Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Van İ: ABŞ Əfqanıstanın bərpası üçün məsuliyyəti üzərinə götürməlidir

Birləmiş Ştatlar Əfqanıstanın bərpası üçün məsuliyyəti öz üzərinə götürməli, ona iqtisadi və humanitar yardım göstərməlidir. Bu barədə Çin Xalq Respublikasının xarici işlər naziri Van İ Düşənbədə Şanxay Əməkdaşlıq Təşkilatı və KTMT çərçivəsində keçirdiyi görüşlər zamanı bəyan edib. Məlumatı TASS verib.

Məlumata görə, Van İ deyib: “ABŞ və müttəfiqlərinin öz qoşunla­rını Əfqanıstandan tələsik şəkildə çıxarması bu ölkədə yeni problemlər yaradıb”. XİN başçısının sözlərinə görə, Əfqanıstanda yeni siyasi strukturun formalaşdı­rılması hələ başa çatmayıb, etnik və dini münaqişələr çətinliklər yaradır, yeni lokal münaqişə riski yüksəkdir, əhalinin rifahının təminatı, eləcə də gələcək inkişafın qeyri-müəyyənliyi ilə bağlı problemlər mövcuddur.

Van İ bildirib: “Birləmiş Ştatlar üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməlidir. Dörd ölkə (Çin, Rusiya, Pakistan və İran) analo­ji baxışları bölüşən digər ölkələrlə birlikdə ABŞ-ın baş verənlərdən nəticə çıxarma­sına, Əfqanıstanın bərpası ilə bağlı üzərinə öhdəlik götürməsinə, bu ölkəyə iqti­sadi və humanitar yardımlar göstərməsinə çalışmalıdır. Sadəcə olaraq, məsuliyyəti öz üzərindən atmaq və əllərini yuyub getmək olmaz”.

Xatırladaq ki, ABŞ hərbi kontingentinin Əfqanıstandan çıxarılması ilə bağlı məlumatlar yayıldıqdan sonra “Taliban” ölkə üzərində nəzarəti təmin etmək üçün genişmiqyaslı əməliyyata başlayıb. Avqustun 15-də Əfqanıstan Prezidenti Əşrəf Qəni səlahiyyətlərini dayan­dıraraq, ölkəni tərk edib və talibançılar paytaxt Kabili döyüşsüz ələ keçiriblər.

Avqustun 30-da Pentaqon ABŞ-ın sonuncu təyyarəsinin Kabildən ayrıldığını və bu ölkənin Əfqanıstandakı 20 illik missiyasının başa çatdı­ğını təsdiq edib.

Sentyabrda isə “Taliban” ölkənin bütün ərazisi üzərində nəzarətin təmin olunduğunu bildirib və yeni hökumətin tərkibini elan edib. Yeni hökumətdə yalnız hərəkat üzvləri və əsasən ölkənin ən böyük etnik qrupu olan puştunların nümayəndələri təmsil olunub.

Paşa ƏMİRCANOV, “Xalq qəzeti”

18 Sentyabr 2021 00:37 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
22 Oktyabr 2021 | 01:05
120 milyon dollar yardım
21 Oktyabr 2021 | 02:16
Aso vulkanı fəallaşıb

Köhnə versiyamızdan xəbərləri izlə