Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan gəncliyi Vətən müharibəsində şanlı tarix yazdı

 

 Prezident İlham Əliyevin Azərbaycana rəhbərliyi dövründə ölkəmizin ərazi bütövlüyü heç vaxt danışıqlar mövzusu olmayıb. Dövlətimizin başçısı yalnız BMT Təhlükəsizlik Şurasının – dünyanın ali beynəlxalq qurumunun 4 qətnaməsinə əsaslanaraq, erməni silahlı qüvvələrinin işğal edilmiş torpaqlardan dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edib. Eyni zamanda, bu dövrdə Prezident İlham Əliyevin beynəlxalq müstəvidə səmərəli fəaliyyətinin nəticəsi olaraq ATƏT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Parlamenti, Avropa Şurası Parlament Assambleyası və digər təşkilatlar tərəfindən Azərbaycanın haqlı mövqeyi müdafiə olunub.

Bütün bunlara baxmayaraq, 30 ilə yaxın bir dövrdə BMT Təhlükəsizlik Şura­sının qətnamələri kağız üzərində qalmışdı. Eyni zamanda, Minsk qrupu çərçivəsində danışıqlar da heç bir bir nəticə verməmiş, Ermənistan isə torpaqlarımızı işğal altında saxlamaqla, ardıcıl olaraq hərbi təxribatlar törətmişdi.

Belə bir vəziyyətə son qoymaq üçün ordumuz ötən il sentyabrın 27-də işğalçı Ermənistanın növbəti hərbi təcavüzünün qarşısını almaq və təmas xətti boyunca sıx şəkildə yaşayan mülki əhalinin təhlükəsizliyini reallaşdırmaq məqsədilə özünümüdafiə hüququ çərçivəsində, beynəlxalq huma­nitar hüquqa əsaslanmaqla əks-hücum və cavab tədbirləri gerçəkləşdirdi. Silahlı qüvvələrimizin döyüş qabiliyyəti və əzmi, maddi-texniki bazası, ordu–xalq–Prezident birliyi qısa müddətdə Azərbaycanın ərazi bütövlüyünün təmin olunması istiqamətində möhtəşəm uğurları şərtləndirdi. Beləliklə, 44 gün davam edən İkinci Qarabağ müharibəsi Azərbaycanın tam qələbəsi ilə nəticələndi, ərazi bütövlüyü kimi taleyüklü bir problemimiz öz həllini tapdı.

Azərbaycan Vətən müharibəsində əldə etdiyi parlaq qələbə ilə Ermənistanın işğalına son qoydu. Dövlətimizin başçısının vurğuladığı kimi, müzəffər silahlı qüvvələrimiz bu savaşla təkcə faşist Ermənistan dövlətini deyil, həm də insanlığa qənim kəsilən faşizmi məğlubiyyətə uğratdı.

Prezident İlham Əliyev Ağdam şəhərinin baş planının təqdim olunması mərasimindəki çıxışında Azərbaycanın uzun illər Ermənistanın işğalına sülh yolu ilə son qoyulmasına çalışdığını xatırladaraq deyib: “Ancaq Azərbaycan vətəndaşları yaxşı bilirlər ki, sülh danı­şıqları, sadəcə olaraq, status-kvonun əbədi olmasına istiqamətləndirilmişdi. Əfsuslar olsun ki, bu məsələ ilə məşğul olan vasitəçilər 30 ilə yaxın davam edən danışıqlar müddətində aqressora – işğalçıya təzyiq göstərmədilər, onları məcbur etmədilər, onlara sanksiyalar tətbiq etmədilər. Açıq-aydın demədilər ki, işğalçı qüvvələr Azərbaycan torpa­ğından çıxmalıdır. Aqressor təbii olaraq, daha da azğınlaşırdı, daha da qudurur­du və bu torpaqları əbədi işğal altında saxlamaq istəyirdi və bu, sirr deyil...”.

Dövlətimizin başçısının qeyd etdiyi kimi, işğalçının bu cür mövqedə dayanması, düşmənin torpaqlarımızın Azərbaycana qaytarılmasının müm­künsüzlüyünü açıq-aydın bildirməsi, xüsusilə keçən ilin iyul, avqust, sentyabr aylarında Ermənistanın bizə qarşı hərbi təxribatlar törətməsi artıq müharibəni qaçılmaz etmişdi.

Silahlı qüvvələrimiz 44 gün ərzində işğal altındakı hər bir kənd və şəhərimizin, yüksəkliyin düşməndən təmizlənməsi uğrunda rəşadətlə mübarizə apardı, böyük tarixi nailiyyətlərə imza atdı və düşmənin or­dusu haqqında illərdir ki, formalaşdırdı­ğı “yenilməzlik” mifini darmadağın etdi.

Burada bir məqamı da qeyd etməliyik. Ermənistan ordusu 30 il müddətində işğal altında saxladığı ərazilərdə güclü müdafiə istehkamları qurmuşdu. Bu müdafiə sədlərinin qırıl­ması, sadəcə, böyük qəhrəmanlıq tələb edirdi ki, Azərbaycan Ordusu da bu vəzifəni böyük peşəkarlıq və şücaətlə yerinə yetirdi.

Beləliklə, silahlı qüvvələrimizin əks-həmlə əməliyyatları apardığı müddətdə işğalçı dərk etdi ki, nəinki Ermənistan ordusu, hətta bu illər ərzində onun qur­duğu və keçilməz saydığı sədlər belə ordumuzun qələbə əzminin qarşısında məhvə məhkumdur.

Xalqımızın 30 illik torpaq həsrətinə son qoyulması, tarixi ədalətin bərpası dövlətimizin başçısının digər sahələrlə yanaşı, ordu quruculuğu istiqamətində gerçəkləşdirdiyi müdrik siyasətin məntiqi nəticəsi idi. Belə ki, Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdi­yi ötən illər ərzində ordu quruculuğu daim diqqət mərkəzində saxlanılıb. Azərbaycan gənclərində Vətənə, ordu­ya dərin sevgi hissi aşılanıb. Bu, İkinci Qarabağ müharibəsində də özünü qa­barıq büruzə verdi. Dövlətimizin başçısı sözügedən məsələ ilə bağlı çıxışlarının birində ətraflı bəhs edərək, bildirib ki, Birinci və İkinci Qarabağ müharibələri arasında fərqdən də bu, aydın görünür: ”İnsanlar növbələrdə dayanırdı. Biz qismən səfərbərlik elan etmişdik və buraya müəyyən yaş kateqoriyasına aid vətəndaşlar daxildir. Həmin meya­ra cavab verməyən vətəndaşlarımız isə gileylənir, məktublar yazırdı ki, məni niyə aparmırlar? Mən də ge­dib döyüşmək, Vətənimizi qorumaq istəyirəm. Hesab edirəm ki, bu, bizim qələbəmizi şərtləndirən əsas amil idi.

Əlbəttə, biz güclü ordu qurmuşduq, təlimlər keçirirdik, müasir silahlar əldə etmişdik ki, bu, müharibədə bizə qələbə qazanmağa və əsgərlərimizin həyatını qorumağa kömək etdi. Bu silahlar olma­saydı, itkilərimizin sayı daha çox olardı. Ermənistan ordusu ilə müqayisədə bizim itkilərimiz 2,5-3 dəfə az olmuş­dur…”.

Bəli, Ermənistanın bu müharibədə rüsvayçı məğlubiyyətlə üzləşməsində düşmənin Azərbaycan xalqının Qara­bağ sevgisinin, Vətən məhəbbətinin nə qədər güclü olduğunu dərk etməməsi əsas rol oynadı. Dövlətimizin başçısının vurğuladığı kimi, “onlar bilmirdilər ki, bu gün Azərbaycan Ordusu, Azərbaycan vətəndaşı nəyə qadirdir. Bilmirdilər ki, bizi o qələbəyə aparan həm gücü­müzdür, texniki təchizatımızdır, həm də mənəvi ruhumuzdur. Bilmirdilər ki, Azərbaycan xalqı bütün bu illər ərzində bir arzu ilə yaşayır ki, öz dədə-baba torpağına qayıtsın. Bütün bu amillər və digər amillər bu qələbəni şərtləndirdi”.

Yeri gəlmişkən, Vətən savaşında par­laq qələbəmizi şərtləndirən bir amili də xatırlatmaq istərdik. Bu, son 18 il ərzində Azərbaycanda gənclər siyasətinin uğurla həyata keçirilməsi ilə bağlı məsələdir. Belə ki, dövlətimizin başçısı prezidentlik fəaliyyətində gənclərə diqqət və qayğını daim diqqət mərkəzində saxlayıb. Buna görə də Azərbaycanda gənclik ötən dövrdə cəmiyyətin aparıcı qüvvəsi kimi çıxış edib, sabitliyin, təhlükəsizliyin təmin olunmasında, möhkəmlənməsində xü­susi rol oynayıb, eyni zamanda, həyatın ayrı-ayrı sahələri ilə bağlı çağırışlara operativ yanaşmaqla beynəlxalq inteqra­siya prosesinin fəal iştirakçısına çevrilib.

Vətən müharibəsində hərbçilərimizin Vətən sevgisini şərtləndirən digər bir məqam isə Azərbaycan gənclərində formalaşan yüksək vətənpərvərlik ruhu ilə bağlıdır. Prezident İlham Əliyev bu barədə deyib: “Döyüşlərdə iştirak edən və şəhid olan bir çox insan mən 2003-cü ildə Prezident seçiləndə uşaq idi. Ancaq Qarabağ hər zaman bütün gündəliklərin bir nömrəli məsələsi idi. Bütün tədbirlərdə – sülh və müharibə, sosial-iqtisadi inkişaf mövzularındakı tədbirlərdə Qarabağ hər zaman mənim çıxışlarımda prioritet təşkil edirdi. Bu, artıq yeni Azərbaycandır. Ermənilər bizi yaxşı tanımırdılar. Onlar 1992-ci ilin Azərbaycanı ilə döyüşəcəyini zənn edirdilər. Azərbaycan isə fərqli idi, insanlarımız fərqli idi, cəmiyyət fərqli idi, ruh yüksəkliyi başqa idi…”.

Dövlətimizin başçısı daha sonra bildirib ki, düşmən işğal dövründə və Vətən müharibəsi günlərində bizim daxilimizdə, qəlbimizdə nələrin oldu­ğunu başa düşə bilmədi: “Onlar başa düşmədilər ki, bizim üçün Qarabağ, sadəcə, torpaq demək deyil. O, bizim ləyaqətimiz, taleyimiz və qanımızdır. Beləliklə, biz qəhrəmanlıq və cəsarət nümayiş etdirdik, axıra qədər getdik və bizi heç kəs dayandıra bilməzdi. Bilirsiniz ki, müxtəlif istiqamətlərdən bizi dayandırmaq üçün çoxlu cəhdlər oldu. Ancaq biz sona qədər getdik”.

Azərbaycan gəncliyi 30 il ərzində Ermənistanın işğalı səbəbindən ölkəmizin hansı ağrı-acıları yaşadığını, neçə-neçə azərbaycanlı ailəsinin məhv edildiyini, valideynlərinin doğma yurd­larından didərgin salındıqlarını yaxşı bilir. Azərbaycan gəncliyi Ermənistan ordusu tərəfindən törədilən vəhşilikləri heç zaman unuda bilmir, Ermənistan və qondarma “Dağlıq Qarabağ rejimi”nin rəhbərliyi tərəfindən törədilən Xocalı soyqırımını yaddan çıxarmır, günahsız qurbanların xatirəsini daim əziz tutur.

Burada onu da xatırladaq ki, gənclərin vətənpərvər, azərbaycançılıq ideologiyasına sadiq yetişməsində ulu öndər Heydər Əliyevin əsasını qoydu­ğu gənclər siyasəti son 18 il ərzində prioritet istiqamət kimi diqqətdə saxla­nılıb. Məhz bunun nəticəsidir ki, Vətən müharibəsində parlaq qələbəmiz torpa­ğa, Vətənə, dövlətə sonsuz sevgilərlə bağlı olan gənclərimizin şücaəti, qəhrəmanlığı ilə əldə edilib.

Azərbaycan Prezidentinin qeyd etdiyi kimi, Vətən müharibəsindəki qələbəmizdə döyüşçülərimizin vətənpərvərlik ruhunun son dərəcə yüksək olması ilə bərabər, silahlı qüvvələrin güc-qüdrəti də önəmli rol oynayıb. Çünki ordumuz ən müasir silahlarla, hərbi texnika və müdafiə təyinatlı qurğularla tam təchiz edilib. Silahlı qüvvələrimizin hərbi-texniki və döyüş hazırlığının yüksək səviyyədə inkişafı istiqamətdə son 18 ildə uğurlu siyasət həyata keçirilib. Azərbaycan ən müasir silahları almaqla yanaşı, onların bir çoxunu özü istehsal etmək kimi mü­hüm vəzifəni də uğurla reallaşdırıb.

Ordu quruculuğu istiqamətində həyata keçirilən sistemli və məqsədyönlü tədbirlərin nəticəsidir ki, bu gün Azərbaycan güclü orduya, təkmilləşmiş hərbi sistemə və inkişaf etmiş müdafiə sənayesinə malikdir. Azərbaycan Silahlı Qüvvələri quruda, suda və havada döyüş tapşırığını yerinə yetirmək, ölkəni istənilən hücumdan müdafiə etmək qüdrətinə malikdir.

İkinci Qarabağ müharibəsindən ötən müddət ərzində Azərbaycan qalib ölkə kimi beynəlxalq aləmdə nüfuzu­nu daha da gücləndirib. Beynəlxalq təşkilatlar ölkəmizin haqq mübarizəsini dəstəkləyib. Bununla bərabər, Azərbaycan iqtisadiyyatı dinamik inkişaf yolu ilə sürətlə irəliləyib. Düşməndən təmizlənən torpaqlarda bərpa-quruculuq işlərinə başlanılıb. Artıq bu istiqamətdə uğurlu nəticələr əldə olunub.

Bu gün düşməndən azad edilən torpaqlarda minatəmizləmə əməliyyatları ilə paralel olaraq, əsas infrastruktur layihələri də sürətlə real­laşdırılır. Ərazilərin elektrik təchizatı istiqamətində geniş miqyası tədbirlər həyata keçirilir. Yol infrastrukturunun yaradılması ilə bağlı bütün istiqamətlər üzrə işlər uğurla gedir.

Vaqif BAYRAMOV,

“Xalq qəzeti”

19 Sentyabr 2021 00:47 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə