycanın həm regionda, həm də dünya birliyində siyasi mövqeyinin, nüfu­zunun möhkəmlənməsində bu layihənin uğurla həyata keçirilməsi mühüm önəm daşıyır.

Vaqif BAYRAMOV,

“Xalq qəzeti”

 

 

 

19 Sentyabr 2021 00:58 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə