Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Əsrin müqaviləsi” ilə iqtisadi uğurlarımızın bünövrəsi qoyulub

20 sentyabr – “Neftçilər Günü”

 

Biz belə bir addım atmaqla Azərbaycanın dünya üçün, dünya iqtisadiyyatı üçün açıq ölkə olduğunu nümayiş etdiririk. Biz bu müqaviləni imzalamaqla Azərbaycan Respublikasının suveren hüquqları­nın bərqərar olduğunu, Azərbaycanın tam müstəqil olduğunu, xalqımızın öz sərvətlərinə özünün sahib olduğunu dünyaya bir daha nümayiş etdiririk. Biz bu müqaviləni imzalamaqla Azərbaycan Respub­likası ilə dünyanın inkişaf etmiş dövlətləri, onların ən böyük şirkətləri arasında əlaqələr yaradırıq... Biz bu müqaviləni imzalamaqla xarici ölkələrdən Azərbaycana investisiya qoyulması üçün böyük yol açırıq.

Heydər ƏLIYEV

Ümummilli lider

 

"Əsrin müqaviləsi"nin Azərbaycan tarixində xü­susi yeri vardır və Azərbaycanın müstəqil ölkə kimi yaşamasında bu rol əvəzolunmazdır. O vaxt bizim nə imkanlarımız var idi, nə də vəsaitimiz. Ölkədə sənaye sahəsində hələ ki, tənəzzül yaşanırdı, iqtisadiyyat, demək olar ki, çökmüşdü. Müstəqil ölkə üçün yaşa­maq çox çətin idi. Müstəqilliyimiz, demək olar ki, şübhə altında idi. Məhz o çətin illərdə Azərbaycana investisiyalar gətirmək, Azərbaycanı dünya birliyinə etibarlı tərəfdaş kimi təqdim etmək, xarici inves­torlar üçün münbit şərait yaratmaq, eyni zamanda, Azərbaycanın dövlət maraqlarını tam şəkildə qoru­maq böyük siyasi təcrübə, bilik və məharət tələb edir­di... "Əsrin müqaviləsi"nin imzalanması böyük siyasi cəsarət tələb edirdi. Ancaq Heydər Əliyevin qətiyyəti və Azərbaycan xalqının dəstəyi ilə biz buna nail ola bilmişik.

İlham ƏLIYEV

Azərbaycan Respublikasının Prezidenti

 

Ölkələrin iqtisadi inkişafında yeraltı sərvətlər böyük rol oynayır. Müharibələr zamanı da bu amilin yaratdığı üstünlüklər danılmazdır. Azərbaycanın zəngin neft və qaz ehtiyatları bir çox aspektdən ölkəmizin dirçəlişini təmin edib. 1994-cü ildə ulu öndər Heydər Əliyevin uzaqgörən siyasətinin nəticəsində Azərbaycanın təbii karbohidrogen ehtiyatlarının hasilatı və dünya bazarına çıxarılması ilə bağlı “Əsrin müqaviləsi”nin imzalanması sosial-iqtisadi inkişafla, əhalinin həyat şəraitinin yaxşılaşması ilə bərabər, ölkədə yeni texnologiyaların tətbiqinə, ordunun müasir silahlarla təchizatına və hərbi qüdrətimizin artırılmasına da səbəb olmuşdur.

İkinci Dünya müharibəsində alman faşizmi üzərində tarixi qələbənin qazanılmasında Bakı neftinin rolu xüsusi qeyd olunur. Neft amilinin gətirdiyi böyük hərbi-iqtisadi dividendlər Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Qarabağda 44 günlük zəfər yürüşü ilə ərazi bütövlüyümüzün təmin edilməsində, həmçinin postmünaqişə dövründə başlanmış genişmiqyaslı bərpa-quruculuq işlərində də özünü bariz şəkildə göstərib.

Bu gün Azərbaycan heç bir beynəlxalq təsisatdan yardım almadan işğaldan azad etdiyi əraziləri dirçəldir, kommunikasiyaları və infrastrukturu bərpa edir, qarabağlıların dədə-baba yurdlarına qayıdışını sürətləndirir. Bunu şərh edən beynəlxalq ekspertlər yazırlar ki, Azərbaycan öz imkanlarını nümayiş etdirir və həmin əraziləri cəlbedici hala gətirir. Bu fikri bir qədər də genişləndirməli olsaq, inamla deyə bilərik ki, son 27 ildə, bütövlükdə, Azərbaycan dünyanın gözündə cəlbedici və cazibədar bir ölkəyə çevrilmişdir.

Halbuki, dövlət müstəqilliyimizin ilk dövrlərində Azərbaycanda dərin hakimiyyət böhranı və ictimai-siyasi deqradasiya baş alıb gedirdi. Birinci Qarabağ müharibəsində torpaqlarımızın 20 faizini itirmişdik, bir milyona qədər qaçqın və məcburi köçkünümüz vardı, ayrı-ayrı qanunsuz silahlı birləşmələr meydan sulayırdı. AXC-Müsavat hakimiyyəti isə ölkəni idarə edə bilmir, əksinə, daxili çəkişmələrə rəvac verərək, kataklizmləri daha da dərinləşdirirdi. Ölkə vətəndaş müharibəsi həddinə çatdırılmışdı. Belə bir vaxtda xalq müdrik qərar verərək, dünyaca məşhur ictimai-siyasi xadim Heydər Əliyevi hakimiyyətə qayıtmağa və ölkəni tamamilə məhvolma təhlükəsindən xilas etməyə çağırdı. Xalqın təkidli tələblərindən sonra, nəhayət, Bakıya gələn ümummilli lider bu missiyanı boynuna götürdü. İlk növbədə, Qarabağ savaşında zəruri atəşkəsin imzalanmasına nail oldu və tədricən ölkədə ictimai-siyasi sabitliyin yaradılması üçün addımlar atdı, beynəlxalq təzyiqləri zərərsizləşdirdi, ordu quruculuğu prosesinə start verdi.

Ölkəmizin həmin dövrdə düşdüyü ağır vəziyyətdən qurtarmasında 1994-cü il sentyabrın 20-də Bakıda imzalanmış “Əsrin müqaviləsi”, xüsusilə böyük rol oynadı. "Xəzər dənizinin Azərbaycan sektorunda "Azəri", "Çıraq" yataqlarının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasil olunan neftin pay şəklində bölüşdürülməsi" haqqında dünyanın 11 ən iri neft şirkəti ilə bağlanan həmin müqavilə sayəsində problemlərimiz bir çox aspektdən həllini tapmağa başladı. Paytaxtın “Gülüstan” sarayında imzalanan, 400 səhifədən ibarət olan və dörd dildə öz əksini tapan bu müqavilənin dəyəri 7,4 milyard dollar idi. Müqaviləyə dünyanın 8 ölkəsinin (Azərbaycan, ABŞ, Böyük Britaniya, Rusiya, Türkiyə, Norveç, Yaponiya və Səudiyyə Ərəbistanı) 13 ən məşhur neft şirkəti (Amoco, BP, McDermott, UNOCAL, “ARDNŞ”, LUKoil, Statoil, Exxon, Türkiyə Petrolları, Pennzoil, ITOCHU, Ramco, Delta) qoşulmuşdu. Bu müqavilədə Böyük Britaniyanın “Britiş Petrolium” (qoyulacaq investisiyanın 17,12 faizi) və ”Ramko” (2,08 faizi), ABŞ-ın”Amoko” (17,01 faiz), ”Unokal” (11,2 faiz), ”Penzzoil” (9,81 faiz), ”McDermott” (2,45 faiz), Rusiyanın ”LUKoil” (10,0 faiz), Norveçin”Statoil” (8,56 faiz), Türkiyənin "Türk petrolları şirkəti"nin (1,75 faiz) və Azərbaycan Neft Şirkətinin isə 20 faiz payı var idi. Bununla da "Yeni neft strategiyası" və doktrinası uğurla həyata keçirilməyə başlandı.

O zaman ulu öndər Heydər Əliyev "Əsrin müqaviləsi”nin imzalanması ilə bağlı proqnozları aydın ifadə etmişdir: “Əsrin müqaviləsi” ilə qoyduğumuz təməl XXI əsrdə Azərbaycan xalqının inkişafı, firəvan həyatı, müstəqil Azərbaycan dövlətinin suverenliyinin daha da möhkəmlənməsi üçün gözəl imkanlar yaradır və inanıram ki, XXI əsr müstəqil Azərbaycan dövləti üçün ən xoşbəxt dövr olacaqdır”.

Beləliklə, Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən "Əsrin müqaviləsi" təsdiq edilərək, 1994-cü il dekabr ayının 12-dən qüvvəyə mindi. İlk dəfə hesablanmış çıxarıla bilən neft ehtiyatı 511 milyon ton idi, sonralar qiymətləndirici quyuların nəticələrinə görə bu ehtiyat 730 milyon tona çatmış və bununla əlaqədar yataqların işlənilməsinə tələb olunan sərmayə xərcləri 11,5 milyard ABŞ dolları qəbul edilmişdir. Ümumi təmiz gəlirdən Azərbaycanın payına 80 faiz, sərmayəçilərinsə payına 20 faiz düşür.

Azərbaycanın həyatında neftlə bağlı ilk dönüş dövrünün əvvəllərindən o zaman Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti olmuş Milli Məclisin deputatı İlham Əliyev danışıqlar prosesinə cəlb edilib, yeni neft strategiyasının hazırlanmasının və uğurla həyata keçirilməsinin ən fəal iştirakçılarından olub.

Əlbəttə, "Əsrin müqaviləsi" ilə bağlı danışıqlar heç də asan başa gəlmirdi, çətinlik və maneələr çox idi. 1994-cü ilin yazında və yayındakı İstanbul və Hyustondakı son mərhələlər xüsusilə ağır keçib. Bəzən müəyyən şərtlərin qəbuledilməzliyi səbəbindən az qalırdı danışıqlar baş tutmasın. Həmin anlar İlham Əliyevin xatirələrində olduğu kimi qalıb: "Biz xarici şirkətlərə deyirdik: siz ayrı-ayrı şirkətlərin maraqlarını müdafiə edirsiniz. Biz isə ölkənin və Azərbaycan xalqının maraqlarını müdafiə edirik. Əgər siz səhvə yol versəniz, bu, sizin şirkətin yalnız bir layihəsində öz əksini tapacaq, əgər biz səhv etsək, bu səhv bütün Azərbaycan xalqının mənafeyinə xələl gətirəcəkdir. Başqa sözlə, biz heç cür heç bir səhvə yol verə bilmərik". Bütün çətinliklərə baxmayaraq, müqavilə Azərbaycanın milli mənafeyinə uyğun hazırlandı.

“Əsrin müqaviləsi” imzalandıqdan dərhal sonra Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti yaradılıb və təsdiq olunmuş vahid proqram üzrə ARDNŞ ilə birgə işlərə başlanıb. Bu saziş sonradan dünyanın 19 ölkəsinin 41 neft şirkəti ilə 30-dək sazişin imzalanması üçün yol açıb. "Əsrin müqaviləsi" həm karbohidrogen ehtiyatlarının miqdarına, həm də qoyulan sərmayələrin həcminə görə dünyada bağlanan ən iri sazişlər siyahısına daxil olub.

İmzalanmış neft sazişləri üzrə Azərbaycanın neft sənayesinin inkişafı üçün nəzərdə tutulmuş 64 milyard ABŞ dolları qoyuluşunun 57,6 milyardının dəniz yataqlarının mənimsənilməsinə və perspektivli strukturlarda axtarış-kəşfiyyat işlərinin aparılmasına yönəldilməsi nəzərdə tutulurdu. Gəlir-çıxarın, necə deyərlər, qəpiyinə qədər hesablanması və bundan son dərəcə səmərəli istifadə olunması, el malına zərrəcə haram qatılmaması amalı mütləq öz bəhrəsini verməli idi və verdi də. Aybaay, günbəgün, saatbasaat reallaşdırılan “Əsrin müqaviləsi” əvvəlcə Azərbaycan üçün dünyaya açılan “nəfəslik” oldu və o da get-gedə böyüyərək, tərəqqi və istiqbal pəncərəsinə çevrildi. Məcazi mənada desək, yenicə müstəqilliyini qazanmış ölkəmizə təmiz xoşbəxtlik havası, bol Günəş işığı gəlib dolmağa başladı.

Məhz ulu öndərin xeyir-duası ilə 1995-ci ildə ölkəmizdə ilkin neft hasilatı layihəsi çərçivəsində “Çıraq-1” özülü Qərb standartlarına uyğun şəkildə bərpa olundu və böyük maillikli quyuların qazılması məqsədilə bu özülün üst modulu modernizə edilərək, yeni qazma avadanlıqları ilə təchiz edildi. Yeni qazma qurğusu laylara horizontal quyuların qazılmasına imkan verdi. Maksimal mailliklə qazılmış A-18, A-19 və digər istismar quyuları böyük neft hasilatı ilə işə düşdü. 1997-ci ildə “Çıraq” yatağından neft hasilatına başlandı. Şimal istiqamətində bərpa və inşa edilən, uzunluğu 231 kilometr, diametri 720 millimetr olan Bakı-Novorossiysk neft kəməri ilə ilk dəfə həmin il oktyabrın 25-də Azərbaycan nefti Novorossiysk limanına nəql olundu. Qərb istiqamətində uzunluğu 837 kilometr, diametri 530 millimetr olan Bakı-Supsa boru kəməri də inşa edilərək, 17 aprel 1999-cu ildə işə salındı. İstifadəyə verilən gündən indiyədək həmin kəmərlərlə milyonlarla ton neft nəql edilib.

Beləcə, uğur dalınca uğur, xeyir-bərəkət gəldi. 1999-cu ilin dekabrında Azərbaycanın "mənfəət nefti" ilə doldurulmuş ilk tanker dünya bazarlarına yola düşdü. Bu neftin satışından əldə edilən valyuta o vaxt ölkə rəhbəri Heydər Əliyev tərəfindən yaradılmış Azərbaycan Respublikası Dövlət Neft Fonduna daxil edildi. Bu gün bütün bunlar ümiddən inama, inamdan qələbəyə və qələbədən işıqlı sabahlara yürüşü gerçəkləşdirən başlıca amillər kimi dəyərləndirilir.

Bildiyimiz kimi, Xəzərin böyük dərinliklərində yerləşən sahələrdə dərin kəşfiyyat quyularının qazılması məqsədilə "Dədə Qorqud" yarımdalma üzən qazma qurğusu təmir və modernizə edilib və 50 – 475 metr dəniz dərinliyində 7620 metr dərinliyə qədər quyu qazmaq imkanı əldə olunub. Digər qurğu – "İstiqlal" yarımdalma üzən qazma qurğusu da eynilə modernləşdirilib və həmin dərinliyə qədər quyu qazmaq mümkün olub. Modernizə olunmuş qazma qurğularının köməyi ilə "Azəri-Çıraq-Günəşli" yataqlarında birgə aparılan işlər nəticəsində 6 kəşfiyyat quyusu qazılıb, bunların səhəsində sonradan neft ehtiyatları 30 faizdən çox artırılıb. Bu qurğular 1996-cı ildə yaradılmış "Kaspian Drillinq Kompani" müştərək müəssisənin tərkibində "Şahdəniz" və "Azəri-Çıraq-Günəşli" yataqlarında öz işlərini uğurla davam etdirir. Xarici şirkətlər tərəfindən Azərbaycan üçün tikilmiş, Heydər Əliyev adına "Lider" qurğusunun köməyi ilə də texnika və texnologiya sahəsində böyük irəliləyişlər əldə edilmişdir.

1999-cu ilin noyabrında Türkiyənin İstanbul şəhərində keçirilmiş ATƏT Sammitində ABŞ, Türkiyə, Azərbaycan, Gürcüstan, Qazaxıstan və Türkmənistan prezidentləri tərəfindən Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac neft kəmərinin çəkilişi haqqında dövlətlərarası müqavilə imzalanıb. 2002-ci il sentyabrın 18-də Bakıda, Səngəçal terminalında ümummilli lider Heydər Əliyevin, Türkiyə və Gürcüstan prezidentlərinin iştirakı ilə BTC ixrac neft kəmərinin təməl daşı qoyulub və tikintisinə başlanıb. BTC-nin Azərbaycan hissəsinin Gürcüstan hissəsi ilə birləşdirilməsi 2004-cü ilin oktyabrında baş tutub. 2006-cı il iyulun 13-də isə Türkiyənin Ceyhan şəhərində XXI əsrin ən böyük enerji layihəsi olan Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin təntənəli açılış mərasimi keçirilib. BTC istismara verilən gündən Ceyhan limanından on milyonlarla ton Azərbaycan nefti dünya bazarlarına yola salınıb...

Bu və digər konkret faktlardan göründüyü kimi, möhtərəm Prezidentimiz İlham Əliyev Azərbaycanın neft strategiyasını uğurla davam etdirir. 14 sentyabr 2017-ci ildə Bakıda, Heydər Əliyev Mərkəzində Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” və “Günəşli” yataqlarının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında düzəliş edilib, yenidən tərtib olunmuş sazişin imzalanması mərasimi keçirilib. Yeni sazişlə “Azəri-Çıraq-Günəşli” neft yatağının işlənilməsi 2050-ci ilə qədər uzadılıb. Saziş Azərbaycana mərhələli şəkildə xarici investorlar tərəfindən 3,6 milyard dollar həcmində bonus ödənilməsini, SOCAR-ın payının 11,6 faizdən 25 faizə yüksəldilməsini ehtiva edir. Azərbaycana çatacaq mənfəət neftinin səviyyəsinin 75 faiz həcmində olması nəzərdə tutulur. Bu sazişlə Azərbaycanda neft sənayesinin inkişafında yeni bir mərhələnin əsası qoyulub.

Azərbaycan dünyada neftin tarixi vətənidir. Ölkəmizdə olan neft ehtiyatlarının xalqın firavan həyatının təmin olunmasında rolu danılmazdır. Amma, Prezident İlham Əliyevin vurğuladığı kimi, yeraltı sərvətlər bir gün tükənə bilər. Odur ki, neft gəlirlərinin hesabına ölkədə qeyri-neft sektoru hərtərəfli inkişaf etdirilir, insan kapitalına başlıca önəm verilir. Elə həyata keçirilən neft siyasətinin də əsasını, məhz ölkənin proporsional iqtisadi inkişafı, sosial problemlərin həlli, vətəndaş azadlığının və digər demokratik dəyərlərin təmin olunması təşkil edir. Məhz bunun nəticəsidir ki, hazırda Azərbaycan iqtisadiyyatı öz inkişafının çox mühüm mərhələsinə qədəm qoyub.

Ölkə Prezidenti İlham Əliyev tərəfindən həyata keçirilən irimiqyaslı islahatlar, imzalanan fərman və sərəncamlar, qəbul edilən qərarlar, reallaşan dövlət proqramları sayəsində Azərbaycan iqtisadi artım göstəriciləri ilə dünyanın lider dövlətləri sırasındadır. Bu gün ölkəmiz nəinki Qafqazda, həm də bütün bölgədə söz sahibidir. Azərbaycanın iştirakı olmadan bölgədə qlobal layihələrin həyata keçirilməsi qeyri-mümkündür. Azərbaycan Respublikasının coğrafi mövqeyindən irəli gələn bu imkanları ölkədə həyata keçirilən uğurlu iqtisadi islahatlar daha da artırır.

Möhtəşəm uğurların köklü səbəblərindən, etimoloji faktorlarından biri isə məhz 27 il öncə imzalanmış “Əsrin müqaviləsi” sayılır. Azərbaycan ümummilli lider Heydər Əliyevin yaratdığı təməl üzərində hərtərəfli və dinamik inkişaf edir.

Əli NƏCƏFXANLI,

“Xalq qəzeti”

19 Sentyabr 2021 00:55 - İQTİSADİYYAT
İQTİSADİYYAT
20 Oktyabr 2021 | 09:29
Neft ucuzlaşıb

Köhnə versiyamızdan xəbərləri izlə