Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Milli Musiqi Günü münasibətlə dahi bəstəkar Üzeyir Hacıbəylinin xatirəsi anılıb

Milli Musiqi Günü münasibətlə sentyabrın 18-də mədəniyyət və incəsənət xadimləri Fəxri xiyabanda Üzeyir Hacıbəylinin və digər musiqi xadimlərinin məzarlarını ziyarət ediblər.

 "Xalq qəzeti" xəbər verir ki, mərasimdə mədəniyyət naziri Anar Kərimov, Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə, Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti Fərhad Bədəlbəyli, Azərbaycan Milli Konservatoriyasının rektoru, Xalq artisti Siyavuş Kərimi və başqaları iştirak ediblər.

Tədbir iştirakçılarını musiqi bayramı münasibətilə təbrik edən A.Kərimov bildirib ki, bu gün sadəcə musiqisevərlərin deyil, həm də bütün Azərbaycan xalqının bayramıdır: “Bu gün mədəniyyətimizin ən əlamətdar günlərindən birini yaşayırıq. Yadınızdadırsa, keçən il burada qeyd etdik ki, gələn il bu günü Şuşamızda keçirək. Şükürlər olsun ki, biz bu günü görə bildik. Ali Baş Komandanımızın rəhbərliyi ilə rəşadətli ordumuz Şuşanı düşməndən azad etdi. Mən bir daha Vətən müharibəsində canlarından keçən şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə şəfa diləyirəm. Bu gün Üzeyir Hacıbəylinin ruhu şaddır".

Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə, Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti Fərhad Bədəlbəyli, Azərbaycan Milli Konservatoriyasının rektoru, Xalq artisti Siyavuş Kərimi festival haqqında fikirlərini bölüşərək bildiriblər ki, bu il bu bayramı başqa bir əhval-ruhiyyədə qeyd olunur. Üzeyir bəyin əsərləri hər zaman sevilə-sevilə dinlənilir. Çox sevindirici haldır ki, torpaqlarımız azad olunub, artıq Şuşada musiqi festivalları, Vaqif Poeziya günləri keçirilir. Bu gün Üzeyirin ruhu şaddır, onun əsərləri doğma Qarabağımızda səslənir.

Sonda Azərbaycan Dövlət Xor Kapellasının ifasında Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operasından “Şəbi-hicran” kompozisiyası səsləndirilib.

18 Sentyabr 2021 12:08 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə