Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Gənclərimiz hərbi vətənpərvərlik ruhunda tərbiyə alırlar

 

"Gənclərimiz ənənəvi dəyərlər əsasında tərbiyə almalıdırlar. Həm məktəblərdə, həm ailələrdə ənənəvi dəyərlər bizim əsas sü­tunumuzdur. Azərbaycan dəyərləri, milli dəyərlərimiz bizim üçün əsas prinsipdir və gənc nəsil də bu ruhda tərbiyə almalıdır, milli ruhda, vətənpərvərlik ruhunda tərbiyə almalıdır”. Bu fikirləri Pre­zident İlham Əliyev Fərid Qayıbovu gənclər və idman naziri təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən demişdir.

Müstəqillik illərində ulu öndər Heydər Əliyevin həyata keçirdiyi gənclər siyasəti yetişməkdə olan yeni nəslin milli-mənəvi dəyərlərə sədaqət, vətənpərvər ruhda yetişməsində , onların təhsil və tərbiyəsində mühüm rol oynadı. Ulu öndərin siyasi kursu­nun layiqli davamçısı Prezident İlham Əliyevin hakimiyyəti dövründə gənclər siyasəti daha da təkmilləşdirildi, bu sahədə dövlət proqramı, milli strategi­ya qəbul edildi.

Son illər gənclərin sağlam­lığı, təhsili, məşğulluğu, sosial müdafiəsi və digər sahələrdə dövlət tərəfindən genişmiqyaslı tədbirlər həyata keçirilmişdir. Bu diqqətin bariz nümunəsi olaraq 2 fevral Azərbaycan Gəncləri Günü elan edilmiş, gənclər təşkilatlarının və ayrı-ayrı gənclərin ictimai əhəmiyyət daşıyan təşəbbüslərini dəstəkləmək məqsədilə Azərbaycan Respublikası­nın Prezidenti yanında Gənclər Fon­du təsis olunmuşdur. Ən əsas nəticə isə odur ki, müstəqil Azərbaycanda gənclərin maraqlarını təmin edən, beynəlxalq təcrübəyə əsaslanan dövlət gənclər siyasəti formalaşdırılıb və uğurla həyata keçirilir.

Azərbaycanda gənclər siyasətinin mühüm istiqamətlərindən biri də gənclərin milli ruhda, adət-ənənələrimiz, mənəvi dəyərlərimiz ruhunda düzgün tərbiyə olunması­dır. Gənclərin hərbi-vətənpərvərlik ruhunda tərbiyəsi xüsusilə aktualdır. Belə bir misal var: "Sülh istəyirsənsə, müharibəyə hazır olmalısan". Dövlətimizin iqtisadi imkanlarının art­ması bizə hərbi-vətənpərvərlik əhval-ruhiyyəsini gücləndirməyə geniş im­kanlar açır. Bizim konkret düşmənimiz var və hərbi-vətənpərvərlik təbliğatını da bu yöndə qurmalıyıq. Gənclərimiz düşmənini tanımalı və bütün cəbhələrdə mübarizə aparmalıdırlar.

Dövlət başçısı həmin görüşdə bildirib ki, gənc nəsil mənfi xarici təsirdən uzaq olmalıdır. Buna nail olmaq üçün tərbiyə işləri düzgün aparılmalıdır: “Gənclər savadlı, bilikli olmalıdırlar, eyni zamanda, milli mədəniyyətimizə yaxın olmalı­dırlar. Bizim milli dəyərlərimizi dərk etməlidirlər, onları yaşatmalıdırlar və bu istiqamətdə çox ciddi iş aparılmalı­dır. Çünki indiki dünyada qloballaşma prosesləri gedir və bəzi hallarda xarici dairələr gəncləri özləri üçün əsas hədəf seçirlər. Yəni gəncləri aldat­maq, yoldan çıxarmaq üçün səylər göstərilir. Biz bunu görürük və əlbəttə, bunun qarşısı alınmalıdır”.

Təbii ki, bunun üçün ilk növbədə düzgün tərbiyə işləri aparılmalı, gənclərin yüksək biliklərə, intellektə yiyələnərək, cəmiyyətdə öz yerini tapmaları təmin olunmalıdır. Bu məsələdə hər bir vətəndaş məsuliyyət daşıyır. Qloballaşma proseslərinin mənfi fəsadlarına toxunmaqla dövlət başçımız bu təhlükənin mövcudluğunu bir daha diqqətə çatdırdı. Təcrübə göstərir ki, yalnız intellektual, sağlam düşüncəli gəncləri təsir altına salmaq mümkün deyil. Təbii ki, burada vətənpərvərlik, milli-mənəvi dəyərlərə bağlılıq başlıca şərtdir. Biz 44 günlük Vətən müharibəsində bunun bir daha şahidi olduq. Döyüşlərdə canından keçən gənc şəhidlərimiz vətənpərvər, təəssübkeş Azərbaycan gənci obrazını yaradıblar. Azərbaycan gənci deyəndə bu gün ilk olaraq Xudayar, Cəbrayıl, Muxtar... kimi yüzlərlə fədakar, qəhrəman oğullarımız yada düşür. Təsadüfi deyil ki, bu gün müzəffər xalqın gəncləri məhz 44 günlük Vətən müharibəsində tarix yazmış qəhrəmanlarımızdan örnək götürür, onların keçdiyi qısa, lakin şərəfli həyat yolunu özləri üçün nümunə hesab edirlər.

Prezident İlham Əliyevin də dediyi kimi, bizim gənclər artıq müzəffər xalqın nümayəndələri kimi böyüyəcəklər. Həqiqətən də, bunun çox böyük mənəvi və psixoloji mənası var. Bundan sonra müzəffər xalq kimi, qalib ölkə kimi, qürurlu insanlar kimi yaşayacağıq. Müzəffər xalqın gəncləri qarşısında ciddi vəzifələr dayanır.

M.MÜKƏRRƏMOĞLU, “Xalq qəzeti”

18 Sentyabr 2021 00:28 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə