Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Tibbi-sosial ekspertiza və reabilitasiya sahəsində görülən işlərə dair mətbuat konfransı keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin sədri Anar Bayramov əlilliyin qiymətləndirilməsi və əlilliyi olan şəxslərə tibbi-sosial reabilitasiya xidmətlərinin göstərilməsi sahəsində görülən işlərə dair mətbuat konfransı keçirib.

ƏƏSMN-dən verilən məlumatda bildiri­lir ki, A.Bayramov əlillik təyinatı prosesinin vətəndaş-ekspert təması olmadan, elektron infrastruktur üzərindən tam şəffaf həyata ke­çirildiyini qeyd edib. O, bu ilin ötən dövründə 35 minə yaxın şəxsə əlillik təyin edildiyini, o cümlədən 11 min şəxsə ilkin, qalanlarına isə təkrar əlillik təyinatı aparıldığını bildirib.

Qeyd edilib ki, bu ilin 8 ayında Agentlik tərəfindən əlilliyi olan 7000 şəxs 30 minədək reabilitasiya vasitəsi, o cümlədən 766 şəxs mühərrikli təkərli oturacaqla təmin edi­lib. Qeyd edib ki, onların bir hissəsinə bu vasitələr yaşadıqları ünvanlara aparılaraq çatdırılıb. Yanvar-avqust aylarında qurumun reabilitasiya müəssisələrində əlilliyi olan şəxslərdən, habelə müharibə əlillərindən ibarət 4600 şəxsə reabilitasiya xidmətləri göstərilib.

A.Bayramov möhtəşəm Zəfərimizlə başa çatan Vətən müharibəsində yaralanmış hərbi qulluqçuların aidiyyəti qurumlarla birgə əyani müayinədən keçirilməklə əlilliyinin qiymətləndirilməsi sahəsində görülən işləri qeyd edib. Həmin hərbi qulluqçulardan artıq 1750 nəfərə əlillik təyinatı aparıldığını diqqətə çatdırıb.

Bildirilib ki, dövlət başçısının göstərişi ilə son illər müasir tələblərə uyğun qu­rulmuş reabilitasiya sistemi qazilərimizin yüksək səviyyədə reabilitasiya xidmətləri ilə təminatında mühüm rol oynayır. Postmüharibə dövründə Agentliyin reabilita­siya müəssisələrində 1500 qaziyə xidmətlər göstərilib. Ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə yaralanaraq orqanlarını itirmiş vətəndaşlarımızın 2020-ci ilin dekabr ayından yüksək texnologiyalı, elektron protezlərlə təminatı işləri də aparılır. Artıq 141 hərbçi son nəsil protezlə təmin edilib. Yuxarı ətrafları amputasiya olunmuş 29 qazidən də İslandiyanın ÖSSUR şirkətinin Rusiya nümayəndəliyinin mütəxəssisləri ilə birgə müvafiq ölçülər götürülüb və yaxın günlərdə onların yüksək texnologiyalı protezlərlə təminatı prosesinə başlanılacaq.

A.Bayramov bildirib ki, Agentliyin tabeliyində olan bütün reabilitasiya müəssisələri əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilib. Bu il isə Qəbələ və Şəmkir rayonlarında da Uşaq Reabilitasiya Mərkəzləri açılacaq.

Əlilliyin qiymətləndirilməsi prosedu­ru, tibbi-sosial ekspertiza və reabilitasiya sahəsində e-texnologiyaların tətbiqi barədə ətraflı məlumat verən Agentlik sədri əsassız əlillik təyinatlarının qarşısının alınması, tərtib edilməsində çatışmazlıq olan göndərişlərin geri qaytarılması sahəsində görülən işləri də diqqətə çatdırıb, KİV nümayəndələrinin suallarını cavablandırıb.

“Xalq qəzeti”

18 Sentyabr 2021 00:15 - CƏMİYYƏT
CƏMİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə