Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İqlim dəyişmələri daxili miqrasiyanı gücləndirəcək

“Bloomberg” agentliyinin Dünya Bankına (DB) istinadən verdiyi məlumata görə, qlobal istiləşmə və iqlim dəyişmələri planetdə daxili miqrasiyanın kütləvi hal almasına və daha da sürətlənməsinə səbəb olacaq.

Agentlik yazır ki, 2050-ci ilə qədər təqribən 216 milyon insan yanğınlar, daşqınlar, quraqlıq, qasırğalar ucbatından öz evlərini tərk etməyə ölkələrində daha təhlükəsiz və əlverişli həyat şəraiti axtarmağa məcbur olacaq.

Dünya Bankının ekspertləri xatırladırlar ki, qlo­bal istiləşmənin sürətlənməsi dəhşətli istilərə, quraqlığa, yanğınlara, qasırğalara, ley­san yağışlarına və daşqınlara səbəb olacaq. Qütblərdə buzlaqların əriməsi dəniz səviyyəsinin artmasına gətirib çıxaracaq. Bütün bu səbəblər üzündən xeyli insan öz doğ­ma şəhərlərini və kəndlərini tərk etməyə, başqa yerlərdə, əsasən öz ölkələrində daha yaxşı həyat şəraiti axtarmağa məcbur olacaq.

Bildirilir ki, hazırda Yer kürəsinin temperaturu sənayeləşmədən əvvəlki dövrlə müqayisədə təqribən 1,2 dərəcə yüksəkdir. İstiləşmənin davam etməsi ona gətirib çıxaracaq ki, 2050-ci ilə qədər dünyanın altı regionunda 216 milyon insan öz ölkələrinin başqa ra­yonlarına köçüb gedəcəklər. Ekspertlər bir sıra regionlarda iqlimlə bağlı daxili miqrasiya ocaqlarının daha əvvəl – 2030-cu ilə qədər formalaşa biləcəyini də istisna etmirlər.

DB-nin proqnozlarına görə, 2050-ci ilə qədər Böyük Səhradan cənubda yerləşən Afrika ölkələrində daxili “iqlim miqrantları”nın sayı 86 milyona, Şərqi Asiya və Sakit Okean regionunda 49 milyona, Cənubi Asiyada 40 milyona, Şimali Afrikada 19 milyona, Latın Amerikasında 17 milyona, Şərqi Avropa və Mərkəzi Asiyada 5 milyona çata bilər.

Qeyd olunur ki, bununla belə, məruzə müəllifləri vur­ğulayırlar ki, bu göstəricilər yalnız proqnozdur. Onlar əmindirlər ki, qlobal tullan­tıların azaldılması, ekoloji, inklüziv və davamlı inkişaf ilə bağlı təcili tədbirlər görülməsi daxili miqrasiyanı 80 faiz azaltmağa imkan verər.

Məruzədə yalnız üç region: Şərqi Asiya və Sakit okean bölgəsi, Şimali Afrika, habelə Şərqi Avropa və Mərkəzi Asiya barədə infor­masiya təqdim edilib.

Rövşən ATAKİŞİYEV, “Xalq qəzeti”

18 Sentyabr 2021 00:38 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
22 Oktyabr 2021 | 01:05
120 milyon dollar yardım
21 Oktyabr 2021 | 02:16
Aso vulkanı fəallaşıb

Köhnə versiyamızdan xəbərləri izlə