Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Üzeyir Hacıbəyli publisistikasında müasirlik

Millətin, xalqın ictimai fikir tarixində, mədəniyyətində elə şəxsiyyətlər olur ki, onlar zamanı qabaqlayır, xalqa əsl həqiqəti, doğru yolu göstərən işığa çevrilirlər. Azərbaycan xalqının həyatında belə şəxsiyyətlər çoxdur.

Böyük sənətkarların yaradıcılığı, əsərləri daim insanların diqqətini cəlb edir, kreativ fikirlər oyadır. Əlbəttə, bu diqqət, bu maraq həmişə eyni səviyyədə olmur: bəzən soyuyub yavaşıyır, bəzən də şiddətlənir. Bu da zamanın, dövrün ictimai mübarizə xüsusiyyətlərindən, ideallarından asılıdır. Hər dövr, hər nəsil öz məqsədləri, ictimai meyilləri üçün keçmiş irsdə bir dəlil, bir dayaq axtarır, bu irsin köməyi ilə ideallarını yaymağa çalışır. Tarixin ən çətin mübarizələr dövründə bütün ədəbi növlərdən qabağa çıxan, xalqa yol göstərən publisistika ictimai-fəlsəfi fikrin inkişafında mühüm rol oynayıb.

“Əkinçi” qəzetinin qoyduğu cığır “Molla Nəsrəddin” ədəbi məktəbini yaratdı, bu məktəbin C. Məmmədquluzadə, Ö.F.Nemanzadə, M.Ə.Sabir, M.S.Ordubadi, Ü.Hacıbəyli və başqaları kimi yaradıcıları ortaya çıxdı. Bu sırada çoxşaxəli yaradıcılığı olan Üzeyir Hacıbəylini ayrıca qeyd etmək lazımdır. Təəssüf ki, Azərbaycan ictimai fikrinin formalaşma dövrünün yetişdirdiyi ziyalılardan olan Ü.Hacıbəyli kimi böyük bəstəkarın, yazıçı və publisistin bir sıra əsərlərinə Sovet rejimi millətçi damğası vurmuşdu. Mir Cəlal, Ə.Mirəhmədov, Ş.Qurbanov, M.Aslanov, A.Abbasov, Ş.Hüseynov kimi tədqiqatçılar onun publisistikasının bir çox cəhətlərini açıqlayıblar. Ədibin irsi, mövzu dünyası aktual olduğundan publisistikası bu gün də müasirdir.

Ü.Hacıbəylinin publisistik əsərlərində, ümumiyyətlə bütün çoxcəhətli yaradıcılıq irsində müstəqil xalqın müstəqil həyatı mühüm yer tutur. 1918-1920-ci illər Azərbaycan Xalq Cumhuriyyəti dövründə bütün yaradıcılığını xalqın müstəqillik yoluna istiqamətləndirmiş böyük sənətkarın publisistikasına bu günün prizmasından nəzər salmaq çox vacibdir.

1918-1920-ci illərdə çıxan “Azərbaycan” qəzetinin nəşrində müstəsna xidmətləri, rolu olan Ü.Hacıbəyli qəzetə rəhbərlik etməklə onun ideya istiqamətini müəyyənləşdirmiş, Azərbaycanın müstəqil respublika kimi möhkəmlənməsinə çalışmışdı.

Üzeyir bəy kimi böyük publisistin uzaqgörənliyidir ki, onun yazılarının ruhu bu günkü müstəqil Azərbaycanın üzləşdiyi problemlərlə səsləşir. Ədibin əsrin əvvəllərində, xüsusilə 1918-1920-ci illərdə qələmə aldığı məsələlər, ictimai həyatın müxtəlif sahələrindəki problemləri əks etdirən əsərləri öz tematik genişliyi, fikir aydınlığı və müasirliyi ilə indi də əhəmiyyətlidir.

Əsrin əvvəllərindən dünənədək problem kimi mövcud olan Qarabağ məsələsi Ü.Hacıbəyli publisistikasının əsas mövzularından biridir. Dövrün ictimai-siyasi hadisələrini ardıcıl şəkildə izləyərək bu hadisələrə öz münasibətini bildirən publisist bu və ya digər yazılarında qeyd olunan məsələni Ermənistanın Azərbaycana qarşı təcavüzü kimi şərh edib. Bu baxımdan ədibin “Əyri yol”, “Qarabağ haqqında”, “Fitnələr qarşısında”, “Eyni müamilə gözləyirik”, “Qara təhlükə”, “Qarabağ hadisatı”, “Andranikin məsələsi” və s. publisistik yazılarını oxuyarkən görürük ki, zaman dəyişsə də dərd həmin dərd, bəla həmin bəladır ki, davam edir. “Böyük Ermənistan” xülyasını həyata keçirmək üçün Azərbaycanı parçalamağa, torpaqlarını işğal etməyə, əhalisini qırmağa cəhd edən qəddar, hiyləgər, təcavüzkar erməni millətçilərinin niyyətini uzaqgörənliklə duyan və onlara layiqli cavab verən Ü.Hacıbəylinin siyasi məzmun daşıyan belə yazıları yazıldığı dövrdəki qədər aktualdır. Onun “Kirimirlər”, “Nə istəyirlər” kimi məqalələrində də erməni xisləti böyük ustalıqla qələmə alınıb.

Müəllif “Eyni müamilə gözləyirik” məqaləsində qeyd edirdi ki, bədnam planlarını, terror və aksiyalarını həyata keçirməkdə olan ermənilərin arxasında xarici bir qüvvə, xüsusi dəstək və gözəgörünməz əl vardır. Yoxsa, “Qarabağ ermənilərinin Azərbaycan hökumətinə tabe olmamaq qəsdilə göstərməkdə olduqları inad həyasızlıq dərəcəsinə çatmazdı.”

Ü.Hacıbəyli “Azərbaycan” qəzetindəki publisistikasında dəfələrlə xalqı ehtiyatlı olmağa, istiqlaliyyəti hər cür təcavüzdən qorumağa çağırırdı. Bu yazıları indi oxuduqca sovet imperiyasının onlara nə üçün qadağa qoyduğunu anlamağa başlayırsan. Və bir də ona heyran qalırsan ki, Ü.Hacıbəylinin əsas mövzu dünyası həmişə Azərbaycanın azadlığı, ona qarşı yönələn təhlükənin dəf olunması üçün xalqın gözünü açmaq niyyəti olub. Erməni daşnaqlarının böyük faciələr yarada biləcək niyyətlərini, millətin üzərində yaranan qara təhlükəni hiss edən Ü.Hacıbəyli “Azərbaycan” qəzetində xalqı ehtiyatlı olmağa çağırıb yazırdı: ”Ermənilərə etibar yoxdur: çünki daşnaqlar bu milləti etibarsız bir dərəcəyə çatdırıblar. Silahlı üsyanlar törətmək və muharibəyə səbəb olmaq üçün bunlar aşkar və gizli işlər görüb bizi qafil edə bilərlər. Bu qəflət nəticəsində başımıza bəlalar gələ bilər”. Çox təəssüf ki, Üzeyir bəyin bu gün eyni ağrı və həyəcanla səslənən bu xəbərdarlığından yetmiş il bixəbər olub qoynumuzda əfi ilan bəsləmişik.

Millətin azadlığı və bütövlüyü millətin mübarizə ruhundadır. Azərbaycan xalqının bu mübarizə ruhunu sarsıtmaq istəyənlər, Qafqazda müstəqil və güclü bir türk dövlətinin mövcudluğunu gözügötürməyənlər, necə olursa-olsun bu tarixi reallığın qarşısını almağa çalışanlar əvvəllər də olmuş və yenə də vardır. Belələrinə öz məqalələri ilə layiqli cavab verən Ü.Hacıbəyli bu cür bədxahların millətin azadlıq ideyalarını, mübarizə əzmini sarsıda bilməyəcəklərini vurğulayaraq yazırdı: “...bir vaxt yetişər ki, ümum millət bir ruh və bir cism olub son və qəti qərarını elan edər”.

Göründüyü kimi, Üzeyir Hacıbəyli Azərbaycanın istiqlalı uğrunda gərgin mübarizədə xalqın ən qabaqcıl ziyalısı kimi “Azərbaycan” qəzetini özünə tribuna seçmişdi. Bu qəzetin saralmış arxiv səhifələri böyük publisistin ürək ağrısı ilə doludur.

Üzeyir bəyin milli azadlıq ideyalarını tərənnüm edən, vətənpərvərlik ruhunda yazılmış publisistik əsərlərini oxuduqca elə təsəvvür yaranır ki, ölməz sənətkar 1990-cı ilin qanlı yanvar günlərində, şəhidlər xiyabanında bizimlə birgə olub, şəhidlərin dəfnində cismən və ruhən iştirak etmiş və “Azərbaycan “qəzetində “Qurtuluş” adlı məqaləsini qələmə alıb:” Qurtuluş və xilasımız yolunda canlarını qurban verib, bizə bu dünyada cənnət arzulayıb, özlərini o dünyada behiştə vasil edən möhtərəm şəhidlərin əziz məzarları üzərinə fatiəxan olmaqla özlərini yad və ruhlarını şad etmək hər bir azərbaycanlının müqəddəs borcudur”.

Ana dilinin saflığı, tərəqqisi uğrunda mübarizə aparan, “binaənəleyh dilimizi öyrənməliyik” deyən Ü.Hacıbəyli dil haqqında zaman keçdikcə dəyəri və mənası daha aydın duyulan fikirlər söyləyib: “Bir millətin ki, dili batdı, onda o millət özü də batar, çünki bir milllətin varlığına, isbati vücud etməsinə səbəb onun dilidir”.

Öz vətənində ana dilinin “hakimi-mütləq” olmamasından narahat olan Üzeyir bəy, vaxtilə ərəb və fars dillərinin, sonradan “taza modaya” görə rus dilinin kütləvi şəkildə işlənməsini ürək ağrısı ilə qələmə almışdır: “Kart vizitləri üzərində adları rusca, dükan qabağındakı elanları əksərən rusca, təqvimləri rusca, blankları rusca...”

Bu sətirləri oxuyarkən düşünürsən ki, Üzeyir bəy sanki bu gün, müasirimiz olaraq Bakının küçələrini bəzəyən əcnəbi dilindəki ofis, mağaza, bar və restoran adlarını öz gözləri ilə görüb və gördüklərini qeyd edib.

Ədibin öz müasirliyi ilə diqqəti cəlb edən yazılarından biri də “Əyri yol” sərlövhəli məqalədir. Müəllimlərin adi məişət ehtiyaclarını ödəməyəcək qədər az əmək haqqı almalarına toxunan müəllif haqlı olaraq yazırdı: “Müəllimlərin məvacibi indiki məişət şəraitinə görə o qədər azdır ki, o az pul ilə güzəran etmək dedikcə çətin bir əmrdir. Halbuki təlim və tərbiyə kimi olduqca ağır və məsuliyyətli bir vəzifə ilə mükəlləf olan müəllim bu vəzifəsini layiqincə icra edə bilmək üçün məişət qayğısı kimi əngəl və mümaniətlərdən bilkülliyə asudə olmalıdır.”

Azad mətbuat məsələlərinə toxunan Ü.Hacıbəyli mətbuatın vəzifələrini dəqiq və düzgün şərh edib. Bu baxımdan onun müasir mətbuat üçün də gərəkli olub öz dəyərini itirməyən fikirlərinin yer aldığı “Bir qədər qəzetəçilik dərsi” sərlövhəli felyetonu çox maraqlıdır. Mətbuatı böhtan vasitəsinə, şəxsi qərəz silahına çevirənləri ifşa edən müəllif göstərirdi ki, “qəzet biməna şeylərdən, fitnə və fəsad qovzayan yazılardan” uzaq olmalıdır: ”Doğrudur, qəzetənin başında hürriyyət yazılıbdır, amma hürriyyət ondan ötrü yazılmayıbdır ki, hər kəsin ağlına nə gəlsə götürüb qəzetəyə vurdursun”.

Dünənki dərdlərimizdən yazaraq bu günümüzün halını uzaqgörənliklə duyan Üzeyir bəy “Gələcəyi unutmayalım” adlı məqaləsində milləti öz gələcəyi üçün çalışmağa çağıraraq yazırdı: ”Biz gələcəyimizi əziz tutub da onun təmini üçün çalışmalıyıq ki, övladımız orada kəsbi-qüvvət etməyə, barı bizdən qalmış mümaniələrə düçar olmasınlar. Çünki, hər bir millətin gələcəyinin yaxşı- yamanlığı millətin özündəndir”.

Müəllifin fikrincə, gələcəyin tərəqqisi və rifahı üçün dünənin və bu günün acıları unudulmayıb bir ibrət dərsi olmalıdır: ”Bu günkü hadisələr bir ibrət kitabı idi ki, açılıb bir para mühüm dərsləri bizə öyrətdi və indi də o kitab yumulub bizə fürsət verdi ki, öyrəndiyimiz dərsi yaxşıca əzbər edək ki, yadımızdan çıxmasın”. Millətimiz ücün xarakterik olan unutqanlıq keyfiyyətinə toxunan ədib daha sonra yazırdı : “Görək bizdə o şüur olacaqdır ki, aldığımız dərsi yadımızda saxlayıb ondan nəfibərdər olaq”. Üzeyir bəyin vaxtilə toxunduğu bu problem aktual olaraq qalır. Doğrudan da, bizdə yaşadığımız faciələr məhz unutqanlığımızın nəticəsidir.

Hələ əsrin əvvəllərində bu günümüzü fəna görən Üzeyir bəy təəssüflə qeyd edirdi: “İndiki işlərimizə baxanda və indiki mövqeyimizi nəzərə aldıqa gələcəyimizin halı fəna görünür. Erməni - müsəlman ixtişaşı xüsusilə bizdən ötrü böyük bir zərbə oldusa da və bizi qəflət yuxusundan oyandırdısa da, görünür ki, bir dəfə göz açmağa ixtifa edib təkrar mürgüləməyə başladıq”.

Göründüyü kimi, Üzeyir Hacıbəyli publisistikası öz problemləri ilə bu gün üçün də son dərəcə müasirdir. Müstəqilliyin qorunması, Qarabağ məsələsi, dil, təhsil və digər problemlər yazıldığı dövrdəki qədər aktualdır. Məhz bu keyfiyyətlərinə görə Ü.Hacıbəylinin 1918-1920-ci illərdəki publisistikasının hərtərəfli öyrənilməsi məqsədəuyğundur. Bu istiqamətdə atılan addımlar, eyni zamanda, jurnalistikamız, ictimai fikir tariximiz haqqında təsəvvürümüzü genişləndirər, biliyimizi dərinləşdirər.

Leyla RƏŞİD, “Xalq qəzeti”

18 Sentyabr 2021 09:00 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə