Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Üç qardaş–2021” beynəlxalq təlimi üç ölkə arasında yeni strateji əməkdaşlığın daha da möhkəmlənməsinə xidmət edir

 

Bakıda Azərbaycan, Türkiyə və Pakistanın xüsusi təyinatlı qüvvələri nümayəndələrinin iştirakı ilə “Üç qardaş-2021” beynəlxalq təliminin keçirilməsi təsadüfi deyil. Əvvəla ona görə ki, bu ölkələr hər zaman bir-birlərinə yaxın dost və qardaş kimi tanınıblar. Ən sevincli günlərdə, çətin, ağır vaxtlarda sevinclərini, kədərlərini birgə bölüşüblər. Fikrimin təsdiqi kimi elə Vətən müharibəsi günlərini xatırlatmaq istərdim. Belə ki, İkinci Qarabağ müharibəsində qardaşlıq missiyasını layiqincə yerinə yetirən Türkiyə və onun Prezidenti Rəcəb Tayyib Ərdoğan savaş bitəndən sonra da daim Azərbaycanın yanında olub, ölkəmizə siyasi, diplomatik və mənəvi dəstək göstərib. Bakıda keçirilən möhtəşəm Zəfər paradında da sevincini, fərəhini xalqımızla bölüşüb. Türkiyə Prezidentinin həmin paradda iştirakı Azərbaycan xalqını qələbə müjdəli gələcəyə ruhlandırıb. Vətən müharibəsindən sonra isə Azərbaycan-Türkiyə əməkdaşlığında yeni dövr başlayıb. Regionda yeni vəziyyət, geosiyasi reallıq yaranıb.

Tarixən formalaşan Azərbaycan– Pakistan əməkdaşlığı da hər zaman diqqət mərkəzində olub. Müstəqilliyimiz dövründə bu münasibətlər daha da möhkəmlənib. Belə ki, Pakistan ölkəmizin müstəqilliyini tanıyan, onunla diplomatik əlaqələr yaradan və Azərbaycanda səfirliyini açan ilk müsəlman dövlətlərindən biri olub. Eyni zamanda, Pakistan ölkəmizin mənafeyini bütün beynəlxalq təşkilatlarda ardıcıl şəkildə müdafiə edib, Ermənistanın təcavüzünə birmənalı münasibət bildirib. Onu da xatırladım ki, 1993-cü il aprelin 30-da BMT Təhlükəsizlik Şurasının Azərbaycana dair 822 nömrəli qətnaməsinin qəbul olunduğu iclasa Pakistan sədrlik edib.

Burada daha çox diqqətçəkən məqam həm də odur ki, Pakistan Ermənistanı Qarabağı və ətraf əraziləri işğal etdiyinə görə, bir dövlət kimi tanımayıb və onunla diplomatik əlaqələr qurmayıb. Dost ölkə hər zaman Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyib. Pakistan Prezidenti Azərbaycanın 30 ilə yaxın Ermənistanın işğalı altında olan torpaqlarını azad etməsi münasibətilə təbriklərini çatdıran ilk dövlət başçılarından biri olub.

Bu fikirləri Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Rəşad Mahmudov söyləyib.

Rəşad Mahmudov deyib: “İstər Türkiyə, istərsə də Pakistanın Azərbaycana qardaşlıq, dostluq münasibətlərini ifadə edən çox sayda faktlar demək olar. Təkcə yuxarıda vurğuladığım kimi, Azərbaycanın 2020-ci il sentyabrın 27-də təcavüzkar Ermənistanın silahlı qüvvələrinə qarşı başladığı 44 günlük əks-hücum əməliyyatının ilk günündən Türkiyə və Pakistanın Azərbaycana həmrəylik və dəstək nümayiş etdirməsi bunun bariz ifadəsidir.Azərbaycan, Türkiyə və Pakistan tərəfindən çoxtərəfli münasibətlərin sürətli inkişafı strateji prioritet kimi müəyyənləşdirilib. Bu ölkələr arasında geniş və səmərəli əməkdaşlıq praqmatik xarakter və qlobal önəm daşıyır. Xüsusilə də, qarşılıqlı etimad mühiti münasibətlərin inkişafına xidmət göstərən strateji amil kimi diqqət çəkir”.

Rəşad Mahmudov açıqlamasında daha sonra bildirib ki, regional və beynəlxalq əhəmiyyətə malik olan geostrateji reallıqların yarandığı yeni dönəmdə, postkonflikt mərhələsində hər üç ölkə müxtəlif sahələrdə əməkdaşlığın dərinləşdirilməsində, bir-birinin milli maraqlarının beynəlxalq müstəvidə qorunmasında güclü siyasi iradə nümayiş etdirir. Bir neçə ay əvvəl Azərbaycan, Türkiyə və Pakistan parlament sədrlərinin birinci üçtərəfli görüşünün yekunlarına dair Bakı Bəyannaməsinin imzalanması da bu baxımdan xüsusi əhəmiyyətə malikdir. Bu addım siyasi-strateji baxımdan olduqca mühüm hadisədir, eləcə də dost, qardaş və strateji tərəfdaş olan üç ölkə arasında çoxşaxəli münasibətlərin yeni mərhələsinin başlanğıcıdır.

Deputat sonda diqqətə çatdırıb ki, hazırda regionun və xalqlarımızın təhlükəsizliyinin təmin edilməsi üçün üç qardaş ölkə arasında əlaqələrin daha da gücləndirilməsi və inkişaf etdirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilir. Türkiyə və Pakistan xüsusi təyinatlıları nümayəndələrinin Azərbaycanda olmaları, burada “Üç qardaş–2021” beynəlxalq təlimində iştirak etmələri də bunun parlaq ifadəsidir.

“Üç qardaş–2021” beynəlxalq təlimləri hər üç ölkənin hərbi qulluqçuları arasında geniş təcrübə və fikir mübadiləsi aparılması, onların peşəkar hazırlıq səviyyəsinin daha da artırılması baxımından mühüm önəm daşıyır.

Üç dost və qardaş ölkənin xalqları və orduları arasında bu dostluğun sürətlə dəyişən qlobal mühitdə zamanın sınaqlarından uğurla çıxacağına, beynəlxalq siyasi dəyişikliklərin güclü küləklərinin bütün dünyanı cənginə alsa da, onların etibarlı regional tərəfdaş və əməkdaş olaraq daha da yaxınlaşacağına əminliklə inanıram.

Bütün bunlara görə də deyə bilərəm ki, “Üç qardaş-2021” beynəlxalq təlimi Azərbaycan, Türkiyə və Pakistanın orduları arasında mövcud olan ikitərəfli əlaqələrin daha da inkişafına, gücləndirilməsinə mühüm təsir göstərəcək, eyni zamanda, terrorla mübarizə üçün yeni üsulların kəşf olunmasını, qarşılıqlı təcrübə mübadiləsi yolu ilə bacarıqların inkişaf etdirilməsini şərtləndirəcək.

“Xalq qəzeti”

17 Sentyabr 2021 22:18 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə